Həyat və ədəbiyyat

Tək-təkləri ayrı-ayrılıqda maraqlı olsalar da, insanlar böyük faizlə bir-birlərinin oxşarı və təkrarıdırlar. Bununla bərabər hərəsi yenə hardasa, təkrarsızdır. Lakin ümumilikdə insan həyatını və münasibətlərini heyranedici dərəcədə zənginləşdirən və gözəlləşdirən ayrı-ayrı məqamlar var. Bu parlaq məqamlar və səhnələr həqiqətənmi həyatda baş verir? Təəssüf ki, bunu müəyyən etmək çətindir. Amma dahilərin əsərləri bu cür səhnələr və məqamlarla doludur. Belə çıxır ki, həmin səhnələr dahilərin bir növ həyata hədiyyəsi olub onu gözəlləşdirən məqamlardır. Necə ki, barmaqlarındakı brilyant üzük və ya saçlarına sancılan təbii çiçəklər və qızıl sancaqlar gənc qızı və ya gəlini gözəlləşdirir.

Çox güman ki, həmin parlaq və misilsiz səhnələr həyatda baş vermir. Çünki insanlar onları yaratmaq üçün həddindən artıq istedadsız və bayağıdırlar. Amma dahilər, qeyd etdiyimiz kimi, həmin səhnələri yaradıb, insanların həyatına qatırlar.

Gəlin məntiqin təntənəsinə nümunə ola biləcək belə səhnə və məqamların və hətta deyimlərin bir neçəsinə nəzər salaq. Bu məqamlardakı məzmun, məntiq və psixoloji gözəlliklər yüksək zövqlü və həssas insanlar üçün ömür boyu sevinc və mənəvi komfort mənbəyi olur.

Məsələn, Üzeyir bəyin «Arşın mal alan» və ya « O olmasın, bu olsun» əsərlərindəki bütün hadisələr bütövlükdə həmin məqamlar toplusuna nümunə ola bilər. «Arşın mal alan» və ya «O olmasın, bu olsun»dakı gözəl və dahiyanə səhnələr heç şübhəsiz ki, həyatda baş vermir.

Budur, tacir Əsgər gənc Gülçöhrəni görüb bəyənir və sevir. Amma bunu qıza görün necə bəyan edir.

«Əsgər: – Xanım, Allahın altında Soltan bəyin on iki sən kimi qızı olaydı.

Gülçöhrə: – Yəni nə demək istəyirsən?

Əsgər: – Onu demək istəyirəm ki, bir qızını bəyə, birini xana, birini tacirə, birini mollaya, birinə də seyidə verib, axırda birini də mənə verəydi.

Gülçöhrə: – Nə olar ki…

Əsgər: – Amma, yox, verməz, əlbəttə verməz, o bir bəy adamdır, amma mən arşınmalçı. O, mənə qız verməz… Və bir də versə də, qız gəlməz.

Gülçöhrə: – Görünür ki, sən subaysan.

Əsgər: – Lap subayam; Allahın bərəkətindən işim də yaxşı gedir. Bir parça çörəyim var, ac deyiləm. Gülçöhrə: – Bəs nə üçün indiyə qədər evlənməyibsən?

Əsgər: – Nə sayaq evlənim; görmədiyim qızı almaram. Gördüyüm qızlardan da xoşuma gələn, ürəyimə yatanı bir nəfər olubdur ki, onu da mənə verməzlər.

Gülçöhrə: – Qız özü sənə getməzmi?

Əsgər: – Yəqin ki, getməz, çünki o, bəy qızıdır.

Gülçöhrə: – Sən əvvəlcə qızdan soruş, sonra de; nə bilirsən getməz?

Əsgər: – Doğru buyurursan, xanım, bəs elə isə de görüm, mənə gələrsənmi?

Gülçöhrə (təəccüblə): – Kim? Mən?

Əsgər: – Bəli, sən; mənim xoşladığım qız bircə sənsən.

Gülçöhrə: – Mən elə bildim ki, özgə qızdır.

Əsgər: – Səndən başqa özgəsi ola bilməz.

Gülçöhrə: – Bəs sən məni bir kərrə görməklə xoşladın?

Əsgər: – Əlbəttə, xanım. Göz gördü, könül sevdi. Gözüm səni görən kimi, qəlbim sevindiyindən çırpınmağa başladı.

Gülçöhrə (kənara): – Vallah, mənimki də belə oldu.»

Əlbəttə, həyatda hər cavan bu və ya başqa şəkildə qəlbini sevdiyi qıza açır. Lakin bu söhbətlər heç şübhəsiz ki, nadir hallarda belə poetik məzmunda olur.

Yaxud, yenə həmin operettadan Soltan bəyə təklif epizodu.

Qeyd etdiyimiz kimi, belə səhnələr Üzeyir bəyin hər iki əsərində hədsiz dərəcədə çoxdur. Lakin «O olmasın, bu olsun»da Rza bəyin qonaqlıqdakı nitqi bəlkə də, dünya komediyalarında ən uğurlu tapıntılardan biridir.

«Rza bəy (durur): – Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım var. (Heç kəs dinmir.) Əfəndilərim, sükut eyliyorsunuz, əcaba, müsaidə vermiyorsinizmi! (Yenə heç kim dinmir.) Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyorum, əfəndilərim! (Yenə heç kim dinməyir.) Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil deyildimi?

Rüstəm bəy: – Çox sağ ol, çox razıyam!

Rza bəy (acıqlı): – Canım, siz anlamıyorsınızmı ki, mən nə deyirəm; ya həqarətmi? Öylə isə mən burada oturmam. (Tələsik papağını geyir.)

Rüstəm bəy: – Rza bəy, hara buyurursan?

Rza bəy: – Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm. Amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram.

Həsənqulu bəy: – Deməli, sən bizdən izn istəyirmişsən? Əşşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.

O biriləri: – Vallah, biz də başa düşmədik.

Məşədi İbad: – Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?

Çox qəribə və heyrətamizdir ki, Azərbaycan realist ədəbiyyatının banisi Mirzə Fətəli Axundovun əsərlərində də bu cür nadir səhnələr, epizodlar istənilər qədərdir. Ona görə heyrətamizdir ki, bu əsərlər öz janrına və dilinə görə Azərbaycan ədəbiyyatı üçün ilk nümunə olmalarına baxmayaraq, həmin janrın əlçatmaz nümunələridir.

«Müsyö Jordan və dərviş Məstəli şah» pyesində belə bir epizodlardan biri: Şəhrəbanu xanım qızının nişanlısı olan Şahbaz  bəyin heç cür Parisə getməsinə razı olmadığını və güclə də olsa, buna imkan verməyəcəyini cavan oğlana bildirir. Onlar arasında belə bir dialoq olur.

«Şəhrəbanu xanım: – Əlbəttə, hələ iki il bundan irəli gərək sənə toy olaydı, əgər Şərəfnisə çox uşaq olmasaydı. Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər. Oğurluğa, quldurluğa qurşanar.

Şahbaz bəy: – Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanır. Mənim Allaha şükür, nəyim əskikdir?

Şəhrəbanu xanım (rişxənd ilə): – Bəs hansı dilənçilər görəsən, quldur oldular, yollar kəsdilər?»

Doğrudan da, qadın məntiqinin olmayan təntənəsinə nümunə sayıla bilər. Göründüyü kimi, Şahbaz bəy oğurluğun, quldurluğun səbəbini aclıqda, ehtiyacda görür. Şəhrəbanu xanım isə onun bu fikrinin gülünc olduğunu çox dərin bir məntiqi nümunə ilə darmadağın edir.

Yaxud, yenə Mirzə Fətəlinin «Müsyö Jordan və dərviş Məstəli şah» pyesindən bir epizod. Şərəfnisə xanım  nişanlısı Şahbaz bəyin Parisə getməyə hazırlaşdığını eşidib gizli-gizli ağlayır. Bu, öz-özlüyündə bir dastandır. Görün Şərəfnisə xanım Şahbaz bəyə nə deyir.

«Şərəfnisə xanım (Paris qızlarının təsviri olan şəkilləri ayağı ilə itələyib): – Parijdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura? Heç vaxt sən Parijə gedə bilməzsən. Ha vaxt getsən, öyün».

Bəs idrakca yoxsul olan gənc və gözəl bir məxluqun ağlına belə bir dahiyanə fikir necə gələ bilər? Bu, bəlkə də gənc və sevən bir məxluqun instinktiv olaraq dilinə gələ bilər. Ona görə gələ bilər ki, bu məsələ gənc xan qızının şəxsi taleyinə aiddir. Və bu cür məxluqların sevgi məsələsində hiyləgərliyi və xüsusi qabiliyyətləri məlumdur.

Lakin komediya bu cür gözəl epizodlarla dolu olsa da, əsərin sonundakı bir səhnə o qədər dərin, o qədər gözəl, psixoloji cəhətdən mənalı və misilsizdir ki, onu bir daha diqqətinizə cəlb etməyə məcbur oldum.

Şahbaz bəyin Parisə getməyi baş tutmur. Çünki iranlı cadugər və fırıldaqçı Məstəli şahın yüz qızıl bacaqlıya təşkil etdiyi Parisin «dağılması» səhnəsindən sonra elə həmin vaxt Parisdən inqilab xəbərinin gəlməsi və Fransa kralının şəhəri qoyub qaçması baş verir. Aydındır ki, kralın yaxın adamlarından biri kimi artıq öz başının hayında olan Müsyö Jordan, Şahbazı Parisə aparmaq fikrindən vaz keçir. Bundan xeyli pərt olan və ümumiyətlə, bu hadisəyə mat qalan Şahbaz bəy keçib gedərkən nişanlısı Şərəfnisə xanımın tir-tir əsdiyini görür. Şahbaz bəy buna təəccüb edib ona yaxınlaşır və gülümsəyərək soruşur: «Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Pariji sən buyurub yıxdırıbsan ki, mən dəxi ora gedə bilməyəm?

Şərəfnisə xanım (titrəyə-titrəyə nazik səsi ilə gözü dərviş gizlənən pərdədə): – Yox, vallah, «Quran» haqqı, dayım canına, mənim heç zadan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur!

Şahbaz bəy (gülümsəyərək) : – Bax, bax, necə and içir! Necə şirin dil ilə yaxasını qıraq çəkir! Dəxi niyə titrəyirsən? Əgər sən tək pərilər padşahı Pariji yıxdırıbsa, halaldır».

Göründüyü kimi, on beş-on altı yaşlı Şərəfnisə dərviş Məstəli şahın həqiqətən Parisi dağıtdığına inanır. Çünki gözləri ilə görüb və indicə gələn xəbərlə bunun təsdiqini də eşidib. Ona görə bu «cinayətdə» onun da iştirakçı olduğunu düşündüyünə görə qorxub titrəyir ki, birdən-birə məsələ açılıb ifşa olunar. Lakin sevgilisinin bu halını görən Şahbaz bəy bu fırıldaqdan xəbərsiz olsa da, yenə sevgilisinə qorxduğuna görə təsəlli verir və bunu gözəl bir şəkildə ifadə edir.

(ardı var)

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: