Babəkə qarşı olanlar

Cəmil Həsənli, Fazil Qəzənfəroğlu, Ruslan Aqil…

O qədər mövzu, o qədər problem var ki, heç bilmirsən hansına hay verəsən. Üstəlik, bəzən ağıllı adamların da sağlam düşüncədən uzaq olan mülahizələrinə cavab verməli olub məsələni aydınlaşdırmağa məcbur olursan ki, nəticədə öz düşüncələrinlə məşğul olmağa vaxt qalmır.

Bir yandan da Əkrəm Əylislinin «kaşası» aləmi bir-birinə vurub. Bəlkə o, elə bu məqsədlə də «dinamiti» ortaya atıb. Hər halda, öz bədnam romanını çap etdirərkən yəqin ki, çox düşünüb-daşınıb və gəlir-çıxarını hesablayaraq, çapa üstünlük verib.
Lakin axı bir real əsası olmayan ermənipərəstlik artıq daşlaşıb qalır, kitab və ya roman kimi.
Xalq yazıçısı adını daşıyan (Dünənki tarixə qədər- red.) və bunun bəhrəsini görən bir adam müharibə vəziyyətində olan vətəninin 20 faiz ərazisini işğal edən köhnə və qəddar düşməni qoyub, arxadan öz xalqının kürəyinə necə xəncər vurub və üstəlik, özünə haqq qazandırmağa necə cürət edir, bilmirəm.
Əkrəm isə vurub və çox güman ki, qorxmur da.
Nə məqsədlə, əlbəttə, müəyyən etmək çətindir. Bəlkə də, nə isə…
Xalqımızı nadanlıqda, dost-düşmən tanımamaqda, super acgözlük və tamahkarlıqda, ən çoxu isə şərə boyun əyməkdə nə qədər desən, qınamaq və söymək olar. Amma «dinc», «yazıq» ermənilərlə qəddar rəftarda ittiham etməyi, özü də belə bir məqamda, sadəcə, bir sözlə qiymətləndirmək olar: xamstvo!
Bir daha Əkrəmə xatırladaq ki, barı, Amerika müəllifləri Kastin Makkarti və Karolin Makkartilərin «Türklər və ermənilər» kitabını oxusaydı, təsvir etdiyi hadisələrin necə saxta və yalan olduğunu bilərdi. Amerika müəlliflərinin yazdığı kimi, türklər və azərbaycanlılar tarix boyu heç vaxt ermənilərə nəinki zülm ediblər, heç onları gözümçıxdıya belə, salmayıblar.
Ona görə sənin yazdıqların tamamilə xüsusi bir məqsəd güdür ki, yəqin, özün bilirsən.
Nə isə, xalqımız dözümlü xalqdır və yəqin ki, bu haqsızlıq və böhtana da dözəcək.
Mən bu gün tamam başqa bir şeydən – «Hürriyyət»də Babək haqqında müzakirə açan Ruslan Aqil adlı bir cavan və bu barədə deyilənlərdən danışmaq istəyirəm.
Əşi, bu xalqın cəmi-cümlətani bir kişisi, bir əri, bir qəhrəmanı və bir sarsılmaz əqidə titanı ola, onu da hardansa göndərilən kakoy-nebud Ruslan Aqil bu cür mənfi mənada «reviziyaya» başlayıb müzakirə obyektinə çevirə.
Bu adamın adı Ruslandır və özündə heç vaxt fikirləşməyib ki, adımın mənası nədir. Qoy sənə deyək, ey İslamın aqressiv carçısı, sənin adın kafir adıdır. Ruslan – yəni «rus ol», «ruslaş» deməkdir və Puşkinin eyniadlı antitürk poemasının qəhrəmanının adıdır. Aqil də ki, Allaha şükür, təvazökarlıqdan çox-çox uzaq və sən yaşında və sən səviyyədə bir cavana yaraşmayan bir ləqəbdir.
Bu, bir. Niyə qaşınmayan yerdən qan çıxarırsan? Onsuz da dərd, problem başdan aşır. Dağlıq Qarabağ, daha 7 səfalı rayon və ümumiyyətlə, bütün indiki Ermənistan düşmən tapdağındadır, sən də elan edirsən ki, bəs xalqın tarixinin günəşi olan Babəki sevmirsən, çünki din əleyhinə olub.
Əzizim Aqil, dahi yunan tarixçisi Fukididin möhtəşəm və təkrarsız «Tarix» əsərini oxusaydın, görərdin və bilərdin ki, dünyada azadlıq nədir. Əsərdə təsvir olunur ki, güclü və qüdrətli afinalılar balaca Melos adasının sakinlərinə deyirlər ki, bəs ya bizimlə olun, bizim müttəfiqimiz olub nə deyirik onu edin, ya da üstünüzə qoşun çəkib kişilərinizi qıracaq, qadınlarınızı da satacağıq. Və meloslulara bir neçə gün fikirləşmək üçün vaxt verirlər. Vaxt keçəndən sonra meloslular gəlib, öz azadlıq və müstəqilliklərini üstün tutaraq afinalılarla uzun-uzadı mübahisə edirlər. Onların bu mübahisəsinin dünyada misli-bərabəri yoxdur və azadlığın nəinki dindən, ümumiyyətlə, insan həyatından nə qədər üstün olduğunu əyani surətdə sübut edir. Nəticədə hər iki tərəf öz sözü üstündə durur və müharibə başlayır. Aydındır ki, afinalılar daha çox və güclü olduqları üçün balaca Melos adasının bütün kişilərini qılıncdan keçirirlər və vəd etdikləri kimi qadınlarını da satırlar.
Və meloslular da buna uf demədən gedib, zərrə qədər də təəssüf etmirlər.
İndi də gələk Babəkə. Əzizim və çox hörmətli Cəmil Həsənli, fakt odur ki, Babək 20 il öz xalqının azadlığı və müstəqilliyi uğrunda özündən yüz qat güclü işğalçılarla vuruşub və 20 il ərzində dönə-dönə onlara qalib gəlib.
Cəmil müəllim, bir müsəlman lətifəsini yadına salım, yəqin ki, eşitmisən. Bir nəfər Şeytanın çox xoş görkəmli və yaraşıqlı bir adam olduğunu görüb soruşur ki, axı bəs səni çox əcaib bir məxluq kimi təsvir edirlər. Niyə belə? Şeytan deyir ki, neynim, qələm düşmən əlindədir.
Babəkin xalqı tarix yazmaqla məşğul olmayıb və yəqin ki, onda da indiki kimi alverdən başqa heç nə bilməyib. Babək özü də o dərəcədə elmli və strateji düha sahibi olmayıb ki, öz həyatının, döyüşlərinin tarixini yazdırsın.
Bəlkə də yazdırıb, kim bilir. Ərəblər 500 il ərzində məgər salamat əlyazma qoyardılarmı? Ona görə onun barəsində nə yazılıb, nə qələmə alınıbsa, hamısı ağıllı, qətiyyətli, hiyləgər düşmənlərinin qələmindən çıxıb.
Xürrəmdin, nə bilim, kim kimlə yatdı-yatmadı (guya, indiki qadınlar və kişilər pozğunzasına o vaxt olduğundan az yatıb-durur, az pozğunluq edirlər), bunlar hamısı cəfəngiyyatdır.
Sən axı dayaz Fazil Qəzənfəroğlu deyilsən. Dəyərli, sanballı monoqrafiyalar müəllifisən və ümumiyyətlə, ideoloqsan, bunları məndən də yaxşı bilməlisən.
Bir də azadlıq hansı yolla əldə olunursa və ya qorunursa, fərqi varmı? Babək demişkən, insanın bir gün ayaq üstə yaşaması yüz il əyilib yaşamasından üstündür.
Cəfər Cabbarlının «Od gəlini» dramına gəldikdə isə əsərin özü şedevr, Babəkin bütün nitqləri və son monoloqu isə bir-birindən parlaq və yüksək bədii və fəlsəfi mahiyyət daşıyan nitqlərdir.
Əzizim Aqil, Babəkə sadəcə – la ilahə illəllah – deməsi əvəzində şahlıq taxtı verilirdi, elədirmi? Amma rədd etdi. Ona görə sənin xalqının bu cür iftixarı olan belə bir qüdrətli, məsləkli azadlıq allahı sənin də ikinci allahın olmalıdır.
Amma sən asan və ucuz bir yol seçib dindar olmusan. Bunu hamı edə bilər. Sənin fərqin bircə ondadır ki, bir balaca qələm əhlisən və özün də aqressivsən. Çox yaxşı, sənin kimilər də dünyada milyonlarladır, 35 milyonu da cənubda. Amma kaş o 35 milyon dindarın əvəzində 1 milyon olaydılar, amma azad, müstəqil, öz dillərinin və vətənlərinin sahibi olaydılar. Onların bunu əldə etməsinə mane olan səbəblərdən biri də dindir, dindarlıqdır.
Bir daha qeyd edirik, kaş o 35 milyon müti əvəzində 1 milyon azad və məğrur soydaşımız olaydı.
Allah böyükdür və o, heç yerdə köləliyi azadlıqdan üstün tutmur. Sənin 35 milyonluq soydaşların isə köləliyi daha üstün tutur.
Böyük Mirzə Fətəli yazır ki, mən bütün dinləri puç və əfsanə hesab edirəm. İndi gərək sənin meyarına görə, sən dindar olduğun ucun ondan üstün və dəyərli tutulasan? Mirzə Fətəli bir dənədir və min ildə də bir dəfə doğulmur, sənin kimilər isə qeyd etdiyimiz kimi, yüz milyonlarladır. Amma zərrəcə şübhə yoxdur ki, əgər behişt varsa, Allah orada bizim kimi öz müti bəndələrini yox, Mirzə Fətəliləri oturdacaq. Buna əmin ol! Çünki Allahın meyarları da özü kimi böyükdür və o, dılğır dindarların deyil, böyük şəxsiyyətlərin aşiqidir.
Hər din öz xalqı üçün yaxşı, əziz və doğrudur, o cümlədən, bizim İslama qədərki dinimiz də. Məhəmməd peyğəmbər fövqəlağıllı bir dahi idi və o, İslam dinini ilk növbədə öz xalqı üçün yaratdı. Və o dövrə qədər bəşər tarixində heç bir adı və rolu olmayan xalqını ən qabaqcıl xalqların – yunanların, romalıların, çinlilərin və hindlilərin cərgəsinə qaldırdı və onlarla bir sıraya yüksəltdi. Məqsəd bu idi və buna da çatdı. Xalqı isə dindarlıq deyil, qəhrəmanlıq, elm və sənət yüksəldir.
Həm də unutma ki, sənə din gətirənlər əsrlər boyu onu sənə elə-belə vermədilər, bütün sərvətini daşıyıb apardılar. Və onlar sənin və sənin kimilərin müsəlman olub behiştə düşüb-düşməməyin dərdini də çəkməyiblər və özü də İslam xalqımız tərəfindən elə-belə, könüllü qəbul olunmayıb. Hər yanda, məlum olduğu kimi, qılınc gücünə yayılıb, amma onu yalnız farslar və türklər qəbul edib. Elədirmi? Bəs başqaları? Niyə sən onlara tərəf baxmır, İslamı qəbul etmədiklərinə görə məsələn, erməniləri, gürcüləri lənətləmirsən, amma min yüz il bundan qabaq bir qəhrəman şəxsiyyətimiz, bir azadlıq və əyilməz qəhrəmanımız olub, onun üstünə düşüb pisləyirsən.
Sən elə fədakar İslam carçısısansa, get Rusiyaya, Avropaya, onları lənətlə ki, niyə müsəlman olmurlar? Niyə İslamı söyürlər, ələ salırlar? Get də! Getmirsən, burada, müsəlmanların içində oturub onu-bunu hədələyirsən və min yüz il əvvəl canını qurban vermiş bir qəhrəmanı gözdən salırsan.
Görəsən, bir gecə qapın döyülsə və açıb qarşında əlində qılınc Babəki görsən, nə günə düşərsən? Əlbəttə, təsəvvür etmək çətin deyil. Eləcə də, digər həmkarların və dindaşların.
Ona görə yerinizdə oturub «Quran»ı şərh edin, hədisləri qələmə alın, xalqımızın ən böyük qəhrəmanlıq tarixini yazmış titanlarla işiniz olmasın.
Babəkin sizin sevginizə qətiyyən ehtiyacı yoxdur və sən Aqil, hətta ayətolla və ya şeyxülislam olsan belə, yenə Babəki tərəziyə qoyub çəkməyə, onu ittiham obyektinə, hətta müzakirəyə belə, qoymağa səlahiyyətin və bunun üçün sənə haqq qazandıracaq məziyyətlərin yoxdur. Sən hansı qəhrəmanlıq göstərib, hansı ölkələr və fəlsəfi zirvələr fəth etmisən ki, tarixin günəşi olan bir fövqəlşəxsiyyəti satışa qoyursan?

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: