Ruhların söhbəti: 16. Sezar və Pompey

16. Sezar və Pompey

121

POMPEY – Yuli, müasirlərimiz adını «böyük» epiteti ilə çağırırdılar, amma sonra gələnlər bunu dandılar. Niyə belə?
SEZAR – Müasirlər adətən, düz görmürlər və obyektiv qiymətləndirə bilmirlər. Sonra gələnlərin isə artıq subyektiv olmalarına heç bir əsas olmur.
POMPEY – Deyirsən, mənim əməllərimdə heç bir böyüklük yox idi?
SEZAR – Məğlub olana «böyük» demirlər.
POMPEY – Bəs mən axı, qalib də gəlmişdim.
SEZAR – Bircə dəfə məğlubiyyət hər şeyi yuyub aparır. Bilirsənmi, sən başqa dövrdə doğulsaydın, bəlkə də, məğlubiyyət bilməzdin, ancaq «iki qoçun başı bir qazanda qaynamaz» deyirlər. Bilmirəm tarix səni hansı zərurətdən mənimlə bir dövrə saldı? Bu, Zərurətin səhvi idimi?
POMPEY – Bəlkə də. Mən Antoni kimi ikinci skripkada çala bilərdim və yaşayardım da, amma təyinat başqa oldu. Yenə Plutarx sağ olsun ki, məni heç olmasa, ikinci yerdə əbədiləşdirdi. Amma Momzen kimilər o yeri də mənə çox gördülər. O, məni hətta təhqir edərək «bacarıqlı zabit» adlandırdı. Niyə o ikinci yerlə kifayətlənmədim, bilmirəm.
SEZAR – İnsan daim hakimiyyət əzmi ilə idarə olunur. Sadəcə, bir yerə iki iddiaçı vardı, bu da ikisindən birinin sıradan çıxması ilə bitməliydi.
POMPEY – Onda mən hər hansı bir böyük əyalətdə, məsələn, Qalliyada vali kimi birincilik iddiamı təmin edə bilərdim, elədirmi?
SEZAR – Əlbəttə. O zaman bəlkə də, sənin Romaya daha çox xeyrin dəyər və nəslin də yüz illərlə ağalıq edərdi.
POMPEY – Bu, səninçün məqbul idi, mən isə bunu qəbul edə bilmədim. Niyə?
SEZAR – Yəqin ki, kor tərslik reallığı görməyə, sağlam düşüncə ilə hərəkət etməyə imkan vermədi.
POMPEY – Amma səndə bunlar vardı. Sən Kleopatradan olan oğlunu deyil, sədaqətli Mark Antonini deyil, məhz bacın oğlunu varis seçdin. Niyə?
SEZAR – Yəqin, ona görə ki, oğlum hələ çox kiçik idi, özü də Roma vətəndaşı deyildi. Antoni nə qədər sədaqətli olsa da, bacım oğlu ondan daha yaxın idi.
POMPEY – Axı bu, dahiyanə seçim idi. Sən bu incə, hələ heç nəyi ilə seçilməyən gəncin daxili qüvvəsini necə gördün?
SEZAR – Hə, bu, çox maraqlıdır. Dərindən düşünsək, vəsiyyətnaməni mən yazsam da, diktə edən başqası olub.
POMPEY – Başqası? Sənə diktə etmək mümkündümü?
SEZAR – Mən sözün hərfi mənasında demirəm, bizi idarə edən cənab Zərurəti nəzərdə tuturam.
POMPEY – Gör necə düz seçmisən ki, bu uşaq Siseron kimi qoca nəhəngi çaya susuz aparıb, susuz gətirdi, aldadıb axmaq kimi barmağına doladı.
SEZAR – Hə, böyük akt idi. O boyda dahi mütəfəkkirin bu dərəcədə ağlının korluğu ağla sığmır.
POMPEY – Amma sonra Oktavian heç kimi aldatmadı.
SEZAR – Çünki buna zərurət olmadı. Fiqurları elə ustalıqla düzdü ki, heç bir yer dəyişikliyinə ehtiyac yaranmadı.
POMPEY – Bəziləri, məsələn, Ferrari Oktavianı səndən də yüksək tuturlar.
SEZAR – Sən necə hesab edirsən?
POMPEY – Nəticəyə görə, əlbəttə, haqlıdırlar. Çünki sənin dövrün yox, onun dövrü Romanın «qızıl əsr»i sayılır.
SEZAR – Mən hakimiyyətdə olduğum cəmi beş ildə onu əsrə döndərə bilməzdim.
POMPEY – Bəli, bu da doğrudur. Bir də, fərdin əzəməti onun asayişi bərpa etməsi ilə deyil, şəxsiyyətinin ifadəsində, tarix üçün qoyduğu nümunələrdədir. Bu cəhətdən, əlbəttə, sən ondan çox zənginsən. Çox maraqlıdır ki, görəsən, sui-qəsd qurbanı olmasaydın, daha nələr edəcəkdin?
SEZAR – Ediləsi bir şey qalmışdımı? Hara fəth oluna bilərdisə, olunmuşdu. Tarixin ən mükəmməl dövləti və səltənəti qurulmuşdu. Yalnız onlar edilə bilərdi ki, Oktavian da elədi.
POMPEY – Deməli, sənin getməyin də zərurət aktı idi?
SEZAR – Təbii. Görünür, mənim sağ qalmağım artıq dövlət binası üçün təhlükə törədə biləcəkmiş.
POMPEY – Sulla kimi. Onun könüllü olaraq taxt-tacdan imtina etməsi də belə çıxır ki, zərurətdən imiş.
SEZAR – İşə bax ki, o, bütün rəqiblərini məhv etdi, mənə isə toxunmadı. Bu, hakimiyyət, necə şeydir ki, hətta şirniklənməyə də imkan vermir.
POMPEY – Əlbəttə, ağıl istəyə güc gələndə.
SEZAR – Və ya istək ünvanını tapmayanda.
POMPEY – Buna Zərurət mane olur?
SEZAR – Əlbəttə. Ya baş qatır, ya da «bombanı» xəzəllərlə örtür.

Əlisa Nicat

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: