Ruhların söhbəti: Bethoven və Höte

Bethoven və Höte

beethoven_ludwig_250x269Iohann Volfqanq Hote 020911

BETHOVEN – Sən səksən üç, mən əlli yeddi il yaşadım. Heç bir sevdiyimə çatmadım və demək olar ki, həyatımda çox az qadın gördüm. Sən isə onlarla gözəl qızlarla tanış oldun və yaşadın. Mən çox vaxt pendir-çörəklə, sən isə ən ləziz yeməklərlə qidalandın. Sənin çoxlu övladların qaldı, məndən isə heç kim. Amma sənin daim Veymar krallarının qabağında əyilməkdən belin qatlandı, mən isə məzara qaməti düz getdim.

HÖTE – Mənim belimi kralların qabağında əyilmək yox, qocalıq əydi. Mənim dünyada qorxduğum ehtiyac və kimdənsə mərhəmət gözləmək idi.

BETHOVEN – Məgər hər gün kraldan mərhəmət gözləməli olmurdun?

HÖTE – Daim bir nəfərdən mərhəmət gözləmək kimdən gəldi mərhəmət ummaqdan yaxşı deyilmi?

BETHOVEN – Mən heç vaxt kimsədən mərhəmət ummamışıam. Mənə xahişə gəlib əsər sifariş veriblər və mən də müəyyən məbləğ naminə həmin əsərləri yaratmışam.

HÖTE – Gəl kimin hansı üsulla yaşadığını müzakirə etməyək.

BETHOVEN – Sənə sərf eləmir axı. Sən xoşbəxt kölə olmusan və bəlkə də, bu kölə təbiətinə görə sənə firavanlıq bəxş olunub.

HÖTE – Bu firavanlıq sənə bəxş olunsaydı, patronuna baş əyməzdin?

BETHOVEN – Əsla! Mən sadəcə, rəqs pyesləri, qaloplar yazsaydım, asanlıqla firavan yaşaya bilərdim.

HÖTE – Bacarmadın?

BETHOVEN – Bəli, yaradıcılıq uğursuzluğuna, ucuz mallar bazarının yerləşdiyi zirzəmiyə enə bilmədim.

HÖTE – Yaxşı, axı niyə bir-birimizi ittiham edirik? Bir halda ki, artıq burada – yuxarılardayıq, ikimiz də eyni zirvədəyik, ikimiz də dahilər cərgəsindəyik.

BETHOVEN – Amma ayrı-ayrı mərtəbələrdə. Sənin “Eqmont” əsərinin poetik vüsəti mənim eyniadlı uvertüramın poetik möhtəşəmliyi ilə müqayisə oluna bilərmi?

HÖTE – Doğrudur. Amma bəs “Faus”la “Doqquzuncu simfoniya” necə?

BETHOVEN – Qətiyyən. Sən ümumiyyətlə, o qədər mahir, hər işdə o qədər ustaydın ki, istedadına belə, şübhə edirdim.

HÖTE – Əgər mənim sağlam düşüncəm və reallığı qiymətləndirmək bacarığım başqalarından yüksəkdəydisə, bu, mənim qüsurum hesab edilməlidir?

BETHOVEN – Söhbət sağlam düşüncədən deyil, işbazlıqdan, hiyləgərliyə əsaslanan məharətdən gedir. Mən sənin bəzi əsərlərindəki və fikirlərindəki həyat eşqindən başqa, yaradıcılığında heç bir ruhi əzəmət və gözəllik görmürəm.

HÖTE  – (gülümsəyir) Mən isə əksinə, bütün bunları sənin əsərlərində görürdüm və təəssüf edirəm ki, sənin həyatın belə dramatik və faciəli keçdi.

BETHOVEN – Təəssüf edirsən? Sən ki, Veymar Respublikasının ikinci adamı idin, deməli, istəsəydin, məni düşdüyüm çətinliklərdən asanlıqla çəkib çıxara bilərdin. Bəs niyə bunu etməyib, indi burada mənasızcasına təəssüflənirsən?

HÖTE – Mən Təbiətin işinə qarışmaq istəmədim. O, istəyəndə verir və ondan zorla heç nə almaq olmaz.

BETHOVEN – Eləmi? Deməli, sənin o “Təbiətin” də Veymar kralı kimi yalnız əyilənlərə himayədarlıq edir?

HÖTE – Düzünü istəyirsənsə, dünyada hər yerdə belədir. Düzünə qalsa, biz dünyada o qədər ötəri və ani oluruq ki, vaxtımızı necə keçirməyimizin o qədər də əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, Təbiətin ziyafətində olduq. İndi kim necə geyindi, nə yeyib-içdi, bu, çox kiçik məsələdir. Sən çox əbəs yerə buna bunca böyük əhəmiyyət verirsən.

BETHOVEN – Eləmi? Bu ona bənzəyir ki, gözəl at minmiş, başında çətir, yanında sərin su və hər cür ərzaq olan bir atlı, səhrada onunla yanaşı addımlayan, Günəşin vurub yandırdığı, susuzluğun əldən saldığı, dodaqları cadar-cadar olan yol yoldaşına təsəlli verib deyir ki, eyb etməz, bütün bunlar boş şeydir və əvvəl-axır bitəcək.

HÖTE – (gülümsəyir) Mənzərəni çox doğru və real təsvir etdin. Amma unutma ki, biz heç nə edə, heç nəyi dəyişə bilməzdik. Biz olsa-olsa, həyatın böyük oyununda kiçik iştirakçılarıq. Hər şey bəxtin əlindədir.

BETHOVEN – Sənin “bəxt” adlandırdığın o ədalətsiz və kor despota, o despot ki, Veymar kralı onun yerdəki müşaviri və təmsilçisi idi, ona baş əyirdin, deməli, bəxt deyilən elə o baş əyməkdir, ayrı şey deyil. İndi də burada, kölgələr səltənətində ona haqq qazandırırsan.

HÖTE – Sən ümumiyyətlə, mənim rolumu çox yüksək qiymətləndirirsən. Mən kim idim ki, sənin kimi adi bir yaradıcı. Kral mənə istədiyim şəxsə lütf göstərmək səlahiyyəti verməmişdi.

BETHOVEN – (gülür) Ay-hay, bu səlahiyyəti sənə kiçik ürəyin vermirdi. Bəs onda harada bir gözəl və məsum bir qız görüb dərhal qamarlamaq səlahiyyətini sənə kim vermişdi? Yaşın yetmişi keçəndən sonra da məhəbbət qiyafəsində əyyaşlıqdan əl çəkmirdin.

HÖTE – Ho, ho… Sən artıq etika sədlərini aşıb keçirsən. Bura bax, mən və ya Veymar kralı sənin qulağının karlığı üçün müqəssirik? Biz onu müalicə edə bilərdik?

BETHOVEN – Əlbəttə, yox. Lakin sənin kütbeyin kralın mənə də başqa yüzlərlə məddahına kəsdiyi kral pensiyasından əta edə bilərdi, ya yox?

HÖTE – Bilərdilər, amma etməyiblər. İndi bunun nə mənası?

BETHOVEN – Mənası odur ki, özünü mələk və yunan allahları kimi “Olimpiyalı” qiyafəsində təqdim etmə. Despotun təlxəyi olmusan, elə də qal.

HÖTE – Sən əldən-ələ gəzən, yüzlərlə cavan oğlan və qızları öz təsiri altına alıb hətta intihar etməyə məcbur edən “Gənc Verterin iztirabları” və “Faust” kimi əsərlərin yaradıcısını təlxək adlandırırsan?

BETHOVEN – Təlxək olmasan da, böyük və rəzil riyakar olduğunu ki, etiraf edirsən.

HÖTE – (çaşıb qalaraq) Haçan mən elə söz dedim?

BETHOVEN – Elə indicə. Onlarla təzə-tər, ağılsız və məsum qızları və oğlanları tora salıb intihar etdirmək  riyaklıq deyil?

HÖTE (susur).

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: