Ruhların söhbəti: İsgəndər və Aristotel

3. İsgəndər və Aristotel

814d544c1b254083997

İSGƏNDƏR – Hörmətli müəllimim, biz bir zamanlar səninlə atamın bərpa etdirib sənə bağışladığı Stagir şəhərinin xiyabanında söhbət edə-edə gəzərkən hansı birimizin ağlına gələrdi ki, mən dünyanı fəth edib və belə gənc yaşımda da öləcəyəm.
ARİSTOTEL – Necə ki… Əgər bu barədə dərindən düşünsək və ya soraq etsək, bunu bilmək olardı. Elə mənim vətənimdən qaçıb yad ellərdə altmış üç yaşımda öləcəyimi də. Nə etməli, təbiət yaxşı nüsxələrinin taleyi ilə bu cür pis şəkildə əylənməyi xoşlayır.
İSGƏNDƏR – Bəs niyə adi adamlarla bu cür rəftar etmir?
ARİSTOTEL – Filosoflar, istedadlar və dahilər dünyası meşəyə bənzəyir. Hər ağacın öz taleyi olduğu kimi, onların da hərəsinin öz taleyi var. Kütlə isə səhradakı qum və ya çöldəki ot, ələf kimidir.
İSGƏNDƏR – Mən axı Makedoniyada yaşayıb fəth etdiyimiz ölkələr və şəhərlərlə kifayətlənə bilərdim. Dünyada nəyim çatmırdı? Amma mən asudə və firavan həyatımı atıb min bir təhlükə və məhrumiyyətlərlə dolu olan həyat yolunu seçdim. Oddan-alovdan keçə-keçə, dünyanın o başından bu başına getdim. Aldığım ölkələrin şahlarını bir yerə toplasaydım, böyük bir qoşun əmələ gələrdi. Bu qədər şanlı zəfərlərdən sonra otuz üç yaşında ölmək insafdandırmı? Sənə elə gəlmir ki, biz taleyin istədiklərini icra edən oyuncaqlarıq.
ARİSTOTEL – Bura bax, sən istəyirdin o qədər qələbələrdən sonra hələ yetmiş il də yaşayasan? Sənin hər ölkəni, hər şəhəri fəth edərkən aldığın həzz, üstünlük və ucalıq hansı tanrılara nəsib olub? Mənə elə gəlir ki, Zevs səni əvvəlcə tanrı kimi yaratmaq istəyib, sonra nə fikirləşibsə, insan şəklində dünyaya göndərib.
İSGƏNDƏR – Şirin sözlərlə könlümü alıb, günahını yumaq istəyirsən. Axı sənin şagirdlərin gəlib qanımı az qaraltmırdılar.
ARİSTOTEL – Yox, oğul, mənim vicdanım təmizdir. Mən sənin taleyin sevimlisi olduğunu görürdüm. Onu da görürdüm ki, bütün zahiri məntiqsizliyinə baxmayaraq, sənin belə gənc yaşında ölümün dünya ahəngdarlığını bərpa elədi.
İSGƏNDƏR – Deməli, mənim ölümümlə kainatda qayda-qanun bərqərar oldu?
ARİSTOTEL – Əlbəttə. Böyük şəxsiyyətlər, dahilər rəmzi mənada deyil, fiziki mənada da kosmik hadisə sayıla bilər. Amma təəssüf ki, kütbeyin dövlət başçıları ya bilərəkdən (paxıllıqdan), ya da bilməyərəkdən (qanmazlıqdan) bunu başa düşmürlər. Dahini görmür, ya görmək istəmirlər, ona təbiətin möcüzəsi kimi baxıb zövq ala bilmirlər. «Siyasət» əsərimdə yazdığım kimi, dahilər üçün heç bir qanun mövcud olmamalıdır. Bunu sən bilirdin, çünki həm dahi, həm də fateh idin. Sən də ki, belə tez getdin.
İSGƏNDƏR – Gözəl təsəlli olsa da, həyatda heç vaxt icra olunmayacaq. Çünki heç bir hökmdar ətrafına özündən yüksəkləri yığmaz və onlara sən deyən kimi azadlıq və imtiyazlar verməz.
ARİSTOTEL – Çox doğrudur.
İSGƏNDƏR – Yaxşı, müəllim, sizi Platonla burda belə xoşrəftar, mehriban görürəm, bəs orda niyə belə daim çəkişmədə, mübahisədə olmusuz?
ARİSTOTEL – Sən mənim məşhur kəlamımı eşitməmisən? «Amikus Plyato, sed maqis amika veritas» (Platon mənə əziz osla da, həqiqət ondan daha əzizdir). Deməli, biz əsl dost idik. Amma mən dünyanı bir cür görürdüm, o isə başqa cür.
İSGƏNDƏR – Necə olur ki, hərə dünyanı bir cür, öz istədiyi kimi görür? Məgər dünya bir cür deyil?
ARİSTOTEL – Nəinki hərə dünyanı bir cür görür, hətta bir alman mütəfəkkirinin sübut etdiyi kimi ümumiyyətlə, heç dünya yoxdur, illüziyadır və bizim gördüyümüz kimi deyil, ola bilsin ki, tamam başqa cürdür.
İSGƏNDƏR – Bu boyda gördüklərimiz illüziyadır?
ARİSTOTEL – Yəni ola bilsin ki, Yer kürəsi, insan, kainatın məsələn, bir küncündə, bir bucağındadır və ya onun beyninin görmə funksiyası çox məhduddur.
İSGƏNDƏR – Müəllim, indi ki, istər sənin kimi bütün kainatın sirlərini dərk elə, istərsə mənim kimi bütün dünyanı fəth etmək eşqiylə yaşa, indi ki, sonu belə acı məğlubiyyət – ölüm və heçlikdir, bəs niya yaranırıq? Belə efemer varlıqların yaranıb, hər şeyə bələd olan məqamda yenə əvvəlki kimi yoxluğa dönməkliyinin nə mənası? Axı ola bilməz ki, bu qədər canlılar milyard illərlə beləcə mənasız yaranıb, mənasız da yox olub getsinlər.
ARİSTOTEL – Hə, bunu iki cür izah etmək olar. Bunun mənası ya budur ki, tanrıların canlı aləmdən qətiyyən xəbərləri yoxdur və ya canlı varlıqlar onları əsla maraqlandırmır. Ona görə ki, həyat yalnız Yer kürəsində mövcud olan təsadüfi və tamamilə mənasız bir hadisədir. Canlılar cansızlardan yalnız hərəkətləri ilə fərqlənir, yəni elə bil, cansız əşyalar bir müddət hərəkət edir və sonra yenə həmişəlik dayanırlar. Vəssalam. Ya belədir, ya da bütün ulduzlar, Günəş və başqa planetlər kimi bizim Yer kürəmiz də gec-tez yanıb kül olacaq və ya partlayıb dağılacaq. Amma dünyaların həyatı çox uzundur. Buna görə Yaradan istəməyib ki, bu qədər uzun dövrdə belə gözəl dünya boş və kimsəsiz qalsın. İstəyib ki, gözəl ulduzlu gecələrin, parlaq günəşli gündüzlərin – bütün bu möhtəşəm tamaşanın heç olmazsa, bir yerdə tamaşaçıları olsun.
İSGƏNDƏR – İkinci versiya daha ağlabatan və xoşagələndir.
ARİSTOTEL – Xoşagələn olduğuna görə də ağlabatandır.
İSGƏNDƏR – Deməli, biz olsa-olsa, yalnız tamaşaçıyıq.
ARİSTOTEL – Sözsüz.
İSGƏNDƏR – Olmazdı ki, bu tamaşaçılar yalnız tamaşadan doyandan sonra gedəydilər? İnsafdırmı ağaclar min il yaşasın, insanlar ən yaxşı halda yetmiş, səksən, hətta otuz üç il.
ARİSTOTEL – Məlumdur ki, Yaradan əvvəlcədən ölüm gününü bildirə bilməzdi. Onda həyat başdan-başa dəlixana olardı. Tamam bildirməmək də sonsuz ruh düşgünlüyünə gətirib çıxarardı. Ona görə xəstəlik və qocalıq vasitəsiylə müəyyən işarələr göndərir. Qaldı ki az və ya çox yaşamaq, bu da müəyyən dərəcədə hardasa, necə yaşamaqdan asılıdır. Məsələn, sənin dünyada daha görmədiyin, yaşamadığın nə qalmışdı? Heç nə. Ümumiyyətlə, dərin təhlil və məntiqi analizlə çox və ya az yaşamağın mexanizmini açmaq olar. Amma bu, uzun bir fəlsəfi söhbətin mövzusudur.
İSGƏNDƏR – Müəllim, nə qədər əsər yazdın, nə qədər sirlərin üstünü açdın, amma son sözü deyə bilmədin.
ARİSTOTEL – Yox, çox sirləri aça bilmədim. Hiss etdim, daxilən duydum, dərk etdim, amma izah edə, aşkarlaya bilmədim. Bəlkə də, qorxdum.
İSGƏNDƏR – Kimdən?
ARİSTOTEL – Hamıdan. Kütlədən, tiranlardan, Tanrıdan. Onların hər halda ikisi böyük, amansız həqiqətləri xoşlamır.
İSGƏNDƏR – Ümumiyyətlə, ən böyük həqiqət nədir?
ARİSTOTEL – Ən böyük həqiqətlər ikidir. Birincisi, istisnasız olaraq hamı axmaqdır, ikincisi, qoy qalsın gələn söhbətimizə.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: