Tarixi novella

İsgəndərin mükafatı

250px-Bust_Alexander_BM_1857

Makedoniyalı İsgəndər miladdan qabaq 324-cü ildə 32 yaşında dünyanı fəth edib, bəşəriyyəti diz çökdürüb və onlarla yara alıb Yaxın Şərqin paytaxtı Babilə qayıdırdı.
O, cəmi 20-30 minlik bir qoşunla nə az-nə çox, 900-ə qədər ölkəni və yüzlərlə, bəlkə də minlərlə şah, hökmdar, tiran və çarı məğlub edib, öz sevimli Butseval köhləninin belində oturub ağır-ağır gedir və artıq dünyada neçə İsgəndəriyyə şəhəri salındığını düşünüb, yanınca gələn təkgöz Parmeniona tərəf dönüb soruşdu:
— Neçə İsgəndəriyyə şəhəri salınıb?
— Hm, – Parmenion yanında gedən Putolomeyə baxdı. Onlar cavab verincə, lap kənardan gələn Kassandr dilləndi:
— On doqquz!
Hamısı güldü.
İsgəndər dedi:
— Kassandr, çox hazırcavab, zirək, qətiyyətlisən. Səndən nə desən, gözləmək olar. Amma pərt olma, səndə günah yoxdur. Neyləyə bilərdin ki, belə yaranmısan.
Yenə hamı güldü. İsgəndər dedi:
— Görəsən, bu Aleksandriyyalar neçə min illər qalacaq?
Sərkərdənin sualına heç kim cavab vermədi. İsgəndər bu dəfə üzünü sağ tərəfində gələn adama tutdu.
— Hefestion, niyə bu gün ürəyim açılmır?
Hefestion əliylə atının yalını sığallayıb dedi:
— Təkcə bu gün deyil, çoxdandır gözlərinizdən kədər buludları çəkilmir. Bilmirəm niyə.
— Bəlkə, Kalan bu sorğuya cavab verə, – deyə kimsə dedi.
Lakin çar dinmədi. Hefestiona baxıb nəsə demək istədi, amma demədi və dönüb arxaya baxdı. Arxada isə sonu görünməyən nizə meşəsi və dəbilqələr gəlirdi. Bu, dünyada məğlubiyyət nə olduğunu bilməyən bir qoşun idi ki, artıq qələbələrdən yorulmuşdular.
İsgəndər əlini yellədi və qabaq cərgələr və sonra da yavaş-yavaş arxadakılar dayandı. Bu, dincəlmək işarəsi idi. Dərhal yaxındakılar atlarından düşdü. Çadırlar quruldu, masalar, oturacaqlar hazırlandı, xalçalar döşəndi.
Süfrələr açıldı, ləziz yeməklər, nadir şərablar…
İsgəndər həmişəki kimi sərkərdələri ilə bir yerdə nahar edirdi.
Bu vaxt çöldən səs-küy qalxdı. Çarın qaşları çatıldı. Kassandr nə olduğunu bilmək üçün dərhal qalxıb çölə çıxdı və az sonra qayıdıb dedi:
— Çar, bir arfist tapıb gətiriblər. Deyildiyinə görə, misilsiz havalar qoşub çalır və özü də gözəl səslə oxuyur.
— Gətirin!
İsgəndərin odlu gözləri parıldadı və döyüşçülər gur, pır-pız saçlı bir cavanı içəri ötürdülər.
O, çadıra girib dayandı. Oturanlara göz gəzdirib çarı tanıya bilmədi. Parmenion bunu hiss edib əliylə İsgəndərə işarə elədi.
Cavan dedi: – Əlahəzrət, əmr edin məni buraxsınlar.
— Kimsən?
— Arfist.
— Arfist olduğunu bilirəm, hansı tayfadansan?
— Yequdiməm (yəhudi).
Çar onu təpədən-dırnağadək süzdü: – Adın nədir?
— İsaak.
— Niyə səni öldürmək istəyirdilər?
— Çalıb-oxumağımı tələb edirdilər.
— Oxumurdun?
— Yox.
— Niyə?
— Mən çarlar üçün oxuyuram.
Çadırdakılar səs-səsə verib güldülər. Çünki arfistin geyimi çox yoxsul idi.
— Deyirlər, gözəl çalırsan, gözəl səsin də var, doğrudur?
O, qıvrım saçlı başını təsdiq əlaməti olaraq yellədi.
— Deməli, heç kim üçün oxumursan?
— Ya heç kim üçün, ya da çarlar üçün.
— Heç kim üçün, necə?
— Çöldə bülbüllər necə oxuyursa, o cür.
İsgəndər gülümsədi. – Çox maraqlıdır, indi bizim üçün necə, oxuyacaqsanmı?
İsaak girdə qara gözlərini İsgəndərə zilləyib susurdu. Çadırda tam səssizlikdi. İsgəndər əlindəki şərab dolu qədəhi başına çəkib, yüngülcə gülümsəyirdi. Sərkərdələrin isə heyrətdən gözləri bərəlmişdi və elə bu an İsgəndərin beynindən ağlasığmaz bir fikir keçdi: «Oxumasa, azad edəcəyəm. Oxusa və xoşum gəlsə… »
Nəhayət, nəğməkar, qıvrım saçlarını qarışdırıb dedi:
— Onda izn verin mən də sizinlə nahar edim. Səhərdən heç nə yeməmişəm.
— Buyur, buyur.
Çadırdakıların hamısı güldü, bircə Kassandrdan başqa. Nədənsə onun rəngi ağarmışdı. Dərhal arxalı stul, sonra qızıl qab-qacaqlar gətirildi. Cavan yəhudi əllərini yuyub, İsgəndərin yanında oturaraq sakitcə hər şeydən bir az yeyib, bir fincan da şərab içib stulunu geri çəkdi.
O birilər artıq yeyib qurtarmışdılar və çarın işarəsi ilə süfrə dərhal yığışdırıldı.
Qonaq, oturacağını bir az aralı çəkib, çiynindən öz arfasını çıxarıb dizləri üstə qoyaraq və mizrabı barmaqlarına keçirərək gözlərini yumdu.
Və arfanın incə simləri dilə gəldi, nə gəldi və məğrur müğənni çalmağa və oxumağa başladı.
Nəinki çadıra, hətta daim səs-küylü çölə də sakitlik çökmüşdü.
Uf, bu necə musiqi idi!!
İsgəndərin iri gözləri yumulmuşdu və o, yalnız onu hiss edirdi ki, çöldə dəhşətli tufandır, havada uçan xəzan yarpaqlarından göz açmaq olmur. Göydə dalbadal ildırımlar çaxır və atlar dəli kimi kişnəyib şahə qalxırlar. Göydən isə əlində silahı Zevsin qəzəbli çığırtısı eşidilir.
Mahnı xeyli çəkdi. Xeyli çəkdi bu məhəbbət şərqisi.
Müğənni artıq susub, qıvrımsaç başını köksünə əymişdi. İsgəndər isə hələ də gözlərini yummuş halda qalırdı və bu an doğrudan da, çöldə bir at kişnədi. Bu, Butseval idi.
Nəhayət, dünya fatehi gözlərini açdı və üzünü müğənniyə tutub dedi:
— Yaramaz, sən nəinki mənim ömrümü azaltdın, sən məni öldürdün! Bunun əvəzini sənə necə verə bilərəm?
Otaqda gərginlik dəhşətli bir hal almışdı.
İsgəndər gözlərini müğənnidən ayırmadan başını bir xeyli yırğaladı.
— Yaramaz, sən məni öldürdün. Sənin çalğının, səsinin və oxuduğun mahnının əvəzini necə verim? Nə qədər neçə yüz talant daş-qaş istəyirsən?
— Neynirəm, – deyə müğənni az qala qəzəblə cavab verdi.
— Doğrudur, mənim o qədər qüdrətim yoxdur ki, sənin bu mahnına əvəz olsun. Hindistandan yeni tikilən Misir İsgəndəriyyəsinə qədər, hansı ölkənin çarı olmaq istəyirsən?
Cavan, yoxsul müğənni yenə çiyinlərini atdı. – Neynirəm?
Araya ölüm sükutu çökmüşdü.
İsgəndər dedi:
— O şərqini bir də çalıb-oxuya bilərsənmi, İsaak?
— Yox.
— Deməli, sən hər dəfə belə bir ağlasığmaz şedevri çölə səpib itirirsən.
— Hə, nə olsun ki.
İsgəndər barmağını ona tuşladı.
— O olsun ki, yaramaz düha, sən məndən zəngin, məndən xoşbəxtsən.
Və ölkələr fatehi ayağa qalxıb çığırdı:
— Aparın, bu dəqiqə çöldə edam edin! Bu saat! Tez olun!
Və gözləri dəhşətdən bərələn müğənnini o dəqiqə dartıb apardılar.
Onun mahnısının melodiyaları isə hələ də İsgəndərin qulaqlarında səslənir və çar ağlayırdı.
Və hələ onu heç kim bu cür ağlayan görməmişdi.
Çöldə isə dar ağacından dünyada hələ əvəzi doğula bilməyən və heç zaman da doğula bilməyəcək müğənninin cansız bədəni asta-asta yellənirdi.

24 aprel, 2013.

Categories: Əsərlərindən | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: