Həyatımın uğurları

76-nı başa vurub, müqəddəs 77 rəqəminə ayaq basdığım bu gündə həyatımın uğurları nələrdir? Bu qədər müddətdə nə qazanmışam və nə ilə fəxr edirəm?

Birinci növbədə, doğulub dünyanı görmək yox, yaşamaq yox, Üzeyir bəy musiqisini, Bethoven musiqisini, «Şah İsmayıl» operasını və başqa bir çox musiqi əsərlərini istədiyim qədər eşitməyi, dinləməyi bir nömrəli uğurum və xoşbəxtliyim hesab edirəm.

İkincisi, Nitşe, Kafka və başqa tərbiyəçim olan nəhənglərin əsərlərini oxumaq, Mirzə Fətəlinin «Molla İbrahim Xəlil» komediyasına qulaq asmaq imkanını uğurum hesab edirəm.

Bunlar mənə tamamilə dünyaya gəlib, rahat getməyim üçün kifayət edir.

Daha sonra əlbəttə, özümün bir çox əsərlərimin yazılması, çapı və xüsusilə, külliyyatımın nəşri həyatımın uğuru sayıla bilər.

Dördüncüsü, ailəmi, həyat yoldaşımı və oğlumu uğur hesab edirəm. Onlar daim mənimlə olmuş, arxamda dayanmışlar və mən də imkanlarım və gücüm daxilində onlara firavan həyat yaratmışam.

Daha sonra son 10-15 ildə qazandığım dostlarımı – Təyyar, Fəxrəddin, Əbülhəsən, Səxavət, Məmmədxan, Qurban və Vüqar Məmmədovlar, son vaxtlar görünməsə də, Mahir Bayram, Binnət Qəriblini  həyatımın uğuru hesab edirəm.

Eləcə də, qəzetimizin baş redaktoru Anar, onun sahibi Sərdar Cəlaloğlu ilə də mehriban, səmimi münasibətlərim həyatımın heç şübhəsiz ki, uğurlarındandır.

Və nəhayət, son illərdə tapdığım tələbə və ardıcıllarım – Tariyel, Cavid, Dilqəm, Seymur, Elvin və başqaları ki hər həftə görüşüb söhbət edirik, çox böyük uğurumdur.

İllər keçdikcə, aşdığım hər təpədən sonra qarşımda yeni idrak, zövq, ruh və hiss üfüqləri, yeni həqiqətlər kəşf edib ləzzət alıram.

Və nəhayət, özüm əkdiyim və meyvələrini yediyim və hələ yeyəcəyim (çoxu hələ cavandır) ağaclarım və itburnu güllərim, həyətimizdə öz-özünə bitən lalələr də mənə nə qədər sevinc bəxş edir! Hələ yəqin ki, belə sevincləri çox yaşayacağam. Bir də ona görə ki,  sevinc və xoşbəxtlik bəxş edəcək hadisələri görəcəyimə hər cür əsas var.

Və yəqin ki, o zaman çoxdan ürəyimin arzusu olan hardasa çay qırağında bir ev tikdirib, orada balıq tutmaq axır ki, yerinə yetəcəkdir.

             ***

76 tamam oldu,

77 başlanıbdır.

Doğrudan da orqanizmim,

Yaşa dolub yaşlanıbdır.

Qırışlanıb əlim, üzüm,

Əzələlər yorulubdur.

Gözlərimi tor bassa da,

Beynim tamam durulubdur.

Həm özümün, həm ölkəmin

Dostu kimdir, düşməni kim,

Necə aydın dərk edirəm.

Necə aydın görür qəlbim.

Çox sirlərə bələd oldum,

Müəmmalarla aşina,

Hey baxıram kainatın

Bu başından-o başına.

Bəli, gəldi 77

Bu müqəddəs bir rəqəmdir

Kainatın bütün ruhu,

Bütün qəmi məndə cəmdir!

                ***

Gözəlliyi duymayanlar,

Dərinliyi görməyənlər,

Ölkədəki çirkli suyu

Gəzdirən səyyar ləyənlər…

Heyf sizdən ey bulaqlar,

Heyf sizdən Təbriz, Şəki,

Heyf sizdən Quba, Lerik,

Heyf sizdən Oğuz, Ləki.

Bu necə məxluqlardır ki,

Heç bir qəzəbi, kini yox?

Gözəl guşələri saysız,

Beyni olan sakini yox.

Ey qaşqaylar, mən sizdənəm,

Amma heyf uzaqdayıq.

Dünya yaman sarsılacaq,

Ayıq olun orda, ayıq!

Bəli, yaman pessimistəm,

Bu hiss dərinlikdən gəlir.

Kaş ki, bir xoş xəbər alıb

Görəydim ruhum dincəlir.

Yox, bu xəbər mümkün deyil,

Gələ bilməz belə xəbər.

Oturmuşam tənha və tək,

Ətrafımda düşüncələr.

Və şagirdlər, tələbələr…

Mənim də qazancım budur.

Ətrafımda «planetlər», —

Qürubumun uğurudur.

77, gözəl rəqəm!

Maraqlıdır bu kainat.

Biz də bir böcək növüyük,

Ətrafımda yoxdur həyat.

77, gözəl rəqəm!

Səni görmək xoşdur mənə.

23 ilim qalır,

Onda olacaq təntənə.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: