Həyətim və həyatım

İnsanda müstəqillik hissi, öz evinə, ocağına və nəhayət, həyətinə olan daxili tələbat və bağlılığı da istedad kimi anadangəlmə olur.

Aydındır ki, sovet dövründə öz həyəti olmaq çətin idi. Həyətlər də, yəni torpaq da həyat kimi rejimin ixtiyarında və səlahiyyətində idi.

Lakin Allahın qüdrətindən rejim bir səltənət kimi cəmi bir neçə ilə uçulub-dağıldı, yerində müstəqil milli səltənətlər əmələ gəldi. Lakin bu, müstəqilliyə və azadlığa hazır və hətta layiq olmayan xalqlar üçün yağışdan çıxıb yağmura düşmək kimi bir şey oldu.

Nə isə… Bu, tamamilə ayrı bir məsələdir və biz onun tarixini dönə-dönə necə deyərlər, nəzmə çəkmiş və bu barədə nə lazımsa, demişik.

Məşədi İbadın «Şamaxı lotusu» ifadəsi yəqin ki, yadınızdadır. Amma təəssüf ki, bu ifadədə nə böyük həqiqət gizləndiyini çoxunuz bilmirsiz.

Dad bu lotuların əlindən!

Azərbaycanın bütün bölgə və rayon əhalisinin bir ümumi xarakteri var: azadlıq ehtiyacsızlığı və köləlik həsrəti. Lakin hər bölgə əhalisinin bu cəhəti özünəməxsusdur. Eyni zamanda hərəsinin də özünəməxsus cəhətləri var. Məsələn, biri tupoyluqda, biri həyasızlıqda, biri qumarbazlıqda, biri oğurluqda tayları-bərabərləri yoxdur.

Şamaxılıların da hiyləgərlikdə, Məşədi İbad demişkən, lotuluqda rəqibləri çətin tapılar. Mən Bakıda ev alma mərasimində iki dəfə iştirak etmiş və hər dəfə bu lotuların əlindən güclə xilas olmuşam.

Mətləbi uzatmayaq. Axırıncı evimizin həyəti heç nə ilə başqasından seçilmirdi və heç bir qonşu ilə bağlı olmadığı üçün xoşuma gəldi və aldım. Amma sən demə, Şamaxı lotusu bizim üçün sürpriz hazırlayıbmış. Evin həyəti köhnə zibillik imiş. Bir tərfindən də bir metr qazılandan sonra neft çıxır.

Bəli, Şamaxı lotuları bu dəfə də məni aldatmışdılar. Mən isə inadla hər il 40-45 ağac əkir və onlar da yanırdılar. Nəhayət, başa düşdüm ki, bu həyətdə heç nə bitməz. Ona görə 10 «Kamaz»dan çox yaxşı torpaq alıb, həyətin təxminən 70-80 faizini örtdüm və sonra da 60-70 kiçik quyu qazdırıb, ora Şamaxı torpağı və peyin qarışığı tökdüm.

Beləliklə, 7-8 il sonra nəhayət, aldığım ağaclar tutdu. İndi artıq hamısı yetkin ağac olmaq səviyyəsindədirlər. Hətta qoz ağacım bu il iki dənə gətirib. Əncir, üzüm tamamilə bizi təmin edir. Hətta Lənkərandan yerli armudlar gətirib əkmişəm. Gələn il gətirən vaxtlarıdır.

Bu, həyətimizin tarixi…

Bəs həyatımın?

Bəli, mən doğulmalı olduğum Almaniya, Fransa, İngiltərədə deyil, SSRİ adlanan böyük «zoopark»da və onun ən pis qəfəsində, yəni canavar qəfəsində doğuldum.

Təbii ki, həyatım uzun illər Domokl qılıncı altında idi. Çünki uzun illər mən sovet rejimi ilə barışmayan, partiyaya daxil olmayan, rejimə nifrət edən bəlkə də yeganə adam və qətiyyətlə demək olar ki, yeganə yazıçı idim.

Neyləmək olardı? Heç nə yazmaq mümkün deyildi. Üstəlik, arxamda heç bir adamım, xalq yazıçısı və şairi olan atam olmadığından, həmyerlilərim də tamamilə heyvan normaları ilə yaşayan olduqlarına görə demək olar ki, dünyada tək-tənha idim. Xüsusilə, 1980-ci ildən 1998-ci ilə kimi demək olar ki, çətin şəraitdə yaşayırdıq. Hərçənd ki, SSRİ Yazıçılar İttifaqının üzvü, bir neçə kitab, o cümlədən, iki məşhur roman müəllifi idim, amma çörəyimizi güclə tapırdıq. Çünki bütün işlər, vəzifələr qamarlanmışdı. Nəhayət, mənfur imperiya dağıldı və on illərlə dünya ədəbiyyatından, fəlsəfəsindən, musiqisindən və öz düşüncələrimlə topladığım sərvətləri nəhayət, aşkarlamaq imkanı yarandı.

Lakin bayramım hələ qabaqda idi. Və nəhayət, 70 yaşımdan başlayaraq ən ürəyimdən olan əsərlərimi – pritça, hekayə, povest və romanlarımı yazdım. Beləliklə, mənim ədəbi gəncliyim 70 yaşımdan sonra başlandı.

Budur, heç kimin köməyi olmadan cəmi 100 nüsxə tirajla külliyyatım çap olunur. Təxminən 35 cildi əhatə edəcək külliyyatımın çox hissəsi son illərin məhsuludur.

Hələlik Azərbaycanın fahişə ədəbi tənqidi və ədəbi ictimaiyyəti bu əsərlər haqqında heç nə demir. Lakin yeni pöhrə verən gənclər müxtəlif qəzetlərdə bu əsərlərin mahiyyətini dərk edib və çox doğru qiymətləndirib, mənim onlar barəsində inamımda səhv etmədiyimi, yanılmadığımı sübut edirlər.

Mən də müəllimim və tərbiyəçim Nitşe və Kafka kimi həyatın hamının gördüyü gedişini və xüsusiyyətlərini deyil, astar üzünü təsvir etməyə çalışıram.

Bəli, həyatın astar üzünü, pərdəarxası hadisələri… Bədii ədəbiyyatın mənbəyi və obyekti yalnız və yalnız bu olmalıdır.

Hələlik oxucularım onları anlayanların sayı qədərdir və bu da göstərir ki, düz yoldayam. Ən əsası odur ki, külliyyatımın ən güclü sandığım cildləri artıq əllərdə və evlərdədir. Və ətrafımda kiçik də olsa, bir qrup gənclər cəmləşib ki, kimliklərini və nə yiyəsi olduqlarını bilirlər.

Gənc illərimdə nə arzulamışdımsa, xoşbəxtliyimi nədə görürdümsə, hamısına nail oldum.

Yalnız bir şeyi başa düşmürəm, Nazim Hikmət yazırdı ki, «pətəkdə balım olsun, arısı gələr Bağdaddan». Əgər bu həqiqətdirsə, nədənsə yubanır.

 

 

 

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: