Ruhların söhbəti: Babək və xalq yazıçısı

8. Babək və xalq yazıçısı

babak (1)u2_qelem_dostu=-

BABƏK – Sənin hər hansı bir mühitə bu qeyri-adi uyğunlaşmaq məharətin başqa bir sahədə təzahür etsəydi, Azərbaycana nə qədər xeyir gətirərdi. Amma sən bu xüsusiyyətlə başqalarına da nümunə olub xalqımızın ruhunu sındırdın.
XALQ YAZIÇISI – Mən elə bilirəm ki, fürsət düşən kimi həmişə xalqımızın xeyrinə çalışmışam. Dil barədə xidmətlərim kimin yadında deyil?
BABƏK – Əvəzində yüz dəfə «qələt elədim» dedim. Bir vaxtlar nə nədər nüfuzun vardı, bəs necə oldu? Hamısını konyukturaya qurban verdin. Rütbənə, imtiyazlarına…
XALQ YAZIÇISI – Mən işsiz qalsaydım, ölərdim.
BABƏK – Onsuz da ölmüsən. Əvəzində adın qərinələr boyu dillərdə gəzərdi.
XALQ YAZIÇISI – Adıma nə olub ki. Babək olmasam da, hər halda, adım kitablarımda yaşayacaq.
BABƏK – Ay-hay… Elə bilirsən sənin əməllərin yazılıb qalmır? Heç güzgüdə özünə baxmısan? Fizioqnomika elmindən xəbərin var? Leninə, Stalinə, onlardan sonrakılara nə qədər məhdnamələr yazmısan. Oktyabr və 28 aprel çevrilişlərinə nə qədər «xoşbəxtlik və azadlıq bayramı» adını vermisən.
XALQ YAZIÇISI – Mən buna ürəkdən inanıb demişəm. Bir də, əzizim, sən min il qabaq yaşamısan, nə bugünki adamlardan, nə də bugünki problemlərdən xəbərin var.
BABƏK – Bu gün hansı problemlər ola bilər ki, insanlar elə mənim dövrümdəki insanlar, əməlləri də elə həmin əməllərdir. Elə bilirsən mənim ətrafımda sənin kimilər yoxdu? Elə bilirsən onlar məni ərəblərlə dil tapmağa çağırmırdılar? Əzizim, sən bütün dövrlərdə yaşamısan.
XALQ YAZIÇISI – Neyləyim, hamı Babək ola bilməz.
BABƏK – Kim sənə deyir ki, Babək olaydın. Ən qorxaq və ehtiyatlı erməni və gürcü necəsə, barı, sən də o cür olaydın. Amma sən əlli il küləyin səmtini göstərən flüyger olmusan. Moskvada Mərkəzi Komitənin başçıları ağızlarını açmamış züy tutubsan. İnsan da ki, züy tutmaqdan yorulmaz. Təkcə siyasi buqələmunluğun olsaydı, dərd yarıydı. Bəs ədəbiyyat aləmindəki işinə nə ad verək? Ömründə bircə dənə istedadlı və ləyaqətli cavan haqqında xoş söz deməmisən. Bax gör kimləri tərifləmisən, redaktorları, güclü qohum-qardaşı olanları, ya da kobudluqlarından və nüfuzlarından qorxduğunları. Elə bilirsən bunu görüb bilmirlər. Əksinə, həqiqi istedad sahibi olan cavanları o qəqiqə neştərinlə sancıb zəhərləmisən. Ya da elə hala salmısan ki, Əli Kərim kimi cavan yaşında ehtiyac içində ölüb gedib.
XALQ YAZIÇISI – Mə, mə…
BABƏK – Yaxşı, barı sus!
XALQ YAZIÇISI – Mən bəzi istedadlara qarşı laqeyd olmuşam ki, bu çətinlik onları daha güclü əsərlər yazmağa məcbur eləsin. Bu da mənə «sağ ol» deməyindir?
BABƏK – Bəh, bəh, əgər yaxşı əsərlər yazmaq üçün qayğı və məhrumiyyətlər bu qədər vacib idisə, bəs niyə özünə tətbiq eləməmisən?
XALQ YAZIÇISI – Mənim uşaqlıq və yeniyetmə çağlarımda çəkdiyim əziyyətlər bəsdir.
BABƏK – Deməli, sonra da başqalarını əziyyətə düçar etməklə həzz almısan. Ümumiyyətlə, məni təəccübləndirən bir də ətrafındakı mühiti yaxşılaşdıra bilmək imkanın ola-ola, həmişə onu pisləşdirməyə çalışmağındı. Niyə sən başına həmişə istedadsız, yaltaq, ləyaqətsiz adamları toplamışdın?
XALQ YAZIÇISI – Əzizim, istedadlı-istedadsız, ləyaqətli-ləyaqətsiz, bunların hamısı nisbi şeydir. Səninçün şəxsiyyət sayılan bir adam, mənimçün heç nə ola bilər.
BABƏK – Özün-özünün daxili aləmini açıb göstərirsən. Deməli, kim sənə xidmət edirsə, kim sənin saxta və dayaz əsərlərini tərifləyirdisə, səninçün şəxsiyyət sayılırdı. Bir də adamları, sənətkarları öldürəndən sonra tərifləyirsiz. «Siz» deyirəm, çünki bu, sosializmin əsas prinsiplərindən biri idi. Mirzə Cəlil, Cəfər Cabarrlı, Cavid və Müşfiq kimiləri pis günə qoyanların birincisi sən deyildinmi?
XALQ YAZIÇISI – Özün bilirsən ki, bunlar Stalinin əməlləri idi. Mən kimdim ki?
BABƏK – Bəli, sən kimdin ki. Amma Stalinin və onun yanındakıların yerində olsaydın, paho, inan ki, yer üzünü cəhənnəmə, Azərbaycanda isə bütün kişiləri xacəyə döndərərdin. Bir şey də məni heyrətə salır. Heyrət olunmalıdır ki, əlli illik fəaliyyətin ərzində bircə dəfə də həmişə xalqın əleyhinə olan bir dövlət qərarının əleyhinə danışmadın. Hətta son illər üç yüz milyon sovet adamlarının açıq danışdığı günlərdə belə, bircə dəfə dilinə həqiqət gəlmədi. Elə bil, həqiqət sənin dilini yandırırdı.
XALQ YAZIÇISI – Yandırır da, bəs necə. Həqiqət adamın dilini yox, lap özünü yandırır. Axmaq deyildim ki, başqalarından ötrü özümün firavanlığımı təhlükə altına qoyaydım.
BABƏK – Yaxşı ki, dünyada ölüm var. Axırı ki, gəldin. Kitablarının da çoxu makalaturaya getdi. Yığdığın milyonlar da pul dəyişəndə puç oldu. Heç olmasa, ömrünün sonunda bir yaxşı iş görə bilər, asanlıqla bir yaxşı və ölməz bir kitab yaza bilərdin.
XALQ YAZIÇISI – Nə kitabdır o?
BABƏK – O kitab sənin xatirələrin ola bilərdi. Bu qədər uzun ömrün ərzində ətrafında, ölkəndə nələr olub, kimləri necə görmüsən, əslinə necə olublar, hamının yaxşı-pis əməllərini təsvir edə bilərdin. Bununla da böyük bir dövrün, burulğanlar, xəyanət və qorxaqlar dövrünün epopeyasını yarada bilərdin, amma onu da yazmadın.
XALQ YAZIÇISI – Çox sağ ol, əcəb məsləhət verirsən. Onda gərək özüm-özümü ifşa edəydim, adıma da lənət oxuyardılar.
BABƏK – Axı bu lənəti onsuz da oxuyacaqlar.
XALQ YAZIÇISI – Eh, qəhrəmansan, amma adamları tanımırsan. İndi meydanda olan stol və mətbuat sahiblərinin əksəriyyəti mənim seçib təyin etdiklərim, necə deyərlər, mənim çörək verənlərimdir. Bir halda ki, onlar mənim günümdədirlər, məni ayaqlamazlar. Hər vasitə ilə adımı yaxşılığa çəkərlər ki, öz yazdıqlarına da haqq qazandırsınlar. Ona görə mən yaşayacağam.
BABƏK – Yenə yanılırsan. O adamlar da sənin kimi buqələmunlardır. Bir yerdə ki, sənin əməlin faş oldu, birinci elə onlar sənin üstünə düşəcəklər.
XALQ YAZIÇISI – Yox, mənim ağlım heç vaxt mənə xəyanət etməyib.
BABƏK – Bunun mənası odur ki, ömrün boyu vətəninə və xalqına xəyanət etmisən.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: