“Yastıqdüzəldən” professor…

Qulamrza Təbrizi 30 milyonluq xalqın başının altına yastıq qoymaqdan əl çəkmir

Milli azadlıq BMT-də, ABŞ konqresində kiminləsə söhbət etməklə əldə olunmur; 35 milyonluq xalqın 1 milyonu qurban getməlidir

«Hürriyyət» qəzetində Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi ilə müsahibə çap olunmuşdur. Müsahibəni, son illərdə qonşu düşmən ölkələrinin dönə-dönə çökdüyünü elan edən, amma həmin ölkələrin gündən-günə çiçəklənməsinin və güclənməsinin şahidi olduğumuz Ənvər Börüsoy aparmışdır.
Qulamrza müəllim bilir, ya bilmir ki, onun yaratdığı «Gamac» adlı təşkilat təzə və yeganə şey deyil. İndiyə kimi İranda və orda-burda yüzlərlə belə «təşkilatlar» yaradılıb, sonra da hamısı sabun köpüyü kimi itib-getmişdir.
Qulamrza müəllim öz imkanlarını və şəxsiyyətini həddindən artıq şişirdib BMT-də danışıqlar aparacağını bəyan edir.
Ay Qulamrza müəllim, bizi bağışlayın, axı siz kimlə danışacaqsız və sizin danışıqlarınızın nə əhəmiyyəti və nəticəsi olacaq? Gülməli deyilmi? Bu danışıqların dünya siyasətinə nə təsiri ola biləcək?
Görünür, sizin bu cür iddialı fikirlər söyləmənizdə Bakıda bəzilərinin haqqınızda monoqrafiyalar çap etməsinin də az rolu olmamışdır və siz doğrudan da öz personanızı olduğundan on dəfələrlə böyük görürsünüz.
Əziz oxucular, indi bu qoca professor meydana atılıb o qəzetə-bu qəzetə müsahibə verməyi Cənubi Azərbaycan milli hərəkatı üçün böyük uğur hesab edir. Dünyanın real siyasətindən tamamilə məhrum və uzaq olan bu sadəlövh adam sadə bir şeyi, ibtidai bir həqiqəti başa düşmür ki, indiyəcən hətta BMT belə, heç bir ölkəyə elə-belə azadlıq və müstəqillik verməyib.
Bu adam hələ də başa düşmür ki, BMT qərarları heç bir ölkə üçün məcburi xarakter daşımır. Əgər belə olmasaydı, BMT-nin 4 qətnaməsi ilə Azərbaycanın işğal olunmuş əraziləri azad olunardı. 20 ildir ki, həmin qətnamələrin bir qara qəpik qədər də əhəmiyyəti və faydası olmayıb.
A kişi, nə istəyirsən bu yazıq Güney xalqından? Niyə 30 milyonluq xalqın başının altına yastıq qoymaqdan əl çəkmirsiniz? Tehran rejimini hey çökdürürsüz. Rejim də maşallah, gündən-günə qüdrətini artırır və hətta atom bombası yaratmaq ərəfəsindədir. Ondan sonra isə görüm kim İranla qoz-qoz oynayacaq.
Niyə yalan danışırsınız? Əvvələn, Tehran rejimi hətta ABŞ-a belə, meydan oxuyur, İsraili yer üzündən siləcəyini bəyan edir. İkincisi, bir balaca bərkə düşəndə ayətollalar o dəqiqə ABŞ-ın qabağında diz çökür.
Üçüncüsü, siz narahat olmayın, İran elə zəngin ölkədir ki, hətta neft ixracı olmadan da yaşaya biləcək.
Çöhrəqanlı 15 ildir İranı çökdürür, Ənvər Börüsoy da 10 ildir. Hanı bəs?
Bəli, ABŞ İsraillə birləşib İrana nəsə edə bilər. Nüvə bombası hazırlanan yerləri dağıda bilər, amma nə olsun. İrana ordu yeritmək, orada yerüstü müharibələr aparmaq qeyri-mümkündür. İş o həddə çatanda, a qafil professor, hətta İran azərbaycanlıları belə, əldə silah Tehranın müdafiəsinə qalxacaqlar, necə ki, İran-İraq müharibəsində gördük. Siz öz xalqınızı, İran türklərini hələ tanımırsız.
Mirzə İbrahimovun «Gələcək gün» romanından bəri biz hər dəfə ortaya atılan birinin dilindən bu nağılları eşidirik.
Bəsdirin! Xalq özü hər yanda ayağa qalxmasa, hərəsində 10-15 nəfər toplanan QAMAClarla heç vaxt milli istiqlaliyyət əldə etmək mümkün deyil.
Yalnız hər yanda olduğu kimi, Liviyada, Misirdə minlərlə, on minlərlə qurban verib nəyəsə çatmaq olar. Yalnız bu halda BMT köməyə gəlir. Bu, bir. İkincisi, ay hörmətli, sadəlövh professor, böyük dövlətlər İranı parçalamağa qoymazlar. Hind-Avropa təəssübkeşliyi, İran adlı qədim dövlətin cazibəsi var. «Kakoy nebud» məzlum azərbaycanlılara görə İranın daxili sistemini dəyişməyəcəklər. Siz də bir şeir xəstəsisiniz. Vaqif Sultanlı öz sonsuz praqmatizmi xatirinə sizi şair edib. Başınızı aşağı salıb nə bilirsiniz, onunla məşğul olun, bu qoca yaşınızda şöhrət dalınca qaçmayın!
Güney azərbaycanlılarına heç bir istiqlaliyyət gərək deyil. Biz Ərdəbildə və başqa İran şəhərlərində olmuşuq. Hər şəhərdə 1-2 nəfərdən başqa heç kimin ağlına belə şeylər gəlmir.
Xiyabani Azərbaycan dövlətini yaratdı, axırı nə oldu? 50 nəfər Tehrandan gəlib, günün günorta çağı onu küçədə güllələdi. Sənin atalarının, babalarının gözü qabağında o boyda insan gülləbaran edildi. Bəs niyə bir nəfər ayağa qalxmadı? Hamısı dayanıb tamaşa etdilər. Budur, sənin təbrizlilərin.
1945-ci ildə də sovet ordusu və Mir Cəfər Bağırov yenə sizə yeni istiqlaliyyət verdi. Nə oldu? Yenə Tehrandan 400-500 adam gəldi və bütün fədailər (onların nəyi fədai idi, bilmirik. Fədai, müharibə edib şəhid olana deyərlər) ya qaçıb Azərbaycana keçdilər, ya İranda gizləndilər, ya da ələ keçib güllələndilər. Çoxu da evində gizləndi və Tehrandan gələnlərə bir dənə güllə də atılmadı.
A kişi, dinc yolla azadlıq olmur. Ya SSRİ-də olduğu kimi yuxarı dağılır, azadlıq gəlir (Qüzeydə olduğu kimi), ya da Afrika ölkələrindəki kimi müharibə ilə əldə edilir.
İranda birinci variantı gözləmək Don Kixotluqdur, ikinci variant da heç zaman olmayacaq.
Dinc yol. A kişi, gözünüzün qabağında Suriyada, hələ hər şeyi ola-ola, xalq 60 min qurban verib. Səninkilər sayca Suriyadan 3 dəfə çox ola-ola, utanmırsız dinc yoldan danışırsız. Ümumiyyətlə, siz nəyə lazımsız, bilmirəm. Siz deyildinizmi, «O olmasın, bu olsun» komediyasında təsvir olunduğu kimi, Bakının Bulvarında əlində palan müştəri gözləyənlər?
Utanmadan uğurlardan danışırsız. Hansı uğurunuz var? Niyə camaata «xəyalplov» yedirirsiz?
Hansı şəhəri alıb, istədiyiniz sistemi yaratmısız?
Adicə bir jurnal buraxıb, 2 nömrəsindən sonra pulunu yeyib qaçırsız («Araz» jurnalı kimi).
Milli azadlıq bir neçə yüzlük tirajı olan qəzet və jurnalla, BMT-də, ABŞ konqresində kiminləsə söhbət etməklə əldə olunmur. 35 milyonluq xalqın 1 milyonu, hətta 5 milyonu qurban getməlidir. Silahlı qırğın!
Cənab Qulamrza müəllim, Əlcəzair xalqı Fransa kimi dövlətlə 10 il müharibə edib, hələ o dövrdə 1 milyon qurban verib müstəqil oldu. Bunun başqa yolu yoxdur, ay Mirzə Ələkbər Sabirin «Bilməm bu məşrutəni şah neçin verməyir» – deyən İran kəndlisi.
İstiqlaliyyət dünyanı mat qoyub alınır, cənab sadəlövh nağılçı.
Bilirsizmi, molla rejimi niyə Azərbaycan türklərinə heç olmasa ibtidai siniflər üçün də olsa, ana dilində oxumaq hüququ vermir? Çünki bilirlər ki, bunun dalınca başqa tələblər – tam təhsil, sonra mətbuat azadlığı və nəhayət, siyasi azadlıq və axırda da müstəqillik tələbləri gələcək. Bu, labüddür. İştaha yemək vaxtı gəlir – deyirlər. Sonra da İranın başqa xalqları – kürdlər, türkmənlər, ərəblər, giləklər ayağa qalxacaq. Bu xalqların hamısı azərbaycanlılara baxır. Azərbaycanlılar isə ya bunu heç istəmir, ya da sadəlövh professor, sizin kimi bunu başqalarının görəcəyini, kimlərinsə canını qurban verib onlara müstəqillik bağışlayacağını güman edirlər.
Cənublu soydaşlarımıza sizin kimi dil pəhləvanları lazım deyil. Bunlardan nə qədər deyirsən var. İran türmələri də onlarla doludur. Cənab Qulamrza müəllim, xalqa yeni Səttarxanlar və yeni Xiyabanilər lazımdır. Cavan, ağıllı, enerjili, sizin kimi 80 yaşında olanlar yox. Tədbirli, realist, qətiyyətli qəhrəmanlar lazımdır.
İş görənlər lazımdır, ədəbi şeir pəhləvanları, xəyalplov ilə yaşayanlar, düşmənlərə ümid olanlar yox.
Güney xalqımıza, qeyd etdiyimiz kimi, qəhrəmanlar lazımdır (elə Qüzeyə də!), amma analarımız hər gün yüzlərlə naqqallar və söz pəhləvanları doğur. Hamısı da maşallah, Ənvər Börüsoy və sizin kimi nikbin və məharətlə «yastıqdüzəldən» olurlar. Əgər güneyli qardaşlarımız siz deyən kimi dinc yolla azadlıq və istiqlaliyyət istəyirlərsə, onda onu qulaqlarının dibini görəndə görə bilərlər. Əlbəttə, güzgüyə baxmaqla yox.
Bəlkə də, xalq ayağa qalxıb yumruğunu qaldıra bilər, amma sizin kimi yastıqdüzəldənlər və onların məddahları buna imkan vermirlər ki, vermirlər.
Qeyd etdik ki, biz İranda olmuşuq. 35 milyonluq xalqın artıq üçdə biri assimlyasiya olub. Qardaşa «qardaş» yox, «bəradər» deyir, üçdə biri də artıq nə ondan-nə də bundandır. Qalır üçdə biri. Belə getsə, həmin üçdə birinin də milli duyğuları ölüb cəmdəyə dönəcəklər. Nə qədər özgələşib, sonra bu özgələşmənin keşikçiləri olan millətlər beləcə, əriyib gediblər. Tarix onların qəbiristanlıqları ilə doludur.
İranın cəza dəstələri olan «İslam keşikçiləri» kimi. Amma xalq öz gücünü görsə, daha qabağını almaq mümkün olmaz. Necə ki, bir neçə il qabaq bunun təzahürlərini gördük. Amma qulamrzalar, sultanlılar, börüsoylar imkan versə. Bu yastıqdüzəldən dil pəhləvanları, başları çıxmayan işdə özünü mütəxəssis sayanlar!
Əgər elə günü sabah Tehranda hansı bir yaramaz antitürk şovinist bomba ilə partladılıb məhv edilsə, mollaların gözü qorxacaq. Amma sizin kimilər buna imkan vermir. Oturub gecə-gündüz ABŞ və ya BMT-nin bu bədbəxt xalqa muxtariyyət verəcəyini gözləyirsiz. Onlar isə, təkrar edirik, xalq özü ayağa qalxmayınca, silahlı mübarizə aparmayınca, minlərlə, on minlərlə qurban verməyincə, heç vaxt məsələyə qarışmırlar. Bosniyada, Kosovada olduğu kimi. Gözünüzün qabağında deyilmi? Necə bu boyda faktları, hadisələri görmürsüz, ay cənab professorlar?
Başqa cür qiyamətdə də heç nə ala bilməyəcəksiz, çünki real yol budur. Çünki sizin kimilər üçün ABŞ dövləti yüz milyardlarla xərc çəkib, on minlərlə əsgərini qurban verib sizə azadlıq bağışlamayacaq. Və ya BMT Təhlükəsizlik Şurası, hətta sessiyası dost İran dövlətinin əleyhinə gedib onu parçalamayacaq.
Tarix bütün xalqlara dönə-dönə fürsət verir. Hər dəfə ölüvaylıq, siyasi inersiya və əlindəki azadlığı heç nədən əldən vermək neçə dəfə olar?

Güneyli qardaşlarımıza bir şeyi də xatırladaq ki, onlar haçansa əldə silah mübarizəyə başlasalar, molla rejimini allahsızlıqda, dinsizlikdə ittiham etməyi bayraq eləməlidirlər. İmkan vermək lazım deyil ki, mollalar və ayətollalar sizi dinsizlikdə, kafirlikdə ittiham etsinlər. Bu təşəbbüsü onların əlindən almaq, onları qabaqlamaq lazımdır. Yalnız bu yolla, bu şüarla, bu bayraqla xalq ayağa qalxa bilər. Çünki hamımız bilirik və görürük ki, cənublu soydaşlarımız üçün din azadlıqdan daha üstündür. Halbuki, insan həyatının mənası ilk növbədə azadlıqdır. Necə ki, min il qabaq qəhrəman Babək məhz belə etmişdi. O zaman xalqımız azadlığı hətta dindən də yüksəkdə tutub ayağa qalxmış və 20 il özündən qat-qat güclü olan düşmənlə ölüm-dirim mübarizəsi aparmışdı. Ona görə bizə yenə yeni bir Babək lazımdır. Təəssüf ki, xalqımız Babəklər yox, Xiyabanilər yox, Səttarxanlar yox, qulamrzalar və ənvər börüsoylar yetişdirir.

P.S. Qulamrza müəllim iddia edir ki, Rusiya və Çin İranı müdafiə edə bilməyəcək. Niyə? Yoxsa sizdən qorxacaqlar, cənab professor?

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: