Ədəbiyyatçılarımızın və yazıçılarımızın dayazlığının səbəbləri

Niyə bir şair və yazıçı dahi, əksəriyyət isə kiçik və ortabab olur? Niyə biri gec və ya tez dünya ədəbiyyatında «bomba» olur, o biriləri isə tarixin tozları altında itib-batır? Daha aydın və əyani olsun deyə, niyə biri Şekspir, digəri isə Səttar… olur?

Əlbəttə, harada doğulmağın və hansı xalqın övladı olmağın da böyük əhəmiyyəti və rolu var. Lakin əsas səbəb daxili qüvvədən, necə deyərlər, «azart»dan, insanı daima irəli qovan həvəs və ehtirasdan asılıdır.
Dahi, uşaq yaşlarından bütün varlığı ilə dünya fəlsəfəsini, mədəniyyətini və ədəbiyyatını mənimsəməyə, dəli bir ehtirasla oxumalı olduğu dünya ədəbiyyatı nümunələrini oxumağa can atır və onları əldə etməyincə rahatlıq nə olduğunu bilmir.
Kiçik və ortabablar isə 1-2 populyar, amma mahiyyətcə dayaz sənətkarlardan başqa heç nə mənimsəməyə meylli olmur və can atmır.
Yadımdadır, keçən əsrin 60-cı illərində bizim o dövrdə çox məşhur olan qocaman xalq yazıçılarından biri şair Əli Kərimin əlində tanımadığı bir müəllifin kitabını görüb ona demişdi: «Əli, elə şey eləmə. Kitab oxumaq nədir, dərhal korlanarsan.»
Bunu mərhum Əli Kərim özü mənə danışmışdı. Lakin Aristoteldən bəri bütün böyük mütəfəkkirlərin əsərlərini oxuyanda buradakı yaradıcı və sənətkar adlarının çoxluğundan heyrətə gəlirsən. Böyük filosoflar onlara qədər bütün yaradılmış və yazılmış idrak və sənət nümunələrini oxuyub götür-qoy edəndən sonra özləri də yaratmağa başlayıblar. Hətta bununla kifayətlənməyib Pifaqor kimi illərlə o dövrün uzaq Babilistan, Misir və hətta Hindistan kimi ölkələrini gedib gəzərək, müdriklərdən dərs almışlar.
Doğrudur, yazıçının romanında onun oxuduğu əsərlərin adları çəkilmir. Lakin Kafkanın gündəlik və müsahibələrində onun ona qədərki bütün böyük və kiçik ədəbi əsərləri mənimsəməsinə və ümumiyyətlə, erudisiyasına heyran qalırsan.
Məhz bu oxumaq eşqi sayəsində yazıçının özünəməxsus üslub və əsərlərinin bədii qüdrəti əmələ gəlir. Buna əmin olmaq üçün Xorxe Borxesin dördcildliyinə ötəri bir nəzər salmaq kifayətdir.
Beyindəki, kəllədəki bütün bu rəngarəng fikir, ideya «metalları» üstünə Mirzə Fətəlinin «iksir» adlandırdığı həqiqi, Allahın verdiyi iksiri qatmaqla hamısı bir yerdə əriyib, qaynayıb yeni bir şəkildə qızıl və platin dəyərində metala çevrilib bəşəriyyətin ən yaxşı nüsxələrini heyran qoyur və nəticədə hələ keçən əsrin 60-cı illərində yazıldığı kimi, təkcə Avstriyada 1 ildə Kafka haqqında 5 mindən çox tədqiqat əsəri yazılır.
Bəs bizdə, yəni yazıçı və oxucularımız arasında niyə Kafkanın hələ də heç bir dəyəri yoxdur? Eləcə, başqa fövqəldahilərin də? Çünki Qərbin oxucu və yazıçılarından fərqli olaraq BİZDƏ İSTİSNASIZ BÜTÜN ƏDƏBİYYATÇILAR, YAZIÇILAR VƏ OXUCULAR SOVET SOSİALİST REALİZMİ «ŞORBASI» İLƏ ELƏ DOYMUŞ, ELƏ TƏRBİYƏLƏNMİŞLƏR Kİ, YAZIQLAR BU TƏSİRDƏN, BU BATAQLIQDAN ÖLƏNƏ KİMİ QURTARA BİLMİRLƏR. ÜSTƏLİK, YERLİÇİLİK, ƏNƏNƏÇİLİK VƏ NƏHAYƏT, PAXILLIQ HİSSLƏRİ O QƏDƏR GÜCLÜDÜR Kİ, ONLARI SAĞLAM DÜŞÜNCƏ VƏ ƏDALƏT HİSSİNDƏN ÖMÜRLÜK MƏHRUM EDİR.
Mətləbə aid olduğuna görə bir haşiyə: Qəribə işdir, Kafkanın sovet dövründə, gərək ki, 1968-ci ildə Moskvada 1 cilddən ibarət seçilmiş əsərləri nəşr olundu və ona sahib olan xoşbəxtlərdən biri də təbii ki, mən idim. (Hətta ikisini əldə etmişdim.)
Elə ki, SSRİ-də ləyaqətli Qorbaçovun aşkarlıq və demokratiya dövrü başlandı, o vaxtdan Kafka əsərləri Rusiyanın müxtəlif nəşriyyatları tərəfindən yüz dəfələrlə çap olundu və təbii ki, hamısından Bakıya da gəlirdi və darhal da satılırdı. Onları kim alırdı? Yəqin ki, o vaxt Bakıda yaşayan ruslar, yəhudilər və başqa rusdillilər. Bizim günlərdə də bu kitablardan Bakıya gəlir və yenə yox olur. Bəs indi kimlər alır? Axı bu kitablardakı mətləblər bizə, kəlləmizə tamam yaddır. Yabançı, ən yaxşı halda bizim üçün anlaşılmazdır.
Görünür, onları elə-belə, evləri, şkafları bəzəmək üçün alırlar.
İstedad hər gün yeni «qida» tələb edir. O Günəşin bətni kimi daim qaynayır, onda daim partlayışlar baş verir və nəticədə dünyaya «luçezarnıy» şüa və istilik saçılır və bu şüaları mənimsəyib yeni-yeni istedadlar pöhrələnir.
Əlbəttə, bunun üçün münbit mühit lazımdır. Lakin elə güclü istedadlar olur ki, bu yararsız mühitdə də lazım olan elementləri axtarıb mənimsəyərək çiçəklənir. Amma əlbəttə, bu, nadir hallarda baş verir.
Yenə bir haşiyə: Yadımdadır, keçən əsrin 70-ci illərində (bu barədə hardasa yazmışam, indi yeri gəldiyi üçün təkrar edirəm) Mişa (Mixail) adlı bir yəhudi tanışım vardı və onda Nitşenin inqilabdan əvvəlki külliyyatının birinci cildi vardı. Mən Bakıda yeganə adam idim ki, hələ o vaxt Nitşenin tam külliyyatını əldə etmişdim. Hətta kitabxanalarımızın heç birində ayrıca çap olunmuş bir-iki kitabından başqa Nitşenin heç bir əsəri yox idi və onları da yalnız xüsusi icazə ilə alıb oxumaq olardı.
Nə qədər yalvarırdım, zalım Mişa həmin cildi mənə satmırdı ki, satmırdı.
Nəhayət, bir gün zəng vurdu. – Tez gəl, – dedi, – Nitşeni satıram. Tez evlərinə yollandım. Mişa İsrailə köçürdü. O vaxt «Elm və həyat» jurnalında işləyib ayda 120 manat alırdım və 150 manat verib Mişadan kitabı aldım.
Çiskinli bir payız günü idi və seyrək yağış yağırdı. Mən tramvaya da minməyib kitabı qoltuğuma sıxaraq, Çapayev küçəsi ilə uça-uça evə gəlirdim.

Əlisa Nicat

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: