Kimdik, kimlərə döndük

(kiçik poema)

Daş ürəkli həmkarlarım,
Qanmaz, paxıl müasirlər,
Necə sirlər yaşadırdı,
Külliyyatım, necə sirlər…

Krosvordlar aşiqiyəm,
Krosvordlar yaradaraq.
Güllələrim açılmayır,
İşlənsə də daraq-daraq.

Böyük olmaq qorxuludur,
Çoxluq görmür, görənlər də,
Paxıllıqdan nifrət edir,
Xəstəlikdir bu bəşərdə.

Qanmazlıqla paxıllıqdan
Başqa heç nə görəmmədim.
Qəlblərə yol tapammadım,
Dar idilər, girəmmədim.

Ya qanmazdır, ya da paxıl
Bu ölkənin yazarları.
Çöldə deyil, evindədir,
Qəlbindədir bazarları.

İçləri boş, evlər dolu,
Hər nə desən satırdılar.
Əmr olunsa dəvə kimi,
Dərhal yerə yatırdılar.

Kütlə – qanmaz, elit – paxıl,
Mən bunları yara-yara,
Daşıyıram həqiqəti
O bilinməz uzaqlara.

Beş-on nəfər dostlarım var,
Onlar da öz haylarında.
Gah batırlar, gah çıxırlar,
Reallığın çaylarında.

Avtobuslar yordu məni,
Həpəndlər çox səs eyləyir.
Seymur adlı bircə oğlum,
Sözü mənə bəs eyləyir.

Öz-özüyçün dalğalanan,
Sahibsiz bir bayrağam mən.
Torpağa heykəl qoyulmur,
Bircə ovuc torpağam mən.

Bir paxıl da Lənkəranda,
Qırx ildi çörək yeyirdik.
Demə tamam yalan imiş,
Dostuq, qardaşıq, – deyirdik.

Dözməyib qoca yaşında,
Axır maskasını atdı.
Yaxşıdı ki, zəhərini,
Məndən uzaqda boşaltdı.

Düşmənlərin ən böyüyü,
Həmişə ən yaxın olur.
Hər uğur bir fəlakətdir,
Üzərinə axın olur.

Öz dostunun uğunu,
Həzm eyləyən dost hardadır?
Beləsi çətin tapıla,
Bəlkə də nağıllardadır.

Kimdir, hardadır dostlarım?
Bakıdadır beş-altısı.
Qalanları – Nitşe, Lebon,
Bir də qoca Şopenhauer.

Ulu Tanrı, nə yaxşı ki,
Seymur, Dilqəm var dünyada.
Tariyel tapıb onları,
Arabir salırlar yada.

Bu həyatda görən nə var,
Paxıllardan başqa heç nə.
Sevindirmə sən onları!
Ulu Tanrı, məndən keçmə.

Bircə sənsən dayağımız,
Çətin gündə qoymayırsan, —
Qoymayırsan məğlub olaq, —
Yolda sınsın ayağımız.
Yüz nüsxənin yetmişini,
Satıb güclə qazanırıq.
Hə, bir də ki, bir kişi var,
İstisinə qızınırıq.

Beləcə, bir möcüzə tək,
Bu paxıllar, bu qanmazlar
Ölkəsində yaşayırıq
Borca düşmədən dizədək.

Açıq düşmənlərə alqış!
Gizlinlər də sağ olsunlar.
Təki başları qarışsın,
Bir az da uzaq olsunlar.

Tənhalığım bir qaladır,
Daldalanıb yaşayıram.
Bütün yaxşılar ölürlər,
Bunu qanıb yaşayıram.

Demirəm ki, mən mələyəm,
Tikanlarım da az deyil.
Amma haqlını sancmıram,
Dənizim də dayaz deyil.

Az tapılar girə bilən,
Üzə bilən az tapılar.
Bir sehrli böyürtkənəm,
Gizlənmişəm tikanımda.

Tükənməzdir mövzularım,
Verənlərə min-min alqış.
Bu dünyada başqa nə var,
Heç nə… qar, toz, yağış.

***

Heç kim üçün ölümə
Getməyir bu adamlar.
Heç kimə tərəfdarlıq,
Etməyir bu adamlar.

Uşağı da, böyüyü də,
İcazənin quludur.
Varlıların varlısı,
Yoxsulun yoxsuludur.

Hüquqsuzluq bunların
Genetik sərvətidir
Hər cür siyasi rejim,
Ən uyğun dövlətidir.

Hər nə desən bacarır,
Nə istəsən yapırlar
Bilmək olmur çörəyi
Hardan, necə tapırlar.

Qəhrəman ol! – deyirsən,
Baş üstə, qəhrəmandır.
Qorxaq olmaq lazımsa,
Hamı ellik dovşandır.

Otuz ilə, ay Allah,
Cəmi otuzca ilə
Hadı, hudu olubdur
Böyük bir millət necə.

Demə, bizi Mir Cəfər,
Millət eyləyib imiş.
Sonrakı əmr eylədi,
Məhəmməd oldu Məmiş.

12.10.2012

Реклама
Categories: Şeirlər | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: