«Təqib» povestindən bir parça

Bir an da olsun fəaliyyətdən dayanmır, artıq bütün kəndlərə nümayəndələr göndərib hamısını gözdə-qulaqda saxlamışdı.

Qorxurdum ki, gecə yatam və saat iki ilə dörd arası fürsəti əldən verəm. Artıq talaşa üstə uzanmaqdan bütün əzələ və sümüklərim zoqquldayırdı. Saatı əlimdə, ovcumda tutub çaqqıltısına qulaq asır, hey arxam və ya o böyür-bu böyür üstə çevrilirdim. İt hürməsindən başqa dünyada heç bir səs-səmir gəlmirdi. Hə, bir də uğuldayan küləkdən başqa.

Düz saat üçün yarısında kümdən yerə atılmalı idim. Həyəcandan yuxum tamam qaçmışdı. Ürəyimin səsi ilə saatın səsi bir-birinə qarışmışdı. Biri guppuldayır, biri çaqqıldayırdı.

Çətini özümü Böyük çaya çatdıranacan idi. Ondan sonra gecələr rahat gedə biləcəkdim. Amma çaya kimi xeyli yol vardı. Çılpaq dağ kəsikləri, yarğanlar, dərələr, cığırlar…

Hey qalxıb oturur, kibrit yandırıb saata baxırdım. Hələ xeyli vardı. Heç bir səs-səmir gəlmirdi və zülmət gecədə ins-cins gözə dəymirdi.

Qəsəbənin solğun işıqları baş küçə boyunca yolu işıqlandırırdı. Əlbəttə, o yolda qəsəbə içində öz butkalarında yatan və ya yatmayan gecə gözətçiləri vardı. Ancaq Səlim o küçə ilə getməyəcəkdi. Fanarını da yalnız görünməyən qaranlıq yerlərdə yandıra bilərdi. Göyə tərəf tutmaq olmazdı. Bunu unutmurdu. Meşəyə ki çatdı, rahat ola bilərdi. O, gedəcəyi yolu, yarğanları, dərələri, keçəcəyi çayları dönə-dönə xəyalında canlandırırdı. Əsasən Hamarat dağının qüzey ətəyi ilə getməliydi. Meşə dağın cənub-şərq ətəyindən başlayırdı. Meşədə isə işığı yandırmaq olardı.

Nəhayət, əzablı dəqiqələr ötüb keçdi və Səlim pıçıltıyla küm və siçanlarla vidalaşaraq, sürünüb münasib yerə gəldi. Ehtiyatla çantasını aşağı buraxdı, sonra əksinə çevrilib ayaqları ilə aşağı sallandı və bununla da məsafəni xeyli azaldaraq əllərini kümün taxtasından qopartdı. Yüngül bir tappıltıyla yerə düşdü. Dərhal yerə çöküb, kol-kos arasında dayandı.

Ətraf zülmət idi. Ay görünmürdü. Sonra çantasını tapıb çiyninə taxdı və əyilə-əyilə hasara tərəf getdi. Yarısı kəsilmiş payalardan birini çıxarıb, hasarın arasından keçərək torpaq yola çıxdı. Sonra yolun dərin olmayan xəndəyi ilə əyilə-əyilə, yavaş-yavaş getməyə başladı. Hər on-on beş addımdan sonra dayanıb ətrafa baxırdı. Sonra fikirləşdi ki, əşşi, gecə saat üçün yarısında çöldə kim olacaq. Və dikəlib sakitcə dərəyə tərəf üz qoydu. Yeddi-səkkiz dəqiqə gedəndən sonra artıq qəsəbənin yavaş-yavaş arxada qaldığını görüb dayandı. O, açıq, yastı dağların arasında idi. Ətrafa baxıb, neçə dəfə götür-qoy etdiyi cənub-şərq tərəfə addımlamağa başladı.

Onun bədəni gecənin zülmətindən və səssizliyindən doğan vahimədən tir-tir əsirdi. Ancaq artıq beynində bu məchul vahimədən müdafiə mexanizmi işə düşdüyündən bu, onun ürəyini partlamaqdan qoruyurdu.

Hava soyuq olsa da, onu tər basmışdı. İnsan zülmətdən və məchulluqdan qorxur. Bu qorxu milyon illər qabağın yadigarıdır. Hərçənd ki, o, «dünyada hər şey insandan qorxur» fikrini dönə-dönə təkrar edirdi.

Sonra dikəlib, qəti addımlarla şərqə tərəf üz tutdu. Yer hamar idi. Əkin sahəsi idi. Taxıl biçilmiş, sünbüllərin çöpü ayaqlar altında sınıb ətrafa səpilirdi.

Bircə bu açıq yerləri keçib getsəydi. Ayağı kələ-kötür yerlərdə ilişir, hər əlli-altmış addımdan bir dayanıb yerə çökərək, ətrafı dinləyirdi. Fanar cibində, ağac əlində idi. Gecəyarısının necə uğultusu varmış. Bu, səssizliyin uğultusu idi. Bir də bərk gurultu eşidilirdi. Dayanıb gördü ki, bu, onun ürəyinin səsidir. Əlindəki paya qırığı ona çox kömək edirdi. Çuxurları, dayaz xəndəkləri hiss edir, ehtiyatla gedirdi.

Ayağı tez-tez daş-kəsəyə ilişirdi. Çünki ayağının altını aydın görmürdü. Fanarı da hələ yadırmırdı. Ancaq yamacların kəsiyi ilə bir xeyli getdikdən sonra yenə oturub harda olduğunu kəsdirməyə çalışdı.

Qabağında nəhəng, getdikcə yüksələn Hamarat dağının qaraltısı hiss olunurdu. Hə, o, nisbətən şərqə tərəf, dağın şimal-şərq ətəyi ilə getməliydi. Heç bir iz, cığır seçmək olmurdu. Mal-qara ayaqlarının izi bilinirdi.

Səlim əmin idi ki, artıq bir-iki saatdır ki, qəsəbə və onun kəndlərində onu axtaran yox idi. Qaranlıq gecə onun müttəfiqi və himayədarı idi. Amma o, yenə ehtiyatla Hamaratın ətəyi ilə dağın arxasına, meşəli dərəyə tərəf gedirdi. Fanarı yarğanlara rast gələndə işə salırdı.

Saat dördə işləyirdi. Bir saat idi ki, gedirdi. Amma kəsə yolla deyil, dağı dolanıb gedirdi və buna görə yol uzanırdı. Nəhayət, ilk kolluğa çatdı. Dayandı, nəfəs dərdi. Artıq kol-kos səpələnmiş kiçik vadidə idi. Meşəyə lap az qalırdı.

Qarşısına çökək çıxdı. Fanarı yandırıb, onu yan keçdi. Bəzən bu çökəklər təhlükəli idi. Sürüşüb düşsə, çıxmaq çətin olurdu.

Göy ulduzlarla dolu idi. Ay da indicə doğa bilərdi. Onda yol getmək xeyli asan, amma təhlükəli olurdu.

Yer hamar olsaydı, bəlkə də qaçardı. İndi isə qaçsa, yıxıla bilər, əl-ayağı əzilə, hətta sına bilərdi. Hələ belində yükü də vardı.

Axır ki, on-on beş dəqiqədən sonra iri böyürtkən kolları və cavan palıd, fıstıq, vələs, cökə ağacları səpələnmiş meşəliyə çatdı. Qabaqdan şırıltı səsi gəlirdi. Bu, kiçik Alaşar çayı idi. Xəzərə tökülən Böyük çayın qollarından biri idi. Çayın o tərəfi artıq qalın meşəlik idi.

O, tələsik ayaqqabı və corablarını çıxarıb çantasına qoydu. Və ehtiyatla suya girib bir xeyli getdi ki, işdir, iziylə və ya itlə izini tutub gəlsələr, yolu itirsinlər.

Sonra sudan çıxıb ağacını çaya atdı. Və ağacların alçaq budaqlarından birini qıraraq, uşaqlıqda «at» mindiyi kimi arxasınca sürüyüb izlərini dağıtmağa başladı.

Bir azdan sübh şəfəqi əvvəl ağarmağa, sonra da qızarmağa başlayacaqdı. Onun düz bir saat vaxtı vardı və əvvəldən fikirləşdiyi kimi böyürtkən kolları dünyasına çatmağa tələsirdi.

On-on beş dəqiqə meşənin içi ilə getdi. Böyürtkən kollarına ilişirdi. Meşə seyrəldikcə, kollar çoxalırdı.

Nəhayət, Ay doğdu və ətraf işıqlandı. Ancaq seyrək bir duman dağ başından yamac boyu yayılıb gəlirdi və hava xeyli soyumuşdu.

Nəhayət, ortası boş olan dairəvi böyürtkən topasına çatdı. Bu kolluqlar dairəvi topa şəklində idi. Hər tərəfdən adam boyundan hündürə çatmışdı. Hə, bunların arasından, ya üstündən birtəhər keçib gündüzü burda başa vermək olardı.

İri budağı kollar üstə qoyub, körpü kimi üstünə çıxaraq cəld iki addım atdı. Üzü, əlləri cırıq-cırıq oldu. Qan gəlirdi. Qollarına və baldırlarına çoxlu tikan batmışdı. Amma içəri keçdi. Kollar arasında pencəyini sərib, çantasını yerə qoyub, dəsmalıyla yaralarını silməyə başladı. Budağı içəri çəkdi. Kollar yenə yuxarı qalxdılar. Ortada dörd kvadratmetrlik otluq vardı. Heç vaxt ayaq dəyməmişdi. Odeyalını nəm otlar üstə sərib, tamam görünməz oldu.

Dünyada çıxılmaz vəziyyət olmur. Yaxşı fikirləşsən, çarə tapa bilərsən.

Bütün gecəni yatmamışdı və bayaq balaca çayları keçəndə əl-üzünü yuyub, doyunca da su içmişdi.

Yorğun və yuxulu idi. Göydə ulduzlar bir-bir itir, hava şərq tərəfdən getdikcə ağarırdı.

Uzaqlarda itlər hürürdü, bir də çayın şırıltısı gəlirdi. Bu çay onun kompası, magistral yolu idi. Ancaq onun sahili ilə gedə bilərdi. Yoxsa, bir-birlərinə oxşayan, bir-birlərini kəsib gedən dağların arasında hətta azıb qala da bilərdi. Çay isə üzüaşağı düz dənizə, Xəzərə tərəf axırdı.

Fikirləşdi ki, əlbəttə, səhər ciddi axtarsalar, izini tapa bilərdilər və gəldiyi yolla da gələ bilərdilər, ancaq çaya kimi. Sonra hansı tərəfə getdiyini çətin biləydilər. Meşədə isə iz tamamilə itmişdi və burada adamdan çox hündür kolların arasında onu görmək demək olar ki, qeyri-mümkün idi.

 

 

 

Categories: Əsərlərindən | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: