Ruhların söhbəti: Şopenhauer və Hegel

Şopenhauer və Hegel

imagesimages (1)

ŞOPENHAUER – Cənab rəsmi filosof, axı deyirdin bəşəriyyət vahid orqanizm kimi idrak və tərəqqi yoluyla gedir, nə oldu bəs?
HEGEL – Nə olub ki, məgər belə deyil? Bu texnika, bu təyyarələr, sualtı qayıqlar, peyklər, kompyuterlər, robotlar, avtomobillər, bütün bunlar tərəqqi deyil, bəs nədir?

ŞOPENHAUER – Onda yazaydın ki, texniki tərəqqi var.
HEGEL – Mənəvi tərəqqi texniki tərəqqidən doğur.
ŞOPENHAUER – Paho, ümumdünya şöhrətli filosof texniki tərəqqi ilə mənəvi tərəqqini ayıra bilmir.
HEGEL – Yaxşı, çığırma, mən elə-belə, sözgəlişi dedim. Əslində elə həqiqətən də belədir. Texniki tərəqqi gec-tez özü ilə mənəvi tərəqqi gətirmiş olur.
ŞOPENHAUER – Hanı? Görmürsənmi, mənəviyyatda heç bir tərəqqi yoxdur. Bir də axı, sən texniki tərəqqidən artıq mənəvi, ruhi tərəqqini nəzərdə tutmuşdun. Dana bilməzsən, çünki otuz cildlik əsərlərin durur.
HEGEL – Mənim fikirlərim, analitik mühakimələrim, məntiqi qüdrətim o qədər güclü, o qədər tükənməzdir ki, onları hər hansı bir konsepsiya ilə məhdudlaşdırmaq gülüncdür. Bir konsepsiyanın özünü doğruldub-doğrultmaması mənim fikirlərimin zənginliyinə xələl gətirə bilməz.
ŞOPENHAUER – Sən mənasız sillogizmlərlə, deduksiya və taftalogiyalarla zənginsən. Səndə bircə dənə də sağlam, həyati və dərin müddəa yoxdur.
HEGEL – Əgər beləsə, bəs onda cildlərim bütün mədəni ölkələrdə niyə dönə-dönə nəşr olunur?
ŞOPENHAUER – Ona görə ki, bütün mədəni ölkələrin dövlət universitetlərindəki kafedralar və rəsmi akademiyalardakı vəzifələr sənin kimi taftalogiya istehsal edənlərin əlindədir.
HEGEL – Bəs iki yüz ildən bəri bütün dünyanı bürüyən hegelçilərin, «kiçik hegelçilər»in və «yeni hegelçilər»in varlığını nə ilə izah edirsən? Bəs niyə bu qədər müddət ərzində cəmi-cümlətani beş-altı şopenhauerçi əmələ gəlib?
ŞOPENHAUER – Burda təəccüblü nə var ki. Sağlığımızda necə idiksə, sonra da belə olmalıydıq. Universitet və akademiya filosofları beyinlərinin yoxluğunu pərdələmək üçün vəzifədən gözəl nə ola bilər? Şopehauerçi olmaq üçünsə heç bir pərdə köməyə gəlməz. Anlaşılmaz, mürəkkəbləşdirilmiş, qəlizləşdirilmiş mənasızlıqla hegelçi-professor olmaq asandır, amma aydın və dərin həqiqətlər tələb edən şoperhauerçi olmaq əlbəttə, yalnız hər əsrdə üç-beş kişinin işidir. Buna görədir ki, sənin kitabların hər yanda doludur, mənimkilər isə antikvarlarda hədsiz baha qiymətə satılır.
HEGEL – Çünki mənim kitablarım dönə-dönə böyük tirajlarla nəşr olunur, səninkilər isə tələb az olduğundan antikvarlarda yatıb qalır.
ŞOPENHAUER – Sən bunu özünə üstünlük hesab edirsən? Fəlsəfə nə qədər cılızlaşmalı, nə qədər konyuktura vasitəsinə çevrilməlidir ki, kütləvi tirajla nəşr olunsun.
HEGEL – Əksinə, bunun özü oxucuların idrakca yüksəldiyinə dəlalət edir.
ŞOPENHAUER – Yaxşı, bəs «bəşər idrakı», «mütləq ruh» ifadələri nədir şişirdib qalın-qalın cildlərə döndəribsən?
HEGEL – Deyirsən, bəşəriyyət də yoxdur? Bəs bu beş-altı milyard qüvvətli varlıqlar nədir?
ŞOPENHAUER – Hərəsinin öz taleyi, öz xoşbəxtliyi və bədbəxtliyi olan dörd yüz millətlərdi ki, hərəsi öz yolluyla öz mənzilinə doğru gedir. Dövləti idrakı obyektiv ruhun təntənəsi hesab edirsən. Hanı elə bir dövlət ki, özünəxidmətdən başqa hər hansı ruhi pərvərişə rəvac versin?
HEGEL – Dövlət fərdlər üçün deyil, ümumxalq firavanlığı üçündür.
ŞOPENHAUER – Tarix və mənəvi yüksəliş üçün ümumxalq firavanlığı lazım və faydalıdır, yoxsa ayrı-ayrı fərdlər?
HEGEL — Əlbəttə, ümumxalq firavanlığı.
ŞOPENHAUER – Mən nəzərdə tutan fərdlər xalq olmadan da dünyaya və tarixə kifayət edər, onlarsız xalq isə navoz istehsal etməkdən başqa heç nəyə dəyməz. Yaxşı, bəs o optimizm və toxluq nədir hər səhifənə hopub?
HEGEL – Lap tutalım, bəşəriyyət xəstədir, ölümünə də az qalır, bunu ona xəbər verməyin, bildirməyin nə faydası? Bu, antihumanizm və əxlaqsızlıq deyilmi?
ŞOPENHAUER – Qorxma, sənin o xəstən hələ yüz illərlə yaşayacaq. Hətta bəsirətli Qobino deyən kimi, heyvana çevrilmə mərhələsindən sonra da uzun müddət yaşaya bilər.
HEGEL – Mənsub olduğun canlı növünü heyvan adlandırırsan?
ŞOPENHAUER – Növün üzvü sənsən ki, özündən sonra minlərlə bənzərin var, mən bir dənəyəm. Qrasian, Volter və Nitşe təkrar oluna bilməz. Onların valideynləri yoxdur. Dahinin toxumları efirdən gəlir. Amma bir şeyin faydalı oldu ki, özündən sonra gələn çoxlu özün kimilərə asan yolla çörək qazanmaq yolunu göstərdin. Zərərin də bu oldu ki, Ştirner kimi neçə-neçə böyük zəka sahiblərinə ardıcıllarının əliylə divan tutdun. Çünki bir yerdə ki alaq otları çoxaldı, orada faydalı və zərif bitkilər cücərə bilməyəcək.
HEGEL – Bitkiləri və canlıları belə utilitar şəkildə ayırmaq nə dərəcədə filosofa yaraşar?
ŞOPENHAUER – Ömrün boyu ehkamların, terminlərin əsiri olmusan, əsiri də olub qadacaqsan. Söhbət ondan gedir ki, xoşagəlməz həqiqətləri yazan mütəfəkkirə sizin kimilərin əlindən yer yoxdur.
HEGEL – Bunların hamısın paxıllıqdan deyirsən. De görüm, dünya kimlərə məxsusdur?
ŞOPENHAUER – Əlbəttə, sizlərə.
HEGEL – Ruhdan düşmə, sənin pərəstişkaların da vaxtaşırı dünyanın harasındasa peyda olur.
ŞOPENHAUER – Yox, sənin pərəstişkarların ki belə artıb, mənimkilər gec-tez tükənəcək.
HEGEL – Onu bilmək olmaz. Yaradıcı elitanın zövqü və əhval-ruhiyyəsi dəyişkəndir.
ŞOPENHAUER – Yox, burda da saxta optimizmini işə keçirirsən. Mənim ardıcıllarım tükənməlidir.
HEGEL – Niyə axı?
ŞOPENHAUER – Ona görə ki, onlar həyat mübarizəsi üçün doğulmurlar, bir-birləriylə əl-ələ verə bilmirlər. Sənin ardıcılların isə çiyin-çiyinə verib öz mövqelərini monolit divar kimi qoruyurlar.

1989.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: