İki povest

1. Nikolay Vasilyeviç Qoqol, «Neva prospekti»

Bu iki povesti – yəni Qoqolun «Neva prospekti» və Onore Balzakın «Top-top oynayan pişiyin evi»ni 60 il qabaq oxumuşam və hələ də heç biri yadımdan çıxmır. Hər ikisini də kitablardan cırıb, o vaxtdan bəri saxlamışam.
Hər iki povest müəlliflərin məncə, ən güclü əsərlərindən biri olsa da, indiyə qədər dünya mətbuatında layiqli qiymətlərini almayıblar.
Doğrudur, bəsirətli Belinski «Neva prospekti»ni gözəl xarakterizə edib, yüksək qiymətləndirmişdi. Lakin sonralar hansı bir səbəbdənsə, Nikolay Vasilyeviçin bu cür ürəklə qələmə aldığı hadisələrin xoşagəlməzliyinə görəmi, ya nədənsə povest rus mətbuatında çox da təqdir olunmayıb.
Əgər bu, əsərin toxumalarının və qəhrəmanlarının öldürücü ironik pafosundan irəli gəlirsə, çox nahaq yerə. Çünki «Taras Bulba» və Ukrayna həyatından götürülmüş nağılvari povestlər istisna olmaqla Qoqol, Maksim Qorki demişkən, özünə və insanlara qarşı ümumiyyətlə, amansız deyildimi? Bir də məgər ümumiyyətlə, rus həyatında ürəkaçan səhnələr tapmaq mümkünmü?
Mən Belinskinin bu povest barədə yazdıqlarını da o vaxt oxumuşdum, amma doğrusu, tamamilə unutmuşam. Bəlkə də, belə yaxşıdır. Çünki yalnız öz təəssüratlarımı qələmə almış olacaqdım. Hərçənd ki, əlbəttə, 60 ildən sonra səhnələr və təəssüratlar xeyli dərəcədə öz təravətini itirmişdir və mən qəlbimin dərinliklərində yatıb mürgüləyən uzaq gənclik hisslərimi oyatmağa məcbur olacağam.
Hər iki əsər, bayaq qeyd etdiyim kimi, o vaxtdan indiyə kimi məndə necə qalıb, təəccüb edirəm. Köçhaköçlərdə nə qədər əlyazmalarım və kitablarım itib, Allah bilir, amma bu əzik-üzük, sətirləri pozulmuş səhifələr hələ də məndə qalır və budur, nəhayət, onların faydasını görüb illərdən bəri ürəyimdə yatıb qalan düşüncələrimi qələmə alıram.
Qoqol, çox vaxt olduğu kimi, bizi yenə geniş şəkildə hadisələrə hazırlayır.
Əsər bir-birindən ayrılmaz, amma daban-dabana zidd faciə və komediyadan toxunan iki hissədən ibarətdir. Və bu da belə bir düşüncədən irəli gəlir ki, həyatda xeyir, şər, xoşbəxtlik və bədbəxtlik bir-biri ilə çox bağlıdır və daim bir-birlərini əvəz edir.
Böyük şəhərin baş prospekti hər gün bu cür faciə və komediyalarla doludur. Budur, onlardan ikisi. Həcmcə bu kiçik əsərdə Qoqol öz gənc qəhrəmanı rəssam Piskaryovun hərtərəfli portretini rəsm edib. Özü də elə bir məqamda ki, gənc rəssam Neva prospektində rastlaşdığı və bütün varlığı ilə aşiq olduğu 17 yaşlı bir gözəli görüb dalınca gedir.
Öz gələcək möhtəşəm tablolarını yaratmaq üçün gənc Piskaryova yalnız və yalnız bir məsum pəri lazımdır, daha doğrusu, pərinin ona baxıb sadəcə, gülümsəməsi.
Qız da elə bil hissiyyatlı gəncin bu istəyini bilib dönüb ona baxır. Əvvəl bir növ sərt nəzərlərlə, amma eyni zamanda maraqla. Və gənc rəssam da qızı təqib etməyə başlayır.
Doğrudan da, həyat hər hansı bir istedad sahibini xoşbəxt etmək üçün nə qədər imkanlar yaradır. Təbiət gələcək dahinin qayğısına qalır. Çünki o bilir ki, sənət fədaisi üçün belə bir göylər məxluqundan başqa heç nə lazım deyil. Doğrudur, qızın ilk baxışı bir az sərt olur və daha çox heyrət ifadə edir. Bunu görən Piskaryov qızı təqib etməkdən, onun kim olduğunu, harada yaşadığını və nəhayət, diqqət və marağını qazanmaq fikrindən əl çəkmir. Sadəcə, o, öz ilham pərisini ürkütməmək üçün bir qədər aralı və gözə çarpmadan hərəkət edir.
Onlar Neva prospekti ilə xeyli getdikdən sonra qız dönüb ona baxır və bu dəfə dodaqlarında sanki yüngül bir təbəssüm parlayır və cavan rəssam bütün varlığı ilə sarsılır. O, gözlərinə inanmır, doğrudanmı bu, mümkündür? Doğrudanmı bu, xəyal deyil, həqiqətdir?
Sözü Qoqola verək.
«Onun köksündə nəfəsi qırıldı, bütün varlığı qeyri-müəyyən bir halda uçundu, bütün hissləri alovlandı və hər şey onun gözlərinin qabağında bir duman pərdəsinə büründü. Səki ayağının altından qaçır, atları çapan karetalar ona hərəkətsiz görünür, körpü uzanıb gedir və tağından sökülür, ev damı aşağı görünür, butka ona sarı yıxılır və keşikçinin əlindəki baltalı nizə lövhənin zərli sözləri üzərinə çəkilmiş qayçı şəkli ilə birlikdə sanki onun lap kirpikləri ucunda parıldayırdı. Bütün bunlar o xanımın gözəl başının bircə hərəkətindən, bircə baxışından əmələ gəlmişdi».
Bundan sonra gənc rəssam özünə gəlib yenə qızın ardınca gedir. O, yuxulu kimi, nağıllar aləminə düşən bir qəhrəman kimi öz pərisini təqib edir.
Nəhayət, dördmərtəbəli bir binanın qabağında qız dayanır, sonra pilləkənlərlə yeyin-yeyin çıxıb, ətrafına göz gəzdirir və barmağını dodaqlarına aparıb ardınca gəlmək üçün rəssama işarə edir.
«Cavanın dizləri əsdi, fikirləri, duyğuları yandı, sevinc şimşəyi dözülməz bir itiliklə onun qəlbinə sancıldı. Yox, bu daha xəyal deyildi. Aman Allah! Bircə anın içində nə qədər səadət ola bilərmiş. Daha sonra arfa kimi zərif bir səs eşidilir, «ehtiyatla gəl».
Naməlum qız dördüncü mərtəbənin uca və qaranlıq bir guşəsində bir qapını döydü. Qapı açıldı və onlar ikisi də birlikdə içəri girdilər. Onları zahirən xeyli xoş görkəmli və əlində şam tutan bir qadın qarşıladı: ancaq o, Piskaryova elə qəribə və həyasız bir baxışla baxdı ki, cavan rəssam ixtiyarsız olaraq gözlərini yerə dikdi».
Bəli, bundan sonrakı hadisələrdən bəhs etməyə dəyməz. Yalnız onu qeyd etmək lazımdır ki, 17 yaşlı pəri Piskaryovu sən demə, hara gətirib, əlbəttə, q?hb?xanaya.
Həyat adlanan tragikomik tamaşanın dahi bilicisi olan Qoqol bu minvalla pərdə arxasında nələr baş verdiyini açıb göstərir.
Sonra cavan rəssam evinə qaçıb, bir neçə gün yuxu və qarabasma içində yaşayıb, sonra hətta gəlib qızı taparaq, ona evlənmək təklifi edir. Qız isə yalnız bədənini təklif etməklə onun arzusunu rədd edir.
Evinə qayıdan Piskaryovu qonşuları bir neçə gün görməyib axırda qapını sındırıb içəri girərək, gənc rəssamın boğaz damarını kəsib intihar etdiyini görürlər.
Qoqol faciənin sonunu təsvir edib axırda yazır:
«Coşqun bir ehtirasın qurbanı olan sakit, çəkingən, təvazökar, uşaq kimi sadədil, bəlkə də vaxtilə geniş və parlaq bir surətdə təzahür edə biləcək bir istedad qığılcımına malik olan yazıq Piskaryov beləcə, məhv olub getdi».
Əlbəttə, Puşkinin «İvan Belkinin hekayələri» silsiləsi gözəldir və həyatın xoşbəxt səhnələri ilə aşıb-daşır. Lakin bütün realizminə və sənətkarlığına baxmayaraq, həmin hekayələr Rusiya üçün xarakterik deyil. Onlar Qərb xalqları həyatından və ədəbiyyatından gəlmədir.
Rusiya, rus həyatı Qoqol əsərlərindədir. «Ölü canlar»da, «Müfəttiş»də, «Şinel»də və ən çox da «Neva prospekti»ndədir. Ümumiyyətlə, Piskaryov kimi insanları başqa bir həyat tərzi, başqa bir qismət də gözləmir. Bunu biz öz taleyimizdə dönə-dönə görmüşük. Həyat, onun nemətləri Kafka «Qəsr»ində yaşayanlar üçündür.
Qoqol nə qədər bəsirətli olsa da, hələ həyat bilicisi olmaqda, əlbəttə, Kafkadan çox-çox, müqayisəolunmaz dərəcədə aşağı idi. Qoqol böyük satirik idi. Yəni həyatda baş verən pislikləri açıb-tökərək düzəltmək istəyirdi. Kafka isə bu cür təşəbbüslərin səmərəsiz olduğunu deyir.
Bununla belə, «Neva prospekti» dünya ədəbiyyatı incilərindən sayıla bilər. Sonralar Avropada sonu bu cür faciəli qurtaran çoxlu sayda əsərlər yazılmışdır, amma onların heç biri Qoqolun povesti qədər insana təsir etmir. Bunun bir səbəbi də müəllifin öz qəhrəmanı ilə bir növ qaynayıb-qarışması, onun həyəcanlarını, sevincini və sarsıntılarını onunla birlikdə yaşamasıdır. Bu cəhətdən də «Neva prospekti» bənzərsiz bir əsərdir.
Povestin ikinci hissəsi Piskaryovun himayədarı və dostu poruçik Piraqovun əhvalatına həsr olunub. Onlar bir yerdə çıxıb öz macəralarına başlayırlar. Belə ki, poruçik də öz gənc dostu kimi bir qadın seçib, onun dalınca düşur.
Bu qadın, müəllifin dediyi kimi, «sarışın və xeyli maraqlı» bir məxluq idi. O, hər bir mağazanın qabağında durub pəcərələrdə sərgiyə qoyulmuş belbağılarına, ləçəklərə, sırğalara, əlcəklərə və s. bəzək-düzək şeylərinə tamaşa edir, daim yerində hərlənir, bütün ətrafına göz gəzdirir və boylanıb geri baxırdı.
Qoqol, poruçik Piraqovu tənəkə ustası olan alman Şillerin arvadı – qəşəng sarışın qadının aşiqi kimi onun dalınca düşərək başına gələnləri çox böyük ustalıqla təsvir edir və hər obrazın xarakterini bütün rəngarəngliyi ilə açıb göstərir. Bu xarakteristikalar o qədər təbii, həyati, inandırıcı və yumorla doludur ki, adam oxuduqca sadəcə, ləzzət alır. Bu, çox böyük istedaddır və istər-istəməz adamda heyrət oyadır.
Piraqov qadını təqib edərək onların evinə gəlir və burada tənəkə ustası Şiller ilə rastlaşır. Və istər-istəməz gəlişini əsaslandırmaq üçün ona mahmız sifariş verməli olur.
Şiller bu naxal rus zabitinin onun gözü qabağında arvadına sataşdığını görüb başından eləmək üçün məsələn, 3-4 manata hazırlanan mahmız üçün Piraqovdan 15 manat istəyir. Piraqov bir qədər təəccüb etsə də, sarışın xanımın xətrinə razı olur və o gündən poruçik onlara gəlib-getməyə başlayır.
Yenə bir gün küçədən keçərkən sarışın qadının pəncərədən çölə baxdığını görüb soruşur:
« – Ərin evdədirmi?
— Evdədir, – deyə sarışın qadın cavab verir.
— Bəs o, nə vaxt evdə olmur?
— O, bazar günləri evdə olmur, – deyə axmaq sarışın qadın cavab verdi».
İndiyə qədər sarışın axmaq qadın Piraqovun bütün təşəbbüslərini rədd etsə də, poruçik göründüyü kimi, niyyətindən əl çəkmir. Və hətta bir dəfə Şillerin gözü qabağında arvadın dodaqlarından öpür.
Şiller neyləyəcəyini bilmir və Piraqovun həyasızlığı getdikcə azğınlığa çevrilir. Və o, bazar günlərin birində gəlib qadının başının üstünü alır.
Qeyd edək ki, I Nikolay dövründə, elə əvvəllər və sonralar da Rusiyada zabit çox böyük hörmət və səlahiyyət sahibi idi. Ona görə beləsinə ilişmək xatalı və qəliz məsələ idi.
«Alman qadını evində təklikdə yaxalayan Piraqov bu dəfə ehtiyatla hərəkət etdi, özünü ədəbli apardı və təzim edərək öz oynaq və gərgin qamətinin bütün gözəlliyini göstərdi. O, çox xoş və hörmətlə zarafat edirdi, lakin axmaq alman qadını hamısına bircə hecalı sözlərlə cavab verirdi. Piraqov hər çarəyə əl atır, onu heç bir vəchlə yola gətirə bilmədiyini gördükdə rəqs etməyi təklif etdi. Alman qadını həmin dəqiqə razı oldu. Çünki alman qadınları rəqs etməyi yaman xoşlayırlar. Piraqov bundan çox şey umurdu: əvvəla, bu özü elə ona ləzzət verirdi, ikincisi, bu, onun qəddi-qamətini və çevikliyini yaxşı nümayiş etdirə bilərdi, üçüncüsü, qəşəng alman qadınına rəqs zamanı daha çox yaxınlaşmaq, qucaqlamaq və qalan şeylərin binasını qoymaq mümkün idi, sözün qısası, o, bunu tam bir müvəffəqiyyət hesab edirdi. O, alman qadınlarına tədricilik lazım olduğunu bildiyindən bir qavot ilə başladı. Qəşəng alman qadını otağın ortasına gəlib, birdən ayağını qaldırdı. Bu vəziyyət Piraqovu elə valeh etdi ki, o, qadının üstünə cumub onu öpmək istədi. Qadın çığırmağa başladı və bununla Piraqovun nəzərində öz gözəlliyini birqat daha artırdı. Piraqov ona öpüşlər yağdırdı. Birdən qapı açıldı, Şiller dostları Hofman və dülgər Kuntsla birlikdə içəri girdi. Bütün bu ləyaqətli əsnaflar lül-qəmbər idilər».
Bəli, bu gözəl təsvirdən sonra üç sərxoş və yekəpər alman Piraqovun üstünə düşüb onu o ki var əzişdirərək, çölə atırlar.
Aydındır ki, ertəsi gün Şiller yaman qızdırma içində idi, o, hər dəqiqə polisin gələcəyini gözləyib yarpaq kimi əsrdi.
Bəs Piraqov?
Bütün bunlar çox qəribə bir şəkildə qurtardı. Küçədə özünə gələn Piraqov qəzəb içində almanları necə cəzalandıracağı barədə düşündükcə, lap qızışırdı. Kötəklənməyi və Sibirə sürgün edilməyi Şiller üçün ən yüngül bir cəza hesab edirdi. O, yüyürə-yüyürə evinə üz tutub orada paltarını dəyişərək, düz generalın yanına gedib alman əsnaflarının azğınlıqlarını ən təsirli boyalarla təsvir etmək üçün tələsirdi. İstəyirdi ki, eyni zamanda Baş ştaba da yazılı bir ərizə versin və əgər təyin edilən cəza onu təmin etməsə, daha da yuxarılara müraciət etsin.
Daha sonra Qoqol yazır:
«Ancaq bütün bunlar çox qəribə şəkildə qurtardı; yolda o, şirniyyat dükanına girib iki dənə qat-qat pirojok yedi və «Severnaya Pçela»da bəzi şeylər oxudu və oradan çıxanda daha əvvəlki kimi qəzəbli deyildi. Bundan başqa, çox xoş olan sərin bir axşam onu Neva prospektində bir qədər gəzişməyə məcbur etdi; saat doqquza doğru o, sakitləşdi və belə fikirləşdi ki, bazar günü generalı narahat etmək yaxşı deyil, həm də ki, yəqin onu bir yerə çağırıblar. Buna görə də o, kantrol kollegiyası müdirlərindən birinin evinə axşam müsamirəsinə getdi və orada məmur və zabitlərdən ibarət xoş bir məclis gördü. Orada o, axşamı ləzzətlə keçirib, mazulka oynamaqda elə bir məharət göstərdi ki, yalnız xanımları deyil, hətta kavalerləri də heyran qoydu».
Mən dünya ədəbiyyatında bu abzasdakı realizm, həqiqətən rus xarakterinin tam ifadəsi olan ikinci bir belə qüdrətli təsvirə hələ rast gəlməmişəm. Burdakı həyat və bədii enerji öz sıxlığı ilə gözəl bir roman kimi təsirli və güclüdür.
Hekayə öz-özlüyündə birinci əhvalat qədər ədəbi şedevrdir.
Hər iki hadisə gündəlik həyat tərzinin adi bir səhnəsi olmasına baxmayaraq, deyərdim ki, böyük ədəbi kəşfdir. Axı bu səhnələri kəşf etmək lazımdır və bunlar heç vəchlə adi, ortabab sənətkarların, necə deyərlər, xörəyi deyil.
Dünyada Tolstoyun «Anna Karenina»sı kimi böyük şöhrət qazanan romanlar çoxdur. Amma oxuyub deyirsən, hə, nə olsun: arvad əri ola-ola q?hb?lik edir, oynaşından pul istəyir, o da vermir, çıxış yolu tapmayıb özünü qatarın altına atır.
Bununla Tolstoy nə deyir? Hələ orasını demirik ki, əsər Floberin «Madam Bovari»sinın bir növ rus variantıdır. Q?hb?lik edən qadınlara hörmət etmək lazımdır. Tolstoy bunumu demək istəyir? Bəs görəsən, öz arvadı belə etsəydi, Tolstoy neylərdi?
Nə isə, məqsəddən yayınmayaq. Əgər Nikolay Vasilyeviç bu povestdən başqa heç nə yazmasaydı belə, yenə rus ədəbiyyatında ən yüksək yerlərdən birini tutardı.
Həyat əlbəttə, ədalətsizliklər, kişi və qadınların əxlaqsızlıqları və bayağılıqları ilə doludur. Lakin heç bir belə hadisə öz açıqlığı və komizmi ilə Piraqovun başına gələnlər qədər tipik və maraqlı ola bilməz.
Bu cəhətdən Qoqol şəxsən mənim üçün Dostayevskidən qat-qat çox böyük və qüdrətli yazıçı və sənətkardır.

(ardı var)

Əlisa Nicat

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: