Dünya tarixindən seçmə epizodlar

Fukidid uşaqlığında nə üçün ağlayırmış?

Mən bu başdan deyərdim ki, bu cür epizodlar və səhnələr, çox qəribə olsa da, bizim tariximizdə də baş verib.
Onlar əsasən böyük insanların həyatı və mübarizəsi ilə bağlıdır, başqa cür də ola bilməz. Kütlə nümayəndəsi və praqmatik yazıçı və professorlar üçün elə hərəkətlər tamamilə istisna olunur.
Çünki həmin hadisələrin mərkəzində böyük ürək, böyük amal, milli fədakarlıq, məhəbbət və ölməzlik ruhu durursa, şübhəsiz ki, belə şey qadınlara yad olmalıdır və əslində də belədir. Yalnız nadir hallarda qadınlardan, o da əlbəttə, məhəbbətlə bağlı olaraq belə hərəkətlər gözləmək olar. Məsələn, sevgililərinin, sevdikləri məxluqların vaxtsız ölümü bəzi qadınları intihara – sevgililərindən sonra yaşamaq istəməməyə sövq edir.
Əlbəttə, burada affekt faktı şübhəsizdir. Bununla belə, bu hadisə, bu akt qadınları az da olsa, şərəfləndirir.
Lakin gəlin bu növ epizodların əsl nümunələrinin bir neçəsinə nəzər salaq:
Qədim tarixçilər yazır ki, dünya səyahətindən qayıdıb Yunanıstana gələn Herodot, ona «tarixin atası» adını qazandıran əsərini yazıb, Afina meydanlarında camaata oxuyurmış. Qoca Herodot bir də görür ki, adamların içində bir yeniyetmə oğlan qulaq asdıqca, ağlayır.
Doğrudan da, Herodotun təsvir etdiyi hadisələrin çoxu son dərəcə təsirlidir. Bununla belə, heç kimin deyil, məhz balaca bir oğlanın bu cür təsirlənib ağlaması tarixçinin diqqətini cəlb edir və o, oğlanın kim olduğunu biləndən sonra atasına rast gələndə ona deyir:
— Olor, balaca oğlundan müğayət ol, onun gələcəyi var.
Və bu sözlər doğrudan da peyğəmbərcəsinə deyilən sözlər olur. Çünki həmin ağlayan balaca oğlan böyüyəndən sonra dünya tarixinin ən böyük tarixçisi Fukidid olur.
Bəli, böyük sənəti böyük insanlar anlayır, hətta balaca, yeniyetmə olsalar belə.
Mişel Monten nəql edir ki, Yuli Sezar imperator ikən yaxın bir dostu bir adamını onun yanına göndərib, Sezardan ona bir vəzifə verməsini xahiş edir.
Və Sezar həmin adamı indiki Fransa – yəni Qalliyaya hakim (yəni qubernator) göndərir.
Monten bu hadisəni qiymətləndirərək yazır ki, insan nə qədər böyük səxavət sahibi olmalıdır ki, bir dostunun dostuna Fransa boyda bir ölkəni bağışlasın.
Makedoniyalı İskəndər Daranı 3 dəfə məğlub edərək, Əhəmənilər paytaxtı Persopolu (İstəxri) alır. Döyüşçülər Əhəməni şahlarının əsrlərdən bəri bütün dünya ölkələrindən topladlıqları qızıl, ləl-cəvahiratı daşımağa başlayırlar, o cümlədən, əhəmənilərin sarayındakı yüz tonlarla sərvətləri.
Bu zaman küçə ilə gedən İskəndər bir də görür ki, adi bir döyüşçü özünü və atını o qədər qızıl əşyaları ilə yükləyib ki, heç biri az qala yeriyə bilmir.
Döyüşçü çarı görür və qorxusundan donub qalır. İskəndər bunu görüb ona deyir:
— Ruhdan düşmə, apar.
Kim olsa, əlbəttə, əsgərə deyərdi ki, ay heyvan, nə olub axı, dədənin malıdır, bir az az götür də.
Amma İskəndər ona görə İskəndərdir ki, dünyada heç nədə zərrə qədər gözü olmayıb.
Yeri gəlmişkən, daha bir mənalı və ibrətamiz hadisə yenə İskəndərlə bağlıdır.
Deyirlər, ona hansı bir ölkədənsə misilsiz bir fincan gətirib bağışlayırlar. Çar fincanı alıb heyran-heyran baxır, baxır və birdən yerə vurub çilik-çilik edir.
Soruşurlar, – ya əlahəzrət, niyə belə elədiniz?
İskəndər cavab verib deyir ki, bu gözəl əşya gec-tez ya mənim, ya da başqasının əlindən düşüb sınacaq və bu məni yandırıb-yaxacaq. Ona görə nə qədər ki, hələ öyrəşməmişəm, sındırsam yaxşıdır.
Mən bu hadisəni bir dəfə qələmə alsam da, təkrar etməyə bilmirəm. Çünki çox dərin mənası var və o deməkdir ki, dünyada heç nəyə bütün varlığınla bağlanmaq lazım deyil, kim olursa-olsun, nə olursa-olsun. Çünki hər hansı bir gün onu itirmək mümkündür.
Mən bu ibrətamiz əhvalatı ilk dəfə çox-çox illər qabaq Serbiyanın böyük müsəlman yazıçısı Meşa Səlimoviçin çox güclü «Dərviş və ölüm» romanında oxumuşam.
Gətirdiyim bu nümunə isə demək olar ki, indiki Avropanın kralı olan Frank hökmdarı Böyük Karl haqqındadır. Onlarla böyük ölkələrə hökmdarlıq edən bir adam deyildiyinə görə, tamamilə ayda aldığı maaş ilə yaşayırmış. Heç cür inanmaq olmur ki, bu boyda nəhəng bir bəxt sahibi maaşı-maaşa güclə çatdırırmış və bahalıq illərində qızlarının toxuduğu naxışlı donları (krujevalı) satdırıb ailəsini yaşadırmış.
İnsan ləyaqətinin əzəmətinə baxın!
Xalq artisti Mustafa Mərdanov xatirələrində yazırdı ki, 1918-ci ildə ermənilər Azərbaycan Dram Teatrına (indiki Musiqili Komediya Teatrının yerində) od vurub yandıranda tamaşaya yığışanların içində bir nəfər hönkür-hönkür ağlayırmış.
Bu adam böyük rejissor və aktyor Hüseyn Ərəblinski imiş.
Mən gənclik illərində bu hadisəyə şeir həsr etmişdim. Şeirin sonunda deyilirdi:

… Ona görə, ona görə ağlayırdı o,
Bəlkə, onun göz yaşı ilə sönə alovlar.

Çox qəribədir ki, Şərqin despotları, xüsusilə Teymurləngin həyatında da belə epizodlardan nümunələrə rast gəlmək olar.
Şah İsmayıl Xətainin, «Qızılbaşlar» romanımda təsvir etdiyim, lalələr əhvalatı da gözəldir.
Deyirlər, İbn Sina gəncliyində valiyə şikayət edir ki, bəs gecələr kimsə səs salıb onu yatmağa qoymur.
Axtarıb öyrənirlər və məlum olur ki, doğrudan da neçə kilometr uzaqdakı qonşu kənddə bir dəmirçi gecələr işləyib səs salır.
İnsan nə qədər həssas olmalıdır ki, bu qədər uzaqdan gələn səsdən narahat olsun.
Yeri gəlmişkən, keçən yay gecələrinin birində gecəyarısı qonşuda kiminsə taxta mıxladığını eşidib oyandım. Eyvanda yatdığıma görə ha gözlədim ki, mıxlayıb qurtaracaq, yox, gördüm ki, qurtaran deyil.
Axırda səsləyib, – gecə saat ikidə işləməzlər, – dedim və axır ki, çəkicini yerə qoydu.
Maraqlı nədir? Ətrafda ona daha yaxın olan, mənim kimi çöldə miçətkən içində yatanlar doluydu, amma heç biri səsini çıxarmırdı. Belə çıxırdı ki, narahat olan bircə mənəm. Və istər-istəməz İbn Sina əhvalatı yada düşür.
Mən dünya tarixində rast gəldiyim bu cür böyük alicənablıq, həssaslıq və gözəllik hadisələrinə çoxlu hekayə həsr etdiyimdən («Kəllə», «Dəmirüz» və s.) onları təkrar etmirəm və yazını Assuriya çarlarının bir ibrətamiz əməllərini yada salmaqla bitirirəm.
Bu asarxaddonlar və aşurbanupallar məğlub etdikləri çoxlu ölkələrin şahlarını paytaxtlarına gətirib öz arabalarına qoşub sürərmişlər.
Gülməli əhvalatdır, əlbəttə. Amma mən də məmnuniyyətlə xalqımızın çox sevdiyi bəzi bayağı şou-biznes müğənnilərimizi cəzalandırmaq üçün bu üsuldan istifadə edərdim.
Həm də təkcə bayağı müğənniləri yox, bir çox sırtıq və dılğır siyasətçi və hətta deputatları da.

P.S. Hər dəfə dolu avtobusla işə gəlib-gedərkən bir də görürsən ki, hansı bir eşşəksə bağırıb telefonla ya alver edir, ya da müxtəlif məişət məsələlərindən danışır. 
Qəribə bir də orasıdır ki, onun bütün avtobusa yayılan və qulaqları deşən bu bağırtısı və anqırtısından qadın, kişi, qoca, uşaq – heç kim narahat olmur. 
Əvvəllər, buna təəccüb edərdim. Sonra başa düşdüm ki, ey dadi-bidad, avtobusu dolduran bu adamlar da axı onun tayıdır və eləcə, anqırmağa hazırdırlar.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: