““Raykom” qızını öpdüm, polkovnik qızını isə…”

14 yaşında sevəsən, amma həmin qızı hələ də xatırlayasan. Altmış ildən sonra o qız yuxularına gələ, xəyalında yaşaya…Bəlkə də çoxlarınız inanmayacaq, amma doğrudan da bu belədir. Ömrünün ahıl çağlarını yaşayan sevimli yazıçımız Əlisa Nicat illərin o tayından boylanan alagözlü Şərqiyyəni hələ də unutmayıb. Dediyinə görə, hələ də yuxularında gülərüzlü o Lənkəran gözəlini görür və kövrəlir. Həmin gün yenidən uşaqlığına, yeniyetməlik çağına qayıdır. Uşaqlığını içində qoruyub saxlayan  yazıçını “Uşaqlıqdan reportaj”a dəvət edəndə dərhal razılaşdı. Hətta səhhətindəki nasazlığa baxmayaraq vaxtı dəyişmədi…

“İspalkom” oğlu olsam da, bəzən məktəbə ayaqyalın gedirdim”

“Səfalı bir məkanda- Lerikin Yuxarı Gədik kəndində doğulmuşam. Bu da taleyin xoş qismətidir. Adımı Qurandan “çıxarıblar”. Atam müxtəlif vəzifələrdə çalışıb, gah “İspalkom” olub, gah “Meşə idarəsinin sədri … “Buna görə də müxtəlif vaxtlarda müxtəlif bölgələrdə yaşamalı olmuşuq. Orta məktəbə Lənkəranda getmişəm. Çox sakit, qapalı uşaq olsam da, dava-dalaşdan kənarda qalmamışam. Uşaqlar məktəbdə dalaşanda məni də davaya çəkiblər. Atam vəzifələrdə çalışsa da, güzəranımız orta səviyyədə olub. Hətta elə günlərimiz olub ki, geyinməyə paltar tapmamışıq. Ayaqyalın məktəbə getdiyim vaxtlarımı indi də ağrı ilə xatırlayıram. O vaxtlar qaloş geyinərdilər, qaloş da çox vaxt palçığa dözməzdi, cırılardı. Anam buna görə məni çox danlayardı…”

“Enli qayışın bədənimdə açdığı şırımlar…”

“Atam çox vahiməli, sərt adam olub. Anam bizdən ona şikayət etməyinə bənd idi ki, şalvarının belindən enli qayışını çıxarıb məni döyməyə başlayardı. Bədənim göyüm-göyüm olardı. Çox döyülmüşəm. Amma bununla belə, ürəyi yumşaq idi, mənimlə mehriban davranardı. Evimiz meşənin içində idi. Yırtıcı heyvanlarla dolu meşədə dəhşətli hadisələr də baş verirdi. Amma atam mənə qorxmaz olmağı öyrətmişdi. Deyirdi ki, Əlisa, hətta yırtıcılar belə, bəni-insan qarşısında zəif görünürlər. Atam işi ilə əlaqədar başqa bölgələrdə qalanda, həftədə iki dəfə evə gəlirdi. Həmin müddətdə məni də özü ilə aparırdı. Onun bişirdiyi qayğanağı çox sevirdim”.

“Əlimə düşən qəpik-quruşu verib kitab alardım”

“Çox poetik uşaq idim, kitabları çox sevirdim. İkinci sinifdə oxuyarkən əksər Azərbaycan yazıçılarının əsərlərini oxumuşdum. Beşinci sinifdə isə artıq dünya klassiklərini mütaliə etməyə başladım. Əlimə düşən qəpik-quruşu verib kitab alardım. Lənkəran kitabxanasında oxumadığım kitab qalmamışdı. Məktəbdə də hamı məni tanıyırdı. Hətta onuncu sinfin uşaqları imtahan vaxtı inşa yazılarını mənə yazdırardılar. Xəlvətcə gəlib mənə deyərdilər ki, tutalım imtahana Cəfər Cabbarlının filan əsəri düşüb, onu yazıb gizlincə sinfə ötürərdim. Onda mən beşinci sinifdə oxuyurdum.”

“15 şeir dəftərimi cırıb palçığa tulladım”

“İlk şeirimi həyətimizdə olan armud ağacına həsr eləmişdim. Sonralar isə şeirlərimin hədəfləri çoxaldı. Bir onda baxıb gördüm ki, şeirlərimdən ibarət 15 dəftər var. Amma o şeirlərimə diqqət göstərən yox idi, heç yerdə çap olunmurdu. Mən də uşaq ağlımla bundan çox pis olurdum. Elə bilirdim, hamı bu şeirlərə görə mənə diqqət göstərməlidir. Bir dəfə yağışlı bir gündə qəzəblənib o şeir dəftərlərini cırıb palçığa tulladım. Bununla ürəyimi soyutmaq istədim. Amma əksinə, yazmaq həvəsim daha çox artdı.”

“Sevdiyim qızı görəndə həyəcandan özümdən getdim”

“Sevdiyim qızlara çoxlu şeirlər yazırdım. Əvvəlcə bir neçə qızdan xoşum gəlirdi, sonra daha gözəllərini görüb vurulmağa başladım. Şərqiyyə adlı alagözlü bir qıza olan sevgim isə o birilərinə bənzəmədi. Ona bir şeir həsr etmişdim:

— Alagözlü sevgilimin qəlbini,
Çala bilən bir tütəyim olaydı.
Lalə-nərgiz istəmirəm, kaş onun,
Yanaqları gül-çiçəyim olaydı.

Ətir saçdı yar ömrümün yazına,
Ürəyimin söhbətinə-sazına,
Kaş yarımın hər çövrünə-nazına
Dözə bilən bir ürəyim olaydı.

O qızı çox sevirdim, o da məni. Danışmırdıq, amma onu evə ötürürdüm, məktəblərinə gedirdim. O vaxtlar qızlar ayrı məktəbdə oxuyurdu, oğlanlar ayrı. Bir dəfə dostum dedi ki, gəl gedək Şərqiyyəgilin məktəbinə. Mən də çox cəsarətsiz oğlan idim, görəndə lal kimi donub yerimdə qalırdım. Çox çək-çevirdən sonra getdik onların məktəbinə. Onu qızların yanında görəndə beynim dumanlandı. Qız da özünü itirdi. Həyəcandan necə bayıldımsa, gözümü açanda özümü məktəbin həyətində gördüm. Dostum vəziyyətimin pisləşdiyini görüb məni havaya çıxarmışdı”.

“Ayrılığın ilk gecəsi səhərə qədər ağladım”

“Sonra o qızın anası rəhmətə getdi. İki bacı idilər, atalarını da itirmişdilər. Gəncədə yaşayan dayısı gəlib o qızları yanına apardı. Lənkəranda onlardan gözəl qız yox idi. Onun Gəncəyə getməsi bu sevgini nakam qoydu. Ayrılığın ilk gecəsi səhərə qədər ağladım. Sonradan yavaş-yavaş ayrılığa öyrəşdim. İndi də o qızı xatırlayıram, yuxularıma girir. Bəlkə də dünyasını dəyişib, sağdırsa da, yəqin ki, qoca arvaddır”.

“Sevgilimin biri “raykom”, digəri polkovnik qızı idi”

“Bakıya oxumağa gələndə yenidən sevdim. Bu dəfə təhsil aldığım universitetdə bir qıza vuruldum. Raykom qızı idi, amma məni yaman sevirdi. Onu anamla da tanış etmişdim. Anamın xoşuna gəlmişdi. Bir dəfə anamla xalam onların yaşadığı rayona getdilər ki, qızın ailəsini tanısınlar. Anam qayıdanda bütün xəyallarımı puç etdi. Dedi ay bala onlar varlı-hallı ailə, bizsə kasıb. O var-dövlətin qabağında biz o qıza nə apara biləcəyik? Bununla da sevgimiz bitdi, qızı da başqasına ərə verdilər.”

İlk öpüş.…

“Daha sonra Zemfira adlı qızı sevdim. O da polkovnik qızı idi. Bəxtimdən sevdiym qızların hamısı varlı yerdən olurdu. Buna görə də münasibətlərimiz nakam sevgiylə tamamlanırdı. İlk öpdüyüm qız da o oldu. Amma yenə oxum daşa dəydi, ardınca Nüşabəni sevdim. Kasıbçılıq məni o qızla da evlənməyə qoymadı. Axırda elə öz yerlimiz olan bir qızla evləndim. Həyat göstərdi ki, elə həmin qızla da evlənməliyəmmiş. Çünki o mənə həm də dost oldu”.

“Krım, rus qızları…”

“Çox gec evləndim, 35 yaşında. O vaxta qədər həyatım sevgilər içində keçdi. Amma Şərqiyyəni indi də sevirəm, unuda bilməmişəm. O ilk məhəbbətim idi. Bir əhvalatı da xatırlayım: cavan vaxtlarımda dincəlmək üçün Krıma getmişdim. Orda Qara dənizin sahilində gördüm balıq tuturlar. Mən də rus qızlarının yanında forslanmaq üçün tilov atmaq qərarına gəldim. Dənizin də kənarları beton idi, başım necə dəydisə, həkimə getməli oldum. Qara kostyumum su içində idi, utandığımdan bilmirdim neyləyim. Həkim mənə “yaxşı ki, beynin silkələnməyib, yoxsa axırın çatardı”-deyəndə sağ qaldığıma görə şükür elədim. Ümumiyyətlə, o vaxtlar əylənmək üçün Rusiyaya gedənlər çox idi. Mən də rus qızları ilə dostluq edirdim, amma başqa kənar işlərim olmayıb (gülür)”.

Cəvahir Səlimqızı

Publika.Az

Categories: Müsahibələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: