Onore Balzak, «Top-top oynayan pişiyin evi»

Əlbəttə, Balzak öz miqyası etibarilə Qoqoldan daha nəhəngdir. Amma nəhənglik hələ vəzn deyil.
Amma eyni zamanda bu iki superrealist arasında oxşarlıqlar da çoxdur. Onlar təxminən bir dövrdə və təxminən də eyni ömür yaşamışlar.
Əlbəttə, ayrı-ayrı xalqların övladları və yazıçıları olduqdarı üçün yaradıcılıqları mövzu etibarilə fərqlənir. Qəhrəmanları, onların həyat amalları və tərzləri və nəhayət, xarakterləri tamamilə fərqlidir. Çünki Ukrayna və ya rus xalqı hara, fransız xalqı hara? Köləlikdən başqa heç nə görməyən müti rus xalqı ilə əlbəttə, azad və azadlıq aşiqi olan fransızlar yerlə göy qədər fərqlənirlər.
Bütün bunlarla bərabər Qoqolu qətiyyən Balzakdan aşağı istedad sahibi hesab etmək olmaz. Olmazdı, əgər Qoqolun dindarlığı olmasaydı. Bu isə insanı dərhal kiçildir və ucuzlaşdırır.
Əgər Balzakı çoxmərtəbəli binaya bənzətsək, Qoqol əlbəttə, 3-4 mərtəbəli olar. Sözsüz ki, yalnız məhsuldarlıq nöqteyi-nəzərindən.
Hər iki sənətkar insan ehtiraslarını təsvir edərək, insan naqisliklərini baltalayır. Lakin Balzakda bu, geniş və epik planda, Ooqolda isə kiçik, bir növ kamera əsərləri formasında.
Povestlərə gəldikdə isə, əlbəttə, Qoqolun əsərində həqiqətlər daha güclü və təsirlidir, nəinki Balzakın əsərində. Və hər iki povest də öz sarsıdıcı fabulası ilə seçilir.
Biz Qoqolun əsərinin təhlil və təəssüratını oxucularla bölüşdük. Qoqol bir küçədə, bir prospektdə cövlan edən faciələri təsvir etdiyi kimi, Balzak da Parisin Sen Deni küçəsindəki üçmərtəbəli binada əsası qoyulan insan ehtiraslarının mənzərəsini açır.
Hər iki povestin («Neva prospekti»ndəki birinci novellanın) qəhrəmanı rəssamdır. Lakin Qoqolun rəssamı saf ürəkli, gözəllik pərvanəsidirsə, Balzakın qəhrəmanı daha çox yüksək cəmiyyətdə hökm sürən davranış və mədəniyyət səviyyələrin əsiri olan bir adamdır. Balzakın Avqustinası bir növ Qoqol Piskaryovunun qadın obrazıdır.
Beləliklə, gənc və istedadlı rəssam Teodor de Sommerve hər sübh Sen Deni küçəsindəki üçmərtəbəli mahud dükanının – bu köhnə evin qapısına vurulmuş «Top-top oynayan pişik» şəkilli lövhəyə maraqla tamaşa edir və birdən yuxarıdakı balkonun dəmir çərçivəli şüşə pəncərəsi açılır.
«Bu mənzərə yolçunun uzun intizarının mükafatı idi. Göl sularında qönçə açmış ağ bir zanbaq çiçəyi kimi təravətli olan gənc bir qız rəncərədən göründü. Başındakı müslim parçasından tikili çutkası onun üzünə füsunkar bir məsumiyyət ifadəsi verirdi. Boynu və çiyinləri, tünd bir parça ilə örtülmüş olsa da, yatdığı zaman büzülmüş paltarının açıq yerlərindən görünürdü. Nə onun sadə və səmimi üzünün ifadəsində, nə də çoxdan bəri Rafaelin ülvi əsərlərində əbədiləşdirilmiş olan sakit gözlərində ən kiçik qeyri-təbiilik əlaməti belə görmək qeyri-mümkündü: bu, dillərdə zərb-məsəl olan bir madonna incəliyi və madonna sakitliyi idi. Yuxudan sonra qızın daha təravətli görünən üzü qaba çərçivəli və qara taxtalı köhnə iri pəncərə ilə qəşəng bir təzad yaradırdı. Gecə ayazından büzüşmüş paltarının sübh tezdən hələ açmamış olan bir çiçək kimi hələ də bir az yuxulu olan bu gənc və gözəl qız göy gözləri ilə qonşu damlara ötəri bir nəzər saldı, göyə baxdı, sonra adəti üzrə nəzərini boz qaranlığa dalmış olan küçəyə saldı, qızın gözləri pərəstişkarının gözlərinə sataşdı. Əlbəttə, gənci görərkən o, bir qədər sıxıldı, çünki onu yarıçılpaq bir halda görmüşdülər. Gənc qız cəld geriyə çəkildi, pəncərənin qarmağını çevirdi, çərçivə böyük bir sürətlə aşağı endi və gözəl xəyal yox oldu. Gənc rəssam ən parlaq bir səhər ulduzlarının buludlar arxasında birdən-birə yox olduğunu zənn etdi».
Və gələcək faciəli məhəbbət dastanı başlayır. Ümumiyyətlə, bu cür dastanların faciəsi əsasən qız tərəfinin ya dönüklüyü, ya da əksər hallarda olduğu kimi valideynlərin müqaviməti və güzəştsizliyi nəticəsində baş verir, «Top-top oynayan pişiyin evi»ndə isə əksinə, aşiqin namərdliyi nəticəsində.
Gəlin hadisələrin gedişinə ötəri də olsa, nəzər salaq.
Biz «Neva prospekti»ndəki üsula əməl edib sözü çox zaman müəllifə verib, yazını geniş sitatlar üzərində qururuq. Niyə? Əvvələn, bu, arqumentlərin daha inandırıcı olmasına xidmət edir, ikincisi, hər iki əsərin ən parlaq yerləri, ən təsirli epizod və məqamları və ən böyük sənətkarlıq nümunəsi olan mühakimələri üzə çıxır və bununla da hər iki əsərin gözəllikləri və bənzərsizlikləri aşkar olur.
Biz yuxarıda Teodor de Sommervenin povestin bir növ mənfi qəhrəmanı olduğuna işarə etdik, amma bu, müəyyən dərəcədə belədir. Diqqət və ədalətlə yanaşılsa, hardasa, ona da haqq qazandırmaq olar, bəlkə də yox.
Aşağıda faciənin səbəblərinin anatomiyasını aşkarlayacağıq, əlbəttə, Balzakın izahında. Çünki heç bir başqa izah dahi yazıçı və insan qəlbinin sərrafının dəmir məntiqini əvəz edə bilməz.
Aydındır ki, tacir Gilyomlar ailəsində heç kim Avqustinanı bu qədər zadəgan silkinə məxsus olan rəssama ərə verməzdi. Çünki ailədə belə bir həqiqət möhkəm hakim idi ki, «bütün rəssamlar axırda acından ölürlər» və bu sözlərdə həqiqətən də, müəyyən həqiqət var. Çünki rəssamlıq tarixi bu cür nümunələrlə doludur.
Ona görə gənc rəssam daha ağıllı tərpənir. O, hər gün gəlib binaya, onun sakinlərinə, onların həyat tərzinə tamaşa edərək, Avqustinanın ayrıca portreti ilə bərabər bütün ailənin yığışıb şam yeməyinin təsvirini də kətana alır.
Əsərlər Parisin illik rəngkarlıq salonunda tamaşaya qoyulur və öz gözəllikləri ilə bütün Parisi həyəcana gətirir.
Səs gəlib «Top-top oynayan pişiyin evi»nə də çatır. Avqustina da bibisi ilə salona tamaşa etməyə getmək üçün ata-anasından icazə alır. Gənc, sadədil Avqustina bibisi ilə adamları yara-yara güclə tabloların asıldığı yerə gəlib özünü görəndə «qovaq yarpağı» kimi titrəməyə başladı.
«Qorxu içində ətrafına boylanaraq adamlar arasında itirdiyi madam Rokeni axtardı. Həmin bu anda qızın qorxmuş gözləri rəssamın həyəcanlı üzünə sataşdı. Dərhal qapılarının önündə dolaşan gənci xatırladı. Bu gəncin yeni bir qonşu olduğunu zənn edərək bəzən maraqla ona baxardı. Rəssam ürkək təbiətli qızın qulağına doğru əyilərək: – Görürsüzmü, – dedi, – eşqin verdiyi ilhamı görürsüzmü?»
Qızın faciəli taleyində həlledici rol oynayan bu ilk görüşü bütöv şəkildə oxuculara təqdim edirik.
«Lakin salonda belə hadisələr olur ki, iki qadın eyni vaxtda yan-yana qallereyadan sərbəst keçə bilmir. Özünü qabağa verən camaatın o yan-bu yana hərəkət edib qaynaşması onları ikinci şəklin yanına sürüklədi. Xoşbəxtlikdən təsadüfi olaraq ikisi də bir vaxtda şəkilə yaxınlaşdı. Bibisi – notarius arvadının ağzından qopan heyrətli bağırtı camaatın səs-küyü və gurultusu arasında qərq oldu; Avqustina bu qəşəng mənzərəni görüb istər-istəməz ağladı. Gənc rəssam ondan iki addımlıqda dayanmışdı. Avqustina onun heyran baxışlarını görərək anlaşılmayan bir hissin təsiri ilə barmağını dodaqlarına apardı. Rəssam bir diqqət işarəsi olaraq başını əydi və Avqustinaya bir-iki söz söyləməsinə çağırılmamış qonaq kimi mane olan madam Rokenə işarə etdi. Bu pantomima gənc qıza qızarmış dəmir parçasına toxunurmuş kimi təsir etdi; o, rəssamla öz arasında sanki bir müqavilə bağlandığını təsəvvür edərək özünü cinayət işlətmiş kimi hiss etdi.»
Sonra gənc, yaraşıqlı zadəgan rəssam artıq sevdiyi məxluqun tamamilə onun əsiri olduğunu görüb onları səssiz çöldə dayanmış karetaya minənə qədər ötürür.
Doğrudan da gənc, saf və təcrübəsiz bir məxluq bu boyda və bu qədər cazibədar bir məhəbbətin qabağında təslim olmaya bilərdimi? Ümumiyyətlə, bu yaşda qızların məhəbbətə çox sadiq olduğunu bilirik. Dünya tarixində və ədəbiyyatında bu cür nümunələr doludur. Lakin səni sevən, hamını əsir edən gənc yaraşıqlı, istedadlı və zəngin bir ailədəndirsə, bunun qabağında şahlar şahının qızı da olsa, duruş gətirə bilərmi?
«Avqustina qəlbini qaplamış olan həyəcana mane olmayaraq bir neçə dəfə gənc rəssamın üzünə baxdı. Onun qırmızı yanaqları vücudunun ağlığı ilə heç bir zaman bu qədər parlaq bir təzad yaratmamışdı. Bu zaman rəssam gənc qızın gözəlliyini bütün ülviyyəti ilə, onun ismətini bütün paklığı ilə görə bildi. Avqustina, adı hər kəsin dilində dolaşan, istedadı ilə ötərgi xəyallara ruh, can və əbədiyyət verən bir adamı məsud etdiyini düşündükcə, dəhşətlə qarışıq qəribə bir sevinc hissi duyurdu. O, sevilirdi. Buna heç bir şübhə ola bilməzdi. Gənc rəssam artıq gözündən itdikdən sonra, onun sadə sözləri hələ də qızın qəlbində əks edirdi: görürsüzmü, eşqin mənə verdiyi ilhamı görürsüzmü?»
Evə qayıtdıqdan sonra əhvalatdan hali olan ata və anasının yüngül bir məqavimətinə rast gələn Avqustinanı aydındır ki, heç bir qüvvə, heç bir maneə məhəbbətindən döndərə bilməzdi. Və az sonra valideynlər istər-istəməz sevimli qızlarının əzab çəkməsinə dözə bilməyərək izdivaca razılıq verməli olurlar.
Görəsən, həyatda, Üzeyir bəyin şanlı operettasında olduğu kimi, böyük məhəbbətin xoşbəxtliyi mümkünmü?
Bəlkə də. Lakin Teodorla Avqustinanın xoşbəxtliyinə nə zalım valideynlər, nə iqtisadi qeyri-bərabərlik, nə də başqa bir əsaslı və kənar qüvvə mane olur. Avqustinanı tamam başqa bir şey məhv edir ki, povest də məhz bunun üzərində qurulmuşdur.
Eyni zamanda qüdrətli realist olan Balzak, xüsusilə, tacir Gilyomun obrazını çox mükəmməl və ustalıqla yaratmışdır. Ticarətçilərin nə qədər realist olduqları məlumdur. Ona görə qızının məhəbbətinə güzəştə getməyə məcbur olan ata, qızının boynuna bir sıra təhəddüdlər qoyur. Onları daha çox rəssamların bədxərcliyi və sonda iflas olmaları qorxudur.
Lakin Avqustina üçün təhlükə heç kimin gözləmədiyi bir yerdən gəlir və qeyd etdiyimiz kimi, konflikt də elə oradan başlayır.
Əlbəttə, Avqustina və Teodor Şərq adamları olsaydılar, onların xoşbəxtliyinə heç nə mane ola bilməzdi və hər halda povestdə təsvir olunan səbəb heç vaxt, heç bir halda baş verə bilməzdi. Lakin axı hadisələr xalqın azad, xoşbəxt, firavan, yüksək mədəniyyətli ədəbiyyat, incəsənətlə yaşayan, nəfəs alan bir ölkədə və onun Şərq adamı üçün xoş bir yuxuya bənzəyən paytaxtı Parisdə və Parisin də yoxsul təbəqələrində deyil, boqemiyasında baş verir.
Düşünürük ki, əsərin ən gərgin səhifələri, hadisənin düyün nöqtəsi, faciənin açarı olan həmin səbəb barədə danışmaq, ümumi sözlərlə uçurum üzərindən atılmaqla can qurtarmaq əvəzinə sözü dahi müəllifin özünə verək. Sitat uzun olsa da, zənn edirik ki, heç bir dolayı izah və təhlil Balzakın ümumiləşdirmələrini əvəz edə bilməz.
Balzak yazır:
«Teodorun bu qızğın ehtirası iki gənci tam bir il sərməst etmişdi. Başları üzərindəki lacivərd göy üzünə heç bir bulud kölgə salmamışdı. İki sevgilinin həyatı asan keçirdi. Teodor bu sevginin hər gününü zövqlər və nəşələrlə süsləyirdi. O, çılğın ehtiras çırpıntılarını sakit bir yorğunluq istirahəti ilə qarışdırırdı. Onların qəlbləri sanki cismən bir-birinə qovuşmağı unuduraq dərin bir vəcd içərisində pərvaz edirdi. Düşünməkdən, mülahizə etməkdən məhrum olan Avqustina özünü səadətinin fırtınalı axınına təslim edirdi. O, izdivacda müşahidə edilmiş günahsız bir eşqə bütün varlığı ilə təslim olmanın hələ kafi olmayacağını bilmirdi, bundan başqa, sadədil bir qadının əri üzərində hökm qazanması üçün lazım gələn mahiranə şıltaqlıqları bilməzdi. O, çox sevdiyindən gələcəyi düşünmür; bu qədər dadlı bir həyatın bir zaman bitə biləcəyini təsəvvürünə belə gətirmirdi. Əri üçün zövq və nəşə mənbəyi olduğunu hiss edərək özünü xoşbəxt sandığından, göstərdiyi sədaqət, vəfa və itaətini əri üçün daimi bir cazibə qüvvəsinə malik olduğunu zənn edir və bu tükənməz eşqin hər zaman onun ən gözəl bir zinəti olacağına inanırdı. Nəhayət, o, eşq sevinclərinin təsiri altında o qədər gözəlləşmişdi ki, bu gözəllik onda bir vüqar hissi oyatmış və de Sommerve kimi asanlıqla həyəcana gələn bir adamın üzərində hər zaman hakim olacağına onda dərin bir inam oyandırmışdı. Bu sürətlə Avqustina ərli bir qadın kimi sevgidən başqa yeni heç bir şey öyrənməmişdi. O, səadət içərisində olub, Sen Deni küçəsində yaşayan, dünyadan xəbəri olmayan kiçik bir qızcığaz olaraq qalırdı. İçərisində yaşamalı olduğu cəmiyyətin ədalarını, təhsilini və rəftarını mənimsəmək lazım gəldiyini o, heç düşünmürdü. Danışdığı sözlər sevgi sözləri olduğu üçün, bu sözləri o, müəyyən zəka və zəriflik ruhu ilə canlandırırdı. Lakin o, ehtirasa tutulmuş bütün qadınlara məxsus ümumi bir dillə danışırdı. Ehtiras isə belə qadınların həyatının mahiyyətini təşkil edir. Avqustina təsadüfi olaraq Teodorun fikirlərinə uyuşmayan bir fikir söylədikdə, bir əcnəbinin ilk səhvlərinə necə gülünürsə, gənc rəssam da onun danışığına beləcə gülərdi. Lakin bu səhvləri edən adam öz səhvlərini təshih etməzsə, axırda başqalarını yormağa başlardı.
… Bütün səylərə baxmayaraq Avqustina yenə də öz cəhalətini, danışığının biçimsizliyini və fikirlərinin darlığını meydana çıxartdıqda bu, ərinin heysiyyətinə toxunurdu.»
Aydındır ki, bundan sonra rəssam gənc arvadına qarşı soyuyur, ona olan nəinki marağının, hətta ehtirasının da tükəndiyini hiss edir və başqa kübar qadınları ilə dostluq və təbii ki, məhəbbət əlaqələrini yaratmış olur.
Bunu hiss edən Avqustina, qucağında körpə oğlu, ərinin günlərlə evə gəlmədiyini və gəldikdə də ondan kənarda öz otağında məşğul olduğunu görüb neyləyəcəyini bilmir. Nəhayət, o, ərini onun əlindən alanlardan biri olan məşhur kübar xanımı, salon və məclislərin təşkilatçısı olan hersoginya Karilyanogilə gəlir. Parisdə ən zadəgan hersoq, baron və qrafların görüş yeri olan hersoginyanın qəsrinə ayaq basıb xanımla görüşmək istədiyini dedikdən sonra onun kim olduğunu bilib Karilyano dərhal onu qəbul edir. Avqustina ürəyini açıb səmimiliklə bütün əhvalatı, ərinin ondan soyumasının tarixini öz rəqibinə danışır.
Hersoginya bu cavan qadının gözəlliyinə, səmimiliyinə hörmət olaraq onun halına ürəkdən yanır və onun faciəsinin səbəblərini açıb nəhayət, deyir:
«Bunu biliniz ki, ərinizin sizə iltifat göstərməsinə yol vermək olar, lakin onlara ərə getmək – səhvdir. Biz, adi qadınlar, dahi adamlara pərəstiş etməli, bir tamaşa kimi seyr edərək onlardan zövq almalıyıq. Lakin onlarla yaşamaq qətiyyən yaramaz.»
Və hörmət əlaməti olaraq axırda Teodorun çəkdiyi və salonda böyük şöhrət qazanan Avqustinanın portretini ona qaytarır və bu əhvalatdan istifadə edərək ərinin məhəbbət və diqqətini qazanmağın yolunu göstərir. Yəni qətiyyət, iradə və hökm.
Lakin bunların heç biri sevməkdən başqa heç nə bilməyən Avqustinada olmur.
Nəticədə hersoginyanın bütün nəsihətləri və göstərişləri faydasız olur. Uçurumu doldurmaq artıq gec və çətindir.
Bununla bir daha sübut olunur ki, həyatda bütün müvəffəqiyyətlərin açarı ağıl və gözəllik, saflıq və sədaqət deyil, iradə və hiylədir. İradə və hiylənin təkcə ailə həyatında deyil, siyasi həyatda və mübarizədə də əsas rol oynadığını biz bu gün əyani olaraq görürük.
İnsan ehtirasları bir çox sahələrdə təzahür edir, lakin onların ən nəcibi və təsirlisi heç şübhəsiz ki, məhəbbətdir. Lakin məhəbbət ehtirasları bəşəriyyət üçün yeni bir hadisədir, amma onun bədii ifadəsi insanlara daha çox təsir edir və yayılır. Heç bir əsər Şərqdə «Leyli və Məcnun», Qərbdə «Romeo və Cülyetta» qədər populyar deyil.
Balzakın bu məhəbbət dastanı da əksər məhəbbət epopeyaları kimi faciə ilə qurtarır. Lakin bu faciənin motivi göründüyü kimi, yalnız Qərb sivilizasiyası üçün xarakterikdir. Şərqdə səviyyə uyğunsuzluğu nəticəsində ailə faciələri demək olar ki, nadir hadisədir.
Amma həcmcə bu kiçik povestin təsiri sırf mənəvi səciyyə ilə bağlı olduğu üçün, qeyd etdiyimiz kimi, Şərq adamlarında heç bir təsir buraxa bilməz.
Bəs onda niyə bu əsər Qərb ölkələrində də geniş şöhrət qazanmayıb? Görünür, hətta fransız elita həyatı üçün də bu konflikt dərin əhəmiyyət daşımır. Əsərin sonunda Balzak yazır:
«Pyer Laşez qəbiristanlığından keçənlər 19 yaşlı Avqustinanın məzarı önündə belə düşünürlər: – Doğrudanmı, dahinin qüdrətli ağuşu üçün Avqustinadan daha qüdrətli qadınlar lazımdır?
Və sonra öz-özünə bu sözləri təkrar edirlər: – Dərələrdə bitmiş olan sadə və kövrək çiçəklər yerindən qoparılıb ildırımların oynadığı, şimşəklərin parladığı, tufanların gurladığı dağların zirvəsinə əkildikdə bəlkə də məhv olurlar.»
Bu parlaq və dərin mənalı ümumiləşmədən sonra nə demək olar? Nə qədər poetik və dəqiq yekundur. Balzakın 96 romanının heç biri mənə bu kiçik povest qədər təsir etməyib və təsadüfi deyildir ki, 60 ildir yaddaşımın hansı bir qatındasa gizlənib daş-qaş kimi bərq vurur.

Categories: Tarixin qürubu | 1 комментарий

Навигация по записям

One thought on “Onore Balzak, «Top-top oynayan pişiyin evi»

  1. Mrs

    Men bu eseri 9cu sinifde oxudugum vaxt edebiyyat muellimemin mesleheti ile oxumusam ve menim cox xowuma gelmiwdi.ve yeniden oxumagi cox isterdim.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: