Ruhların söhbəti: Türk və fars

20. Türk və fars

TÜRK – Doğru deyirlər ki, qızıl taxtım olunca, qızıl batxım olaydı. Bu necə işdir, necə bəxtdir ki, 2500 illik tarix ərzində hadisələr bircə dəfə də sənin zərərinə həll olunmamışdır?
FARS – Necə yəni?
TÜRK – Necəsi yoxdur ki. Min ildən çoxdur ki, İrada hakimiyyət bizdə ola-ola, hakim xalq biz ola-ola, axırda səfasını görən, kef eliyən, qazanan siz oldunuz. Qanımızı tökən biz, səfasını görən siz. Siz bizim yerimizdə olsaydınız, bilirsinizmi neylərdiz?
FARS – Neylərdik?
TÜRK – Ya bizi tamamilə qırıb, ya qovub, yaxud da assimilyasiya edərdiniz, necə ki, edirsiz. Elədirmi?
FARS – Ola bilər. Ancaq yalnız assimilyasiya olmağa etiraz etməyən xalqı assimilyasiya etmək olar.
TÜRK – A kişi, necə yəni ola bilər ki, 50-60 il ərzində Pəhləvilər başımıza nə oyun açmadı. Bir az da keçsəydi, hamımız dönüb ya «dəxo» olacaqdıq, ya da SAVAK-ın casusu. Amma biz, min il ərzində nəinki sizə güldən ağır söz demədik, hətta sizin üçün dünya şöhrətli poeziya inciləri yaratdıq.
FARS – Bağışlayın, bu, bizim sizdən üstün irq olduğumuzu sübut etmirmi?
TÜRK – Bütün Avropa səyyah və coğrafiyaşünasları üçün yüz illər boyu fars hiylə və məkr, rəzillik rəmzi ola-ola, utanmaz-utanmaz hansı irqi üstünlüyünüzdən danışırsan? Yaxşı, tutalım, bu bizim hesiyyətsizliyimizin, şüursuzluğumuzun və miskinliyimizin nəticəsidir. Bəs necə oldu ki, 1925-ci ildə özümüz mənfur şəxsiyyət olduğunu bilə-bilə Rza xanı gətirib taxtda oturtduq? De görüm, bu necə olur? Xalq da özgəsini gətirib özünə ağa edər?
FARS – Bunun iki səbəbi ola bilər: ya özünüzkülərdən o qədər çəkmişdiniz ki, axırda özgəsini yoxlamaq istəmisiz, ya da bağışlayın məni, sadəcə olaraq, özgə boyunduruğu altında yaşamaq sizə daha xoş gəlir.
TÜRK – Bu keyfiyyətlər bizdən çox sizin təbiətinizə uyğundur. Biz həmişə azadlıq arzulamışıq. Koroğlunu, Səttarxanı, Xiyabanini kim yaradıb? Sizsə min illər ərzində nə bircə dəfə üsyan qaldırmısız, nə də bir nəfər fars xalq qəhrəmanı var.
FARS – Nəyimə lazımdır xalq qəhrəmanı? Hansı fars hökmdarı mənim mənafeyimi və dilimi Şah Abbas, yaxud Qacarlar kimi qoruya bilərdi? Əgər siz olmasaydınız, İran çoxdan üç-dörd yerə bölünüb əlimizdəni çıxardı.
TÜRK – Orası doğrudur. Elə məni yandıran da budur. Axı, Səfəvilər də, Qacarlar da Azərbaycanı ayrıca dövlət kimi ayırıb müstəqil edə bilərdilər.
FARS – Onlar heç vaxt bunu etməzdilər, çünki öz sülalələrini əbədi hesab edirdilər. Kim milli təəssübkeşlik xatirinə böyük dövlətini və ərazisini parçalayar? Bununçün siyasi düha lazımdır. (Yeltsin kimi! – Ə.N.)
TÜRK – O da ki, bizdə heç vaxt olmayıb və ola da bilməz. Deməli, biz vuruşduq, qırıldıq, İranı Türkiyədən iki dəfə böyük elədik, axırda sizə qismət oldu. Bu, bəxt deyil, bəs nədir?
FARS – Bəxt insan təbiətinin hissəsidir.
TÜRK – Bunu bəlkə də, düz deyirsən. Çünki azad olmaq istəyən xalqı heç cür köləlikdə saxlamaq olmaz. Bizi bədbəxt edən Şah Abbas oldu. Paytaxtı İsfahana köçürməsəydi, axı hər şey Şah İsmayılın qoyduğu kimi gedirdi.
FARS – Məncə əksinə. Paytaxt İsfahanda deyil, Təbrizdə qalsaydı, kim bilir, bu gün bəlkə də Təbrizdə bir nəfər də türk tapa bilməzdin.
TÜRK – O da ola bilər. Yaxşı, de görüm, niyə türklər də almanlar kimi başqa döyüşlərdə saysız qələbələr qazansa da, talelərini müəyyən edəcək müharibələrdə həmişə məğlub olublar? Göytürklər Bəhram Çubinə, Sultan Süleyman Vyanada Xuniyadiyə, ən əsası isə osmanlılar və almanlar I Dünya müharibəsində. Axı, bu döyüşlərdə türklər və almanlar qalib gəlsəydilər, ən azı Ənvər Paşa Azərbaycanı vahid və müstəqil edəcəkdi. Axı, niyə gərək məhz 1941-ci ilin yanvarında Moskva ətrafında 46 dərəcə şaxta olaydı və ya Paulis o qədər qoşun və hərbi sursatla Stalinqradda təslim olaydı?
FARS – Onun da səbəbləri var. Amma yenə bunlar da, xəstə və maymaq Ruzvelt olmasaydı, Stalini xilas etməzdi.
TÜRK – Yox, əsl səbəb orasındadır ki, məncə, Yaradan dünyada xeyirxahlıq və ədalət qanunlarının bərqərar olmasını istəmir, xüsusən bizim ölkələrimizdə. Deyə bilərsənmi nəyə görə?
FARS – Yəqin, ona görə ki, hər yerdə ədalət olsaydı, dünya çox maraqsız olardı.
TÜRK – Yaxşı, İran əhalisinin günahı nədir ki, orada hər dəfə bir əsarət digəri ilə, özü də daha amansızı ilə əvəz olunur?
FARS – Bilirsənmi niyə? Çünki həm orda, həm burda hamı yalançı müsəlmandır. Hamı dildə Allaha və «Quran»a itaət edir, ürəkdə, əməldə isə xalqlarımız ən pis kafirlərdən də allahsızdırlar. Elədirmi?
TÜRK – Hə, elədir. Çünki mən hələ insaflı və ədalətli, yalan danışmayan və sərvət hərisi olmayan türk görməmişəm. Türk belə olanda, onda gör farslar necədirlər.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: