Ruhların söhbəti: Platon və İsokrat

2. Platon və İsokrat

AVT_Platon_1395images

Cənnətdə üzüm tənəkləri ilə kölgələnmiş uca eyvanların birində bu iki adam oturub söhbət edirlər.

İSOKRAT – Əziz ustad, niyə insanlar da başqa canlılar kim azad deyil?
PLATON — Çünki onlar da – meymunlar, arılar və ya qarışqalar kimi kollektiv halında yaşayırlar.
İSOKRAT — Sizcə, gərək belə yaşamayaydılar?
PLATON — Əlbəttə.
İSOKRAT— Yaşamasaydılar, azad olardılar?
PLATON – Əlbəttə.
İSOKRAT – Necə yəni?
PLATON – Necəsi yoxdur ki. Əvvəlcə gəl görək azadlıq nədir?
İSOKRAT – Qoy mən deyim.
PLATON – Hə, buyur.
İSOKRAT – Azadlıq, istədiyini düşünmək və danışmaq, istədiyini yazıb çap etdirmək, istədiyin yerə gedib, istədiyin vaxt qayıtmaq və istədiyin işlə məşğul olmaqdır.
PLATON – Çox yaxşı, indi de görüm, insan da ayı, pələng, canavar, lap elə köstəbək və ya kərtənkələ kimi kollektiv şəklində yaşamasaydı, necə olardı?
İSOKRAT – Əlbəttə, düşmənləri onları məhv edərdi.
PLATON – Bəs bəbirlərin, yaxud dovşanların düşmənləri yoxdur? Bəs niyə onlar məhv olub qurtarmır?
İSOKRAT – Niyə ki, amma…
PLATON – Amması yoxdur. Ələ keçəni məhv olur, qurtaranı qurtarır. Allah hər canlıya özünü qorumaq üçün müəyyən bir silah, vasitə verib. Birinə diş, birinə caynaq, birinə tikan, birinə qanad, birinə bərk qaçmaq, birinə gizlənmək və sairə, elədirmi?
İSOKRAT – Elədir.
PLATON – Dovşan ən aciz canlı olmasına baxmayaraq, milyon illərdir ki, məhv olub qurtarmır. Doğrudur, məhv olub kökü kəsilən heyvan növləri var. Ancaq onları ya kəskin coğrafi və iqlim dəyişmələri məhv edib, ya da ən yırtıcı məxluq olan insan. İnsan özü-özünü də yalnız kollektiv halında qıra bilir, təklikdə yox. Elədirmi? Hə, indi de görüm, canlıların kollektiv halında yaşamasına səbəb nədir?
İSOKRAT – Kollektiv halında düşmənlə mübarizə eləmək asandır.
PLATON – Məgər mübarizə apara bilirlər? Məsələn, qarışqalar başqa növ qarışqalardan başqa yeganə təbii düşmənləri olan qarışqayeyənlə mübarizə apara bilirlərmi? Əlbəttə, yox. Beləcə, arılar da iynələri olmasına baxmayaraq, arıyeyən quşlara asanlıqla yem olurlar. Düşmənlə mübarizə kollektiv halında yaşayan canlıların həyatında bir o qədər əhəmiyyətli rol oynamır, onları birləşdirən instintk başqadır. Bu instinkt, məqsəd və mənafe birliyidir, daha doğrusu, onların beyni bu birləşmə üçün, bu kollektiv həyat tərzi üçün hazırlanıb. Yəqin ki, bundan başqa bizim dərk edə bilmədiyimiz səbəblər də var. Ayrı-ayrılıqda hər hansı bir arının və ya termitin heç bir fərdi, özünəməxsus cəhəti və niyyəti yoxdur. Bunların hamısı eyni cür düşünür, daha doğrusu, məqsəd üçün düşünməkdən kənara düşünmək qabiliyyətləri yoxdur. İndi gəlib çıxdıq məsələnin əsas yerinə. Bu da ondan ibarətdir ki, onların mənəviyyatı da bu prinsipdən kənara çıxmayıb, daha doğrusu, çıxa bilməz. Yəni bizim anladığımız şəkildə desək, heç bir arı və ya qarışqa oğurluq və parazitlik nə olduğunu bilməz. Bir sözlə, kollektiv həyat üçün tələb olunan, vacib olan şərtlərin heç birindən heç vaxt kənara çıxmaz. İnsan isə axı belə canlı deyil. Doğrudur, milyon illər qabaq hardasa, düşməndən qorunmaq üçün, ya nəyə görəsə kollektiv şəklində yaşamaq zərurəti meydana çıxıb, amma gərək bu olmayaydı. Çünki insanın beyni buna hazır deyildi. İnsan beyni çox irəlimi getmişdi, ya gerimi qalmışdı, bilmirəm, onun mənəvi ölçüləri kollektiv yaşayış tərzinə uyğun deyildi. Hətta indi də insanları ümumi təhlükəyə qarşı mübarizə instinktindən başqa heç nə birləşdirə bilməz və bilmir. Bəzi xalqlarda isə eqoizm o dərəcədə inkişaf etmişdir ki, hətta üstlərinə düşmən gələndə də birləşə bilmirlər. Elədirmi?
İSOKRAT – Bəli, belə xalqlar da var.
PLATON – Hə, indi gəl insanın beyninə yaxından nəzər salaq. Doğrudur, quşların hərəkət və davranışında müəyyən fərqlər, fərqli cəhətlər nəzərə çarpır, amma bütün bunlar onlara fərd kimi baxmağa əsas vermir. Çünki dəstədə, sürüdə eyni cür hərəkət etmək instinkti hələ çox güclüdür. İnsan isə fərddir, bütün dünyada eyni cür düşünən, bütün hadisə və məsələlərə eyni cür qiymət verən iki nəfər belə, tapmaq çətindir. Bu, məsələnin bir tərəfi, yəni zahiri tərəfi, digər tərəfdən isə, yəni psixoloji cəhətdən məsələ tamam başqa cürdür. Bu cəhətdən insanlar tamamilə bir-birlərinin eynidirlər. Amma bu eynilik, bu ümumilik birgəyaşayış üçün, sosial həyat üçün nəinki yaramır, hətta ona düşməndir, onunla bir yerə sığa bilməz. Söhbət insan xarakterinin əzəli, dəyişməz cəhətlərindən, onun milyon illər qabaq formalaşan beyninin aparıcı, hakim instinktlərindən gedir. Doğrudur, insanlar arasında, bir cəmiyyətdə az, birində çox, indi də elə nüsxələr var ki, sevgi, dostluq, vətənpərvərlik naminə hər şeydən, hətta həyatlarından belə, keçərlər. Lakin bunlar bəşəriyyətin heç mində bir faizini də təşkil edə bilməz və ümumi normadan kənarda olduğundan insan həyatı üçün xarakterik sayıla bilməz. Hərçənd ki, üç min ildən bəri bütün ədəbiyyatçılar və moralistlər bunun üçün boğazlarını cırmaqdan yorulmurlar. Hərçənd ki, dünyanın bütün dinləri üç min ilə yaxındır ki, adamları buna çağırırlar. Yox, dünyada hamı xüsusilə, yaşa dolub yetkinləşəndən sonra yalnız özü üçün, öz mənafeyi üçün, öz firavanlığı üçün, özünün və övladlarının gələcəyi üçün yaşayır. Etiraz edib deyə bilərsən ki, yüzlərlə adam var ki, dövlətin tapşırığı ilə min bir əziyyətə dözüb illərlə rahatlıq nə olduğunu bilmədən gizli tapşırıq yerinə yetirirlər və bu yolda canlarını qurban verirlər. Əvvəla, həmin adamların vətəndəki ailələri həmişəlik yüksək dərəcədə təmin olunmuş olur, ikincisi də, onların getməməyə, tapşırıqdan boyun qaçırmağa səlahiyyətləri yoxdur. Yapon kamikadzelərinə gəldikdə isə, bu hadisə ümumiyyətlə, xalqın həyatında güclü affekt momenti ilə əlaqədardır, həm də müəyyən dərəcədə sırf yapon xarakterinin təzahürüdür.
İSOKRAT – Yaxşı, ustad, onda sizcə, gərək insanlar tamamilə əlahiddə, tamamilə tək-tənha, ailə-ailə yaşayaydılar?
PLATON – Əlbəttə.
İSOKRAT – Axı necə?
PLATON – Dediyim kimi, heyvanlar necə yaşayırsa, o cür. Doğrudur, bir-birlərinə çox basqın edərdilər, zorakılıq çox olardı, amma əvəzində möhkəm, sağlam, güclü nüsxələr qalardı. Məgər indi sosial qruplar halında yaşayarkən zorakılıq, talan, qəsd az olur? Mən hələ on min illərdən bəri ardı-arası kəsilməyən kütləvi qırğınları, müharibələri demirəm.
İSOKRAT – Deməli…
PLATON – Hə, deməli, insanlar fərdlər şəklində – pələng və ya tülkü kimi müstəqil, bir-birlərindən aralı yaşasaydılar, onda heç bir dövlətə, heç bir qanunlar məcəlləsinə, heç bir ordu və polisə, heç bir məhkəmə və prokurora, heç bir sərhəd hasarına ehtiyac da olmazdı. O zaman bütün təbiətdə, bütün canlı aləmdə – həyat səltənətində azadlığın və harmoniyanın təntənəsi olardı.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: