Məhəmməd Rza pritçaları

Məhəmməd Rzanın sərəncamı

 Məhəmməd Rza düyməni basıb, təcili olaraq SAVAK-ın rəisi Bərxodarini çağırtdırdı. Rəis qorxa-qorxa içəri girən kimi şah onun üstünə çığırdı:

— Vələdizina, bu nədir, saunalar səni o qədər qudurdub ki, indi sözümə baxmırsan?

Bərxodari boğazı quruduğuna görə bir neçə dəfə udqunub güclə danışdı:

— Əstəfürullah, ya zillisultan, mən nə karəyəm ki, sizin sözünüzdən çıxam.

— Bəs bu nəmənədir, eşidirəm, polisi ixtisar edirsən.

— Xeyr. Başına dönüm, elə şey olmayıb.

— Yaxşı, onda de görüm, indi bizim nə qədər əhalimiz, nə qədər polisimiz var?

— Şah sağ olsun, on milyon əhalimiz, bir milyon da polisimiz var. Əlavə beş yüz min də SAVAK-ın üzvləridir.

Rəis fəxrlə məlumat verdi.

Şah başını bulaya-bulaya: – Rüsvayçılıqdır, – dedi. – Bərxodari, get əhalini azalt, polisi artır!

— Bəçeşm.

Üç aydan sonra yenə şahənşah SAVAK rəisini çağırtdırdı:

— Vələdizina, necə oldu, dediklərimi yerinə yetirdinmi?

— Bali, başına dönüm, polisin sayını milyon yarıma qaldırmışam.

Şah gözlərini bərəltdi. – Gədə, məni ələ salırsan? Sabah birdən bu ölüvay millət dirilib küçələrə axışdı, on milyon adamın qabağında bir milyon polis neyləyəcək? Get əhalini azaldıb, polisi artır.

— Bəçeşm.

Yenə üç-dörd aydan sonra şahənşah sadiq və diribaş rəisi çağırtdırdı.

— Bərxodari, sən məni artıq əsəbləşdirirsən. Bu nədir, pəncərədən hara baxıram, gözümə adamlar görünür. Bəs hanı sənin polislərin?

Rəngi qaçmış Bərxodari and-aman elədi:

— Ya əlahəzrət, vallah, düz yarıbayarı eləmişəm. Üç milyondan çox polisimiz var.

— Ay həpənd, acından dəli olmuş on milyonun qabağında yeyib-kökəlmiş boynuyoğun polis neyləyəcək? Sənə axırıncı dəfə deyirəm, get, uçurumun qarşısındasan. Yaxşı-yaxşı fikirləş, iş gör.

Dizlərinin taqəti getmiş Bərxodari ayaqlarını sürükləyə-sürükləyə güclə otaqdan çıxdı.

Və nəhayət, üç aydan sonra yenə şah onu çağırtdırdı.

— Bərxodari!

Bu dəfə SAVAK-ın rəisi əlahəzrətin sözünü kəsdi:

— Artırmışam! Başına dönüm, artırmışam.

— Necə artırmısan?

— Ya əlahəzrət, ölkədə bir nəfərdən başqa daha mülki adam qalmayıb. Hamısı polisdir.

— Necə bir nəfərdən başqa? Kimdir o vələdizina?

Bərxodari udqunub qorxa-qorxa dedi:

— Ya əlahəzrət, o bir nəfər siz cənablarıdır.

Qoca tiran əvvəlcə duruxdu, sonra Bərxodarinin rənginin yavar-yavaş ağardığını görüb gözlənilmədən qəhqəhə çəkib gülməyə başladı. Bərxodari uğunub gedən diktatora baxıb, – birdən ölüb-gedər xətaya düşərik, – deyə düşünərək cəld sivişib otaqdan çıxdı.

 Su

Ölkədə su qıtlığı və quraqlıq başlandı. Əhali həyəcana gəldi. Çayların suları harasa naməlum bir yerə axıb itirdi. Nə qədər yağış yağırdı, heç bir faydası olmurdu. Sular göz qabağındaca yoxa çıxırdı. Ölkədə bağlar, bağçalar qurudu, meşələr saraldı.

Bu nə işdir, – əlahəzrət ömründə ilk dəfə qorxdu. Qorxdu ki, Allahın, təbiətin ona qəzəbi tutar. Tez başbilənləri, metereoloqları və hərbçiləri yığdı.

— Necə edək, – üzünü yaxın adamlarına tutub soruşdu. – Bu su hara gedir? Bəlkə, qonşu ölkələrin təxribatıdır?

Hamı susub əlahəzrətin həyəcanlı üzünə baxırdı.

— Nə oldu, sizinləyəm, niyə susursuz?

— Şah sağ olsun, – ən qoca əyyan və şahın qohumu Şəbustəri dedi, —  mən bilirəm, əmma qoy ikilikdə məsələni müzakirə edək.

— Lap yaxşı. Durun dağılın! Sizdən heç vaxt bir fayda olmur. Allah sizi ancaq yeyib-içmək, söküb-dağıtmaq, saunalarda əyyaşlıq etmək üçün yaradıb.

Əyyanlar və qohumlar məyus-məyus otağı boşaltdılar. Şahla Şəbustəri tək qaldı.

— Şah sağ olsun, mənim təklifim, yəni bu bəlanın çarəsi sizin üçün xoşagəlməz ola bilər və yəqin ki, olacaq. Ona görə izn verirsizmi açıq danışım? Dinləməyə hazırsızmı?

— Kişi, məni qorxutma. Danış görək nə olub?

— Baş üstə. Şah sağ olsun, ölkənin bütün suyu, çayların və göllərin bütün suyu sizin və haqqınızda çap olunan yüzlərlə kitablara gedir. Ona görə xahiş edirəm, izn versəniz, o kitabları götürüb aparım və su məsələsi öz yoluna düşsün.

Şahın təəccübdən kiçik rəngsiz gözləri əvvəlcə böyüdü, sonra qızardı. Və o, hirslə dedi:

— Şəbustəri, sən nə danışırsan? Deyəsən, xərifləyirsən.

Şəbustəri ah çəkib dedi:

— Əlahəzrət, siz səbəbini soruşursuz, mən də deyirəm. Əgər istəyirsizsə çaylar, göllər suyla dolsun, torpaq yaşıl bitkilərlə örtülsün, ize verin o kitabları yük maşınlarına yığıb aparım. Özünüz mənə izn verdiniz ki, çəkinmədən çarəsini deyim. Səbəb və çarə ancaq bundadır.

Əlahəzrət qoca Şəbustərinin heç vaxt yalan demədiyini bilib, amma xeyli təəccüb içində və pərt olaraq haçandan-haçana dedi: – Yaxşı, götür o kitabları apar, amma elə et ki, heç kim xəbər tutmasın. Bu sirri bir mən bilim, bir də sən.

Və beləliklə, bir həftədən sonra ölkənin çayları və gölləri yenə şırıltıya qərq oldu.

Zülmün nəşəsi

Əlahəzrət dəniz sahilində nəhəng bir villa tikdirib, onun geniş eyvanında yumşaq kresloda rahatlanıb dənizin ucsuz-bucaqsız mənzərəsinə tamaşa eləməyə başladı. Dəniz isə süni dəniz idi və onu əlahəzrət özü yaratmışdı. Ona görə üstündə minlərlə, yüz minlərlə insan çırpınır, xilas olmaq istəyirdi. Kimi birdəfəlik qərq olur, kimi çırpınıb boğulur, kimi üzüb xilas olmağa çalışır, kimi köməyə çağırır, ancaq heç biri xilas ola bilməyib dənizin köpüklü dalğalarında qərq olurdu.

Boğulmaqda olan körpələrin, qocaların, qadınların səsi dünyanı başına götürmüş, əlahəzrət isə kreslosunda gözəl şirələrdən içə-içə bu mənzərəyə baxır, məmnun-məmnun, kəsik-kəsik gülürdü.

Rəssam öz tablosundan, memar ucaltdığı saraydan, bağban bəslədiyi ağaclardan necə ləzzət və zövq alarsa, şahənşah da dənizdə qərq olan minlərlə insanların ölümündən eləcə ləzzət alırdı.

 Ov

Tufan Sindibadın gəmisini yenə bir yarımadaya atdı. Bura Zibilabad adlı məşhur şəhər idi. Səyyah yavaş-yavaş irəlilədikdə, yenə adamların dəstə-dəstə hərəsi bir tərəfə qaçdığını gördü. Nə qədər tutub bir şey soruşmaq istədisə, mümkün olmadı. Hamı  dayanmadan qaçırdı. Axırı ki, o, bir qocanı tutub saxladı.

— Tez ol, – deyə qoca yaxasını onun əlindən qurtarmağa çalışdı. – Nə deyirsən, tez ol.

— Bu adamlar, siz, hara belə qaçırsız? Bu nə məsələdir, yoxsa hərbçilər qiyam qaldırıb?

Qoca dedi:

— Yox, onların heç birinə görə deyil. İndicə ov başlanacaq, ona görə hamı qaçır.

— Şəhərdə nə ov, a kişi, dəli olmusuz?

— Əzizim, biz dəli olmamışıq, şahımız belədir. O, həftədə, ən geci ayda bir dəfə ova çıxır. Atnan çapa-çapa hansı bir sağlam, güclü cavanı isə ovlayıb gedir.

Sindibad bir xeyli kişinin üzünə baxıb qaldı, sonra dedi:

— Yaxşı, tutalım ki, belədir, bəs onda sən, qocalar, uşaqlar niyə qaçır?

— Oğul, qaçmayıb, bəs neyləsinlər? Axı can şirindir.

Elə bu vaxt hardasa bir az aralı güllə səsi eşidildi və camaat arasından bir alqış və nida səsi ucaldı. Qoca rahat nəfəs alıb dedi: – Hə, deyəsən ov başa çatdı. Gedək əhvalatı sənə əməlli-başlı danışım.

— Daha nə əhvalat, hər şey aşkar göründü.

— Yox, gedək mənim qonağım ol. Burda yaxşı bir restoran var. Yaxşı da sveji yeməkləri olur. Gəl tanış olaq, akademik Nəyimzadə.

Sindibad təəccüblə: – Akademik?

— Hə, təəccüblü nə var ki?

— A kişi, bizdə akademiklər əmirlərdən, sultanlardan başda olur, amma sən küçədə qaçırsan.

— O sizdədir, – deyə akademik ah çəkdi. – Gəl, gəl.

Onlar yaxındakı restoranda stol arxasına keçib oturdular. Ofisiant əlində menyu gəldi. Sonra qocaya və Sindibada baxıb dedi:

— Təzə kəklik, turac, qırqovul, qaban, ceyran, cüyür, nə istəyirsiz?

— A kişi, – deyə Sindibad heyrətlə səsləndi, – ölkənizdə bu qədər ov heyvanı, quş ola-ola şahınız adam ovuna çıxır?

— Bilirsənmi, – deyə qoca cavab verdi, – heyvan ovlamaq şahənşaha daha ləzzət vermir. Cavan, güclü adam ovlamaq isə onun üçün maraqlıdır. İnsan qaçır, tullanır, çığırır və bir güllə ilə də ölmür. Bu da əlahəzrətə ləzzət verir.

 Dəfn olunmayan tabut

Şəhərin ortasında bir dəstə adam çiyinlərində bir tabut aparırdı. Onlar yerlərini bir-bir dəyişir, bir-birlərini əvəz edir və əsasən də eyni adamlardan ibarət idilər. Bu adamlar tubutu hara aparır, harada basdıracaqdılar, heç kim bilmirdi. Ətrafda adam dolu olsa da, maşınlar elədən-elə, belədən-belə keçsə də, heç kim onlara əhəmiyyət vermirdi. Bununla belə, adamların sayı hiss olunmadan artırdı. Az sonra məlum oldu ki, tabutdakı məxluqu sevənlərin hamısı xəbəri eşidib gəlib qoşulublar. Bunlar bütün ölkədə beş yüz nəfərə qədər adam idi.

Bu adamlar astaca danışa-danışa, tabutdakı məxluqu qətlə yetirəni lənətləyə-lənətləyə, ağır-ağır küçələrdən keçib gedirdilər.

Bu qəribə səhnəni görən əcnəbi onlara yanaşıb soruşdu:

— Tabutdakı mərhum kimdir?

— HƏQİQƏTDİR, qonaq.

— Axı cənab HƏQİQƏTİ biz bu gün görmüş, hətta söhbət də etmişik.

Heç kim cavab vermədi və bir nəfər əyilib qonağın qulağına pıçıldadı:

— O, cənab HƏQİQƏT olmayıb. O, cənab YALANDIR.

— Axı eynilə HƏQİQƏTƏ oxşayırdı.

— Bəli, oxşayır. Yaxşı qrimlənib, amma o, HƏQİQƏT deyil. Özünüz bilirsiz ki, iki HƏQİQƏT ola bilməz. Elədirmi?

Qonaq dedi:

— Bəli, elədir. Yaxşı, bəs bu tabutu nə qədər aparacaqsız?

— O qədər aparacağıq ki, ta təzədən dirildi.

— Dirilməyinə ümid varmı?

— Bəs necə, HƏQİQƏT illərlə, hətta on illərlə ölü kimi düşüb qalır. Amma şərait yaranan kimi hansı bir sehrləsə cana gəlib qalxır.

— Bəs onda yalançı HƏQİQƏT necə olur?

— Hə, o həqiqətən ölür.

— İndi siz bu ağır tabutu on illərlə çiyinlərinizdə gəzdirəcəksiz?

— Bəli, cənab, neyləməli? Bu da bizim missiyamızdır.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: