Üç qardaş – Ştirner, Nitşe, Kafka

1. Kafka

Mənim dünyada əgər iki nəfərin taleyinə, qismətinə yazığım gəlirsə, iki nəfərə acıyıramsa, bunlar Nitşe və Kafkadır. Onların hər ikisi sənət və idrak günəşidir. Biri dünya fəlsəfəsinin, digəri isə dünya ədəbiyyatının.

Onların heç biri demək olar ki, xoşbəxtlik, xoş gün görməyiblər. Çünki başqa cür də ola bilməzdi. Onlar dünyada, insanlar içində Kamyu qəhrəmanı Merso kimi kənar adam, yad adam, yabançı olublar.

Heç biri sevgisinə çatmayıb, hər ikisi sağalmaz xəstəliyə məruz qalıb. Lakin bunlar nədir ki.

Onların hər ikisi öz idrak, zəka və yaratdıqları ilə günəş olsalar da, onları görən, onları dəyərləndirən, qiymətlərinin yüzdə birini verən bir nəfər də olmayıb. Yox, bir nəfər olub, Nitşeni bacısı, Kafkanı da Maks Brod, vəssalam.

Mən az-çox yazıçı, nasir olduğum üçün Kafkadan danışmaq istəyirəm. Hərçənd ki, onun haqqında, sənətinin qüdrəti haqqında on dəfələrlə yazmışam. Mən inanmıram ki, sədaqətli dostu Maks Brod, Kafka əzəmətinin mahiyyətini dərk etdiyinə görə müəllifin vəsiyyətinə əməl etməyərək onun əsərlərini yandırmayıb. Yox. Sadəcə, bu əsərlərin – roman və pritçaların qeyri-adiliyini hiss etmiş olmayıb və güman ki, elə buna görə dostunun vəsiyyətinə əməl etməyərək, onun ziddinə olaraq onları çap etdirib, vəssalam.

Bu əsərlərdəki dünya, orada təsvir olunan hadisələr və insanları dərk etmək üçün həyatı məhz Kafka kimi görmək lazımdır. Bu isə adi yazıçılar və tənqidçilər sürüsü üçün qeyri-mümkündür.

Həyat nədir? Tamamilə mənasız, ötəri davranışlar, hərəkətlər, münasibətlər, yaşantılar silsiləsi. Bir neçə gün hər hansı bir canlını özünə və ya kiməsə lazım olan şəkildə hərəkət etdirmək üçün beyində müəyyən mərkəzlərin qıcıqlandırılması və canlı məxluqların çox vaxt mənasız, mexaniki hərəkətləri.

Bunu Kafka necə görürdü? Həm ayrı-ayrılıqda, həm də birlikdə hamının oyuncaq kimi, kiminsə iradəsi ilə, kiminsə əlində faydasız, şər əməlləri…

Axı Leninin nəyinə lazım idi ki, ucsuz-bucaqsız imperiyanı vətəndaş müharibəsinə qərq edib on milyonlarla insanları qırğına verdirib, özü də ulayıb öldü.

2. Nitşe

Nitşenin XX əsr ədəbiyyatının üç sütunundan biri olan Kafkanın ideya və dünyagörüşünün mənbəyi olmasına şübhə ola bilməz. Həm də təkcə Kafkanın deyil, keçən əsrin demək olar ki, bütün böyük ədəbi və fəlsəfi nəhənglərinin atası olması da şübhəsizdir.

Bütün böyük fikir adamları həyatın, insanın və insan cəmiyyətlərinin mahiyyətini pərdə arxasından görürlər. Bu pərdə onların gözləridir. Lakin görmə mexanizmi beyindən idarə olunduğuna görə deməli, həmin pərdə də beyindədir.

Nitşenin beynində isə bu pərdə yox idi.

Onun təkrarsız dühası onda idi ki, o, ləyaqətli insanın bu dünya üçün olmadığını, belə insanların insanlar içində yaşaya bilmədiklərini görürdü.

Bəli, həyat hər yerdə sağlam düşüncəli, böyük zəkalı, ədalət və həqiqət prinsiplərinə bağlı olan, yalan və riya ilə yaşamağı bacarmayan insanlar üçün cəhənnəmdir. Bunu dünyada ilk dəfə Nitşe görmüş və yalnız ondan 20 il sonra Kafka bədii səhnələrlə əks etdirmişdir. Həm də Nitşeyə layiq bənzərsiz üslublar və səhnələrlə.

Nitşe əbəs yerə pritça janrını ədəbi sənətin zirvəsi hesab etmir. Və Kafka bu həqiqəti dərk edərək, ona əməl edərək pritçanın sultanı oldu.

Amma namərd oğlu heç yerdə bunu yazmır.

Mən Nitşenin rus nəsrlərindən seçilmiş parçalarından ibarət bir toplum düzəltmişəm və orada varlıq, həyat, insanlar, millətlər, dövlətlər haqqında insan zəkasının son sözləri cəmlənmişdir.

Platon, Lao Tszı, Aristoteldən bu yana bəşəriyyət və dövlət haqqında bu cür realist, bu cür sərt və amansız hökm oxunmamışdır.

Təsəvvür edin ki, bir gözəl yarmarkaya düşürsən, amma korsan. Hey gəzib xoşladığın, həyatının mənası olan şeyləri axtarırsan, amma tapa bilmirsən. Çünki korsan. Və birdən-birə gözlərinə işıq gəlir və sən xoşbəxtlər xoşbəxti kimi yavaş-yavaş istədiklərini yığıb toplayırsan.

Nitşeni əldə edənə qədər mən də elə bil kor idim. Nə istədiyimi bilirdim, amma tapa bilmirdim. Nitşe mənim gözlərim oldu. Ruhumun gözləri.

Qayıdaq Kafkanın Nitşeni yad etməməsinə. Bu, bəlkə ona görə belə oldu ki, Nitşenin özü də öz ideya mənbəyinə qarşı bu cür hərəkət etmişdir. Bu mənbə isə Maks Ştirner idi.

3. Maks Ştirner – Nitşedən əvvəl «nitşeanets»

Dövlət də bir orqanizmdir və o hər yerdə, hansı formada olur-olsun, özünü, öz mənafeyini müdafiə edir və çox zaman da repressiv vasitələrlə. Dövlətin buna imkanı var, səlahiyyəti isə yoxdur. Buna baxmayaraq, o özünə qarşı hər hansı bir ifşaediciləri, haqlı və ya haqsız əleyhdarlarını çox asanlıqla aradan götürür. Çünki rahat yerini və firavan həyatını (axı dövlət obstrakt varlıq deyil, onun konkret təmsilçiləri var) itirmək istəmir.

Beləliklə, fərd və dövlət münasibətləri əmələ gəlir. Bu münasibətlərin çox uzun tarixi var və bəşəriyyət milyon illər ərzində fərdlər və icma cəmiyyətləri formasında mövcud olmuşdur. Nəhayət, qədim Roma imperiyasında dövlət mütləqiyyət şəklində möhkəm bir əsas üzərində bərqərar olmuşdur. Onun çox güclü qanunlar sistemi və Senat adlanan qanunvericilik orqanı bir çox əsr imperator adlanan dövlət başçısının azğın ehtiraslarının qabağını az və çox dərəcədə almışdır, lakin həmişə yox. Çox vaxt insanların taleyi və varlığı, varidat və mülkiyyəti bu imperatorların istəyindən, şıltaqlığından və münasibətlərindən asılı olmuşdur.

Biz Şərq ölkələri dövlətlərindən bəhs etmirik. Çünki bu dövlətlərdə nə qanunlar məcəlləsi, nə də Senat və parlament olmuşdur. Və demək olar ki, Şərqin bütün ölkələrində daim özbaşınalıq və zorakılıq hökm sürmüşdür. Xüsusilə, bir sıra sərsəm imperiya və imperatorlar yüz illərlə (əhəmənilər, quşanlar, sasanilər, ərəblər, monqollar, osmanlılar və s.) insanlarla istədikləri kimi rəftar etmiş, öz müxaliflərini isə dərhal aradan götürmüşlər.

Qərbdə və Avropada isə hakimiyyət başında qeyd etdiyimiz kimi krallar otursa da, hələ X əsrdən mövcud olan universitetlər silsiləsi aramsız hüquq və qanun müdafiəçiləri yetişdirib, kralların azğınlığına imkan verməyərək, dövlətləri fərdlərlə qanunlar sistemi əsasında davranmağa məcbur etmişlər.

Lakin dövlət-fərd münasibətlərindəki ziddiyyətlər və barışmazlıq heç vaxt heç yerdə aradan götürülməmişdir.

Dövlətlərin mübəlliğləri çox olmuş və onun səlahiyyətlərinə qalın-qalın traktatlar həsr olunmuşdur.

Fərdin və fərdrlərin mənafeyinin halına isə yanan olmamışdır. Nəhayət, budur, XIX əsrin lap əvvəllərində mütəfəkkirlər ocağı olan Almaniyada Maks Kaspar Ştirner adlı bir insan dünyaya gəlib, fərd və onun azadlıq və mülkiyyəti haqqında bir növ, himn yaratmışdır.

O, hər insanın, hər fərdin azadlıq və hüquqununu, sahibi olduğu mülkiyyət və varidatın toxunulmazlığını çox parlaq şəkildə nəzəri cəhətdən əsaslandırmışdır. Bu traktat keçən əsrin birinci yarısında o dərəcədə kəskin, onun müddəaları o dərəcədə sərt və amansız olmuşdur ki, Almaniya kimi azad fikirlər ölkəsini belə, şoka salmış və heç bir filosof, sosioloq və siyasətçi nəinki onun xüsusiyyətlərindən bəhs etməyə, hətta adını belə, çəkməyə qorxub cürət etməmişdir.

Ştirnerin insan azadlığını mütləqləşdirən «Yeganə və onun mülkiyyəti» əsəri heç şübhəsiz ki, Nitşedən 30-40 il əvvəl yarandığı üçün onun ideya mənbəyi və ən azı Fukidid,  Makiavelli və Şopenhauer kimi müəllim və tərbiyəçilərindən biri kimi yada salınmalı, haqqında bəhs olunmalıydı. Amma alicənab Nitşe bunu etməmişdir. Niyə? Paxıllıqmı edib? Ola bilər. Ənənəni pozmaqmı istəməyib? Ola bilər. İctimaiyyətin nəzərində nəsə itirə biləcəyindənmi çəkinib? Ola bilər. Hər nəsə, bu, Nitşeyə heç cür yaraşmır və o, zorakılıq vasitəsi olan dövlətlərə meydan oxuyan və insan azadlığı haqqında qu nəğməsi oxuyan tənha və bədbəxt Ştirneri heç yerdə xatırlamır və adını çəkmir.

Ştirner anarxizmin banisi sayılır. Anarxizm isə bu gün bütün dünyada mövcud olan insan azadlıqlarının bir nömrəli mənbəyidir. Deməli, bizim hamımızın bu və ya digər dərəcədə sahib olduğu azadlıq Ştirnerin hədiyyəsidir.

Bəli, Nitşedən 30-40 il sonra yeni bir dahi, Frans Kafka da öz gündəlik və qeydlərində beləcə, öz ustadını – Nitşeni heç yerdə yada salmadı.

Məşhur bir məsəlimizi azca dəyişib demək olar:

                     Nə tökərsən aşına,

                     O gələcək başına.

Dünyada heç nəyə baxmayıb hər kimin əməyini qiymətləndirmək lazımdır. Bu əmək nə qədər qeyri-ənənəvi və hətta qorxulu olsa belə.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: