Ruhların söhbəti: Motsart və Üzeyir bəy

7. Motsart və Üzeyir bəy

5360252_mocart(1)1348239785_thumbnail300_hacibeyov

MOTSART – Doğrusu, heç vaxt ağlıma gəlməzdi ki, ruhən mənə bənzər bir bəstəkar harda, harda – Asiyada, Şərqdə, Azərbaycan adlanan kiçik bir ölkədə dünyaya gələcək. Amma heyf ki, sizin misilsiz «Arşın mal alan»dan başqa əsərlərinizin heç biri dünyaya yayılmadı. Dünya nə qədər itirdiyini bilmir.

ÜZEYİR BƏY – Ustad, məni utandırırsız. Eh, sizə qarşı edilən haqsızlıqların yanında bu nədir ki. Sizin yanınızda hər hansı bir sənətkarın taleyindən şikayət etməsi qəbahətdir. Doğrudur, mən ehtiyac görmədim və sizinlə müqayisədə demək olar ki, baron kimi yaşadım. Amma siz…
MOTSART – Yaradıcılıq aləmi məni elə alıb aparmışdı ki, heç ehtiyacın nə olduğunu da hiss etmirdim. Səslər və notlar məni elə çulğalamışdı ki, heç bilmirdim gün haçan doğub, haçan batır. Yalnız Konstansiya deyəndə ki, pulumuz qurtarıb, ayılırdım.
ÜZEYİR BƏY – Elə olmasaydı, bu gün dünya üçün dahilik etalonu olardızmı? Ustad, görəsən, dünyada hər Motsarta neçə Salyeri düşür?
MOTSART – (gülümsəyir) Deyirsiz, motsartlar çox olub?
ÜZEYİR BƏY – Yox, Motsart bir dənədir, amma balaca motsartlar, əlbəttə, çox olub. Çünki tək bircə gözəl əsərlə də balaca bir Motsart olmaq mümkündür.
MOTSART – Doğrudur, amma həmin balaca motsartların əvəzində şəhərdə nə qədər əhali varsa, o qədər Salyeri olur.
ÜZEYİR BƏY – Yaxşı, motsartları insanlar sevmirsə, bəs Allah niyə sevmir?
MOTSART – Allah biganədir.
ÜZEYİR BƏY – Özü qeyri-adi yaradıb, sonra da biganə qalır?
MOTSART – Məncə, dahilər Yaradanın planında olmur.
ÜZEYİR BƏY – Yaradanın yaratdığından xəbəri olmasın? Axı heç ağla batmır.
MOTSART – Xəbəri olsa da, dahi onun necə deyərlər, «standartlara uyğun olmayan materialıdır». Buna görə insanlar içində belələri bir növ yad və yabançı olur.
ÜZEYİR BƏY – Deməli, paxıl, xəbis, zalım və tupoy kimi doğulmaq insanlar arasında stardartlara uyğun olmaq deməkdir?
MOTSART – Bəli. Elə ona görə də Yaradan ya onları görmür, ya da qəlibə uyğun olmadıqları üçün sevmir.
ÜZEYİR BƏY – Hə, bax bu, ağla batır. Deməli, əsl istedad, adamların içində «yad nüsxədir». Amma dərd burasındadır ki, çox zaman bu «yad nüsxələr» də bir-birlərinə yad olurlar.
MOTSART – O da təbiidir. İki nəhəng ağacın bir-birlərinin yanında bitməsi faydalıdır. Bir-birlərinin bəhsinə yüksələcəklər, amma bir-birlərini sevə bilməzlər. Axı dahi, mələk deyil, insandır. Eyni zamanda mələkdir. İki mələyin bir yerdə olması onlar üçün yəqin ki, darıxdırıcı olur.
ÜZEYİR BƏY – Bəs həyat adamı onlar üçün maraqlı olur? Olsa da, yəqin ki, az müddətə. Belə adamlar dahiləri çox tez bezikdirirlər. Məncə, əksinə, dahilər bir-birlərinə daha çox şey deyə bilərlər. Axı onların hərəsi dünyanın eyni sirlərinin pərdəsini açmır.
MOTSART – Bəsdir özgələrindən danışdıq. Gəl özümüzdən danışaq. De görüm, Üzeyir bəy, bu beş-altı vəzifəni daşımağa necə razı oldunuz?
ÜZEYİR BƏY – Qorxumdan.
MOTSART – Axı zənnimcə, sizin qorxmağa elə bir əsasınız yox idi. Bir halda ki, Kremldəkinin özü sizi tanıyır və sizə rəğbəti vardı.
ÜZEYİR BƏY – Vəzifələrim olmasaydı, məni Qara kimi balaca salyerilər daşqalaq edərdilər. Axı sizin Salyeri bizimkilərlə müqayisədə qat-qat insaflıdır.
MOTSART – Eləmi? Ola bilər. Bilirsizmi, Salyeri qaratikan kimi mənimlə kralın arasını kəsmişdi. Kral məni görmürdü, ya da siz demişkən, görmək istəmirdi. Salyeri mənə heç nə eləmirdi. Üzümə gülürdü, əsərlərimi tərifləyirdi, amma onların işığını qapayırdı. O boyda Vyanada kiminsə məni görməsinə imkan vermirdi.
ÜZEYİR BƏY – Bu ona görə belə olurdu ki, sizi görməmək və eşitməmək vyanalılıarın da ürəyindən imiş.
MOTSART – Ola bilər. Hər hansı cəmiyyətin gözü və qulağı rolunu oynayan adamlar var. Onlar təqdim etməyincə, xalq, kütlə səni qəbul etməyəcək. Çünki səni görüb eşidə bilməyəcəklər və görüb-eşitmək imkanında da deyillər. Vay onda ki, xalqın həmin gözü və qulağı olanlar səni xoşlamayalar, nəinki xoşlamayalar, hətta sənə nifrət edələr. Və sən nə qədər xeyirxah olub, nə qədər çox işıq saçsan, bu nifrət bir o qədər artacaq. Sən xeyirxah olmaya, işıq saçmaya bilmirsən və bununla da məzara doğru vaxtsız yürüşünü bir o qədər sürətləndirirsən və nəticədə əvvəlin qurtarmamış axırın gəlir. Axırda cəmiyyətin «leşləri» ilə bir xəndəyə atılıb, ən adi adamların belə, qisməti olan məzardan da məhrum olursan.
ÜZEYİR BƏY – Belə qalsa, nə var ki. Ən böyük yaramazlıq və satqınlıq odur ki, sonradan naməlum bir yerdə səninçün məzar düzəldib, abidə də ucaldırlar.
MOTSART – Və vyanalılar kimi utanıb qızarmırlar da. Üstəlik, haqqında nə az-nə çox, düz altı yüz film çəkirlər. Özü də əslində yenə öz qazancları üçün.
ÜZEYİR BƏY – Əziz Amadey, çox acı həqiqətlərdir, özü də indikilərə xoş gəlmir. Çünki ənənə davam edir. Mənim taleyim ona görə sizinkindən bir az yaxşı oldu ki, əvvələn, iyirmi il ərzində demək olar ki, heç nə yazmadım. İkincisi, bizim yerli «vojak» mənim arxamda durdu.
MOTSART – Heyf. Deməli, neçə-neçə «Arşın mal alan»dan məhrum olmuşuq.
ÜZEYİR BƏY – Deyirlər, siz əsərlərinizi yazarkən hazır melodiyaları nota körürmüşsüz, doğrudurmu?
MOTSART – Elə Salyerini dəli eliyən də o idi. Mən melodiyaları axtarmırdım, onlar özləri gəlirdi. Hə, axı deyəsən, siz də belə olmusuz.
ÜZEYİR BƏY – (gülümsəyir) – Bəli, mən də əvvəl melodiyaları zümzümə edir, sonra oturub nota köçürürdüm.
MOTSART – İşə bax ha. Deməli, bu sahədə də bir-birimizə oxşamışıq. Yaxşı, bəs demədiniz ki, nə səbəbə gözəl «Koroğlu» operası hələ də dünyaya yayılmayıb? Kimdir bunun günahkarı?
ÜZEYİR BƏY – Əvvələn, günahkar insan təbiətidir. Bir faktı yadınıza salım, böyük Volter öləndən sonra onun çap olunmayan saysız-hesabsız əsərlərinin əlyazmaları bütün Fransaya səpələnib itib-batmaq təhlükəsi altında idi. Kimsə bir şəxsiyyət özünü bu işə sərf etməsə, Volter irsi itib-batacaqdı və belə bir şəxsiyyət tapıldı. O, düz on il gecə-gündüzünü sərf edib Volter irsini xilas etdi. Bu adam bilirsiz ki, Bomarşe idi. Bizdə hələ bomarşelər yoxdur. Yaxşı, əziz Amadey, siz ki, bu qədər ehtiyac içində, korlar və karlar əhatəsində yaşayırdız, necə oldu ki, əsərlərinizdə bu qədər işıq, bu qədər xoşbəxtlik çağlayır?
MOTSART – Mənim axı ürəyimdə işıqdan başqa heç nə yox idi.
ÜZEYİR BƏY – Sizin altı yüz əlli əsərinizin bəlkə də ən parlağı, ən aydını və ən cazibədarı «Qırxıncı solminor» simfoniyasıdır. Belə bir incinin sizin sağlığınızda hədsiz sönük və zəif bir əsər kimi ifa olunmağa belə,layiq görülməməsini heç cür dərk edə bilmirəm.
MOTSART – Burda təəccüblü nə var ki… Tərsinə olsaydı, bəlkə, daha təəccüblü olardı.
ÜZEYİR BƏY – Amma, Amadey, sizin «Don Juan» və «Sehrli fleyta» operalarınızdakı bir çox musiqilərə görə gərək Tanrı sizə ölməzlik bəxş edəydi. «Sehrli fleyta»nın üverturası yadınızdadırmı? Beş melodiya və motiv eyni vaxtda səslənib, sehrli bir təsir bağışlayır.
MOTSART – Əzizim, sizin möcüzə adlandırdığınız həmin operanın ilk tamaşasının axırında salonda bir nəfər də qalmadığını bilirsizmi?
ÜZEYİR BƏY – Yəqin ki, Salyerinin köməkliyi ilə.
MOTSART – Sözsüz. Sizin taleyiniz xoşuma gəlir. Çünki dünyanın böyük sənət tarixində nadir hadisələrdən biridir. Amma təbiətin qanunlarını pozduğuna görə dərk etmək çətindir. Ümumiyyətlə, sənətdə taleyi uğurlu olanlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, onların şöhrət və sərvəti ölümləri ilə ölməzlikləri arasında uçurumdur.
ÜZEYİR BƏY – Təəssüf ki, bunun ölümlərindən sonra ölməzlər üçün təsəllisi çox azdır.
MOTSART – Ona görə təsəlli azdır ki, salyerilər də, motsartlar da qayıdıb hansı barəsində altı yüz film çəkildiyini görə bilmirlər.
ÜZEYİR BƏY – Əziz Motsart, bir şeyi sizə etiraf edim, sizin «Domajor» sonatanızın motivlərindən istifadə edib öz «Birinci fantaziya»mı yaratmışam. Bu yəqin ki, çox böyük günahdır.
MOTSART – (gülür) Yox, əzizim, elə bunun özü sübut edir ki, biz bir-birimizə nə qədər qohumuq. Əksinə, bunu eşitmək mənimçün bu qədər müddət ərzində burda ən xoş bir xəbər oldu.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: