Həqiqəti təhrif etməyin

Mən qəzetimizin köhnə və daimi icmalçısı «Kənan» ləqəbli jurnalistin kimliyini qəti bilmirəm. Kimdirsə, öz işidir. Amma bu müəllim, «Hürriyyət»in 28-30 sentyabr tarixli nömrəsində yazır ki, Gülər Əhmədova qalmaqalından sonra məlum oldu ki, ölkədə indiyə kimi heç bir seçki-zad keçirilmirmiş və hər şey prezidentin masası üstdəki siyahıda əks olunurmuş. Hərçənd ki, müxalifət bu barədə dönə-dönə bəyanat verirdi…

Təxminən bu məzmunda. Halbuki, cənab Kənan müəllim, heç bir müxalifət lideri və müxalifət qəzeti heç vaxt belə bir bəyanat verməmişdir.
Bəli, onlar illər boyu daim qatıldıqları seçkidən sonra nümayəndələrinin seçilmədiklərini görüb hay-haray salırdılar ki, bəs seçkilər saxtalaşdırılıb.
Bəli, məhz saxtalaşdırılıb. Daha deputatların siyahısının prezident stolu üstündə hazırlandığını və Məzahir Pənahov müəllimin bu hazır siyahını elan etdiyini heç bir müxalifət nümayəndəsi heç vaxt deməmişdir. Bu, belə.
Əslində seçkilər zamanı müxalifətin və jurnalistlərimizin iddia etdikləri kimi səslərin heç bir saxtalaşdırılması baş vermir. Çünki buna heç bir ehtiyac yoxdur. Kimin nəyinə lazım hansı məntəqəyə nə qədər adam gəldi, getdi, nə qədər adam səs verdi, vermədi, kimə səs verdilər, kimə vermədilər, bunların heç bir əhəmiyyəti yoxdur. Və bu barədə Kənan müəllimin iddia etdiyi kimi müxalifət bəyanat verməyib, heç vaxt. Yalnız biz təklikdə və tənhalıqda neçə illərdir ki, bunun məhz belə olduğunu, yəni deputatların prezidentin masası üstündəki siyahı əsasında elan olunduğunu demişik.
Doğrudur, vaxtilə Nemət Pənahov Prezident Aparatında işləyərkən prezidentin masası üstündə qarşıdakı seçkilərdə «seçiləcək» namizədlərin siyahısını görüb bu barədə bəyanat verib, hətta mərhum prezidentlə mübahisə də etmişdi. Və nəticədə Prezident Aparatındakı vəzifəsindən kənar edilmişdi.
Kənan bəy, sizin dediyinizin tamamilə əksinə olaraq müxalifət daim hər seçkiqabağı çox böyük canfəşanlıqla seçkilərdə iştirak edir, hərə 10-15 namizədini irəli sürürdü. Lap elə bu son seçkilərdə hətta hamısına hörmət bəslədiyim ADP qabaqcılları da öz namizədliklərini irəli sürmüşdülər.
Əgər böyük-kiçik, bütün müxalifət partiyalarının yüzlərlə funksioneri deputatların siyahısının artıq hazır olduğunu bilsəydilər, bu cür həvəs, ehtiras və canfəşanlıqla seçkilərə gedə bilərdilərmi? Xeyr. Biz elə məxluqlarıq ki, dünən düşdüyümüz bataqlıqdan dönə-dönə keçməli oluruq. Halbuki, dünən buranın tamamilə keçilməz olduğunu öz cəmdəyimizlə görmüşdük. Amma bütün bunlar ağlımıza və istəyimizə zərrə qədər də təsir etmir.
Ona görə cəmi bir ay qabaq biz əməkdaşımız Zülfüqar Hüseynzadənin də qarşıdakı seçkilərdən danışmasına irad tutmuşduq. Yoxsa, siz qəzetimizdə nə çap olunduğunun fərqində deyilsiz?
Ona görə hörmətli Kənan müəllim, həqiqəti təhrif etməyin.
Bir neçə kəlmə də Gülər Əhmədova qalmaqalı barədə. Şəxsiyyətinə və savadına çox hörmət etdiyim Sərdar bəyə də xatırladım ki, əzizim, yazırsız ki, bu əhvalatdan sonra filankəs, filankəs və filankəslər, daha konkret desək, birincisi, Gülər Əhmədovanın özü, ikincisi icra hakimiyyəti, üçüncüsü MSK, dördüncüsü Gülər Əhmədovanın adından danışdığı adamlar və başqaları istintaqa cəlb edilməlidirlər. Amma edilməyəcəklər, heç nə olmayacaq və heç nə də baş verməyəcək! Sadəcə, öz aralarında bəlkə, Gülər xanımı çağırıb töhmətləndirəcəklər, vəssalam. Nə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Ramiz Mehdiyev müəllimə, nə öz işinin mahir ustası Məzahir Pənahov müəllimə, nə də başqalarına güldən artıq söz deyilməyəcək. Vəssalam.

 

 

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: