Dahinin həyatı

Və yaxud Əlisa Nicatin 77 şərəfli ili

Axşamın alatoranlığı, soyuq, sərt şimal küləyı bu naməlum qocanı Masazır körpüsünün altında, dar bir küncə sığınmağa məcbur etsə də, o, qıvraq görünürdü. 77 yaşında olmasına baxmayaraq başını dik tutub, şax qaməti ilə ətrafa boylanır, gözləri ilə mənim hansı tərəfdən gələ biləcəyimi arayırdı. Mən uzaqdan onu görürdüm, özüm də bilmədən yavaş yeriyir, adamın sifətini qarsayan soyuq, sazaqlı qış havasında körpünün solğun işıqları altında dayanan bu məchul insanın taleyini göz önümə gətirir, 20 illik dostluğumuz dövründə onun mənə tanış olan keşməkeşli həyatını bir daha xəyalımdan keçirirdim. Bu bir neçə dəqiqə ərzində onun bütün həyatı sürətlə gözlərimin qarşısında vərəqləndi və məni az qala soyuq tər basdı, papağımı əlimə alıb kürkümün yaxasını açdım, əlimin biri ilə yaxınlıqdakı ağacdan tutub özümü toparladım və xeyli müddət zəif, qırmızımtıl körpü işığının altında duran bu çəlimsiz, arıq cüssəli insana baxmağa başladım. Onun nə düşündüyünü, bu dəfə hansı deyilməmiş mövzular haqqında xəyal etdiyini təsəvvür etməyə, daxilinə nüfuz edib bir anlıq onun özü olmağa, dünyanı onun kimi təxəyyül etməyə cəhd edirdim. Lakin bu mümkün idimi, onun düşündüklərini başqaları düşünə bilərdimi, onun həyatını özgələri onun özü kimi yaşaya bilərdimi?!

Bu mübhəm, qarmaqarışıq sualların təsiri altında başımı bulayıb yoluma davam etdim, ona yaxınlaşdım, altı aylıq ayrılıqdan sonra nəhayət vaxt eləyib görüşə bildik. Bir qədər söhbət edib fikirlərimizi bölüşdük, körpü altında, narahat bir yerdə ayaqüstə bölüşdüyümüz fikirlər bizdən, bizi əhatə edən maşınlardan, o tərəfə-bu tərəfə qaçışan insanlardan çox-çox uzaq fikirlər idi. Insanın ilkin yaranışından, ilk dəfə ayağa qalxıb əllərini tanımasından, ibtidai ailənin necə yaranmasından başladıq və sonra səmaya üz tutub kainatın ənginliklərinə gedib çıxdıq, ulduzlardan danışdıq, qalaktikalara baş vurduq və sonda yenə qayıdıb bir anlıq tərk edib uzaqlaşdığımız bədbəxt insan nəslinin üzərində dayandıq və burada söhbətimiz qurtardı…

Bu qoca müdrük külliyatının son üç cildini mənə bağışladı və yenə ayrıldıq. O, getdi. Mən dayanıb onun arxasınca bir də baxdım və bu dəfə kövrəldim. Gözlərimdən gələn yaşın səbəbini özüm də anlamağa çalışırdım. Bu insan gecələr yatmır – yazır, gündüzlər isə çoxunu piyada, qalanını isə avtobuslarla uzun yol qət edib yazdıqlarının bir hissəsini cüzi qonarar müqabilində qəzetdə çap etdirməyə tələsir. Bir neçə günlük qidalanmağa kifayət edən ən aşağı dövlət təqaüdü və yenə də bir neçə günə çatacaq cüzi qonorarla bu adam ailəsi ilə necə yaşayır?! Bu insan bu məşəqqətə necə dözür, onda bu iradə, səbr, dözüm haradandır?! Bu necə insandır?! Axı o, istəsəydi bu məşəqqətdən çoxdan xilas olardı, çoxları kimi zənginlik əldə edib firavan həyat sürərdi. Ancaq o, məsləkinə, əqidəsinə qarşı getməkdən imtina etdi, hamının can atdığı rahat, gözəl həyatdan boyun qaçırdı. Bu insan ömrü boyü döyüşüb-çarpışıb. Bu qədər döyüşkənlik, cəngavərlik ruhu, tükənməz enerji ona haradan verilir, üstəlik ilahi fikirlər, balaca beynindən tökülən bu qədər təxəyyül, düşüncə məhsulları bu kiçik bədəndə harada yerləşir?! Görəsən, bu insanın bilmədiyi, haqqında məlumatı olmadığı bir həyat, kainat sirri varmı, bunda bu qədər yaddaş, güclü bilik ehtiyatı hansı mənbədən qaynaqlanır?! Bitib-tükənməyən bu sualların ağırlığına tab gətirmək məni üzürdü. O, neçə illərdir geyindiyi nimdaş kürkdə, özünü soyuqdan qoruya-qoruya Masazır kəndinin dar, əyri-üyrü, palçıqlı küçəsi ilə heç bir rahatlığı olmayan bir yerə, öz komasına tələsirdi, heç şübhəsiz burada öz zamanını gözləməyə gedirdi.

77 illik ömründə onu başa düşə bilənlərin və başa düşmək istəyənlərin sayı barmaqla sayılacaq qədər idi. Görəsən, onun qibtə edilməyən, bəlkə də ən qibtə olunası, son dərəcə maraq kəsb edən, heyrətamiz ömrü onun tam başa düşülməsinə kifayət edə biləcəkdimi. Yəqin ki, yox. Tarix çoxdan sübut edib ki, belə adamları öz dövründə anlamırlar və sanki bilərəkdən anlamaq da istəmirlər. Hərgah hamı oturub onun axirətini gözləyir ki, öləndən sonra bu ağlasığmaz, əzablı həyat dövründə bu insanın nə demək istədiyini başa düşsünlər, sonra da ona heykəllər, büstlər ucaltsınlar, adına küçələr verib arası ilə yerisinlər, əsərlərini bestseller kimi dalbadal nəşr edib milyonlar qazansınlar, kitablarını dərsliklərə salıb körpə uşaqlara örnək göstərsinlər və yeni nəsilləri məhz bu cür olmaq istiqamətində, belə dahiyanə əsərlər yaratmaq yolunda tərbiyələndirsinlər və acı ömrünü də kitablara salıb sonra da onun bu qüssəli həyatını həmin kitablardan oxuyub kədərlənsinlər. Dahinin həyatı başqa cür olmur – ey dili qafil. Bu yolu sən seçməmisən ki, ondan da şikayətlənəsən, dahilik sənin taleyin, ona boyun əymək isə nəsibindir.

BİNNƏT QƏRİBLİ

Реклама
Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: