Anamın kəndi

Mən Lerikin Zuvand mahalının Yuxarı Gədik kəndində doğulmuşam. Çünki atam oralıdır. Və biz müxtəlif yerlərdə yaşayan vaxtı əmim Rəşid və başqa çoxlu qohum-qardaşlarımız hələ də orada yaşayırdılar.

1948, ya 50-ci ildə atam Lerikdə «Lesxoz»un – yəni Meşə İdarəsinin direktoru işləyərkən mən Qosmalyanlı Firuz dayının atının tərkində gecəykən Yuxarı Gədiyə gedib, bir ay əmim qızı Simuzərin evində qalmışam.
Sonralar həmin hadisə «Monoloq» hekayəsində təsvir olunub.
Bir-iki il sonra Sovet-İran sərhəd məsələləri ilə əlaqədar ata yurdum Yuxarı Gədik, dünyanın bəlkə də bu ən səfalı yaylağı öz havası, suyu və dadlı ərik, alma ağacları ilə bərabər köçürüldü. Aydındır ki, ağaclar köçə bilməzdi və bir müddət sonra məhv olub getdilər. Eləcə də, evlərin xarabalıqları qaldı. Amma sən demə, evlər də ölürmüş, çünki həmin xarabalıqlar belə, yox olub itdi.
İndi artıq Yuxarı Gədik kəndi yerli-dibli yoxdur. Biz, mən gözümü açandan Lənkəranda yaşamışıq. Sonralar Çayqırağı məhəlləsində həyət evi aldıq. Məhəllə hələ də qalır, adamları – personajları dəyişsə də. Və uzun illər yaşadığımız əvvəlcə Molotov, sonra Lənkəran, indi də Səməd Vurğun adlanan küçədəki evimizi 70-ci illərdə satdıq və hərəmiz bir yana düşdük.
Ev də köhnə olduğu üçün sökülüb-dağıldı, alanlar isə onun yerində təzəsini tikdilər.
Nəhayət, anamın kəndi. Bu, Lənkərandan Masallıya doğru 20 kilometr aralıda yerləşən Separadi kəndidir. İndi çox böyüyüb, gözəl evlər tikilib. Amma o vaxtlar tamamilə torpaqla suvanmış, qamış divarları olan üstü lığ evlər idi. Və həmin evlərdə necə də torpaq ətri gələrdi.
Uşaq yaşlarımda xalam Mədinə ilə Separadiyə babamgilə gedərdik, ya kəl arabası ilə, ya da payi-piyada. 8-10 saata çatardıq.
Dədəmiz Mirzəli, nənəmiz Gülbəyim hələ də yadımdadır. Böyük həyətləri vardı, meyvə ağacları da saysız-hesabsız. Amma o ağaclardakı əncir, heyva, alça, albalı, gavalı beləcə yetişib qaralar və tökülərdi. Heç kim dərməz və yığmazdı. Ancaq alçanı dərib qurudar, turşu kimi xörəklərdə işlədərdilər.
Mən həyəti gəzər, ətirli armud, heyvaları yarpaqların arasından yığıb, ləzzətlə yeyərdim. Müharibənin axırlarında yeganə oğlanları müharibədə həlak olan babam və nənəm acından öldülər. Qızları hərəsi bir yana köçdüyündən heç kim evdə qalmadı və həyət ona-buna qalıb bölüşdürüldü.
İndi bu kənddə çoxlu əmioğlularım var. Lakin mən kəndə gedəndə onlara düşmürəm, çünki təzə qohumlar daha mehriban, daha səmimidirlər.
Oğlum Üzeyir əmim Dənzinin nəvəsi ilə evlənib və mən kəndə gedəndə daim onun atası Şahabgilə düşürəm. Çünki bu kişi çox süfrəli, ağıllı və səmimi adamdır.
Kənddə ondan başqa təzə qohumlar Şahab və İslam müəllimlə də yaxınam. Hər gedəndə mütləq görüşür və bir yerdə çörək də yeyirik. Amma təəssüf ki, bu iki qohum müəllimlər və gözəl insanlar bir-birləriylə küsülüdürlər. Mən də kəndə gələndə çətin vəziyyətdə qalıb bilmirəm neyləyim. Heç birinin qəlbinə toxunmamaq üçün hər ikisi ilə ayrı-ayrılıqda görüşür və söhbət edirik.
Lakin kənddə bir qohumum da var. O, Şahabın digər qızı Sevincin əri Seymurdur.
Seymur hərdənbir Bakıya, bizə gəlir və nehrə yağı, şor, qatıq gətirir. Həyətdə, evdə nə təmir işlərimiz varsa, hamısını yerinə yetirir.
Seymur ağıllı, zəhmətkeş cavandır. Hər şeydən başı çıxır. Xüsusilə, təmir-tikinti işlərində əvəzsiz və hər cür çətinlikləri aradan götürə bilən bir ustadır.
O, bizə gələndə sevinirik. Ağıllı və xeyirxah adamla görüşəndə kim sevinməz.
Bugünlərdə bir fındıq ağacım yanırdı. Ağacın dili onun yarpaqlarıdır. Ağac, əlbəttə, yaşayıb bar vermək istəyər, ancaq iki-üç yaşlı bu fındıq bir tərəfdən pöhrə verir, bir tərəfdən yarpaqları yanırdı. Bilənlər dedilər ki, torpağın altı pisdir.
Nəhayət, Seymur gəldi. Axşam ikən qazıb, fındığı kökü ilə çıxarıb kənara qoydu. Sonra məlum oldu ki, ağacın alt torpağı tamamilə zəhərli imiş, üstəlik, yekə bir daş da varmış. Daşı parçalayıb atdı, qazıb yerinə təzə Şamaxı torpağı tökdü və təzədən əkdi.
İndi budur, hər gün su verəndə baxıram, fındığımız sevinclə təzə pöhrə verir.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: