İki esse

1. «Quran», molla və şagirdləri

Molla on il idi ki, məktəbdə otuz uşağa «Quran» keçirdi. «Quran» xeyirxah əməllər kitabıdır və molla on il hər gün gəlib «Quran»ı açıb oxuyur, oğurluğu, haramı, yalan danışmağı, kiminsə haqqını yeməyi lənətləyir, cəhənnəm əzabı ilə qorxudurdu.

Hər gün, hər gün. Aylar, illər keçdi. Bu uşaqlar uşaq yaşlarından məktəbə gəlib-gedərək yaşa doldular. Boylu-buxunlu cavan oldular və demək olar ki, hamısı «Quran»ı əzbər bilirdi. Çünki on il ərzində səhifə-səhifə, cümlə-cümlə, sətir-sətir oxuyub öyrənmişdilər.

Nəhayət, sonuncu dərs günü gəlib çatdı. Molla aylıq haqqını alıb əbasının cibinə qoydu. Sonra uşaqlarla vidalaşmamış birdən-birə özünü nasaz hiss etdi və əbasını mıxdan asıb həyətə düşdü.

Molla çıxan kimi uşaqlar sözləşibmiş kimi, əbanın üstünə cumdular və bir diribaş cəld tərpənib işarə ilə hamını saxlayaraq, əlini əbanın cibinə salıb pulları çıxartdı.

Və min manatın yarısını yerinə qoyub, yarısını götürdü. Hər şagirdə bir onluq verib, özü üçün də onunu götürdü.

Molla qayıtdı. Uşaqlarla xudahafizləşib, onlara xoşbəxt həyat arzuladı. Uşaqlar «sağ ol-sağ ol» – deyib qaçıb dağılışdılar. Molla əbasını geyib çölə çıxdı və yolda əlini cibinə salanda pulun az olduğunu hiss etdi. Çıxarıb saydı. Yarısı yox idi. Quruyub qaldı və bilmədi ki, neyləsin.

Pul itirmək pis şeydir, adama təsir edir. Ancaq mollanı o yandırırdı ki, üç min altı yüz gün hər gün uşaqlara tövsiyə etdiyi sözlərin hamısı boşa getmişdi.

2. İki milyon sürü

Hə gün işə gəlib-gedəndə küçələrdə növ-növ «Mersedes» və «Cip» əlindən bir saata güclə gedib çatıram. Ağzında siqaret, bir əli rulda, bir əlində mobil telefon iki milyon avtomobil sürücüsü Bakının küçələrində tərpənməyə imkan vermir.

İki milyon. Əgər bu iki milyon avtomobil sahibləri və sürücüləri iki milyon eşşək olsaydılar, gör nə qədər fayda verər, yük daşıyardılar.

Yaxud iki milyon at olsaydılar, gör ölkəmizə nə qədər hörmət, fayda, pul gətirərdilər.

Yaxud iki milyon qoyun olsaydılar, paho, hamı hər gün kabab yeyərdi.

İki milyon mal-qara olsaydılar, ət, yağ, süd az qala pulsuz olardı.

İki milyon toyuq-cücə olsaydılar, hamı tox və sağlam olardı.

İki milyon donuz olsaydılar, Rusiyaya, Ermənistana və Gürcüstana satıb, hamımız varlanardıq.

Amma hanı bizdə o bəxt! Bu iki milyon avtomobil sahibi azərbaycanlılardır ki, itdən də, eşşəkdən də, donuzdan da faydasızdırlar.

Və alver adlanan oğurluqdan başqa heç nə bilmirlər və bu nəhəng sürünün bircə nəfəri də ildə bir dəfə kitab mağazasına girib bircə dənə də kitab almır.

İndi deyin, iki milyon eşşək hara, bu iki milyon mobil telefonlu hara?

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: