Ruhların söhbəti: Şah İsmayıl və Vəli Axundov

Şah İsmayıl və Vəli Axundov

01041865Vəli_Axundov

ŞAH İSMAYIL – Adə Vəli, sən mənim zamanımda yaşasaydın, sarayda nökərçilikdən başqa heç nəyə yaramazdın. Bəs necə oldu ki, bu boyda Azərbaycana on il şahlıq elədin?
VƏLİ AXUNDOV – Xalqımız ki, bu qədər mütidir, vəzifəlilərə bu qədər baş əyəndir, dünyada Azərbaycana şahlıq eləməkdən asan nə var?
ŞAH İSMAYIL – Adə, necə oldu bu xalq bu günə düşdü? Axı mən onları bəlkə də dünyanın ən məğrur və cəsur millətinə döndərmişdim.
VƏLİ AXUNDOV – Yox, elə sizin zamanınızda da şahlara itaət eləməyə öyrəşmişdilər.
ŞAH İSMAYIL – Yalan demə. Mən ona mənə qədər onda olmayan heysiyyət, azadlıqsevərlik, məğrurluq və cəsurluq bəxş elədim. Mən onu fateh xalq elədim.
VƏLİ AXUNDOV – Bunun nə faydası oldu? Son nəticədə qazanan yenə farslar oldu. Balaca xalqı imperiya sahibi eləməyin nəyə lazım idi? Azərbaycanı ayrıca müstəqil dövlət eləsəydin, onda bu ideya xalqın zehnində həkk olunardı və heç vaxt azərbaycanlılar indi olduqları kimi qətiyyən özlərini İranla bir yerdə təsəvvür eləməzdilər.
ŞAH İSMAYIL – Onu bəlkə də, düz deyirsən. Amma İran şəhərləri bir-bir özləri mənə elçilər göndərir, onları da Qızılbaş dövlətinə qatmağımı xahiş edirdilər. Mən də şirniklənib bunu etdim. Yaxşı, bunlar keçib gedib. Ay mənfur, bəs sən nə haqla bu qədər ərazilərimizi ermənilərə, gürcülərə bağışladın?
VƏLİ AXUNDOV – Görürdüm heç kim etiraz eləmir, verirdim də. Axı buna gərək ilk növbədə o kəndlərin, o yaylaqların sahibləri etiraz edəydilər. Onlar mal kimi danışmayanda mənim nəyimə lazım idi böyüklərlə konfliktə girim?
ŞAH İSMAYIL – Ay gədə, xalqda, sakinlərdə bir kişilik qoymusuz ki, onlar da nəyəsə haçansa etiraz edəydilər.
VƏLİ AXUNDOV – Onu keçmişlərdə məndən qabaqkılar kişilikdən məhrum etmişdilər. Mən neyləyə bilərdim? O cür amansız sistemin qabağında barmaq tərpətmək olurdu ki.
ŞAH İSMAYIL – Sənin özünün kişiliyin olsaydı, çox şey edə bilərdin. Səfəvilər dövləti haqqında doktorluq dissertasiyası yazanlara sən divan tutmadınmı? Yoxsa bunu da sənə Moskvadan əmr edirdilər? Bəs «Yoldaşım rusdur, yolum dürüstdür» atalar sözünü kim çıxartdı? Sən çıxartdan, ya ruslar? SSRİ respublikaları içərisində rus işğalını bayram kimi keçirən sən deyildin? Bəsdir, yoxsa yenə sayım?
VƏLİ AXUNDOV – Bunların hamısına məni məcbur edirdilər.
ŞAH İSMAYIL – Atalar sözünü də?
VƏLİ AXUNDOV – On il ərzində deyirsən, bir dənə də səhvim olmasın?
ŞAH İSMAYIL – Yəni sənin elə bir işin, elə bir hərəkətin oldumu ki, xalqın zərərinə olmasın?
VƏLİ AXUNDOV – Mən nə edə bilərdim ki, Mərkəzi Komitənin özündə KQB-nin neçə adamı vardı ki, mənim hər bir hərəkətimi izləyirdilər. Əgər mən o işləri görməsəydim, birinci katib kimi qala bilərdimmi?
ŞAH İSMAYIL – Deməli, torpaq bağışlamaqla vəzifəni saxlayırdın?
VƏLİ AXUNDOV – Əşşi, o nə torpaq idi ki, bir-iki kənddi, yaylaqdı. Əsl həngamə, əsl bağışlama çox-çox sonralar oldu.
ŞAH İSMAYIL – Bəs Mərkəzi Komitəyə niyə bu qədər erməni doldurmuşdun? Niyə bu qədər erməniyə o cür vəzifələri vermişdin? Hətta Azərbaycana gələn import malları bazasının da rəisi erməni idi. Daxili İşlər Nazirliyinin istintaq şöbəsində neçə erməni vardı?
VƏLİ AXUNDOV – Əgər yuxarıdan hər gün mənə zəng vurub xalqlar dostluğunu, beynəlmiləlçiliyi möhkəmləndirməyimi əmr edirdilərsə, mən neyləyə bilərdim?
ŞAH İSMAYIL – Bəs ermənilərdən, gürcülərdən niyə bunu tələb etmirdilər?
VƏLİ AXUNDOV – Daha orasını mən bilmirəm.
ŞAH İSMAYIL – Yaxşı bilirsən. Onlar kimdən nə tələb etməyi bildiklərindən sizi vəzifəyə qoyurdular. Erməni, gürcü rəhbərləri özlərini Moskva ilə həmkar kimi, tay-tuş kimi aparırdılar, sən isə, siz isə nökər kimi. Sən hətta vəzifədən ötrü… belədir, ya yox?
VƏLİ AXUNDOV – Qətiyyən belə deyil. Brejnev Bakıya gələndə şəhərin bütün qızlarını yollara töküb onun qabağında oynamağa məcbur etdirən ki mən deyildim.
ŞAH İSMAYIL – Kəs səsini! Səni Politbüroya kandidat, ya üzv seçsəydilər, hətta Brejnevin qabağında özün oynayardın. Mən sizi yaxşı tanıyıram. Səndən qabaqkılar da, səndən sonrakılar da stolunuzdan ötrü qədim bir xalqı elə günə saldınız ki, mən burada, hökmdarlar içində azərbaycanlıların şahı olduğumu deməyə utanıram.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: