Ruhların söhbəti: II Nikolay, Lenin və Stalin

15. II Nikolay, Lenin və Stalin

1326304263_2lenin1stalin

II NİKOLAY – Hə, İosif Vissarionoviç, axır ki, gəlib çıxdınız. 36 ildir sizi gözləyirdim.

STALİN – Buyurun yoldaş, bağışlayın, cənab Nikolay, mənə sözünüz var?
II NİKOLAY – Hələ soruşursan da. İndi ki Vladimir İliç də burdadır, sualım ikinizə də aiddir. Əvvələn, ey ədalət carçıları, mən istəsəydim, sizin ikinizi də istədiyim vaxt öldürtdürə bilərdim və buna görə heç kim məni danlamazdı da, çünki hər ikiniz mənə və hakimiyyətimə qarşı açıq-aşkar silahlı üsyana çağırırdınız. Amma mən axmaq neyləyirdim, sizi və başqa qatı, düzəlməz, rəhmsiz düşmənlərimi ağıllandırmaq istəyir, ölkənin səfalı guşələrinə istirahətə göndərirdim, elədirmi?
LENİN – Bəli, sözlərinizdə müəyyən həqiqət var. Şuşenskoye həqiqətən, pis yer deyildi.
II NİKOLAY – Hər halda, sizə ki toxunmurdum. Bəs siz neylədiniz? Məni, ailəmi, xəstə oğlumu, hətta körpə uşaqlarımı belə güllələtdirdiniz. Məgər siz də məni ya daxilə, ya da xaricə sürgün edə bilməzdiniz?
LENİN – Bilirsiniz, bir az anlaşılmazlıq, daha doğrusu, özbaşınalıq oldu.
II NİKOLAY – Yalan deyirsən, bircə dənə teleqram vursaydın, heç kim bizə toxuna bilməzdi.
STALİN – Bura bax.
LENİN – Sən dayan. Nikolay Aleksandroviç, haqlısız, nə demək olar. Amma inanın ki, mənim sizə qarşı bu dərəcədə nifrətim yoxdu. Zənnimcə, elə İosif Vissarionoviçin də. Ancaq neyləyək ki, situasiya bizi məcbur elədi, başqa cür edə bilməzdik. Axı, Rusiya Danimarka və ya İsveç deyil. Nə qədər ki, siz, ya ailə üzvləriniz dururdu, vətəndaş müharibəsi uzanar, inqilab da qalib gələ bilməzdi. Bizi məhv etmək məsələsinə gəldikdə isə, əlbəttə, haqlısız. Ancaq neyləməli, dünya elə qurulub ki, kim kimi aldatdı və qabaqladı, o da qalib gəlir. Necə ki, 1918-ci il 6 iyul gecəsi eserlər bizi əsir etmişdilər. Xalqın da, ordunun da əksəriyyəti onların tərəfində idi, amma bizi güllələmədilər. Səhəri isə bizim çağırışımızla gələn latış diviziyasına onların hamısını güllələtdirdik.
II NİKOLAY – Yaxşı, orası mənə məlum oldu ki, axmaq olmuşam. Ona görə ki, başqalarının gözünə yaxşı görünmək xatirinə nəinki özümü, ailəmi, hətta ölkəmi, xalqımı da ağlasığmaz bəla və müsibətlərə düçar etdim. 5-10 hakimiyyət hərisini aradan götürmək əvəzinə, sizin kimilərlə demokratiya oyunu oynamağa başladım. Yaxşı, bu belə. İndi mənə başa salın görüm azadlıq, bərabərlik, ədalət, xoşbəxtlik şüarları ilə axmaq saldatları qabağa verib az-çox malik olduqları azadlığı da onların öz əliylə məhv edib, sonra da dünyada görünməmiş zülm, əsarət, ehtiyac, məhrumiyyət səltənəti qurmaqda məqsədiniz nə idi?
LENİN – Məqsədimizi hələ başa düşə bilməmisiz? İcazə verin, sizdən sənə keçim. A kişi, daha bizim müqəddəs imperiyanın başına nə qalmışdı gətirməyəsən. Uzaq Şərq əldən çıxmışdı, Sibir ayrılırdı, Zaqafqaziya, Orta Asiya ayağa qalxmışdı, Yaponiyaya, Almaniyaya məğlub olmuşdun. Yenə sayım?
II NİKOLAY – Deməli, sən xalqı qırğına verib viran qoydun ki, imperiyanı xilas edəsən?
LENİN – Əlbəttə. Elə deyilmi, İosif Vissarionoviç?
STALİN – Bu, o qədər açıq-aşkar məsələdir ki, heç danışmağa dəyməz.
II NİKOLAY – Yaxşı, tutalım ki, sən rus imperiyası patriotu kimi belə hərəkət edib bu yolda qurban getdin. Bəs bu gürcü yəhudisinə nə olmuşdu ki, rus imperiyası xatirinə on milyonlarla rus, ukraynalı və başqa millətləri qırğına verdi?
LENİN – Paho, cənab Nikolay, məgər bilmirsən ki, ingilisləşmiş hindli ingilisdən qat-qat artıq ingilis olur. İnsan təbiəti belədir. Bir də əgər iş rus xalqının özünə qalsaydı, nə imperiya yarana bilər, nə də genişlənib yaşaya bilərdi. Onu kimlər yaratdı? Kiyev rus knyazları kimlərdir? Romanovların əsl-nəcabəti kimdir? Əsrlər boyu rus ordularında kimlər komandanlıq edib? Orta Asiyanın fatehi general Kaufman kimdir? Hələ mən özümü demirəm.
II NİKOLAY – Bunu da başa düşdük, yoldaş Lenin. İndi deyin görüm, biz ucsuz-bucaqsız imperiyanı bu cür zorakılıq, yalan, məhrumiyyət gücünə saxlamaqla, bu cür doymaq bilməyən torpaq azarına tutulmaqla nə qazanırıq? Dünyada hələ də rus xalqından kölə və ac xalq varmı? Axı, bu cür siyasətin axırı necə olacaq?
LENİN – Hə, bax bu ağıllı və maraqlı sualdır. Qoy bu suala bu məsələlərdə bizi çox-çox ötüb keçən İosif Vissarionoviç cavab versin.
STALİN – Nə olar ki. Ancaq bu məsələlərdə sizi vurub-keçən yox, sizdən daha çox xidməti olan bir adam kimi.
LENİN – Orası elədir. Ancaq gəl burda da öz şəxsiyyətinə pərəstişini tətbiq etmə. Sən kişinin sualına cavab ver.
STALİN – Vladimir İliç, bəxtinizdən o dünyada deyilik. Axır-axırda məni bir balaca tanıdığına görə ikimizin də bəxtindən tez öldün. Hərçənd ki, mən səni məhkəmə və rusvayçılıqdan xilas elədim, amma sən əvəzində qurultaya məktub yazıb məni ləkələdin. Mən də borclu qalmadım. Nə isə, keçənə güzəşt deyərlər. İndi isə cənab Nikolay, sualınızın cavabını verim. Məsələ heç də sənin zənn etdiyin kimi sadə deyil, onun kökləri insan psixologiyasında, onun əzəli və dəyişməz təbiətindədir. Yəqin ki, məşhur alman coğrafiyaşünası, geopolitikanın banisi Ratselin nəzəriyyəsi ilə az-çox tanışsan.
II NİKOLAY – Lap yaxşı tanıyıram. Elə mənim dövrümdə tərcümə və çap olunmuşdu.
STALİN – Hə, yaxşıdır ki, yadındadır. Həmin Ratselin nəzəriyyəsinə görə, yeri gəlmişkən qeyd edim ki, çox həyati və təcrübədə təsdiq olunmuş nəzəriyyədir, bəli, həmin nəzəriyyəyə görə, bütün canlıların, o cümlədən, insanın ən güclü instinkti özünə daha çox həyat sahəsi, areal və ərazi zəbt etməkdir. Bu instinkt hətta çox vaxt yaşamaq instinktinə belə qalib gəlir. Torpaq hərisliyi, ağalıq və hakimiyyət əzmi hədsiz dadlı və ləzzətlidir. Bu hiss eynilə hakim xalqa da xasdır. Yoxsa, rus xalqı bu qədər məhrumiyyətə, bu təhqir və alçalmaya dözərdimi?
II NİKOLAY – Dözməyib neyləyəcək.
STALİN – Neyləyəcək? De görüm, 70 ildir movzoleydə İliçə baxmaq üçün hər gün yüz minlərlə adamları mən qovub növbəyə düzürəm, ya özləri gəlib saatlarla ayaq üstə dururlar? Yaxud, sosializmi istəməsəydilər, bayram günlərində nümayişə çıxan milyonlarla adamın qabağında kim dura bilərdi?
II NİKOLAY – Axı, bu ləzzət rus xalqına çox baha-başa gəldi. Heç bir ağ gün, xoş gün görmürlər. Araq içib ölü kimi düşməkdən başqa həyatdan nə alırlar? 70 ildir dünyada ən ac, zəlil və hüquqsuz xalq sənin hakim xalq hesab etdiyin ruslar deyilmi? Axı, həbsxanada yaşaya-yaşaya insan özünü necə ağa hesab edə bilər? Yox, necə güclü instinkt olursa-olsun, acqarına insan özünü xoşbəxt hiss edə bilməz. Bu xoşbəxtliyi sən zorla onun boynuna qoymuşdun. Movzoley və bayram nümayişlərindəki nikbinlik və mütilik isə özünü xoşbəxt hiss etməyin deyil, amansız zorakılıq və təbliğat maşınının nəticəsidir. Yaxşı, lap tutalım ki, siz deyən kimidir. Milyonlarla insanı bu cür axmaq bir hiss xatirinə hüquqsuz, bədbəxt gündə saxlamaq nəyə lazımdır? Bir siyasətçi kimi yəqin ki, yazıq Makiavelli sizin yanınızda məsum quzu kimi görünərdi. Bununla işim yoxdur. Bir insan kimi, bir rus adamı kimi milyonlarla günahsızı on illərlə, hətta yüz illərlə dilsiz-ağızsız mal-qara səviyyəsində saxlamağı nə adlandıraq?
STALİN – Yaxşı, fürsətdən istifadə eləmə, burada məhkəmə-zad qurulmayıb, sual vermisən, cavabını da al.
II NİKOLAY – Çəkməçi oğlu, sənlə deyiləm, mən Vladimir İliçdən soruşuram. Yaxşı, ferval inqilabı oldu, mən də hakimiyyətdən əl çəkdim, hakimiyyət müvəqqəti hökumətə tapşırıldı, bu hökumət də tamamilə aciz, avara bir şey oldu. Siz də müdafiəsiz olan bir hakimiyyəti ələ keçirib cəhənnəm yaratdınız. Olmazdımı dinc yolla, parlament yolu ilə hakimiyyətə gələydiniz?
LENİN – Yox.
II NİKOLAY – Əlbəttə, yox. Çünki ordunun, fəhlə və kəndlilərin heç 10 faizi də sizin dalınızca gəlmirdi. Siz də bunu görüb silahsız hökuməti həbs edib, hakimiyyəti ələ keçirdiniz. Yaxşı, bütün bunlar keçib. Deyin görüm, bunun axırı, sonu, nəticəsi necə olacaq?
STALİN – Nəticə dedikdə nəyi nəzərdə tutursuz?
II NİKOLAY – Onu nəzərdə tuturam ki, illər boyu bu cür keyfiyyətsiz qidalanma ilə, bu cür qorxu və hüquqsuzluq içində yaşamaqla rus xalqının axırı necə olacaq?
STALİN – Cənab Nikolay, birdəfəlik başa düşün ki, bizi nə rus xalqının, nə də hər hansı başqa bir xalqın etnik təmizliyi, sağlamlığı və ya mənəvi səviyyəsi yox, imperiyanın hüdudlarını saxlamaq maraqlandırırdı.
II NİKOLAY – Yaxşı, tutalım, 1917-ci ildə əvvəl verdiyiniz vədləri unudub imperiyanı parçalamağa, dağıtmağa qoymadınız ki, Bakının nefti, Özbəkistanın pambığı, Ukraynanın taxılı olmadan keçinə bilməzdiniz. Bəs sələfləriniz artıq bunlarsız keçinmək mümkün ikən, əksinə, tamamilə Rusiyanın belində yük olan respublikalardan niyə əl çəkə bilmirlər? Axı, bir yerdə düşmən kimi yaşamaqdansa, qonşu kimi dost yaşamaq daha sərfəli deyilmi? Nəticədə nə ruslar adam kimi yaşaya bilir, nə də ki, başqalarını yaşamağa qoyurlar. Yaxşı, hüdudlarını bu qədər baha qiymətə saxladığınız aləm gec-tez bir-birinə qarışdı və yüz illərdən sonra imperiyada bir millət, yəni «sfinks» millət əmələ gəldi və bu nəhəng əcaib varlıq rus dilində danışdı, bunun nəsli, irqi, genetik saflığı itib gedən ruslara nə xeyri olacaq? Bizə bu qədər gərəksiz olan xalqların rus dilində danışması nəyə lazım olacaq? Bu fantastik cinayətə nəylə haqq qazandırılacaq?
STALİN – Dünyaya hökm edən diviziyalar, əzizim.
II NİKOLAY – Sizin bu diviziyalardan başqa da öyünməli bir şeyiniz var?
STALİN – Güc və qüdrətdən başqa dünyada öyünməli nə var? Dünyada ağalıq etməkdən başqa nəylə öyünmək olar?
LENİN – Cənab Nikolay, qəribə suallar verirsiz. Bu imperiyanı siz, ata-analarınız yaratmayıb? 10 milyonluq Krım tatarlarını, Şimali Qafqaz xalqlarını ucdantutma qırıb-tökən siz deyildiz?
II NİKOLAY – Tatarların qalan 1 milyonunu da siz sürgün edib axırına çıxdınız. Doğrudur, biz də mələk deyilik. Lazım olanda qırırdıq, amma əvəzində sizin kimi dostluq, qardaşlıqdan dəm vurmurduq, «sizə azadlıq gətirdik» demirdik.
STALİN – Görürəm, mübahisə uzanır. Gəlin burda qurtaraq.
II NİKOLAY – Onda sonuncu sualım: Deyin görüm, hadisələr başqa istiqamətə dönə bilərmi?
STALİN – Aydın danış. Sosializm devrilə bilər, demək istəyirsən?
II NİKOLAY – Bəli.
STALİN – Nə qədər ki, rus xalqı var, çətin. Çünki bu xalq o qədər əsarətə öyrəşib ki, hər hansı bir azadlığı təhqir kimi qəbul edir. Bu iş ancaq yuxarıdan başlaya bilər və bunun üçün də dəmir iradə ilə alicənablığın vəhdəti olan bir rəhbərin doğulması lazımdır ki, o da sosializm şəraitində çətin mümkün ola.
II NİKOLAY – Yox, tarix ona görə gözəldir ki, gizli imkanlarla doludur. Mən taxta çıxanda kimin ağlına gələrdi ki, cəmi 20 il sonra belə bir fəlakət olacaq.
STALİN – Sənin zamanında KQB yoxdu, neçə milyonluq nomenklatura ordusu yoxdu, hərbçilər siyasətə qarışmırdı.
II NİKOLAY – Zato, əvəzində göydə Allah var.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: