BDU-nun tarixçi professoru Əsməd xanım Muxtarovaya

Bu günlərdə «Adiloğlu» mətbəəsində təsadüfən rast gəldiyim «Tarix və onun problemləri» məqalələr məcmuəsinin dördüncü nömrəsi əlimə keçdi. Vərəqləyib demək olar ki, hamısını oxudum.
Çox hörmətli Əsməd xanım, siz çoxdan tanıdığım yüksək səviyyəli tarixçilərimizdən biri kimi həmişə yadımdasınız. Sizin təsisçisi və baş redaktoru olduğunuz bu məcmuə haqqında onun bir nömrəsindəki yazıları nəzərdə tutub fikirlərimi sizə çatdırmaq istəyirəm.
Əvvəlcə böyük bir iradımı söyləyim. Elə bir irad ki, yalnız sizin məcmuənizin daha artıq hörmət və oxucu qazanmasına xidmət edə bilər.
Əsməd xanım, məcmuənizdəki yazıların üçdə birinin, özü də sizin də yazınız içində olmaqla, rus dilində yazıldığını və çap olunduğunu görüb məəttəl qaldım. Məəttəl qaldım ki, psixologiyamızdakı bu mütilik, bu idiotizm niyə bu qədər güclüdür? Niyə düşmənlərə qul olmaqdan, onların mənəvi köləsi olmaqdan əl çəkə bilmirsiz? 1920-ci ildə şanlı Cümhuriyyətimizi məhv edənlərin nə vaxtacan bu cür sürünənləri olub-qalacağıq? Axı nə vaxtacan rus dili bu ölkənin kütbeyin tarixçilərinin iftixar obyekti olacaq, nə vaxtacan?
Axı müstəqil respublikanın, müstəqil dövlətin alimləri heç bir səbəb olmadan sadəcə, bir-birlərilə yarışırmış kimi (guya, mən rus dilində yaza bilirəm!) necə başqa bir ölkənin və başqa bir xalqın və başqa bir dövlətin dilində yaza bilər? Məgər Fransada ingiliscə yazan tarixçi varmı? Yox! Hətta rusların hər cəhətdən kiçik qardaşları olan ermənilərdə də belə bir şey yoxdur. Nəinki tarixçiləri rusca yazmır, hətta ümumiyyətlə, bizdən fərqli olaraq Ermənistanda rusdilli orta məktəb yoxdur. Amma bizdə maşallah, doludur.
Aydındır ki, bir əsr yarımlıq müstəmləkəçilik öz təsirini göstərir. Amma niyə bu təsir 15 başqa respublikada yox, ancaq bizdə bu qədər güclüdür?
Sizin rus dilində Azərbaycan tarixinə və ya hər hansı bir başqa mövzuda məqalə, əsər və monoqrafiyalar yazmağınıza nəinki heç bir zərurət, hətta ixtiyarınız yoxdur, çünki ölkəmizin dövlət dili var. Bu, Azərbaycan dilidir. Amma siz zərrəcə çəkinmədən və utanmadan rusca yazmaqla fəxr edərək (guya, bu böyük işdir) inadınızdan əl çəkmirsiniz. Artıq 1985-90-cı illərdən sonra doğulan uşaqlar rus dilini bilmirlər, yəni rusca oxuya bilmirlər. Bəs kimin üçün yazırsız? Bir-biriniz üçün? Bir-birinizin gözünə qum atmaq üçün? Mən guya, səndən savadlıyam.
Əsməd xanım, rus dilində yazmaq savad göstəricisi deyil, əksinə, savadsızlıq və mənəvi köləliyin nümayişidir.
Siz bir yandan Xocalı soyqırımına ağlayır, məqalə və monoqrafiyalar çap etdirir, bir yandan da «ruskoyazıçnı» olmağınızla fəxr edirsiniz.
Cənab doktorlar, professorlar və akademiklər, rus dilində yazmaq artıq heç yerdə elmi prestij sayılmır. Bunu ancaq və ancaq milli ləyaqətsizlik adlandırmaq olar. Siz tarixçilər bu cür davranışla Nailya Mamedova xanım kimi sonra da şikayət edirsiniz ki, niyə fransız alimləri indi, italyan səyyahları isə hətta Şah İsmayılın ətrafında ola-ola da bizi pers və ya ən yaxşı halda türkmən hesab edirlər? Axı beyinsiz tarixçilərimiz onda da öz dillərində deyil, farsca yazıblar.
Gələcəkdə sizin də bu yazılarınıza və monoqrafiyalarınıza əsasən bizi, yəni sizi çox güman ki, rus hesab edəcəklər. Necə ki, Azərbaycanı XVI əsrdə İrana, Persiyaya heç bir dəxli olmaya-olmaya yüz illərdir ki, Persiya və İran hesab edirlər. Ha özümüzü cırırıq, Avropada qulaq asan yoxdur ki, yoxdur.
Əsməd xanım, nə olar ki, bir dəfə həqiqətə qulaq asın, düz hərəkət edin, səhvinizi etiraf edin və möhkəm qanun qoyun ki, Bakı Dövlət Universitetinin nəşr etdirdiyi məcmuəyə ancaq dövlət dilində yazılan yazılar qəbul ediləcək və bununla siz çoxlarını bu pis vərdişdən əl çəkməyə məcbur edərsiz.
İndi də məcmuənizin dördüncü nömrəsində rast gəldiyim böyük-kiçik xətalar barədə.
1. Bəzən bütöv bir məqalədə müəllif bəsit şəkildə rəqəmlər və faktlar sadalamaqla kifayətlənir, heç bir nəticə və məqsəd açıqlanmır. Çünki müəllifin buna səviyyəsi çatmır. Məsələn, Qulnara Useynovanın «Nekotoroe aspektı razvitiya obrazovaniya tyurskix narodov tsentralnoy Azii i Povoljya v XX veke» məqaləsində olduğu kimi. Əvvələn, abstrakt XX vekdə yox, a imenno v sovetskoy vremeni, yəni sovet dövründə. Çünki məqalədə məhz bu dövrdən söhbət gedir.
İkincisi, doğrudur, Useynova xanım kiçik bir abzasda sovet hakimiyyətinin müəyyən etdiyi strateji məsələdən danışır. Lakin bu məsələlər üzdə olanlar idi, yeni dövlət və partiya aparatı üçün kadrlar hazırlamaq. Xeyr, bu hələ əsas məqsəd deyildi, xanım qız, əsas məqsəd sonralar Çuvaşiyada, Altayda və s. olduğu kimi RUSLAŞDIRMAQ siyasəti idi.
2. «Krım XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri» məqaləsində də sadəcə, Krımda əhalinin artım rəqəmləri sadalanır və bu mənada yazı heç bir tarixi, elmi, siyasi əhəmiyyət daşımır. Yazıda əsas məsələ isə Krımda milli tərkibin pozulması və çarizmin, eləcə də bolşeviklərin Krımda krım tatarlarının sıxışdırılıb aradan götürməsi idi ki, sonralar Stalin tərəfindən tam həyata keçirildi. Bunsuz Krımda əhalinin bu qədər olub, sonralar bu qədər artdığını söyləməyin nə mənası və nə əhəmiyyəti?
Əsməd xanım, yazı müəlliflərindən kim olursa-olsun, tarixi hadisələrin dərinliyinə getməyi tələb edir. Bəsit təfəkkürün məhsulu olan bu yazıların heç bir elmi dəyəri yoxdur.
Biz sizin şəxsiyyətinizə hörmət olaraq məqalələrin təfərrüatına getmirik. Sadəcə, Nailya Mamedovanın məqaləsində bir cümlədə iki yanlışlığa yol verilməsini diqqətinizə çatdırırıq. Xanım yazır: «Heç şübhəsiz ki, Şah İsmayılın adı Makedoniyalı İskəndər, Yuli Sezar, Atilla (Qərbi-Hun imperiyası), I Pyotr kimi böyük insanlarla bir sırada durur». (Tərcüməsi bizimdir).
Əvvələn, heç yerdə I Pyotrun adı Makedoniyalı İskəndər və Yuli Sezarın yanında çəkilməyib və çəkilmir. Çünki I Pyotr bu yerə yüksəlmək üçün siyasi və hərbi düha kimi çox kiçikdir. İkincisi, Nailya xanıma bildirin ki, Hun sərkərdəsinin adı Atilla yox, Attiladır. Özünü gələcək elmi dərəcələrə hazırlayan tarixçi üçün bu, ayıbdır. Çünki küçə adamları Atilla deyir.
Bütün bunlardan savayı dünyaca tanınmış Bromley, Bernştam, Tələt paşa və başqa şəxsiyyətlərin adları təhrif olunmuşdur. Bütün dünyaya paylanan elmi məcmuə üçün bu, çox böyük rüsvayçılıqdır. Korrektura səhvlərinin isə sayı-hesabı yoxdur.
Əsməd xanım, Nizami və Xaqani kimilərin sizin kimi öz vətənində özgə dilində yazması tək mənfur və ölməz bir ənənənin və vərdişin günahıdır ki, 100 ildir nə qədər əlləşirik və bağırırıq, yenə bizi heç yerdə müstəqil bir millət hesab etmirlər ki, etmirlər.

Hörmətlə: Əlisa Nicat

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: