Paradokslar

Doğrudan da, bizdə demokratiyanın bütün atributları var, amma…

Hər şey insanın əlində ikən, özünün qorxusuz-ürküsüz yaşaya bilmək, xalqın azad, firavan və xoşbəxt olmaq imkanı ola-ola, özünün də, xalqın da həyatını cəhənnəmə çevirəsən? Bu, kimə və nəyə lazımdır? Kimə və nəyə görə? Heç bir real faydası olmayan, daha doğrusu, mövcudluğuna ehtiyac olmayan və başdan-başa korrupsiya içində boğulan məmurlar ordusunu yaşatmaq xatirinəmi?

Fevralın 28-də NTV kanalında ümumiyyətlə, dünya ölkələrindəki siyasi rejimlərin iqtisadi və bütün növ tərəqqilərə daha çox imkan yaratdığı və Rusiyada hansı sistemin bərqərar olduğu barədə məşhur jurnalist İqor Vitter və çoxlu siyasi mütəxəssislərin diskussiyası keçirildi.
Demək olar ki, əksər Şərq və Orta Asiya müsəlman ölkələri barədə xeyli açıq, gah doğru, gah da əksinə olan mülahizələr yürüdüldü. Maraqlı orasıdır ki, diskussiya iştirakçılarının heç biri ölkəmizin adını çəkmədi. İstər-istəməz bir neçə il qabaq BBS-də hansı bir xarici diplomatınsa dediyi sözlər yadıma düşdü. Diplomat o vaxt demişdi ki, mən 26 dəfə bu ölkədə (yəni bizdə) olmuşam, amma hələ də oradakı rejimin necə olduğunu, nə olduğunu müəyyən edə bilməmişəm.
Görünür, respublikamız barədə Qərbdə hamının fikri təxminən belədir. Doğrudan da, bizdə demokratiyanın bütün atributları var: gözəl Konstitusiya, dövlət, hökumət, senzurasız mətbuat və bu mətbuatda, azacıq istisna olmaqla, bütün dövlət nümayəndələrinin tənqid edilmə səlahiyyəti, parlament, Konstitusiya Məhkəməsi, hətta insan haqları üzrə müvəkkil…
Daha bundan artıq demokratiya omaz ki.
Amma gələnlər o saat görürlər ki, bütün bunlar daxil üçün yox, xaric üçün yaradılmışdır. Yəni baxın, nə tələb edirsinizsə, bizdə hamısı var. Amma o dəqiqə məlum olur ki, məsələn, Konstitusiya Məhkəməsi yaradıldığı 20 il ərzində bircə vətəndaşın, bircə şəxsin də hər hansı bir məhkəmədən şikayət ərizəsi qəbul olunmamış, hamısı rədd edilib məhkəmənin hökmü qüvvədə saxlanmışdır.
Bu da bizim şanlı Konstitusiya Məhkəməsinin Ginnesin rekordlar kitabına düşməsinə şərait yaratmışdır.
Bu məhkəmə ona görə yaradılmışdır ki, məhz ayrı-ayrı şəxslərə, vətəndaşlara və ya partiyalara qarşı məhkəmələrin hökmlərini yoxlayıb yenidən baxaraq ya ləğv, ya da təsdiq etsin. Yəni bu hökmlərin Konstitusiyaya uyğun olub-olmadığını yoxlasın. Başqa sözlə desək, məhz şikayətçilərə qarşı edilən ədalətsizlikləri üzə çıxarsın və ləğv etsin. Amma bu hörmətli təşkilat və onun yüksək maaşlı üzvləri hələ bircə dəfə də hər hansı bir vətəndaşa qarşı çıxarılan haqsız hökmü ləğv etməmişdir.
Bəli, bu bizim Konstitusiya Məhkəməmiz.
İnsan haqları müvəkkilinə gəldikdə isə adamın bu təşkilatın sədri olan yaşlı və hörmətli qadına sadəcə olaraq acımağı gəlir. Çünki kimdir onun sözünə baxan. Məgər ona elə bir səlahiyyət verilib ki, hər hansı bir dövlət orqanı tərəfindən vətəndaşa edilən ədalətsizliyə qarşı çıxsın?!
Doğrudan da, qəribə paradoks deyilmi ki, ölkə rəhbərliyinin həqiqətən xalqın sevimlisi olması üçün hər cür imkanları ola-ola, bu imkanlardan qətiyyən istifadə edilməsin?
Axı dövlət, yəni hakimiyyət və onun rəmzi hökumətin fövqündədir və o, yəni hakimiyyət, hökumətin və onun məhkəmələrinin hər hansı bir qərarı üçün məsuliyyət daşımır. Amma bizdə hakimiyyət, məhkəmələrin haqsız qərarı üçün özünü cavabdeh kimi aparır və həmin məhkəmə qərarlarına qarşı çıxışları özünə qarşı çevrilmiş kimi qəbul edir.
Və bununla da o, bütün dünyaya sübut edir ki, bütün məhkəmələrin və ya başqa hüquq-mühafizə orqanlarının hərəkətləri üçün cavabdeh odur. Nəinki cavabdeh, hətta bu ədalətsiz və qanunsuz hərəkət və rəftarların səbəbkarıdır. Yəni hakimiyyətdən icazə alıb bu qərar və hökmlər çıxarılır, hərəkətlər yerinə yetirilir. Və yəqin, elə buna görədir ki, küçələrdə hərəkət dayandırılır, hər tərəfə polislər düzülür və qara pərdəli 10 «Mercedes» sürətlə şütüyüb keçir.
Hər şey insanın əlində ikən, özünün qorxusuz-ürküsüz yaşaya bilmək, xalqın azad, firavan və xoşbəxt olmaq imkanı ola-ola, özünün də, xalqın da həyatını cəhənnəmə çevirəsən? Bu, kimə və nəyə lazımdır? Kimə və nəyə görə? Heç bir real faydası olmayan, daha doğrusu, mövcudluğuna ehtiyac olmayan və başdan-başa korrupsiya içində boğulan məmurlar ordusunu yaşatmaq xatirinəmi?
Vəsiyyətə o zaman əməl edərlər ki, o səninlə təəbələrin arasında nifaq yox, ziddiyyət yox, ittifaq və rəğbət yaratsın.
Bəli, bu cür də hökm sürmək olar, necə ki olur, özü də ancaq bizdə. Amma axı bu taxtabiti məmurlar ordusunu yox, həqiqətən yaxşılığı, xeyirxahlığı, ədaləti qiymətləndirən və onun səbəbkarına gecə-gündüz dua edən xalq üçün firavanlıq yaratmaq lazımdır ki, hakimiyyətlə əhali arasında heç bir ziddiyyət olmasın. Və ziddiyyət də olmayanda heç şübhəsiz ki, qorxu da, ehtiyat da olmaz.
Bir ədalətsizlik törədiləndə ardınca birincinin mənfi təsirini ört-basdır etmək üçün ikincisini etmək lazım gəlir.
Müti, dılğır, ac, zövqsüz, pinti və bədbəxt insanlar ölkəsinə rəhbərlik etmək yaxşı olar, yainki azad, xoşbəxt, məğrur və firavan xalqa?
İnanın ki, bu xalq bir balaca yaxşılıq və ədalət görsə, səbəbkarın şəninə nəğmələr qoşacaq. Amma bu adi həqiqəti və reallığı dərk etməyib, ölkənin tükənməz sərvətini bir ovuc yaramaza bağışlayıb və bunu da böyük ağıl və cəsarət rəmzi hesab edəsən?!
Heç kim demir ki, uzun illərdən bəri ucaldılan bir əyri bina birdən-birə sökülüb-dağıdılsın və yerində təzəsi tikilsin. Yox, bu çətin olar, amma tədricən mümkündür. Dövlətin ədalətini görüb onun sərtliyinə dözəcəklər.
Ölkə, xalq firavan olarsa, heç kim mitinqlərə getməz. Çünki mitinqlər məhz firavanlıq tələbi ilə baş verir. Firavanlıq və ədalət olanda xalq ilə hakimiyyət doğmalaşır və küçə və meydanlarda xalq qəhrəmanlarının, xalq oğullarının abidələri ucaldılır.
İlk növbədə müəllimlərin, həkimlərin, alimlərin, ziyalıların, tələbələrin və qocaların əməkhaqqını və təqaüdünü bu rüsvayçı səviyyədən yoxsul avropalı səviyyəsinə qaldırmaq lazımdır ki, mitinq qorxusu birdəfəlik aradan götürülsün. Axı mitinqlərə sadaladığımız adamlar çıxır, elə deyilmi?
Bəli, təkamül yolu ilə hər şey mümkündür.
Amma təəssüf ki, bizdə sovet dövründə olan «çem xuje, tem luçşe» devizi hələ də həyata keçirilməkdədir. Nə vaxtacan bu yolla gedəcəyik? Axı bu yolun gələcəyi yoxdur, sonu tupikdir. Nə qədər müti olsa da, axırda bəzi rayonlarda olduğu kimi kütləvi partlayış baş verə bilər.
Hələlik alver, avtomobil və dərəbəylik öz faydalı cəhətləri ilə xalqın başını qatıb.
Nəinki başını qatıb, hətta başını xarab edib. Heç kim insan kimi, ləyaqət sahibi kimi yaşamır. Hamı oğurluq və bir-birini aldatmaqla dolanır.
Ümumiyyətlə, qoca Mirzə Fətəlinin Hacı Nurusu demişkən, düz söz heç kimin xoşuna gəlmir və yəqin ki, bu dəfə də belə olacaq.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.