Ruhların söhbəti: Şah İsmayıl və Sultan Səlim

4. Şah İsmayıl və Sultan Səlim

905e06b0Selim__A_azmus

ŞAH İSMAYIL  Hə, Bəyazid oğlu, nə oldu, dünyanı fəth edə bildinmi?
SULTAN SƏLİM — Hər halda, səltənətimin hüdudlarını Misirin sərhədlərinə kimi genişləndirdim.
ŞAH İSMAYIL — Bunun şəxsən sənə bir xeyri oldumu? Səfasını görə bildinmi?
SULTAN SƏLİM — Biləndə ki, Türk qılıncını aparıb Afrikanın səhralarına sancdım, mənimçün elə bu da kifayətdir.
ŞAH İSMAYIL — Ay ağılsız, əgər biz birləşə bilsəydik, heç olmazsa bir-birimizlə işimiz olmasaydı, onda gör daha neçə ölkəni diz çökdürə bilərdik.
SULTAN SƏLİM — Mən onsuz da diz çökdürəcəkdim, neyləyim ki, yolumu məndən yüz qat artıq bir qüvvə kəsdi.
ŞAH İSMAYIL — Görürəm, hələ də ağlın başına gəlməyib.
SULTAN SƏLİM — Bəs sən çox ağıllıydın? Sənin Xülafə xanın deyildimi Trabzonda mənə başıma bağlamaq üçün örpək göndərmişdi.
ŞAH İSMAYIL — Mənim bu əhvalatdan xəbərim olmamışdı. Amma nə qədər məktub yazıb səni sülhə çağırdım. Ölkələrimizi qardaşlaşdıra bilərdik. Gərəksizləri içimizdən, ətrafımızdan təmizləyib nəvə, nəticələrimiz üçün nələr edə bilərdik.
SULTAN SƏLİM — Fatehlik elə dadlı oyundur ki, bütün başqa ehtirasları söndürür. Mənə elə gəlir ki, biz o zaman öz iradəmizlə deyil, kiminsə istəyiylə hərəkət edirdik. Buna elmdə tarixi zərurət deyirlər.
ŞAH İSMAYIL — Yaxşı, bəs onda həmin tarixi zərurət əvvəlcə bir məqsəd dalınca göndərir, sonra ağzından vurub geri qaytarır.
SULTAN SƏLİM — Tale birini həmişəlik seçmir.
ŞAH İSMAYIL — Niyə ki… Mən uzun ömür yaşayıb həmişə də qələbələr çalan nə qədər hökmdar tanıyıram.
SULTAN SƏLİM — Ola bilər. Fələyin işlərinin məntiqini anlamaq insan ağlı üçün əlçatmazdır.
ŞAH İSMAYIL — Mən namərdlik eləmədim, sən elədin. Mən gecə sənin üstünə hücum edə bilərdim, eləmədim. Sən isə qılıncların döyüşdüyü yerdə topları işə saldın.
SULTAN SƏLİM — Başqa əlacım yox idi. Sənin süvarilərinin qabağında duruş gətirmək mümkün deyildi. Sənin xalqın azadlıqda güclüdür, mənimki təhlükə zamanı.
ŞAH İSMAYIL — Sənin ordunun gücü nizam-intizamda, dönməzliyində, qələbəyə alışmağındadır.
SULTAN SƏLİM — Bəs yeniçərlər?
ŞAH İSMAYIL — Yeniçərlər əlahiddə bir şey, sizin ümidinizdir. Bizim gücümüz isə cəsurluğumuzda, igidliyimizdədir. Çaldırandan sonra səni öldürmək üçün könüllü ölümə gedən beş yüz qızılbaş döyüşçümüzün əməlini nə onlardan əvvəl, nə də sonra bir daha təkrar edən olmadı.
SULTAN SƏLİM  Belə bir ordunun heyf ki, sənin kimi bacarıqsız bir sərkərdəsi vardı.
ŞAH İSMAYIL — Bu sözləri iyirmi iki yaşına kimi dörd böyük döyüşdə qələbə çalan adama deyirsən?
SULTAN SƏLİM — Onlarda sən yox, sənin sərkərdələrin qalib gəlib. Hələ kim bilir, bəlkə də sehrbazlıqla qalib gəlmisən.
ŞAH İSMAYIL — Bəs o sehrbazlıqla niyə sənə qalib gələ bilmədim?
SULTAN SƏLİM — Çünki mənə və türk ordusuna heç bir sehrkarlıq bata bilməz.
ŞAH İSMAYIL — Eləmi? Bəs niyə oğlun Süleyman elə bir dövrdə Vyananı ala bilmədi?
SULTAN SƏLİM — Çünki Tanrı bunu istəmədi.
ŞAH İSMAYIL — Nə oldu, qələbə çalanda sizin olur, məğlub olanda günah Tanrının boynunda qalır? Yox, səbəb Tanrı deyil, ya siyasətsizlikdir, ya da nəşəyə qurşanıb vaxtından əvvəl qocalmağınızdır.
SULTAN SƏLİM — Ola bilər. Amma bir şey var ki, bu qədər türk xalqları içində yalnız biz köləlik nə olduğunu heç zaman bilmədik.
ŞAH İSMAYIL — Sizin ölkə Azərbaycan qədər zəngin deyildi. Zənginlik kiçik xalqlar üçün bədbəxtlikdir. Bir də ruslar və farslar kimi güclü, çox məkrli və amansız qonşularınız yoxdu.
SULTAN SƏLİM — Niyə ki, sizi əsarətdə saxlayanlar məgər bizim də qonşularımız deyil?
ŞAH İSMAYIL — Dayan, bir də sizin analarınızdan biri zamanın istədiyi oğlu vaxtında doğa bildi, bizimki isə yox.
SULTAN SƏLİM — Ola bilər. Amma sizin köləliyinizin səbəbi bu deyil, həqiqəti sevməməyinizdir. Siz yalançı bütlərsiz keçinə bilmirsiz. Səcdə etmək tələbatı sizin qanınızdadır.
ŞAH İSMAYIL — Ola bilər. Amma bununla belə, yenə dünyada mən bilən, bizim qədər bir-birinə yaxın xalqlar yəqin ki, çox az olar.
SULTAN SƏLİM — Hardasa hədsiz yaxın, hardasa uzaq.
ŞAH İSMAYIL — Elə də olmalıdır. Bir-birinin eyni olan hətta əkiz qardaş da tapmaq çətindir. Beş barmağın hərəsi bir cürdür, amma hamısı eyni məqsədə xidmət edir. Görəsən, bəs bizim ən böyük fərqimiz nədir?
SULTAN SƏLİM — Ən böyük fərqimiz odur ki, biz əsarətdə yaşaya bilmirik, siz isə azadlıqda.
ŞAH İSMAYIL — Gələcək azadlıq üçün müvəqqəti əsarətə dözmək məncə, müdriklik əlamətidir.
SULTAN SƏLİM — Köləliyin dadını görən ondan əl çəkə bilməz.
ŞAH İSMAYIL — Tarix bunun əksini sübut edən misallarla doludur.
SULTAN SƏLİM — Əsarətdən sonrakı azadlığın faydası az olur.
ŞAH İSMAYIL — Niyə?
SULTAN SƏLİM — Çünki əsarətin qışından bircə dənə də məhsuldar, sağlam toxum çıxa bilmir.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: