Tolstoyun böyüklüyü

I Nikolayın bir gün ərzində nə qədər riyakar və hətta pozğun əməllərdən çıxdığını təsvir edən Tolstoyun bu cəsarəti və əzəməti önündə baş əyməmək mümkün olmur

Hər hansı bir yazıçımızdan və ya filoloq-professordan soruşsan ki, Tolstoy necə yazıçıdır, deyəcək dahi. Bu dahilik nədə təzahur edir? Deyəcək nə bilim, belə realistdir, belə güclüdür, belə sənətkardır.
Yəni Tolstoyun böyüklüyünün konkret olaraq göstəricisi olan heç nə deyə bilməyəcəklər.
Gəlin biz bu cəhətdən yazıçının «Hacı Murad» povestinə müraciət edib, Tolstoyun böyüklüyünün nədə olduğunu aydınlaşdıraq.
Ümumiyyətlə, özünə, özünkülərə və öz xalqına münasibətdə obyektiv olmaq çətindir. Siyasi müxalifətçilik hələ bu deyil. Hər cür müxalifətçi sadəcə, satirik də ola bilər.
Lakin öz millətini, onun xarakter və təbiətindəki eyibləri, özü də heç cür düzəlməyən eyibləri görmək və bunu açıb göstərmək çox nəhəng bir ürək istəyir.
Bu mənada Dostayevski millətçi və dılğır bir rusdur. Yəqin bir də ona görə ki, damarlarında, uzaq olsa da, türk-tatar qanı axıb.
Tolstoy da gəncliyində millətçi olub. «Hərb və sülh» romanının bir çox səhifələri və Napoleon obrazı bunu sübut edir. Lakin ömrünün sonlarında bir sıra hekayələrində və xüsusilə «Hacı Murad» povestində o, xalqa yaltaqlanmaqdan yan keçib.
Şimali Qafqazda çarizmin işğalçılıq siyasəti və son nəticədə min illər boyu, Lev Qumilyevin təbirincə desək, «öz ağlı ilə yaşayan», cəsur, mərd, vətənpərvər və qonaqpərvər Şimali Qafqaz xalqları – çərkəzlər, çeçenlər, inquşlar, avarlar, ləzgilər, kabardinlər, balkarlar, abxazlar və başqaları uzun qəhrəmanlıq mübarizələrindən sonra, rusların yalnız bütün yaşayış məskənlərini və meşələri yandırıb külə döndərmələrindən sonra məğlub olub geri çəkilirlər.
Çərkəzlər kimi bəziləri «rus iyinə» dözə bilməyib gözəl vətənlərini və evlərini tərk edərək minlərlə, on minlərlə arabalarda Şərqə tərəf üz tutub getdilər.
Çeçenlər kimi bəziləri də yalnız nisbi şəkildə işğalla barışdılar.
Tolstoy bütün bunları böyük ustalıqla əks etdirib və bu mənada «Hacı Murad» povesti doğrudan da onun son şedevridir.
Əyanilik üçün povestdən kiçik XVII fəsli tam şəkildə oxuculara təqdim edirik.
Aydındır ki, ingilislər də, fransızlar da tarixləri ərzində çoxlu ya qonşu, ya uzaq ölkələri işğal etmişlər. Lakin bu işğal zamanı heç vaxt şəhər və kəndlərdə xalqın mənəviyyatına toxunmamış, faydasız təhqirlərə əl atmamışlar.
Ruslar isə:
«Basqın zamanı dağıdılan aul Hacı Muradın ruslara təslim olmazdan qabaq, gecə qaldığı aul idi.
Hacı Muradın gecələdiyi evin sahibi Sado rusların aula yaxınlaşdığını eşidincə ailəsini yığışdırıb dağa aparmışdı. Yenidən aula qayıdarkən o, öz daxmasını dağılmış gördü: dam uçurulmuş, qapı-pəncərə, dəhliz yandırılmış, otaqların içərisi saldatlar tərəfindən murdar hala salınmışdı. Sadonun oğlunun, həmin gecə Hacı Murada elə vəcdlə baxan o qaragözlü qəşəng uşağın meyitini, üstünə qara yapıncı çəkilmiş atın belində məscidin qabağına gətirmişdilər. Saldatlar onu süngü ilə kürəyindən vurub öldürmüşdülər. O vaxt Hacı Murad gələrkən onun qulluğunda duran abırlı, möhtərəm qadın indi başı açıq, saçları dağınıq halda dayanıb oğlunun cənazəsi üzərində üz-gözünü cırır, şivən qoparırdı, parça-parça etdiyi köynəyinin altından qocalara məxsus sallaq döşləri görünürdü. Sado bel, düsər götürüb qonşuları ilə birlikdə oğluna qəbir qazmağa getmişdi. Onun qoca atası isə daxmanın uçuq divarı yanında oturub sönük gözlərini əllərinə dikərək bıçaqla çubuq yonurdu. O, arıxanadan təzəcə qayıtmışdı. Arıxananın yanındakı iki xırda ot tayası yandırılmış, qocanın öz əli ilə əkib becərdiyi ərik, gilənar ağacları sınmış və ütülmüşdü. Hamısından betəri isə bu idi ki, arı pətəklərinin hamısı yanıb tələf olmuşdu. Bütün evlərdən və məscid meydanından arvadların şivəni eşidilirdi. Oraya Sadonun oğlundan başqa iki nəfərin də meyitini gətirmişdilər. Xırda uşaqlar da analarına qoşulub ağlaşır, qışqırırdılar. Yeməyə bir şey tapmayan ac mal-qara həyətlərdə böyürüşürdü. Həmişə aulun küçələrində oynaşan, səs-küy salan iri uşaqlar indi dayanıb qorxa-qorxa böyüklərə baxırdılar.
Bulağın gözünü, görünür, saldatlar qəsdən murdarlamışdılar ki, əhali su götürə bilməsin. Məscidi də batırmışdılar, indi molla öz mütəllimlərilə birlikdə oranı təmizləməklə məşğuldu.
Meydana toplaşan ağsaqqallar çöməltmə oturub öz vəziyyətləri barədə məsləhətləşirdilər. Ruslara olan nifrətindən heç kim danışmırdı. Bu an böyükdən-kiçiyə bütün çeçenlərin qəlbini dolduran hiss nifrətdən daha güclüydü. Yox, bu, nifrət deyildi, bu, rus köpəklərini insan hesab etməmək şüurundan doğan hədsiz bir ikrah hissi idi. Onlar bu məxluğun mənasız, lüzumsuz qəddarlığı qarşısında şaşırır və iyrənirdilər; onların rusları qırmaq, tərk etmək arzusu, insanların sıçovulları, zəhərli əqrəbləri, canavarları məhv etmək arzusuna bənzər çox təbii bir özünümüdafiə hissindən irəli gəlirdi. Aul camaatının qarşısında iki yol vardı: ya gərək burada qalaydılar, min zəhmət hesabına illər boyu tikib düzəltdikləri və indi düşmənin bu qədər asanlıqla və mənasızcasına viran etdiyi ev-eşiklərini yenidən olmazın zəhmət və əziyyətlə qaydaya salıb hər dəqiqə rusların yeni basqınlarını gözləyəydilər, ya da ki, dini qanunları xilafına, qəlblərində ruslara qarşı olan nifrət və ikrah hissi xilafına olaraq onlara tabe olaydılar.
Ağsaqqallar dua etdilər və bir səslə belə qərara gəldilər ki, Şamilin yanına adam göndərib ondan kömək istəsinlər. Bundan sonra dərhal adamlar öz bərbad güzəranlarını sahmana salmağa başladılar.»
Rusiyada hələ indi də çar I Nikolayın pərəstişkarları doludur. Bir sıra tarixi əsər və romanlarda hətta onun müsbət obrazı qələmə alınıb və I Nikolay dövrü rus tarixinin ən parlaq, az qala intibah dövrü kimi təsvir olunur.
Lakin Tolstoy «Hacı Murad» povestində bu fikrin daşını daş üstə qoymayıb. Onun təsvirində I Nikolayın bir gün ərzində bir-birinin ardınca nə qədər riyakar və hətta pozğun əməllərdən çıxdığını təsvir edən Tolstoyun bu cəsarəti və əzəməti önündə baş əyməmək mümkün olmur.
İnsan psixologiyasının, onun hərəkətlərinin daxili motivlərini əks etdirmək və ümumiyyətlə, insanların görüş, danışıq və müsahibələri zamanı nə deyib, əslində isə nə düşündüklərini Tolstoy qədər inandırıcı və dəqiq təsvir edən ikinci bir sənətkara mən hələ rast gəlməmişəm. Bu cəhət «Hacı Murad» povestinin bütün qəhrəmanlarına xas olsa da, I Nikolay obrazında ən parlaq surətdə təsdiq olunur.
Yazıçı, həyatın kiçik bir epizodunda ucsuz-bucaqsız bir imperiyanın hökmləri və göstərişləri müzakirə olunmayan hökmdarının elə canlı və hərtərəfli obrazını yaratmışdır ki, dahiliyin mahiyyətini və nədən ibarət olduğunu çox aydın başa düşürsən. Çünki bu vüsəti və qüdrəti başqa daha kimdəsə nadir hallarda görürsən.
Başa düşürsən ki, hə, bax, dahilik budur. Bütün böyük yazıçılarda həqiqət ilə sənətkarlıq vəhdətdə təsvir olunur. Ona görə Anar və ona bənzərlərinin, xüsusilə son 20 ildə hakimiyyətin bütün orden və mükafatlarına layiq görüldüyü təqdirdə, özlərini hətta ortabab yazıçı hesab etməsi də gülüncdür. Çünki bu mükafat və adlar qələmin hünəri üçün heç bir şans qoymur. Məhz buna görədir ki, onun və bəzilərinin son 20 ildə çap olunmuş yazılarında 20 illik dövrün real məzərəsinə aid bircə işarə belə, yoxdur.
Tolstoy, imperatoru səhər qış sarayındakı qəbul otağına gedərkən zahiri, daxili portretini, geyimini ən incə detalları ilə birgə elə ustalıqla təsvir edir ki, elə bil kinoya baxırsan.
İmperatorun həmin gün bütün məsələlərə və hadisələrə münasibəti onun ovqatının pis və acılığı ilə müəyyən olunur və diktator hər şeyi həmin andakı ovqatına uyğun olaraq həll edir.
Məsələ ondadır ki, bir gün qabaq ailəli adam olan I Nikolay maskaradda 20 yaşlı bir qızla tanış olmuşdu.
«Həmin qızı Nikolayın adətən, qadınlarla görüşdüyü yerə apardılar. İmperator orada bir saata qədər vaxtını onunla keçirdi.
… Evli adamın əxlaqsızlıqla məşğul olmasının yaxşı iş olmadığı onun heç ağlına da gəlmirdi və əgər birisi bunu ona irad tutsaydı, o, çox təəccüb edərdi. Lakin özünün düzgün hərəkət etdiyinə tam əmin olduğuna baxmayaraq, daxilində nə isə pis bir duyğu onu narahat edirdi; o, bu duyğunu boğmaq üçün həmişə həyəcanlı dəqiqələrində ona sakitlik verən bir şeyi, yəni özünün nə qədər böyük bir insan olduğunu düşünməyə başladı.»
«… Yastı və çox yekə alnının daha da uzun göstərdiyi ağ, uzunsov üzünün ifadəsi bu gün xüsusilə soyuq, xüsusilə donuq idi. Həmişə ölgün gözləri daha da ölgünləşmişdi; yuxarıya doğru eşilmiş bığları altından görünən bir-birinə sıxılmış dodaqları, aşağıdan hündür yaxalığı, yanlardan isə dümdüz kolbasa kimi sallanan bakenbardları ilə əhatələnmiş təmiz qırxılı kök yanaqları və yaxalığına sıxılı çənəsi onun sifətinə narazı və hətta qəzəbli bir ifadə verirdi.»
«… O, birinci olaraq hərbiyyə naziri Çernışovu qəbul etdi. Çernışov, Nikolayın üzündən, ələlxüsus, gözlərindən dərhal anladı ki, bu gün imperatorun ovqatı xüsusilə təlxdir. Onun dünən axşamkı sərgüzəştindən xəbərdar olduğundan bu dilxorluğun səbəbini də başa düşdü. Çernışovla soyuq-soyuq görüşüb əyləşmək üçün yer göstərdikdən sonra Nikolay ölgün gözlərini ona zillədi.»
Görüş zamanı hər iki adamın hər kəlməsini ustalıqla seçən, onların hər kəlməsini, hər kəlmədən sonra ürəyindən keçənləri Tolstoy məharətlə qələmə alır. Əgər o vaxtlar indiki kimi dövlət başçılarının hər sözü qələmə alınsaydı, yəqin ki, söhbət elə Tolstoyun təsvir etdiyi kimi olardı.
Çernışov ordunun təsərrüfat işlərinə baxanlar arasında oğurluqdan, Prussiya sərhədlərində qoşun yerləşdirməkdən, təltif olunanların siyahısından, sonra Hacı Muradın ruslar tərəfinə keçməsi və başqa məsələlər barədə çara məlumat verməliydi.
Biz Nikolayın daha xarakterik cəhətini açıqlayan Hacı Murad məsələsinin daha maraqlı olduğunu nəzərə alıb sözü yenə Tolstoya veririk. Xəbəri eşidən Nikolay, Çernışovun – görünür, zati-aliniz tərəfindən təltif olunmuş plan öz gözəl nəticəsini verməyə başlayır, – sözlərindən məmnun qalır.
«Strateji istedadına olan bu tərif Nikolay üçün xüsusilə xoşdu, çünki o, öz strateji istedadı ilə üzdə fəxr etsə də, qəlbinin dərinliyində başa düşürdü ki, bu bacarıq onda yoxdur. Odur ki, indi özü bu barədə daha müfəssəl təriflər eşitmək istəyirdi.»
«… Əslində meşəni qırmaq və sursatı tələf etmək yolu ilə tədricən düşmən torpağında qabağa getmək planı Yermolovla Velyaminov tərəfindən irəli sürülmüşdü və Nikolayın planının tamamilə əksi idi. Nikolayın öz planı isə, birdəfəlik hücum etməklə Şamilin iqamətgahını götürməyi, bu quldur yuvasını həmişəlik darmadağın etməyi nəzərdə tuturdu. O qədər insan qırğını ilə nəticələnən 1845-ci il Darqo yürüşü məhz bu plan üzrə edilmişdi. Buna baxmayaraq, Nikolay meşəni qırmaq və sursatı tələf etməklə tədricən irəliləmək planını da öz adına çıxırdı. Məntiq nəzərə alınarsa, tədricən hərəkət etmək, meşələri qırıb düşmən sursatını tələf eləmək planının onunku olduğuna başqalarını inandırmaq üçün o, bu planın tam əksi olan 45-ci il hərbi yürüşünün həyata keçirilməsində vaxtilə özünün israr etdiyini gizlətməli idi. Lakin o, bunu gizlətmirdi, əksinə, bir-birinə açıqdan-açığa zidd olsa da, hər iki planla, həm özünün 45-ci il ekspedisiyası ilə, həm də tədrici hərəkət tədbiri ilə eyni dərəcədə fəxr edirdi. Əhatə olunduğu şəxslərin daimi, aşkar iyrənc yaltaqlığı onu o dərəcəyə gətirib çıxarmışdı ki, Nikolay öz ziddiyyətlərini görmürdü, hərəkətlərində və danışığında nə həqiqəti nəzərə alırdı, nə məntiqi, nə də ki, heç olmasa ağlabatan bir şeyə əsaslanırdı. Əksinə, tamamilə əmin idi ki, onun bütün əmrləri, göstərişləri nə qədər mənasız, ədalətsiz və ziddiyyətli olsa da, onlar sonradan həm məna kəsb edir, həm də ədalət, aralarındakı ziddiyyət isə yox olub gedir. Məhz ona görə ki, bu göstərişləri, əmrləri o, vermişdir.»

Sonra imtahan zamanı müəllimə əl qaldıran bir polyak əsilli tələbə barədə imperator hökm verir:
«Nikolay qaşqabağını tökdü. O, polyaklara çox pisliklər etmişdi. Bu pisliklərin səbəbini izah etmək üçün o, bütün polyakların yaramaz olduqlarına, şübhəsiz, inanmalı idi. Nikolay isə onları həqiqətdə də yaramaz sayır və özü onların başına açdığı pisliklərin dərəcəsindən asılı olaraq bu xalqa nifrət edirdi.»
Buna görə tələbə haqqında o, belə qərar verir:
«Ölümə layiqdir, ancaq həmd olsun Allaha ki, bizdə ölüm cəzası yoxdur, onu yenidən tətbiq etmək də mənim işim deyildir. Min nəfərlik ikişər sıranın arasından on iki dəfə keçirilsin.
Nikolay yaxşı bilirdi ki, həqiqətdə on iki min zərbə nəinki ölüm deməkdir, həm də lüzumsuz qəddarlıqdır.»
Tolstoy kimi yazıçının təsvirində hər detalın, hər epizodun mənası və açması vardır. Biz yazının sonunda iki belə detalın mənasını açmağa çalışacağıq.
Belə detallardan biri dünənki isveçli qızın anasına Nikolayın öz şəxsi vəsaitindən ömürlük pensiya kəsilməsi barədə tapşırığıdır.
Deməli, dövlət pulundan yox, öz pulundan və ümumiyyətlə, bu tapşırığın özü hardasa, Nikolayın ondan sonra dünyaya gələn diktatorlardan hədsiz dərəcədə qanacaqlı və ədalətli olduğunu göstərir.
Tolstoy çox vaxt öz qəhrəmanının əməlinə münasibət bildirir, bəzən isə sadəcə, faktı göstərib heç nə demir. Beləliklə, ən məşhur rus çarlarından birinin, öz realizmi və tamlığı ilə heç vaxt yaddan çıxmayan, obrazı əbədiləşdirilib tarixə həkk olunur.
Əlbəttə, Şərq diktatorları ilə, lap elə bu yaxınların səddam hüseynləri ilə müqayisədə həddən çox mənəviyyatlı, lakin ümumilikdə hiyləgər, qəddar, pozğun, bütöv xalqlara divan tutan işğalçı bir imperator kimi Nikolay yaddaşımızda qalır.
Aydındır ki, müharibənin öz qanunları var, lakin Tolstoy rusların bu qanunlardan çox-çox kənara çıxıb işğal etdikləri yerlərdə ağlasığmaz vəhşiliklər törətdiyini təsvir etməklə heyrət doğurur. Budur, XVI fəsildən bir parça:
«Saldatlara taxılı, ot tayalarını, evləri yandırmaq əmri verilmişdi. Çox keçmədi ki, aulu acı tüstü bürüdü. Saldatlar ora-bura soxularaq, əllərinə keçən avadanlığı evlərdən bayıra tökür, dağlıların özləri ilə apara bilmədikləri toyuq-cücəni qovub tutur, güllə ilə vururdular. Zabitlər isə tüstü tutmayan yerdə oturub səhər yeməyi yeyir və araq içirdilər. Çovuş taxtanın üstündə onlara bir neçə şan bal gətirdi.»
Təkrar olsa da, göründüyü kimi, Tolstoy öz dövlətinin və ordusunun yaramazlığına güzəştə getmir. Əlbəttə, o, öz dövlətinin, öz ordusunun düşməni deyildi və ola da bilməzdi. Amma onun sənətkar vicdanı və qüdrəti xalqa, dövlətə bağlılığından qat-qat güclü idi və povesti şedevrə çevirən xüsusiyyətlərdən biri də budur.
Əgər rus işğalçı ordusuna bu qiyməti, rus imperatoruna isə bu xarakteristikanı özgə bir yazıçı versəydi, onu böhtançı adlandırıb, əsəri də işıq üzünə həsrət qalardı. Lakin Tolstoya heç bir rejimin gücü çatmır.
Kütbeyin və yevrosentrik fransız yazıçısı Romen Rollan «Hacı Murad» povestinin dəyərini heç hesab edib, Tolstoyun onu mövzu tapa bilməyib bekarçılıqdan yazdığını iddia edir. Halbuki, əsərdəki ideyalar öz zənginliyi ilə Tolstoyun bütün başqa romanlarından qat-qat üstündür.
Nəhayət, bülbüllər və azərbaycanlılar barədə. Tolstoy hər yerdə millətlərin adını və onların nümayəndələrinin kim olduğunu qeyd edib erməni, gürcü, çeçen, avar və s. adlandırır. Azərbaycanlı kimi milləti isə tanımır, yəni belə bir millət olduğunu bilmir, sadəcə, bizim nümayəndələri müsəlman və ya tatar adlandırır.
Bir şey də qəribədir və indiyə kimi hələ heç kimin diqqətini cəlb etməyib. Əsərdən məlum olur ki, Şamil kimi Hacı Murad da avar və ya başqa bir dildə deyil, məhz Azərbaycan, Tolstoyun dediyi kimi, tatar dilində danışır.
Niyə? Əgər Hacı Murad avar dilində danışsaydı, Tolstoy yazardı ki, Hacı Murad öz dilində və ya avar dilində belə dedi, amma o, yazır ki, tatarca dedi.
İkinci maraqlı cəhət də azərbaycanlıların rus işğalçılığı zamanı və ondan sonra da onların milisionerliyidir. Rus-Qafqaz müharibələrində və işğal başa çatandan sonra da milisioner, rusların tərəfinə keçib öz xalqlarına qarşı vuruşanlara deyilir. Belələri dünya tarixində yalnız bir ölkədə – Azərbaycanda yaranmışdı. Dağıstanda, Çeçenistanda, Avarıstanda və başqa ölkələrdə, hələ Ermənistan və ya Gürcüstanı demirik, belə bir hadisə, bu cür dəstələr yox idi və ola da bilməzdi.
Tolstoy da digərlərindən fərqləndirib bizimkiləri, bu milisionerləri tatar, ya da müsəlman adlandırıb.
Niyə?
1905-ci ildə Bakıda, Qarabağda və başqa Azərbaycan bölgələrində, necə deyərlər, erməni-müsəlman savaşı və ya qırğını baş verib.
Bəs niyə erməni-müsəlman? Axı müsəlman xalq adı deyil, dindara, İslam dininə məxsus olan adama deyilir. Bəli, bunu biz belə adlandırmışıq və başqaları da belə deyib. Heç yerdə, heç kim erməni-azərbaycanlı qırğını deməyib. A KİŞİ, AXI ZORDUR, BU XALQ ÖZÜNÜ XALQ, MİLLƏT HESAB ETMİR. ÖZÜNƏ YÜZ MİLYONLARLA İNSANLARA MƏXSUS OLAN MÜSƏLMAN ADINI GÖTÜRÜR. ALLAH YENƏ ERMƏNİLƏRDƏN RAZI OLSUN Kİ, ONLAR BİZƏ TÜRK DEYİRLƏR. AXI BİZ ÖZÜMÜZƏ HEÇ TÜRK DƏ DEMƏMİŞİK.
ƏSLƏR BOYU KİM BİZDƏN SORUŞUBSA Kİ, KİMSƏN, EŞŞƏK KİMİ CAVAB VERMİŞİK Kİ, BƏS, MÜSƏLMANAM. ONA GÖRƏ HEÇ BİR SƏYAHƏTÇİ, HEÇ BİR COĞRAFİYAŞÜNAS, HEÇ BİR TARİXÇİ VƏ HEÇ BİR YAZIÇI ƏSƏRİNDƏ BİZİM NÜMAYƏNDƏLƏRİMİZDƏN BƏHS EDƏNDƏ ONU AYRICA BİR MİLLƏT KİMİ, AZƏRBAYCANLI KİMİ DEYİL, MÜSƏLMAN ADLANDIRIB.
Budur, «Hacı Murad» povestində də belələrindən biri var və heç bir səbəb olmadan, heç bir mükafat almadan (hərçənd ki, Hacı Muradın başına min manat pul ayrılmışdı) onun yerini xəbər verən bir azərbaycanlı.
Tolstoy yazır:
«Həyəcan başlanandan bir qədər sonra yüz nəfər milisionerlərlə və kazaklarla birlikdə qaladan çaparaq çıxan Karqanov hər yeri axtardısa da, nə Hacı Muradı tapa bildi, nə də izini gördü. Axşamtərəfi naümid halda geri qayıdarkən yolda bir müsəlmana (yəni azərbaycanlıya) rast gəldi. Karqanov ondan altı nəfər atlını görüb-görmədiyini soruşdu. Qoca müsəlman altı nəfər atlının çəltik yerində kolluğa girdiyini gözləri ilə gördüyünü nağıl elədi. O, həmin kolluqda odun yığırmış. Karqanov qocanı da götürüb geri döndü.»
Və beləliklə, bizim yaltaqlığımız, xəbərçiliyimiz və satqınlığımız nəticəsində qəhrəman Hacı Murad milisionerlər, yəni azərbaycanlılar tərəfindən başı kəsilərək öldürülür.
Nəhayət, bülbüllər.
Tolstoy yazır:
«Şəkidə bülbüllər çox olur. Atışma zamanı kolluqlarda susmuş bülbüllər yenidən ötməyə başladılar. Əvvəlcə yaxın koldakı səsləndi, sonra isə uzaqdakılar cəh-cəh vuraraq ona səs verdilər.»
Və bu parlaq poetik epizodla əsər tamamlanıb.

Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: