Məhəmməd Rza pritçaları

Şeytanın ölümü

İki şeytanın arasında mübahisə düşdü. Biri dedi Məhəmməd Rza heç nədən, heç bir tərifdən utanmaz, o biri dedi yox, nəyləsə onu utandırmaq olar. Mübahisə uzandı. Axırda mərc gəldilər ki, kim uduzsa, gedib bir il Azərbaycan ostanında baş vəzir vəzifəsində işləyəcək.

Bəli, onlar Təbrizə gəlib, heyvandarlığın inkişafına həsr olunmuş yığıncaqların birində iştirak etdilər. Bu zaman məşhur şair Kvadratbığ Kələmxan tribunaya çıxıb, çıxış etmək üçün əlahəzrətin gəlişini gözləyirdi.

Bəli, axır ki, şah gəlib çıxdı. Qabaq cərgələrdə oturmuş Yosef Qaraçanaqlı və Yanar Cuhudoğlu gözlərini əlahəzrətə zilləmişdilər.

Kələmxan iclası açıb dedi:

— Cənablar, biz xoşbəxtik ki, bu gün belə bir böyük hadisədə iştirak edirik. Həm təsərrüfati elminin atası olan əlahəzrət Məhəmməd Rza özü bu yığıncaqda iştirak etməklə bizim hamımızı xoşbəxt etmişdir.

Kvadratbığa baxıb hamı məəttəl qaldı. Yəni bu, hamının mavi ekranda hər gün dönə-dönə gördüyü bayağı həqiqətlər mübəlliği olan həmin Kvadratbığ idimi? Əgər o idisə, sifəti niyə tamam dəyişmişdi? Burnu yastılanmış, gözləri girdələnmiş, xülasə, tanımaq olmurdu. Hətta şahənşah da təəccüblə öz sevimlisinə baxırdı. Məsələ bunda idi ki, heç kim Kvadratbığın ürəyinə şeytanın girdiyini bilmirdi.

Kvadratbığ ağzın açan kimi gördülər ki, yox, kişi başqa bir məxluqa oxşasa da, elə özüdü ki var. Və şair heyvandarlığın inkişafına həsr olunmuş yığıncağa bu sözlərlə başladı:

— Millətimin yeməyi bol, suyu boldur. Bu yeməyi, bu suyu ona dünyanın ən qüdrətli, əzəmətli, həşəmətli bir dahisi – əlahəzrət Məhəmməd Rza bəxş etmişdir. Yer üzünün tacidarı, tarix üzüyünün qaşı olan bu siyasət nəhəngi olmasaydı, İranda kənd təsərrüfatı da olmazdı. Siz bilmirsiz ki, Amerikanın, Rusiyanın, hətta uzaq Avstraliyanın dövlət başçıları çətinliyə düşən kimi dərhal əlahəzrətə zəng vurub, ondan məsləhət alırlar.

Bu zaman pəncərələrin qırağında oturmuş yüzlərlə şeytanlar maraqla ona qulaq asırdılar. Kvadratbığ davam edib dedi:

— Böyük şahənşahımız ki, cavanlığında Kembric və Sarbon universitetlərində oxumuş, sonra da orda dərs demiş və bundan sonra İrana gəlib bizə dərs deməyə başlamışdır.

Kələmxanın hər sözündən sonra zalda sürəkli alqışlar qopurdu və hər dəfə də bir qocanın ürəyi gedirdi. Bəzən bu alqışlar on-on beş dəqiqə çəkirdi. Ancaq əlahəzrət heç bir işarə vermirdi və alqışlayanların əlləri qızarıb ağrıyanda istər-istəməz dayanmağa məcbur olurdular.

Pəncərə qabağında oturmuş gözəgörünməz şeytanlar birinci şeytanın mərci udmaqda olduğunu görüb onlar da əl çalırdı. Təciliyardım maşınları gəlib həlak olanları aparırdı. Kələmxandan sonra söz Yanar Cuhudoğluna verildi. O, dedi:

-Cənablar, ağalar və xanımlar. Siz hələ əlahəzrətlə bir vaxtda yaşadığınız üçün onun qüdrətini bu qədər hiss edirsiniz. Amma bilmirsiz ki, o, bir günəşdir. Amma öz işığını, şüalarını gizlədib sizi yanmaqdan, kor olmaqdan qoruyur. Başqa ölkələrdə isə bu günəşin işığından, şüasından elə bolluqdur ki, ağaclar da adam gətirir.

Sizin xəbəriniz yoxdur, şah ova çıxanda kəkliklər, turaclar necə uçub onun qabağına gəlirlər. Şah balıq ovuna çıxanda qızıl balıqlar onun tilovuna düşmək üçün qırğın-qiyamət qoparırlar. Bunlar mənim sənətkarlıq epitetlərim deyil, canlı reallıqdır.

Əlahəzrət məmnun-məmnun qulaq asıb, başı ilə təsdiq edərək gülümsəyirdi. O, bu iki sevimli məddahını necə mükafatlandıracağı barədə fikirləşirdi və axırda belə qərara gəldi ki, hər ikisini «Məhəmməd Rza» ordeni ilə təltif edib, üstündə də yüz min dollar mükafat veriləcək.

Bu zaman Kvadratbığ Kələmxan dözə bilməyib yerindən qalxaraq qışqırdı:

— Mən şübhə etmirəm ki, əlahəzrət şahənşahımız adi insan deyil, insan cildində dünyaya gələn Yaradanın özüdür.

Onun bu sözündən sonra yenə gurultulu alqışlar qopdu və hətta Məhəmməd Rza özü də əl çalırdı.

Ölüykən yaşayan

 1980-ci ildə Məhəmməd Rza qürbətdə öldü. Matəm, dəfn, ağlaşma, vidalaşma, mitinq və Panteona gedən yollarda yüz minlərlə insanların müşayiəti ilə əlahəzrət yola salındı. Bundan sonra o dünyanın işləri başlayır. İnkir, Minkir mərhumu təftiş edirlər, amma nə qədər açıb-tökürlərsə, keçmiş diktatorun içindən puldan başqa heç nə çıxmır.

— Bu nədir? Bəs bunun ruhu hanı?

İnkir, Minkirlər bir-birlərinə sual verib, yenə axtarırlar. Ha axtarırlar, harasına baxırlarsa, mərhumun içindən ancaq pul çıxır. Belə ki, İnkir, Minkirlər dollar altında görünməz olurlar.

Birtəhər Əzrayılla əlaqə saxlayıb, bunun nə demək olduğunu soruşurlar.

— Bəs nə istəyirsiz, Məhəmməd Rzanın içindən puldan başqa nə çıxa bilər? O, çoxdan ölübmüş, heç mənim də xəbərim olmayıb. Amma xələfinin və pulun eşqinə və gücünə yaşayırmış.

Məhəmməd Rza

Məhəmməd Rza heyvanları çox sevirdi. Xüsusilə, öz heyvanlarını. Onun yüzə qədər iti və onlarla pişiyi vardı. Və günlərin bir günü bir neçə it və pişik zəhərlənib öldülər.

Bəs bu xəbəri kim əlahəzrətə çatdırsın? Kim buna cürət edə bilərdi? Vəzir-vəkillər və müqəvva sədrəvəz İsfahani nə qədər götür-qoy etdilərsə, çıxış yolu tapa bilmədilər. Ən yaxın adamı bütün ölkələrdəki iranlıların ən müdriklərini, ağıllılarını yığıb onlara belə dedi:

— Cənablar, ağalar, İran tarixinin bu ağır günündə əlbəttə, xalqımıza üz verən dəhşətli xəbəri şaha çatdırmalıyıq. Amma elə-belə, gedib birbaşa demək olmaz. Adamın atasını yandırar. Amma belə etmək olar: biz ölkədə aclıq elan edib bir ay, bəlkə də daha çox müddət ərzində bir xeyli, yəni bir milyona qədər azərbaycanlı öldürə bilərikmi?

— Bəli, – İran məclisinin azərbaycanlı üzvü, məşhur haqq-hesab bilicisi hacı kərbəlayi məşədi Səlman ayağa qalxıb təsdiq elədi. – Aclığı yaxşı təşkil etsək, möhkəm qıtlıq yaratsaq, iki-üç aya bir milyon öldürmək olar. Bu iş cənabınızın nəyinə lazımdır?

— Ona görə lazımdır ki, biz, qeyd etdiyim kimi, əlahəzrətə sevimli itlərinin və pişiklərinin öldüyünü xəbər verə bilmərik. Amma desək ki, ya əlahəzrət, Azərbaycan ostanında son iki-üç ayda bir milyona qədər uşaq və qoca vaxtından əvvəl ömürlərini sizə bağışlayıblar və bu cür xoş xəbərdən sonra əlahəzrətə astadan xəbər verərik ki, qorbanın olum, bəs filan-filan itiniz və pişiyiniz də hansı bir xəstəlikdənsə vəfat ediblər. Onda əlahəzrət o cür böyük şad xəbərin əvəzində bu cür ağır, kədərli xəbəri də birtəhər bizə bağışlaya bilər.

— Əhsən, – deyə vəzir-vəkillər xorla müqəvva sədrəzəmin fikrini alqışladılar.

Və doğrudan da onlar ölkəni quldur-qaçağa tapşırıb, xüsusilə Tehranın erməni varlılarıyla əlbir olub onun var-yoxunu talan edərək İranda, xüsusilə Təbriz ostanında böyük aclıq yaratdılar və qət olunduğu kimi bir milyondan çox yazıq-yuzuq, yetim-yesir azərbaycanlı acından öldü.

Və şah da bu böyük xəbərin şadlığının təsirindən iki itinin və pişiyinin ölümünü əyanlarına bağışladı.

Cırtdan məddahlar

Cəhənnəmin aktyorlar klubunda hər gün kef-əyləncə və şoular keçirilirdi. Ətraf həmişə adamla dolu olur, amma heç kimi içəri buraxmırdılar.

Məhəmməd Rza gələn kimi tez birbaş mərmər pillələrlə sarayın hündür tağlı qapılarına tərəf yeridi. Vəsiqəsini əlində tutub birbaşa içəri keçmək istədi.

— Hara belə, cənab, bir dəqiqə!

Qapıçılar onlara tərəf uzadılmış vəsiqəni alıb ora-burasına baxdılar, sonra Məhəmməd Rzaya qaytardılar.

— Cənab, sizə məlum olsun ki, bura xüsusi diktatorlar buraxılır. Ona görə sizə olmaz.

— Hansı diktatorlar? – deyə keçmiş şahənşah kinayə ilə soruşdu.

— Məsələn, Lenin, Stalin, Mau Tsezedun, Səddam Hüseyn və başqaları.

Məhəmməd Rza sinəsini qabağa verdi. – Mən onlardan daha böyük diktatoram.

Qapıçı dedi:

— Bunu necə sübut edərsiz?

— Bəs siz sadaladığınız adamların məndən böyüklüyünü necə sübut edirsiz?

— Bizdə bir meyar var, kim kimləri tərifləyib, yəni mədh edib.

Məhəmməd Rza bir az duruxub çənəsini qaşıdı.

— Məsəla, Avqust və ya Borciyanı kimlər mədh edib?

— Bilmirsiz?

— Xeyr.

— Avqustu dahi şair Vergilli, Borciyanı isə dahi mütəfəkkir Makiavelli, Lenini, Stalini də Mayakovski, Səməd Vurğun, Rəsul Rza mədh ediblər. Bəs sizi kimlər mədh edib?

Məhəmməd Rza istədi desin ki, bəs Yaqubi, Ənari, Həpəndoğlu, ikinci Nizami, Xoşbəxt Ermənizadə və başqaları. Amma fikirləşdi ki, qapıçının sadaladıqları dahilərin yanında bu dılğırları kimdir sənətkar hesab edən. – Vay, vay, – deyə başını yırğaladı. – Gərək heç nə əsirgəməyib az-çox şöhrətli və qüdrətli sənətkarların qılığına girəydim. Heyf, heyf.

Və əlahəzrət məyus-məyus toz-torpaq içində itmiş başqa ikinci dərəcəli diktatorların yanına qayıtmalı oldu.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: