“Lənkəranda Şərqiyə adında qızı sevirdim, alınmadı”

elisa nicat (1)“Bizim xalq üçün azadlıqla köləliyin bir fərqi yoxdur”

“Qafqazinfo” yazıçı Əlisa Nicatın müsahibəsini təqdim edir:

— Nədən narazıdır bu gün Əlisa Nicat? Layiqli diqqəti görürsünüzmü özünüzə qarşı? 
— Həm şəxsi, həm ictimai, həm də ədəbi həyatımdan, ailəm, dost-tanış və ətrafımdan çox razıyam. Dövlətin qayğısı isə məsələn, prezident təqaüdüylə bağlı məktub da yazmışdım, onu da Fatma xanım Abdullazadə qoymur, imkan vermir baxılmağına. Başqa heç bir narazılığım yoxdur. Qəzetdir işləyirəm, yazıçıya nə lazımdır? Fikrini ifadə etsin, düşüncələrini açıq çatdırsın, yazsın.

— Sərbəst, istədiyiniz yazını yazıb yayımlaya bilirsiniz? 
— Bəli. 15 ildir “Hürriyət” qəzetində çalışıram, hələ heç vaxt mənə deyilməyib ki, bu olar, bu olmaz. Və ya sifarişli yazmamışam. Nəyi ürəyim istəyib yazmışam. Romanlarım, povestlərim hamısı qəzetdə çıxıb. Eyni zamanda da ictimai — siyasi, publisistik, tarixi, fəlsəfi, psixoloji və hətta musiqili mövzularda da yazmışam. Məsələn, Bethovenin sonataları. Dünyada bu mövzuda yazılmayıb. Düzdü, hələ başa çatdırmamışam, hələ ki, 16 sonatasına şərh yazmışam. Bir-bir dinlədikcə hər birində Bethovenin nə demək istədiyini, hansı hissləri, ideyaları əks etdirmək istədiyini şərh etmişəm. Təsəvvür edin ki, onları heç bir-birindən ayırmaq olmur, amma mən hər birinin sujetini, ideyasını, açmasını yazmışam. Mən, ümumiyyətlə musiqiylə çox məşğul olmuşam. Lap balaca olduğum vaxtlardan. Məsələn, 1 — 2-ci siniflərdə oxuyanda “Arşın mal alan”ı əzbər bilirdim. 

— İndi bu sonatalar necə təqdim olunacaq oxuculara? 
— İndi külliyatım çıxır. Abunəçiləri var. Cəmi 100 nüsxədir. O da satışa çıxmır. Bu çıxanda bir cild musiqişunaslıq olacaq. Bir cild fəlsəfədir, bir cild ədəbiyyatşünaslıqdır. Amma publisistika filan, bunlar çoxdur. Təxminən 5 cild. İndi 34 cild var, hazırdır. Onun 12-si çıxıb, 13-cü çapa hazırlanır. Həmin musiqişünaslığa aid olan əsərə daxil olacaq. Bethovenin 32 sonatası var. Onun 14-nün şərhini yazmışam, qalanı qalıb. Bir roman da yazıram, yarımçıq qalıb. Bir az apsurd romandır, Kafkasayağı. Amma əsasən publisistika ilə məşğulam, o külliyatın çapı bir az çox vaxt aparır.

— Niyə vermirsiniz satışa? 
— Bu satış üçün deyil də. Elə əsərlərdir ki, satışa verilmək üçün deyil.

— Bəs bu, əsərlərinizi oxumaq istəyənlər – hansı ki ətrafınızda deyil, tanışınız deyil — üçün haqsızlıq deyilmi? 
— Oxumaq istəyənlər gəlib tapırlar. Tapacaqlar (Gülür). Düzdür, əvvəlki cildlər yoxdur, amma yeddinci cilddən bu yana olanları var. Onlar da xaricə filan gedənlərindir, altı cild qalıb. Bir yaxşı tərəfi var ki, hər cild tamam ayrı-ayrı mövzunu əhatə edən əsərlərdir. Yəni yarımçıqlıq təəssüratı yaratmır.

— Bilirəm ki, dinə inanmırsınız, amma bəxtə, qismətə inanırsınız. “Dünyada tanınmaqçün bir az da bəxtə ehtiyac var” demişdiniz. Bəs bəxti, qisməti yaradana necə…(sualımı yarımçıq kəsir). 
— Yox, yox, mən Allahın varlığına inanıram. Bu barədə çox düşünmüşəm, araşdırmışam. Bu kainat, atom, hissəciklər necə yaranıb, ilk partlayış necə baş verib? Kainat elə bil ki, bir elektrondan yaranıb. Bu elektron da partlayıb. Bu elmdə qəbul olunmuş aksiomadır. Bir elektronun partlamasından, ulduzlar, qalaktika, yer kürəsi bir neçə ildə yaranıb. Bunlar barəsində çox oxumuşam, düşünmüşəm və görmüşəm ki, burda Allahın rolu olmadan mümkünsüzdür, keçmir. Qaldı bəxtə, bəxtin özünün də qanunauyğunluğu var. Deyirlər ki, güclünün bəxti olmur (gülür). İndi mən Türkiyədə, İranda, Rusiyada, Pribaltikada çap olunmuşam, bu ayrı. Amma dünyada deyəndə düşünürəm ki, necə tanındı dünyada? Kafka da heç yanda çap olunmadı. Praqada yaşayırdı, o cür gözəl romanlar yazırdı, amma həyatda olduğu müddətcə az qala onu yazıçı sayan da olmrdu, bir-iki nəşriyyatdan başqa. İndi Kafkanın kitabları əldən düşmür. Necə rezonans doğurmuşdusa, Rusiyada qadağan olundu müəyyən səbəblərdən. Birinci dəfə 1965-ci ildə çıxdı, mən onun kitabının 2 nüsxəsini gedib tapdım. Dedim itirib edərəm, heç olmazsa, biri ehtiyatda qalsın. SSRİ dağıldıqdan sonra, 90-cı illərdə Rusiya yenidən nəşr etməyə başladı. Bu 25 ildə, Kafka təxminən min dəfə çap olunub. İndi gör ki, nə boyda dünya şöhrəti qazandı, amma bunun Kafkaya nə xeyri oldu? Cavan yaşında öldü getdi, özünün də xəbəri olmadı ki, bu qədər tanındı. Yəni mənim ki, bu romanlarım var, 3-cü cilddə çıxan “Ehram”, 4-cü cilddə çıxan “Artakses” və yaxud da “Səsanilərin sonu”, yaxud 12-ci cildə çıxan “Təbiq” və ya “Bülbül və gül” (“Bülbül və gül” kiçik povestdir, bu gün gələcəyinizi bilmədim, yoxsa sizə gətirərdim-red) əsərlərimin nə zamansa dünyaya da çıxacağına inanıram.

— Yaradıcılığınızın şah əsəri kimi hansını qəbul edirsiniz? Povest, hekayə, tarixi roman və s. hamısı daxil olmaqla toxunulmaz və əzizdir, amma ən həsas olduğunuz hansıdır? 
— Xalq misalçün xoşlayır “Qızılbaşlar”ı, dönə-dönə nəşr olunub, çox yayılıb, amma mənə görə Azərbaycan və ümumiyyətlə, yazıçı ideallarına görə, həqiqətləri əks etdirmək nöqteyi — nəzərindən, dövr, zaman, ölkə, xalq, dünyavilik baxımından “Ehram” və “Atrakses”.

— Yazıçıların hamısının gəncliyinin bir həssas dönəmi, nakam sevgi hekayəsi olur. Yazmaq stimulu. Özünü elmə həsr etmiş bir alim, yazarın necə, belə hekayəsi olub? 
— (Gülür) Mənim də gəncliyimin sevgi məhəbbətləri baş tutmayıb. Lənkəranda Şərqiyə adında qızı sevirdim, alınmadı.

— Niyə alınmadı? 
— Şəraitsizlikdən. Ev yox, dolanışıq yox. Atası rəhmətə getmişdi, bir gün eşitdim ki, qızı Bakıdan qohumları gəlib alıb aparıb. Amma bir-birimizi sevirdik. Kənd yerində sevgi necə olar? Bir rəfiqəsi vardı, onunla söz göndərirdim, elə uzaqdan-uzağa bilirdik ki, bir-birimizi sevirik. O vaxt onun 16, mənim də 18 yaşım olardı. Kənddə müəllimə işləyirdi. Məktəbin yanından keçməyə cürət etməzdim. Dostum da orda işləyirdi. Bir gün dostum dedi ki, onun dərs dediyi otaqdan laboratoriyaya keçək, getdim. Qızın o ankı heyrəti gözümün önündədir indi də (gülür). Heç mən də həyəcansız deyildim, özümü toxtaq tutdum. Dostumla dərs bitənə kimi otaqda oturduq. Vaxt necə keçdi bilmədim, bir onda ayıldım ki, artıq dərs bitib. Birini də sevirdim, musiqi məktəbində oxuyurdu. Bir gün necə oldusa, onu evinə kimi ötürməyimə icazə verdi. Yol gedirdik, o elə hey nəsə danışırdı. Bir də onda ayıldım ki, dedi ki, “bir az da məni sıxsan, yoldan yıxılıb xəndəyə düşəcəm”. Adı Şölə idi. Bunları “Sevgi hekayələrim” kitabıma da salmışam. Elementar şeylər. Təsəvvür edin ki, mənim 25 yaşım vardı, elçi gedib nişanlanardım, evlənərdik, amma imkansızlıq əl vermədi və beləcə alınmadı. Ata-anam rayonda, özüm burda yaşayan gənc idim. A.P. Çexovun bir əsərinin qəhrəmanı var e, deyir alnıyla həyata tunel açırdı. Mən də o cür. Özü də o vaxtlar biz tərəfin zonasının adamına ədəiyyatçı kimi yox, dırnaqarası baxırdılar. Qazax, Şirvan tərəfi ədəbiyyata yaxın hesab edirdilər. Ayrıseçkilik vardı. Özüm də səhvlər buraxırdım. Məsələn Rəsul Rza ilə tanış idim, münasibətim vardı, amma elə oldu ki, özüm münasibətləri korladım.

— Niyə, səbəb nə idi? 
— Xırda əhvəlatdır ee, adi, mənasız şeylərə görə. Misal üçün Lənkəran zonasında balıq filan çox olur axı. O da balıq istəyirdi, mən qulaqardına vururdum. Burda söhbət balıqda deyildi, vecsizlik, hörmətsizlik kimi görünürdü. Özümdən asılı olmadan, tamamilə biixtiyar, indi də heç cür başa düşə bilmirəm ki, mən nəyə görə qulaq ardına vurmuşam? İki dəfə dedi o boyda məşhur adam. Özü də o vaxt poema yazmışdım, səs salmışdı. Onda idi, oxuyurdu. Dedi özüm çapa verəcəm. Sonra qaytardı poemanı.

— O vaxtlar yazıb çap olunmaq çox əlçatmaz, çətin idi? 
— “Qızılbaşlar” romanını 1959-cu ildə yazmağa başladım, 25 yaşımda, iki ilə yazdım. Şah İsmayıl Xətaidən yazmaq o dövrdə senssasiya oldu, amma 20 il çap olunmadı, qoymadılar.

— Kim qoymadı? 
— Elə Rəsul Rza filan, birləşdilər, pis rəy yazdırdı. Əslində, ümumiyyətlə rəy yazmırdılar. Ənvər Məmmədxanlı deyirdi “yox, yaxşı əsərdir, amma…” yaz da, yaz ki, pis olan budur. Yox, bunlar əmma deyib, əmmanı tapa bilmirdilər amma. Əbülhəsən də eyni cür cavablandırırdı. Sonra dəyişikliklər oldu mərkəzi komitədə, 1983-cü ildə getdim Həsən Həsənovun yanına, onun göstərişi ilə çap olundu. Sonra “Bir qız, üç çinar” hekayələr kitabım çıxdı və s. Yəni çap olunurdum, amma iki-üç ildən bir beş-altı çap vərəqi…

— Yazmaqdan başqa, dolanışacaq üçün bacardığınız bir sahə yox idi? 
— Bir dostum mənə şeir yazmışdı, deyirdi sənin əlindən iki şey gəlir. Yazmaq, bir də sevmək (gülür). Çünki, Əkrəm Əylisli demişkən, Bakıda bütün gözəlləri sevirdim (gülür).

— Yazmaq, yazar olmaq, öyrənməklə olurmu? 
— Yox, qətiyyən. Mən yazmaq üçün doğulmuşdum. Mənim başqalarından fərqim o idi ki, mən həddindən çox oxuyurdum. Dünyada nə qədər böyük yazıçılar, fəlsəfi kitablar varsa, mən hamısını oxuyurdum. Başqaları isə oxumurdular. Ona görə, məsələn Vidadi Babanlı mənimlə tamamilə kontranst idi. O dövrün məşhur yazıçıları ya Əlfi Qasımov, ya Əbülhəsən, ya da Əli Vəliyev idi. Bunlar heç nə oxumayan şöhrətli yazıçılar idi, mənsə hər şeyi oxuyan, amma yaxına buraxılmayan bir yazar idim.

— Deyirsiniz Bakıda bütün qızları sevmişdiniz, bəs ailə həyatını nə zaman qurdunuz? 
-Çox sonralar, təxminən 38 yaşımda evləndim. O da Lənkərandan tanıdığım qız idi deyə onunla evləndim. Çünki mən evlənməmək qərarı almışdım, evlənəcək şəraitim də yox idi. Sonra gördüm ki, evlənmədən yaşamaq olmur. Yazıçılar İttifaqının bir xeyri o oldu ki, mənə bir otaqlı ev verdilər. O otağı alandan sonra evləndim. Bir oğlum dünyaya gəldi.

— Oğlunuz nə işlə məşğul olur, hansı sahədə çalışır, ədəbiyyatla bir bağlılığı varmı? 
— Yox. Oğlum tarixçidir. Amma evdə kompüterdə mənimçün işləyir, yazılarımı yığır, hazırlayır. Çünki qəzetlərdə, jurnallarda çoxu it-bata düşüb. İndi nə qalıbsa onları səliqəli hala salıb, yığıb hazırlayır. Bir cild müsahibələr hazırlanır. 25 il ərzində yazılan müsahibələrdir hamısı. Hər biri “niyə həyat belədir, insanlar, yer kurəsi” və digər mövzularda yazılıb. Təkrarsızdır yəni. Məndən başqa bunları düşünən yoxdur.

— Fəlsəfəyə maraq hardan, nədən yarandı? 
— Uşaqlıqdan hər xırdalığı düşünüb, mütaliə edirdim. Amma sovet vaxtı o kitablar çap olunmurdu ki, oxuyub aydınlaşdıraq. Sonra Platon çap olundu, daha sonra qadağan olunmuş kitabları tapdım oxudum. Təsəvvür edin, sovet dövründə F.V.Nitsşenin bütün külliyatını tapdım. Necə sevinirdim. Üzünü köçürtdürməyə nə qədər pul verirdim. Sonra gördüm tapmaq olur başqa-başqa adamlardan, köçüb gedən yəhudilərə bir aylıq maaşımı verib bir cildini alırdım.

Bir hekayə yazmışdım Üzeyir Hacıbəyovdan. Bir dəfə “Arşın mal alan”ı bir amerikan senatoru görür, işlə bağlı yolu düşəndə gəlib Üzeyir Hacıbəyovla görüşür. Bu, olan şeydir, yəni görmüşəm. Orda Nitsşenin adı çəkilib bir məqamda. Sabir Əhmədov da mənə deyirdi ki, “Sən faşizmin təbliğ edirsən”, yəni sovet dövlətinin düşməniyəm mən (gülür). Axı heç bu yazıq Nitsşe sovet dövlətini görməyib. Yox, nə danışırsan, adını çəkmək olmazdı. Azərbaycan sovet ədəbiyyatında nəsr adlı bir şey yox idi. Amma mən tanıyıb, oxuyub görürdüm ki, əsl nəsr necə olur. Şeirlərin hamısı da mədhiyyədən ibarət idi. Amma mən bilirdim ki, bu deyil də, ədəbiyyat bu deyil. Kafkanı oxudum, məsələn “Məhkəmə” əsərini. Bunu heç kim düzgün anlamır. Bu nə idi, bir adamı təqib edirlər səbəbsiz, heç nə etməyib, məhkəmə prosesi gedir və axıra qədər özü də bilmir ki, bunun günahı nədir. Axırda da ölüm hökmü çıxarıb öldürürlər. Yəni bütün adamlar, bütün cəmiyyətlərdə, bütün ölkələrdə bir az düşünə bilən insanlar nəzarət altındadırlar. Deməli bu, hardasa xəbərsiz nəsə cuzi səhv edib.

— Belə nəzarətlər sizdən necə, yan keçibmi? 
— Əvvəllər bir türkcü kimi türk xalqlarının tarixini, mədəniyyətini mənim qədər bilən yox idi. Yığırdım, oxuyurdum. Kitabxanamı üç dəfə satmışam. Məsələn bilirdim ki, bu Skiflər türkdilli xalqdı, türkdürlər, amma bunu edirdilər irandilli. Fars kimi təqdim edirdilər. Mən də bunları açıb ağardırdım. Amma ağlım başımda, dilimi dinc saxladım, nəyin harda necə deyiləcəyimi bildiyim üçün sovuşdum bütün təhlükələrdən. Bir hadisənin hekayəsin danışım.

Lənkəranın polis rəisi qazaxlı idi. Bir dəfə dedi “ay Əlisa, gəl gedirik Bakıya. Bəs gedək səni maşınla aparım”. Güclə məni özlərinə yoldaş etdilər. Mən də nəşriyyata görə Bakıya gəlirdim. Polis rəisi deyirdi haa (gülür). Mən də ürəyimdə bilirəm də məqsəd nədir. Lənkərandan Bakıya kimi maqnitofonda türk musiqisi dinlətdi mənə. Onda da nadir hallarda tapılardı türk kasetləri, Türkiyəyə gəlib-gedəndən kimdəsə, əsasən dövlət adamlarında olardı. Bu dövlət məmuru ordan buracan türk mahnısı oxutdu. Türk demək də qadağan demək idi. Axırı gördü məndən bir səs-soraq çıxmır, qayıdıb dedi ki, “qoymaz e bu rusdar, qoymaz bu iki türk xalqı birləşsin”. Gördü yox e, yenə də məndən bir səs çıxmır, axırda çatanda güldü, dedi “hə, yaxşı-yaxşı, düş get” (gülür).

— Bayaqdan ən çox Kafkadan, Nitsşedən danışdınız. Ümumiyyətlə, dünya ədəbiyyatı yazarları içində ruhən özünüzə ən yaxın kimi hesab edirsiniz? 
— Kitabxanamda çox, həddindən artıq çox oxuduğum dünya ədəbiyyatı yazarları var. Amma mənə təsir edən, üslubumu müəyyənləşdirən elə Kafka olub. İnsanları mənə tanıdan Nitşe, həyatı tanıdan isə Kafka olub. Kafkadan sonra bildim ki, həyat nədir. Xalqları, millətləri tanıdan isə fransız filosofu Levon olub. Xalq nədi? Kütlə nədi? Deməli, xalq tarixdə heç vaxt müsbət rol oynamayıb. Elə onun-bunun əlində dağıdıcı qüvvə olub. İndi bir yazı yazmışam e “Xalq adında mənfi qüvvə” . O vaxt Xəlil Rza Ulutürklə dost idik. Dedim nədi ee bu, xalq, xalq deyirsən? Düzdü, xalqın yetirdiyi ayrı-ayrı simalar var, ondan başqa xalq heç nəyə dəyməz. Dedi yox e, mən xalqımın quluyam, mən xalqın köləsiyəm. Axı onun xəbəri yoxdu, bu həqiqətləri görmür, bilmir. Əgər xalq xalqdısa, niyə 20-ci ildə durub qızıl orduynan vuruşmadı? Heç olmasa 3 rus generalını öldürsəydilər deyərdim hə. Heç bir güllə atan da olmadı. Düzdü, bir-iki qaçaqlar vardı filan, onlar da orda-burda öldülər. Yəni ki xalq üçün, xüsusən bizim xalq üçün azadlıqla köləliyin bir fərqi yoxdur. Amma fransız belə şeylərə dözərmi? Bu yaxınlarda tələbələrin yol pulunu vermirdilər, xalq, yüz minlərlə insan ayağa qalxdı, hökumət də qərarını dəyişdi. Xalq belə olar e.

— Bayaq dediniz ki, sovet dövründəki Azərbaycan ədəbiyyatı ədəbiyyat deyildi. İndi necə? 
— Hə, indi yavaş-yavaş yaranır. Bunun üçün çalışan gənclər var. Vaxt istəyir sadəcə. Görsünlər ədəbiyyat nədir, o sosializm təfəkküründən çıxsınlar. Dilqəm və başqa siz cavanlar. Azərbaycan ədəbiyyatı deyilmi məktəblərdə tədris olunanlar? Çox bərbaddır. Lap Əkrəm Əylislisi, Anarı, Elçini. Bunlar görünən ədəbiyyatı yazırlar. Filankəs evindən çıxdı gəldi, getdi və s. Bu həyat deyil axı, həyat gizlin məqamlardır, yazıçı onu göstərməlidir. Elə götürək Kafkanın “Qəsr” romanını. Hələ indi Avropada da bilmirlər ki, Kafka nə demək istəyib. Film çəkiblər Kafkanın həyatından, hündür bina kimi, çıxırlar, düşürlər. Ayə, bu qəsr o qəsr deyil. Bu qəsr “politbürodur”, bu qəsr mərkəzi komitədir, bu qəsr prezident sarayıdır. Elə “K” gedir gəlir. Bu deyir, o deyir. Nə qədər adam deyər, a Fatma xanım, Əlisa müəllim yaşlı adamdır, 80 yaşı var, ədəbiyyata neçə yeni janr gətirib, prezident təqaüdü ayırmaq lazımdır, itə -qurda verirsiniz, buna niyə vermirsiniz? Deyir yox, olmaz, o bizim adam deyil, bizim kimi düşünmür, ayrı cür düşünür.

— Səməd Vurğunun yaradıcılığını necə qiymətləndirirsiniz? 
— Bilirəm, son müzakirələrə görə soruşursunuz. Səməd Vurğunun heç bir günahı yoxdur. Bu, xalqımızın təbiətindən irəli gəlirdi. Qayıdacam suala. Məsələn, bizdə bir dissident olmayıb. İndi Heydər Hüseynovu qələmə verirlər, amma o dissident deyildi. Heydər Hüseynov əsər yazmışdı, “XIX əsrin Azərbaycan ictimai siyasəti” adında. Orda Şeyx Şamildən danışanda yazmışdı ki, o müsibətdir, milli azadlıq uğrunda mübarizə aparıb. O vaxt qayda beləydi, çara qarşı vuruşana müsibət deyirdilər. Bunu Moskvada Bağırova qarşı istifadə etmək istədi Mikoyan. Məqsəd bu faktdan istifadə eləsin, çünki millətçi əsər yazılıb, Bağırov da buna yol verib, buna görə onu çıxarsınlar. Bağırov da bunu qabaqladı, xilas olmaq üçün məruzə yazdırdı ki, Şeyx Şamil ingilislərin əliynən gəlib və s. Çünki Bağırov getsəydi Azərbaycan yox olacaqdı. 20 il ərzində Bağırovun gücünə qaldı, 1 kəndi də verilmədi heç yerə. Səməd Vurğun isə belə deyildi. O, ürəkdən o rejimə bağlı idi. O dövrdə 5 Azərbaycan şairi var idi: Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Məmməd Rahim, Osman Sarıvəlili. Üzdə, yüksəkdə olanlar bunlar idi. Bunların arasında da rəqabət gedirdi. Məsələn, Səməd Vurğunla Rəsul Rza düşmən idilər, araları çox kəskin idi. Yarış gedirdi, kim daha çox tərifləyirdi, o da mükafatlanırdı. Buna görə ən öndə gedən Səməd Vurğun idi. “İyirmialtılar”, “Leninin kitabı”, “Komsomol poeması”, “Köhnə dostlar” və s. Bütün yaradıcılığı budu, bir-iki dənə deyil ha, hamısı mədhiyyədən ibarətdi. Amma bu, kiməsə istedadsız, savadsız demək haqqı vermir. O vaxtlar onların ağlına gəlmirdi ki, haçansa sovet imperiyası dağıla bilər. Ona görə bizdə dissident ədəbiyyatı olmayıb.

— “100 böyük azərbaycanlı” kitabınızda atasının adını salmadığınız üçün Anar Rzayevin narazı olduğunu oxudum, sizin dediyinizə görə deyirmiş ki, “ora niyə atamı və ya məni daxil etməmisiniz?” o zaman bu sadaladıqlarınıza rəğmən Səməd Vurğunu niyə daxil etmisiniz? 
— Hə, düzdür. Axı Anarın atası və özü ora düşəcək qədər öndə olmayıb. Səməd Vurğun Azərbaycan xalqının düşməni deyildi. Hər nə qədər Hüseyn Cavidin, Əhməd Cavadın əleyhinə şeirlər yazsa da. “Dünya ədəbiyyatının şeir inciləri” adlı bir kitab hazırlayıram, istədim Səməd Vurğun da olsun, baxdım ki mədhiyyədən başqa bir şey yoxdur. Üç-dörd mədhiyyədən uzaq şeirini tapdım, o da elə-belə. Amma ona görə daxil etmişəm ki, bu bayraqdardır də. Otuz il ərzində birinci yerdə olub. Amma o kitabda yer dəyişikliyi olacaq. Külliyatım çıxanda yeni redaktə olunmuş halda çıxacaq həmin kitab.

— Vaqif Səmədoğlu deyir ki, “Millət üçün, vətən üçün ölənlərin qarşısında baş əyirəm, ancaq qadın üçün ölənlərin qarşısında diz çökürəm…”(Ayka, bunu bir dəfə status kimi yazmışdım))))) 
— Sadəlövh və bəsitdir bu. Bunu 18-19 yaşlarında demək olar. Şandor Petefi yazır ki, “Mən məhəbbət üçün həyatımdan keçərəm, amma azadlıq üçün məhəbbətimdən də keçərəm”. Qadın kimdir? Qadın bəşəriyyətin sayını artırandır. Napoelon deyibki, “qadın uşaq istehsal edən maşından başqa bir şey deyil. Hə, kobud səslənir əllbəttə, amma belədir. Misal üçün, qadın olmasaydı Üzeyir Hacıbəyov olmazdı.

— Niyə ədəbiyyatda zirvəyə qalxmış qadınların sayı barmaqla sayılacaq qədərdir? 
— Bu sırf qadının təbiəti, yaranışı ilə bağlıdır. Qadının əsas missiyası kişini sevib özünü ona həsr edib, dünyaya övlad gətirməkdir. Bu, artıq təsdiq olunmş nəzəriyyədir. O boyda Z. Freyd — insan psixologiyasının Allahı — deyib ki, “Qadın hər zaman qadındır. İstər məhkəmə prosesində, istər övladının yanında”. Yəni təsəvvür edin ki, məhkəmə prosesi gedir, insan taleyi həll olunur. İnanın ki, orda da qadın öz qadın psixologiyasını göstərəcək. Amma kişi görürsən, deyək ki, dövlət çağırır agent işləyir, gedir illərnən başı açılmır heç qadın- zad yada düşmür. Otto Veyninger “Cins və xarakter” əsərində qadınlar haqqında çox gözəl analiz verib. Bir az çətin əsərdir, mənə deyirlər tərcümə et. O əsərdə qadınlar çox aydın izah olunub. Heç görmüsən ki, bir qadın Kafkanın dəlisi olsun? Yox. Qadın düşüncənin yox, əlçatan, gözlə görüləcək şeylərin dəlisi olur. Rəssam Amedeo Modiliani vərəm olur, aclıqdan, ehtiyacdan ölür. O vaxtı onu rəssam sayan olmur, pulu olmur. Sevdiyi qız da özünü beşinci mərtəbədən atıb, itihar edib ölür. Bu, artıq qadının kişiyə sevgisinin psixoloji məqamıdır. Qadın ancaq sevmək və ana olmaq üçündür. Amma təbii ki, istisnalar var.

— Mən sizin belə qadın düşməni olduğunuzu bilmirdim. Nitsşedən təsirsiz ötüşmədiyinizə artıq əmin oldum. Bu qadınlara qarşı haqsızlıq deyilmi? 
-(gülür) Bu haqsızlıqdırsa, bunu mən etməmişəm, yaranışı budur.

Söhbətləşdi: Aybəniz Alızadə

Categories: Müsahibələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: