Təqib-davamı…

Yuxu məni aparır, bəzən qarnımın qurultusuna oyanırdım. Susuz idim. Ətrafda bulaq bol idi. Amma nə xeyri, çıxa bilməzdim.

Axşama yaxın yağış başladı. Çöldə heç kimin qalmayacağına əmin olub sığınacaqdan çıxdım. İri bir qarağat kolunun altına girdim. Yarpaqları o qədər sıx idi ki, çanta üstə oturub gözlədim. Qaranlıq düşürdü və bütün dünyanı elə bir şırıltı və xışıltı bürümüşdü ki, mənə elə gəldi ki, dünyada belə gözəl musiqi hələ yazılmayıb. Təbiət sanki bütün mənə qarşı olanları çöldən, dağdan evlərinə qovurdu ki, çıxıb yoluma davam edim. O mənim izlərimi yuyub aparırdı. Amma kol dalında daldalanıb yağışın kəsilməsini gözləyirdim. Bir də çıxıb yol getmək üçün hələ tez idi. Çöldə heyvanlarını axtarıb gəzənlərə rast gələ bilərdim. Aydındır ki, vəhşi heyvanlara da. Amma onlar insanlardan qorxur və insanlar qədər təhlükəli deyildilər.

Yağış qəfil başladığı kimi, qəfil də kəsdi. Bir az da oturub gözləməyi qərara aldım.

Qarağat yetişmişdi. Qalxıb alaqaranlıqda dolu bir budaq sındırıb, yeməyə başladım. Necə ləzzətli idi, çoxu çürük olsa da. Ciblərimi doldurub, kötük üstə oturdum. Ayaqlarım islandı. Tuflilərimin sıradan çıxdığını görüb çantadan «botinka»ları çıxarıb geydim. Əzik, cırıq tufliləri böyürtkən kollarının arasına atdım.

Bir az da oturub gözlədim. Kimsə məni belə görsəydi, vahiməyə gəlib qaçardı. Qaranlıqda kötük üstə oturmuş paltarları cırıq-cırıq bir adam. İndi mən başqaları üçün təhlükə mənbəyi idim, halbuki, dünyada hamıdan qorxurdum. Başqa vaxtı insan gecələr məchul qüvvələrdən qorxub adama rast gələndə sevinir, mən isə adamlardan qaçırdım və heç bir məchul, vəhşi heyvan mənim üçün onlar qədər təhlükəli deyildilər.

Nəhayət, – ya Allah! – deyib ayağa qalxdım. Çantanı belimə keçirib, əlimə ağac alıb yavaş-yavaş şırıltı səsi gələn tərəfə üz qoydum. Fanarı işə salmaq hələ tez idi.

Daş-kəsəyə ilişə-ilişə gedirdim. Ətraf kol-kosla doluydu. Qaranlıq idi. Saata baxdım. On birin yarısı idi. Gecələr adam tək-tənha yol gedəndə qorxunu dəf etmək üçün fit çalır, ancaq mən fit çala bilməzdim.

Üzüaşağı xeyli getdim. Uzaqda, dağın çılpaq döşündə sarı işıqlar yanırdı. Kənd evlərinin pəncərələri idi. Adamlar hələ lampa yandırırdılar.

Nəhayət, xeyli gedəndən sonra qabağıma çay çıxdı. Fanarı yandırıb baxdım. Su ala-qaranlıqda parıldayırdı. Kənarında dayanıb çantanı yerə qoyaraq, əlimlə doyunca içdim. Sonra onun kənarı ilə qıvraq addımlarla yeriməyə başladım.

Çay gah iki yerə bölünür, gah bir olurdu. Daşların üstünə çıxıb ara vermədən şırıldayıb axırdı. Dörd tərəf hələ də rəngbərəng çiçəklər, otlarla dolu idi. Belə yerdə hətta gündüz də rahat yerimək çətin idi. Fanarı işə salıb addım-addım gedirdim. Başqa cür mümkün deyildi. Özümü tamamilə çayın ixtiyarına vermişdim.

Dərə lap daraldı. İri, nəhəng daşlar arasından ehtiyatla, güclə keçib gedirdim, kollardan tuta-tuta. Çünki belə yerlərdə su çox dərin idi və iti axırdı. Çaya düşsəydim, vay halıma.

Başa düşdüm ki, yolla əlli-altmış kilometrlik məsafəni bu cür yalnız bir neçə gecəyə başa vura bilərəm.

Gündüz getmək çox asan, hətta ləzzət verərdi. Gecə isə nə qədər ürəkli olsan da, vahiməli idi. Adam istər-istəməz qorxurdu. Nədən? Məlum deyildi. Qaranlığı dolduran vahimədən reallığa dönən olmayanlardan. Yaxşı ki, fanarım vardı.

Ay da hələ yox idi. Gecədən xeyli sonra çıxırdı. Yavaş-yavaş yeriyir, hey arxama baxırdım. Elə bil daldan kiminsə gələcəyindən qorxurdum. Keçən gecə belə olmamışdı. Necə istəyirdim kiməsə rast gəlim. Ancaq gecəyarısı dağ çayında kimə rast gələ bilərdim?

Tər içində idim. Ancaq yorğunluqdan yox, qorxudan. Dünən gecə qorxu heç ağlıma gəlmirdi. Axır ki, bismillah – deyib çay qırağındakı nəhəng bir ağacın dibindəki yosunlu daş üstündə oturdum.

Səs gəldi, fınxırtı kimi. Tüklərim biz-biz oldu. İşığı saldım. Hə, qaban idi. Yeri axtarıb eşələyir, yəqin ki, palıd qozası axtarırdı. Elə bil sevindim. İşıq üstünə düşəndə heyvan sıçrayıb qaçdı.

Xeyli rahat oldum. Əşşi, nədən qorxuram, axı nə ola bilər? Heç nə. Atam demişkən, dünyada hər şey insandan qorxur, mən nədən qorxuram. Alarvadı nağıldan, əfsanədən başqa bir şey deyildi. Hətta olsa da, insanlar qədər qorxulu deyil.

Xeyli sakitləşib, bir az da dincələrək qalxdım. Fit çala-çala yola düşdüm. Getdikcə elə bil təhlükə də arxada qalırdı.

Əl ağacı ilə yolu xeyli asanlaşdırıb yavaş-yavaş gedirdim. Orda-burda xışıltı eşidirdim. Bilirdim ki, ya çaqqal, ya tülkü, ya da qabandır. İşıq salırdım, qaçıb gedirdilər. Bəlkə də, bir kilometr yolu bir saata gedirdim. Meşə gah seyrəlir, gah da sıxlaşırdı. Ancaq ot, gül, çiçək, kol-kos bol idi. Beləcə, onları aralayıb yavaş-yavaş gedirdim.

Gecə isə tükənmək bilmirdi. Özümə ləqəb fikirləşirdim: «gecə yolçusu», «qaranlıqlar sultanı», «zülmətsevər»… Əlbəttə, mənəvi zülmət yox, gecənin zülməti. Tez-tez dayanıb nəfəs dərirdim. Fanarı da söndürürdüm ki, işığı qurtarmasın. Axı hələ bir neçə gecə lazım olacaqdı.

Gündüz getmək çətin olan yolu zülmət gecədə necə getmək olardı? Addımbaşı ehtiyatla, kötüklər, qayalıqları yan keçir, gah yuxarı çıxıb, gah aşağı düşərək addım-addım gedirdim.

Dayanıb saata baxdım. Saat iki idi. Yuxarı dırmaşıb yola çıxa bilər və  bir xeyli gedə bilərdim. Amma bu, risk olardı. Kim bilir, şeytan oğlu nə fikirləşir. Bu qədər xilas olub indi ələ keçib ölmək bağışlanmaz səhv olardı. Hansı maşınlasa yavaş-yavaş yol gedə bilərdilər. İik-üç nəfərin yuxusuna haram qatması elə çətin iş deyildi. Ona görə hər nəyə dözüb ayaqla getmək nəinki daha münasib idi, sadəcə yeganə xilas yolu idi.

Daha qorxum yox olmuşdu, sadəcə, yorulmuşdum. Amma dayanmaq, dincəlmək vaxtı da deyildi. Neçə kilometr getdiyimi bilmirəm. Nəhayət, səhərə yaxın hardasa iri daşların, qayaların arasında uzanıb yatmaq olardı. Üst-başım nə gündəydi.

Ancaq və ancaq çay qırağı ilə, özü də gecə evimizə gedə bilərdim.

Müxtəlif yeməklərin ətri burnuma dəyir, yorğan-döşəyin rahatlığı, yuxunun şirinliyi yadıma düşür. Mənə güc verir, inadla irəli getməyə həvəsləndirirdi. Bəzən çay genişliyə çıxıb yayılır, cığır görünür və mən az qala qaçırdım. Belə yerlərin üstündə balaca kənd evlərinin qaraltıları görünürdü. İtlər aramsız hürürdülər. Uzaqda olsam da, yəqin ki, məni hiss edirdilər. İt səsi eşidib sevinirdim. Ancaq belə yerlərdə dayanıb dincəlmək olmazdı. Ona görə kənddən, it səslərindən tez uzaqlaşırdım. Fanarı az-az işə salırdım. Çünki toku qurtara bilərdi. Amma o mənim çox köməyimə gəlirdi. Bir yandan da axı yüküm vardı. Çanta, içində «odyal», təlis, corab… Həm də bu çanta yatanda mənim üçün balışı əvəz edirdi. Ona görə onu ata bilməzdim.

Nəhayət, gecəyarısından xeyli sonra Ay doğdu, hər tərəf işıqlandı. Yol getmək xeyli asanlaşdı və mən yeni qüvvə ilə çay boyunca addımlayıb sürətimi artırdım.

Saat dörd idi. Hardasa qonşu rayon tərəfində üfüq elə bil ağarırdı. Hə, deməli, xeyli getmişdim.

Nəhayət, tamam yorulduğumu görüb yarımmeşəlikdə iri daşlar arasında, keçilməz bir yerdə dayanıb gündüzü başa vurmağı qərara aldım. Bir xeyli ot, yosun yığıb yer düzəltdim. Bir az darısqal olsa da, yaxşı idi. Heç cür görünmürdüm. Ayaqqabılarımı çıxarıb, odyalı otlar üstə sərib, çantamı da başımın altına qoyub uzandım.

Şərqdə üfüq ağarır, yavaş-yavaş saralır və hətta qızarırdı. Səhərin iyi gəlir, səsi eşidilirdi. Xeyli aralıdan maşın səsi gəldi. Deməli, yol çayın o biri tərəfində idi.

Göydə ulduzlar hələ parıldasa da, yavaş-yavaş itirdilər. Uzaqdan mal-qara və it səsləri artırdı. Adamlar oyanıb çölə-bayıra çıxır, mal-qaranı örüşə aparırdılar.

(ardı var)

 

 

 

Реклама
Categories: Əsərlərindən | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: