Kobo Abenin rəğbətini necə qazandım?

Keçən əsrin 60-cı illərin axırlarında nəhayət, uzun illərin işsizliyinə son qoyub axır ki, mərhum Vidadi Paşayevin köməyi və başqa bir vasitə ilə Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin İncəsənət şöbəsində redaktor kimi işə girdim.

Aydındır ki, işimdən razı idilər. Çünki xüsusilə, Qərb incəsənətinə dərindən bələd idim və ilk dəfə Azərbaycan dinləyicilərini Avropanın böyük rəssamları, bəstəkarları və başqa incəsənət nəhəngləri ilə bir-bir həvəslə tanış edirdim.
Xüsusilə, o vaxtlar çox sevdiyim impressionistlər barədə verilişlərim ardıcıl səslənirdi.
Belə günlərin birində Bakıda Vyetnam xalqı ilə yazıçıların beynəlxalq həmrəylik konfransı keçirilirdi. O vaxt bu ölkədə kommunist Şimal ilə kapitalist Cənubu arasında qızğın müharibə gedirdi. Aydındır ki, sovetlər və Çin Şimala, ABŞ isə Cənuba yardım edirdi.
Konfrans da əlbəttə, Şimali Vyetnamın müdafiəsi üçün çağırılmışdı. O dövr dünyanın bir çox tanınmış yazıçıları ilk dəfə Bakıya gəlmişdilər. Mən yaxşı tanıdığım bu yazıçılarla görüşmək üçün dərhal konfransın keçirildiyi filarmoniyaya gəldim.
O vaxt məşhur yapon yazıçısı Kobo Abenin «Qumluqda qadın» adlı romanı Moskvada çıxan «İnostrannaya literatura» jurnalında çap olunmuşdu və mən bu fəlsəfi romanı ləzzətlə dönə-dönə oxumuşdum.
Xülasə, Kobo Abe ilə görüşdüm. Yaxşı ki, onun yanında rus dilini bilən yapon tərcüməçisi vardı. Əlbəttə, indi olsaydı, onunla söhbətlərimizi lentə alardıq. O vaxt isə bu iş hələ çox çətin idi və bir də kapitalist ölkəsinin yazıçısı ilə görüşmək və onun sözlərini efirə vermək qeyri-mümkün idi.
Ona görə mən Abe ilə danışıqlarımı təbii ki, unutmuşam. Sözsüz ki, söhbət ədəbiyyat, yazıçılar və onun «Qumluqda qadın» romanı ətrafında idi. O, mənim coşqun həvəslə verdiyim ən qəliz suallara məmuniyyətlə cavab verirdi.
Söhbətin axırında mən romanın çap olunduğu jurnalı ona göstərəndə o, alıb üstünü yazaraq, mənə verdi. Əlbəttə, öz dilində.
Konfransda mən başqa tanıdığım şair və ədiblərlə də tanış odum. Buna görə kənarda oturub hamıya göz qoyan yazıçı Yusif Şirvan mənə xəbər göndərdi ki, kapitalist ölkələri yazıçıları ilə az görüş. Mən əlbəttə, onun bu xəbərdarlığına əhəmiyyət vermədim və bu 2 gün ərzində bir çox şöhrətli yazıçılarla söhbət etdim, onların qayələri, zövqləri və ədəbi görüşləri ilə tanış oldum.
O vaxtdan Kobo Abenin avtoqrafı mənimlə gəzirdi. Mən onun bu bircə cümlə ilə nə yazdığını təxmin etdiyimə görə heç tərcümə də etdirməmişdim. Nəhayət, bu günlərdə Yaponiya səfirliyinin əməkdaşı və yaponcanı bilən bir qız bunu mənim üçün tərcümə etdi. Kobo Abe bu sözləri yazmışdı: «Əlisa Nicata, ürəkdən gələn dərin rəğbət hissləri ilə.»
Doğrusu, cümlə məni xeyli təəccübləndirdi. Bu 15-20 dəqiqəlik söhbət nə idi ki, mən bu böyük yazıçının ürəkdən gələn rəğbətini qazanmışdım və o, rəğbət sözünü iki dəfə təkrar etmişdi.
O vaxt kimlə tanış olur, söhbət edirdimsə, ədəbiyyata bu coşqun həvəsim və dünya ədəbiyyatı ilə yaxından tanışlığım dərhal üzə çıxır və müsahiblərimə təsir edirdi. Yadımdadır, söhbət zamanı Kobo Abeyə verdiyim – bəs hansılara, lirik-psixoloji və ya psixo-fəlsəfi romanlara üstünlük verirsiz? – sualım hətta yanımda dayanıb söhbətimizə qulaq asan Vidadi Paşayevə də təsir etdi və o, gülümsəyərək dedi ki, – gör ha, necə fərqləndirirsən.
Buna görə sözsüz ki, mənim ədəbiyyata məhz bu coşqun həvəsim və bələd olmağım Kobo Abeyə də təsir etmiş və o, rəğbət dolu hisslərini mənə bağışlamışdı.
Sonralar Kobo Abe «Yeşik adam», «Yad üz», «Yandırılmış xəritə», «Nuhun gəmisinə girən adam» və başqa roman və çoxlu pyeslərini yazıb dünya şöhrətini qazandı.
Qeyd etmək lazımdır ki, Kobo Abeyə də mənim kimi Frans Kafka yaradıcılığı güclü təsir bağışlamış və bu, onun əsərlərində öz əksini tapmışdır.
İndi böyük yapon yazıçısının həmin avtoqrafını oxuculara təqdim edirəm.

 

 

 

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: