Şikayətçi

Novella

N rayonu prokuroru Muxtar Aydınbəyov səhər-səhər işə gəlirdi. Bu gün onun qəbul günü idi. Səhər yeməyi vaxtı yüz qram «Napoleon» konyakı da vurmuşdu.
Otaqda tək idi. Köməkçi qonşu otaqda müstəntiqlə hansı bir işi isə təcili sənədləşdirməklə məşğuldular.
Oturub təzəcə stol üstündəki son işləri nəzərdən keçirməyə başlamışdı ki, qapı döyüldü.
— Buyurun, – deyə bərkdən səsləndi.
Qapı açıldı və enlişalvar, yaxası açıq, mavigöz zorba bir adam içəri girdi.
Onun qapı ağzında dayanıb baxdığını görən Aydınbəyov bərkdən, – qapını ötrüb yaxın gəlin, – dedi və düşündü ki, qəribə adamdır ha…
Qəribə adam uzaqdan, – nə deyirsınız, – deyə bərkdən səsləndi.
Aydınbəyov «Allahu-əkbər» – düşünüb əli ilə işarə etdi və kişi nəhayət, arxasınca qapını örtüb iri, ətri sifətini prokurora tərəf çevirib, gözlərini ondan ayırmadan yaxın gəldi.
Aydınbəyov ona zillənən bu iri sifət və iri gözlərdən bir qədər çaşıb «paho, deyəsən, tamamilə yonulmamış nüsxədir» – düşünüb, əliylə stulu göstərərək – oturun, – dedi.
Kişi yenə iri gözlərini ondan ayırmadan lal-dinməz baxa-baxa oturdu.
— Buyurun, dinləyirəm, – Aydınbəyov səsləndi.
Prokuror bir az səbirsiz adam olsa da, mədəni, amma eyni zamanda əhlikef bir adamdı. Ona görə şikayətçi artıq onu yüngüncə əsəbləşdirsə də, hirsini boğub gözləyirdi.
— Yoldaş prəkror, – deyə nahəyət, kişi dilə gəldi.
Aydınbəyov təəccüblə «deyəsən, səhər-səhər işə düşmüşəm» – deyə fikirləşdi.
O, kişinin yenə susub dik-dik onun üzünə baxdığını görüb, – buyur, buyur, eşidirəm, – dedi.
— Üzüm ayağınızın altına, – şikayətçi axır ki, mətləbə keçdi, – evdə kənizınız.
— Nə? – deyə Aydınbəyovun gözləri böyüdü.
— Zənənızı deyirəm, arvadı.
Aydınbəyov ufuldayıb tavana baxdı və nədənsə gülməyi tutdu. Ancaq özünü saxlayıb, – bəli, bəli, buyurun, – dedi.
— Külfətınız son vaxtlar nə deyirəm, tez-tez əldən qoyur.
Aydınbəyovun rəngi qızardı və o, boğulub ordları şişdi və bir müddət belə qalıb, yenə bütün iradəsini səfərbər edərək gülməyini qəhrəmancasına boğdu. Çünki kişi çox zorba adamdı və onun bu zorbalığı istər-istəməz hörmət oyadırdı.
— Nə dediniz? – prokuror güclə soruşdu.
— Dediyınız odur ki, arvad son vaxtlar nə tapşırıram, nə deyirəm əldən qoyub sözə baxmır.
Daha burda dözmək çətindir, amma Aydınbəyov içində pıqqıldayıb «heyvanına şükür» – düşündü və belə qərara gəldi ki, bu heyvana daha qulaq asmaq mümkün deyil. Ona görə, – buyur, buyur, – desə də, gözünü qabağındakı sənədlərə zilləyib, özlüyündə oxumağa başladı.
Kişi isə danışır, nəhayət, dili açılıb yumulmaq bilmirdi.
Aydınbəyov artıq onu eşitmirdi və qulaqlarında yalnız «sınız-sınız» söz sonluqları səslənirdi.
Birdən-birə prokurorun ağlına nə gəldisə, – a kişi, haralısan? – dedi.
— Ayrım tərəflərdənəm.
— Adın nədir?
— Həmzə.
Beyninə gələn qəfil bir fikirdən Aydınbəyov ciddiləşib qəzəblə dedi:
— Həmzə? Deməli, Koroğlunun atını oğurlayan sənsən!
Kişinin iri sifətinin təzəcə uzanan tükləri biz-biz durdu. Mavi gözlər açıldı və o, heyrətlə dedi:
— Nə deyirsınız, elə şey olarmı?
Aydınbəyov güllənin hədəfə düz dəydini görüb davam etdi:
— Necə olmaz, – gülməyini güclə boğub çığırdı, – bütün dünya bilir ki, Koroğlunun atını sən oğurlamısan, boynuna al!
Kişinin rəngi əvvəlcə ağardı, sonra qıpqırmızı oldu. – Yoldaş prəkror, başın haqqı, mən elə iş tutmaram. Vallah, billah, istəyirsən «Quran» gətir əl basım.
Aydınbəyov artıq özünü saxlaya bilməyəcəyini görüb əli ilə qapını göstərərək dedi:
— Dur çıx, yoxsa bu saat səni elə basdıraram ki, izin-tozun da tapılmaz, dur rədd ol!
Kişi dönə-dönə udqunub, iri ulqumu yuxarı-aşağı qalxdı. Ayağa qalxıb, – baş üstə, gedin deyirsınız, gedim də, – dedi.
Və dönüb arxaya baxmadan qapıya tərəf yollandı və yalnız çıxanda qanrılıb zəhmli prokurora tərəf baxaraq getdi.
O, çıxandan sonra qonşu otaqda səs-küy eşidən köməkçisi ilə müstəntiq açıq qapıdan içəri girdilər və Aydınbəyovun üzünü yuxarı tutaraq qəşş etdiyini görəndə təəccübdən quruyub qaldılar.
Prokuror isə elə gülürdü ki, gözlərindən yaş sel kimi axıb gəlir və o, əlindəki təlislə üzünü silə-silə heç cür gülməkdən dayana bilmirdi.

Categories: Əsərlərindən | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: