Xalqın içində və fövqündə

Nə üçün xalq heç vaxt öz içindən çıxan fövqəldahilərini eşitmir?

Hansı dərkolunmaz səbəblərdənsə bəzən xalqın içindən onun fövqünə yüksələn fərdlər olur. Bu cür insanlar hər xalqın içindən çıxmır. Niyə? Bu da bir sirdir.
Bu cür fövqəlböyüklər yüksəkliklərdən baxıb öz xalqlarının bütün eyiblərini görür və təbii ki, bunu xalqa söyləməyə bilmirlər.
Bütün digərlər xalqın içində onun səviyyəsi çərçivəsində olduqları üçün fövqəldahinin gördüklərini görə bilmirlər.
Bəlkə də, hansı bir hiss iləsə onun haqlı olduğunu duyurlar, amma bu hissetmə üzə çıxmadığı, həqiqətə çevrilmədiyi üçün və daha başqa anlaşılmaz bir səbəbdən başqaları fövqəldahinin bu yüksəklikdə pərvaz etməyini heç cür həzm edə, təsdiq edə bilmədikləri üçün ya susur, ya da onu daşqalaq edirlər.
Aydındır ki, oyun iştirakçıları oyunun ləzzətinə, azartına yoluxub onun mənfiliklərini görə bilmirlər, hətta istəsələr belə.
Oyunda iştirak edə bilməyən fövqəldahilər başlarını bulayıb, boğaza kimi eyiblərinin tozunda ləzzət və firavanlıq görənlərin halını təsvir etməkdən başqa çıxış yolu görmürlər.
Dahi Artur Qobino hələ 150 il əvvəl fransız xalqı kimi azadlıq təşnəsi, zövq, istedad və zəka xiridarı olan bir millətin eyiblərini görüb «Fransa, şeylərə həmişə istisnasız olaraq öz bayağı ölçüləri ilə yanaşmış və bəlkə də, rəzil Rabledən başqa nəzərəçarpacaq bir zəka sahibi də yetirə bilməmişdir» – yazanda nəinki ətrafı, hətta dostu Aleks Tokvil kimi ağıllı adamlar da onu təqdir etmirdilər. Çünki onun gördüklərini görə biləcək yüksəklikdə deyildilər.
Azərbaycan ədəbi və fəlsəfi fikir tarixində çox yüksəkdə olmasa da, hər halda xalqın fövqündə olanlar olub, Nəsimi, Vaqif və başqaları.
Lakin Mirzə Fətəli xalqının hələ ən üzdə olan seçilmişlərini zəkalı və bəsirətli Hacı Nurunun diliylə rüsvay edirdisə, əvəzində «nuxulular», yəni həmin xalq nümayəndələri onu məclisdən qovub, inadla öz rüsvayçılıqlarına doğru getməkdən əl çəkə bilmirdilərsə, bu, onun çox uca yüksəklərdə uçduğunu sübut edirdi.
Xalq heç vaxt öz içindən çıxan fövqəldahilərini eşitmir, onun göstərdiyi yolla getmir, camış lehmə içində ləzzət aldığı kimi, öz vəziyyətlərindən və əməllərindən əl çəkə bilmirlər.
Böyük Çaadayev ürəyi yana-yana yazırdı: «Biz o millətlər qisminə aidik ki, bəşər cərgəsinə daxil deyilik və sanki yalnız ona görə mövcuduq ki, həmişə dünyaya nə isə ibrət nümunəsi göstərək.»
190 il əvvəl Rusiya və rus xalqı üçün söylənmiş və bu gün də aktual olan nə qədər acı həqiqətlərdir.
Bircə misal: Yarımdahi və yarımdəli yəhudi K.Marksın sərsəm ideyasını həyata keçirib Vladimir Lenin rus xalqının qıranlarını qırdı, qırmayanlarını da həşərata döndərməklə öz ardıcılı Stalinin əliylə pis günə qoydu. Rusiyanın timsalında sosializmin mahiyyətini görən Avropa xalqlarının heç biri Marksın dediyi yolla gedib Rusiyada baş verənlərə imkan vermədilər. Çünki həmin ölkələrin ağıllı başçılarının xəbərdarlığına qulaq asdılar. Rusiyada isə etiraz edənlər alqışlayanlardan az oldu və nəticədə bu fəlakətli və sərsəm ideyaya uyub bədbəxtliyə düçar oldu və hələ indi də heç vəchlə Çaadayevin dediyi azad və xoşbəxt xalqlar cərgəsinə qoşula bilmirlər.
Bəli, xalqlar, ölkə hakimiyyətləri Çaadayevlərə qulaq asmırlar. Çünki bu, hakimiyyət sahiblərinə sərf etmir. Onlara qul sürüsü lazımdır, nəinki düşünən başlar, xalq isə xeyrini, şərini, yaxşını və pisi ayırd edə bilmədiyi üçün vəziyyətinə dözür.
Mən ona görə pessimistəm ki, heç vaxt indiki qədər acınacaqlı vəziyyətə düşməmişik, hətta sovet dövründə belə. Nəinki sovet dövründə, lap Mirzə Fətəli və Sabir dövründə də indiki qədər həm harın, həm ac, həm tupoy, həm də ölüvay və heysiyyətsiz olmamışıq. Və üstəlik, hətta çarizm dövründə də dövlət terrorizmi yox idi.
Biz necə, haçan hüquqları sayılan və firavan xalqlar cərgəsinə qoşula bilmək imkanı əldə edəcəyik, Allah bilir. Və acınacaqlıdır ki, Əkrəm Əylisli kimi bir qələm sahibi də bu boyda faciəli problemi qoyub, azərbaycanlıların da ermənilərə pisliklər etdiyi kimi dılğır və cılız bir məsələyə roman həsr edir. Bununla o, qanmır və heç cür də qana bilməz ki, özünün sıravilərdən nə qədər fərqli olmadığını sübut edir.
Məsələ bundadır ki, hər şeyin əsası olan beynimiz bizi azad və ləyaqətli həyat tərzi yaratmaq üçün fədakarlığa çağırmır. Çünki beynimizin beyin mərkəzi yoxdur.
Biz eyiblərimizin əsiriyik. Eyiblərimizdən, rüsvayçılığımızdan sərməstik.
Bax, məni pessimist edən də budur. Bizə yalnız kənardan xilaskarlıq gələ bilər. Bunun üçün də yüzdən bir şans olur.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: