Məhəmməd Rza pritçaları

Bir neçə söz

Məhəmməd Rzanın 1946-1979-cu illər arasındakı hakimiyyət dövrü hədsiz dərəcədə maraqlı olması, paradoksallığı və faciəviliyi ilə fərqlənir. Xüsusən, mənim kimi paradoksal vaqeələr aşiqi üçün göydəndüşmə və əbədi bir mövzudur. Bu mövzu qalın-qalın cildlər üçün ilham mənbəyi olsa da, təəssüf ki, biz yalnız külliyyatımızın bircildliyi ilə kifayətlənməli oluruq.

Qəzetimizin bu nömrəsindən başlayaraq bütün həyatı, taleyi, hakimiyyəti ibrətamiz olan, amma heç bir tiranın dərs almadığı Məhəmməd Rza haqqında hələ çap olunmayan və ya çox illər qabaq çap olunub itirilən pritçaların yeni bir silsiləsini oxucularımıza təqdim etməyi lazım bilirik. Çünki bu pritçalardakı ideyalar bu gün həmişəkindən daha aktualdır.

Məsum diktator

Məhəmməd Rza taxtdan salınıb İrandan qovulandan sonra başına niyə bu işlərin gəldiyini bilmək üçün qoca kahinlərə, müdriklərə və dərvişlərə müraciət etdikdə hamısı eyni sözləri və eyni fikri təkrar etdi:

— İnsanların rəftarını tənzim edən əbədi qanunlar və prinsiplər gec-tez ədalətsizliyi və riyakarlığı hansı formada isə cəzalandırır.

Və hər dəfə bu sözləri eşidən keçmiş şahənşah – necə, – deyə təəccüb və çaşqın nəzərlərlə müsahibinin üzünə baxıb qalırdı. – Mən ədalətsizlik və riyakarlıq etmişəm?

Şahənşahın ürəkdən gələn bu heyrətinə cavab olaraq kahinlər onu heç cür başa sala bilmirdilər ki, uzun illər hakimiyyət dövründə törətdiyi antisistem, yəni şər əməllər saya gəlməzdir. Çünki bunu milyonlarla insanlar təsdiq edir. Ancaq müdriklər keçmiş tiranın heyrətinin səmimiyyətinə inanıb öz nəticələrində çox da israr etmirdilər və beləliklə, aldığı cavabla təmin olunmayan Məhəmməd Rza yenə başqa bir müdrik axtarırdı.

Nəhayət, insanın üzünə baxıb onun bütün keçmiş və gələcəyini söyləyə bilən qoca bir ağıl sahibi şahın göz yaşları içində başına gələnləri danışmasına xeyli qulaq asandan sonra belə dedi:

— Sizin heç bir günahınız yoxdur. Gedin rahat yaşayın.

Bu sözlərdən xoşbəxt olan diktator qalib kimi çıxıb gedəndən sonra qoca müdrik ətrafındakılara belə dedi:

— Bu adama onun nə qədər ədalətsizliklər etdiyini söyləmək bədəvi ərəbi ilə çin dilində danışmaq kimi bir şeydir. Bir də bu adam yetmiş illik həyatında axı bir dəfə ədalətli bir iş tutmayıb ki, ədalətlə ədalətsizliyi fərqləndirə bilsin. Üçüncüsü, onun üçün ədalətsizlik yalnız və yalnız onun iradəsinə, əmrinə və istəyinə qarşı çıxmaqdır. Anadan kor doğulan bir adama göy qurşağının necə olduğunu başa salmaq mümkünmü?

Afrika heyvanları

Qahirədə ölkə başçılarının beynəlxalq sammitində məruzə və çıxışlar yenicə başlanmışdı ki, Afrika ölkələrindən həyəcanlı xəbərlər gəldi. Yerin peykləri və xüsusi təyyarələrin heyətləri və ümumiyyətlə, əhali xəbər verirdi ki, istisnasız olaraq Afrikanın bütün ölkələrində heyvanların köçməsi, daha doğrusu, sürü-sürü qaçmağı müşahidə olunur. Onlar elə bir dəhşət və qorxu ilə qaçırdılar ki, sanki yanğından, vulkan və ya zəlzələdən xilas olmağa can atırdılar. Özü də qəribə burasında idi ki, konkret bir yerə deyil, hara gəldi, sanki panikaya düşüb qaçırdılar.

Təbii ki, böyük itkilər olurdu. Tapdaq altında qalanlar, çaylarda, bataqlıqlarda boğulanlar, yarğanlardan aşıb həlak olanlar olurdu və bir qəribə cəhəti də bu idi ki, canavar ceyranla, çaqqal dövşanla, antilopa pələng və şirlə yanaşı qaçırdılar. Yəni heç biri digərinə fikir vermirdi. İkinci qəribə cəhət də o idi ki, nəinki begemot və kərgədanlar, porsuq və ya siçanlar, hətta həşəratlar, çəyirtkə, ilbiz, ilan və kərtənkələlər də qaçırdı.

Bütün dünya bioloqları bu fenomenin səbəbini öyrənməyə girişdilər və nəhayət, yapon alimləri heyvanlara yapışdırılan ötürücülərin köməyi və kompüter detektorları ilə bütün bu canlıların hisslərini analiz edib belə bir cavab aldılar: Məhəmməd Rza Afrikaya ova çıxıb. Buna görə qaçın canınızı xilas edin! Heyrətdən çaşıb qalan alimlər – yaxşı, heyvanları başa düşdük, bəs çəyirtkə və kərtənkələlərə nə olub? – deyə soruşdular. Cavab aldılar ki, bəs diktatorun ayağı toxunan və nəfəsi dəyən hər yerdə bütün canlılar dərhal məhv olub, heç ot da bitmir və bu hadisə nüvə bombası partlayışının episentrində olmağa bərabər kimi bir şeydir.

Təsəlli

Məhəmməd Rza 15 yaşında ilk dəfə mehtərliyə başlaması münasibətilə (o, bunu əmək fəaliyyətinin ilk günü hesab edirdi) böyük bir mitinq təşkil edib orada çıxış etməyi qərara aldı. Ancaq biləndə ki, adamlar elə-belə onu görüb-eşitməyə gəlməyəcəklər, çünki telekanallar səhərdən-axşama kimi ondan bəhs etdiyinə və onu göstərdiklərinə görə xalq əlahəzrəti telediktor adlandırır, məsələni inzibati yolla həll etməyi qərara aldı. O, dövlət qulluqçularını, məktəbliləri, tələbələri əmrlə mitinqə topladı. Onlardan başqa çoxlu jurnalist və avaralar da könüllü olaraq mitinqə yığışdılar.

İran xalqının səfil günə düşdüyünü, peşəkar və gərəkli adamların, işgüzar cavanların çörək pulu dalınca qonşu ölkələrə səpələndiyini, kənd və şəhər təsərrüfat sahələrinin, fabrik və zavodların dağıdılıb satıldığını, alim, yazıçı və müəllimlərin bir çoxunun sözün əsl mənasında dilənçilik etdiyini, yüz minlərlə evlərdə uşaq və qocaların ac qaldığını və qazın hədsiz bahalığı ucbatından qış gecələrində soyuqdan qırıldıqlarını təşkil etdiyinə görə əlahəzrət xalqa təsəlli verməyi qərara aldı.

Tehranın bələdiyyə rəisi mitinqi açıb dedi:

— Əziz həmvətənlər, siz bu gün böyük tarixi hadisənin şahidi olacaqsız. Bu münasibətlə sizi təbrik edirəm. Əlahəzrətin bugünki şok açıqlamasından sonra inanıram ki, siz xoşbəxt olacaq, dövlətçiliyimizin çiçəklənməsi üçün daha böyük həvəslə çalışacaqsız.

Sonra Məhəmməd Rza tribunaya çıxdı. O, uzun-uzadı bir nitq söyləyib öz uşaqlıq illərindən, doğma məktəbindən, necə nümunəvi şagird olmağından, gənc yaşlarında Tehrana gəlib əmək fəaliyyətinə başlamasından, SAVAK-da məktub daşıyan olmasından danışıb axırda belə dedi:

— Mən bilirəm ki, bu keçid dövrü bizim hamımız üçün çətin və ağır keçir. Ancaq mən sizi dözümə və dəyanətə çağırıram. Siz bilməlisiniz, mən fəxr edirəm ki, İranda doğulmuşam, fəxr edirəm ki, iranlıyam, fəxr edirəm ki, İran dili mənim doğma dilimdir.

Şah bundan sonra dayanıb başını qaldıraraq camaatın üzünə baxdı. Müəllimlərin və vətəndaş geyimli polislərin işarəsi ilə uşaqlar əl çaldılar.

Və birdən-birə heç kimin gözləmədiyi, mitinqin ssenarisində yazılmadığı halda, qabaq cərgələrdən bir nəfər çığırdı:

— Hə, nooolsun?

Şah da, oğlanları və qardaşları da, polislər də və tamaşaçılar da mat qalıb bilmədilər ki, neyləsinlər.

Şeytanı qabaqlayan

Məhəmməd Rza İrandan qaçıb ağır günlər keçirirdi. O, arıqlamış, çənəsi uzanmış, boğazı sallanmışdı.

Və bir gün bir muzdlu yavərin qoruduğu otağın qapısı öz-özünə açılanda keçmiş şahənşah qorxdu və vahimə ilə yerindən qalxdı. Tüstü içindən buynuzlu və quyruqlu məxluqu görəndə diktator lap quruyub qaldı.

Bunu görən məxluq – qorxma, – deyə əliylə onun oturmasını işarə edib, özü də quyruğu üstə oturdu. – Adam öz həmkarından qorxarmı?

Məhəmməd Rza o dəqiqə başa düşdü ki, bu məxluq Şeytandır.

— Hə, keçək mətləbə. Nə verərsən, səni təzədən İranda diktator edim?

Şahənşah gileylə gülümsədi.

Şeytan dedi:

— Hm, o mənada ki, yəni əvəzində mənimçün neyləyərsən?

— Ürəyiniz nə istəyirsə, – deyə şahənşahın gözləri parıldadı.

— Məsələn, nə?

— Hamını bir-biriylə dalaşdıraram.

— Bəs sonra?

— Həbsxanaları ağzına kimi dolduraram.

Şeytanın qaşları çatıldı: – Kimlərlə?

Məhəmməd Rza udqundu: – Əlbəttə, günahsızlarla.

Şeytan güldü.

— Əhsən. Bəs sonra?

— Milyonlarla uşağı, qocanı, ziyalını pis günə qoyub acından öldürrəm.

— Ay sağ ol!!!  Sonra?

— Milyonlarla kişini dəyusa və alçağa çevirrəm.

— Əla, əla!! Get İsfahanda oturub Tehrana dəvətini gözlə.

Və doğrudan da bir neçə aydan sonra Məhəmməd Rza zülmün həsrətini çəkən iranlılar tərəfindən taxt-taca dəvət edilib, cəmi bir neçə ilə Şeytana verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirdi.

Paz

Qışın son günləri idi. Amma şaxta öz bütün qüdrətini işə salıb hətta pəncərələri dondurmuşdu. Odun qurtarır, yalnız iri bir kötük qalırdı. Əgər doğransa, evimizi azı bir həftə qızdıracaq, ailəyə sevinc və rahatlıq gətirəcək.

Baltanı götürüb kötüyün üstünə düşdüm. Bir-iki dəfə vurdum, amma kötüyün heç vecinə gəlmədi. Bu cür zərbələrdə kötüyü bir həftəyə də parçalaya bilməyəcəkdim. Evdə uşaqlar soyuqdan titrəyir, yata bilmir, nə çay qoymaq, nə də yemək bişirmək olurdu.

Birdən yadıma paz düşdü. Sevincək unudulmuş dəmir parçasını tapıb, birtəhər kötüyə bənd edib vurmağa başladım. Paz yavaş-yavaş içəri keçdi. Hətta kötüyün içində itib onu bir balaca çatlatdı da. Vəssalam. Nəhəng kötük onu öz düyünündə «boğdu». Əlbəttə, «pazı pazla çıxararlar» məsəli yadıma düşdü. Amma hanı, ikinci dəmir pazı hardan tapım?

Evdə hamı acdır, yorğan altında soyuqdan titrəyirlər, burda isə paz kötüyün boğazında ilişib qalıb. Nə kötüyü parçalaya bilir, nə də başqa yerdən doğramağa imkan verir.

Məcbur olub həyətimizin ağaclarından budaqları kəsib təzə paz düzəltmək istədim. Ancaq heç bir faydası olmadı.

Əlahəzrət Məhəmməd Rza da İran xalqı üçün belə bir pazdır. Pazı çıxarmaq üçünsə ikinci bir paz lazımdır. Və həmin pazı düz 20 il gözləməli olduq. Ona kimi isə uşaqlar hamısı ya əldən getdi, ya da əldən gedəcək hala düşdülər.

Qeyrihamıyla hamının nağılı

Qeyrihamı hamıya nifrət edirdi, hamı isə onun mindiyi Səmənd atına görə ona hörmət və nifrət edirdilər. Nifrət artdıqca, qul təbiətlərinə uyğun olaraq hörmət də artırdı.
Qeyrihamı çox qeyri-səmimi idi, onu Səmənd atına mindirən özündən güclülərə müti, orda onların dabanlarını öpür, burda isə hamının başına qapaz vururdu.
Nəhayət, bir gün qeyrihamını Səmənddən aşırdılar və o, başına qapaz dəyə-dəyə güclə özünü hamının yanına çatdırdı. And-aman edib and içdi ki, onlara olan məhəbbəti bitib-tükənməzdir. Ancaq onun qeyri-səmimiliyinə bələd olanlar onu Səməndə yaxın qoymadılar və o, hiyləyə əl atıb hamını yuxuya verdi və yenidən Səməndə mindi.
İndi o, hamının başının üstü ilə çapır, Allahın hamıya verdiklərinin hamısın alıb qapır, ölkəni talayıb-çapır, hamı da ona nalə-nifrin yapırdı.
Doğrudur, qızmış Səməndin cilovlarını güclə saxlayırdı, ancaq qeyrihamı nə qədər ki, o, Səmənd üstündə idi, ona heç nə edə bilməyib cəfa içində yaşayırdılar. O isə səfa görürdü. Əbləhlər yeyib-içib məst-xumar idi, zəkalar və alilər isə evlərində xar idi.

Dərkolunmaz hadisə

İranda aclıq, hüquqsuzluq və zorakılıq elə bir həddə çatdı ki, artıq adamlar, xüsusilə gənclər evlərində rahat otura bilmirdilər. On minlərlə, yüz minlərlə adamların fəryad və naləsindən qulaq tutulurdu.
Beynəlxalq müşahidəçilər ölkə prezidenti Məhəmməd Rzadan bu barədə heç bir məlumat almadıqlarına görə verilən hər cür sorğu və suallara izah ala bilməyib təəccüb içində qalmışdılar. Məsələ bunda idi ki, onların özləri də gecələr qonaq evlərində, səfirliklərdə və mehmanxanalarda evlərdən əşrə yüksələn bu nalə və şikayətləri eşitməyə bilmirdilər. Amma bu barədə prezidentə sual verən kimi – belə bir hadisə mənə məlum deyil, mən gecələr heç bir səs eşitmirəm, – deyirdi.
Nəhayət, heyət belə bir qəribə təcrübə apardı. Onlar karlıqları həkimlər tərəfindən təsdiq edilən bir neçə qulaq xəstəsini nalə və fəryadların xüsusilə dözülməz olduğu məhəllələrdə saxladılar və ertəsi gün karlar etiraf etdilər ki, doğrudan da gecələr insan şikayətləri onları yatmağa qoymadı.
Bunu eşidib müşahidəçilər yenə prezidentin yanına gəlib, əhvalatı ona danışdılar. Prezident onlara söz verdi ki, onun özü bu axşam karlarla bir yerdə həmin məhəllədə gecələyəcək və belə də etdilər. Gecə yenə on minlərlə qadın və qocanın, körpə və uşağın ürək parçalayan naləsindən karlar qulaqlarını tutub dəli kimi otaqlarında özlərini ora-bura vurduqları halda, prezident cənabları sakitcə şam edir, yanındakılarla deyib-gülür və heç bir nalə və fəryad eşitmədiyini deyirdi.

Məhəmməd Rzanın bayram günləri

O, dayanıb soyuq, biganə nəzərlərlə dənizə baxırdı. Nə gözəl tamaşa idi. Minlərlə uşaq, cavan, yaşlı əllərini oynada-oynada köpüklü dalğalarda bir-bir qərq olurdular.
O, istəsəydi, bircə dəfə işarə verməklə bütün bu boğulanlara o dəqiqə kömək edib sağ-salamat sahilə çıxarardılar. Amma o, heç bir işarə vermirdi və heç kim də cəsarət edib heç kimin köməyinə gedə bilmirdi.
Bəli, bu onun missiyası deyildi. Onun missiyası insanları qərq etmək idi. Onun ürəyi faciələrdən güc alırdı.
Həyat milyonlar üçün cəhənnəmə dönəndə onun ömrü uzanır, ürəyi bərkiyir, gözləri gülür, qəlbi xoşallanırdı.
Həyatın üzərindən əsən ölüm küləyi insan talelərini xarabazara döndərdikcə, onun üçün az qala ilin bütün günləri bayram idi.

Məhəmməd Rzanın qalibiyyəti

O, ömrü boyu mübarizə aparırdı. O, illərdən bəri idi ki, xalqının kürəyinə çıxmağa can atırdı. Çünki başqa cür məqsədinə çata bilmirdi. İllərdən bəri idi ki, o, İran xalqının bədəninin hər yerinə zərbələr vururdusa, heç nə çıxmırdı. Həyasız xalq yenə öz işində idi. Doğub-törəyir, artıb-çoxalır, yeyib-içir, axşamüstü Bulvarda hər yanda süfrə açıb nəşələnirdilər.
O, bunları görüb xalqın əyildiyini düşünmürdü. Deməli, bu həşəratlar hələ sınmayıblar.
Və o, məqsədinə çatmaq üçün xalqın kürəyi ilə hey dırmaşırdı.
O, hələ ilk gəncliyindən verdiyi sözə əməl etməliydi. O, xalqının mənəviyyatını plastilinə çevirəcəyinə and içmişdi. Bununla da xalqdan hər cür əşya düzəltmək, onu hər cür mühitə uyğunlaşdırmaq, onda hər cür şəraitə dözüm vərdişi yaratmaq istəyirdi.
Bununla da xalq ölməz olacaqdı. Rus desən rus, erməni desən erməni, kürd desən kürd olacaqdı.
Nəhayət, bir gün o, dırmaşıb xalqının kürəyində oturdu. Yerini rahatladı. Bura necə gözəl, yumşaq və rahat idi. Amma bir az sürüşkəndi. Buna görə o, xalqın başını basıb belini əydi. Hə, indi oturacaq ideal idi. Nə qədər adamlar burda oturmağa can atmışdılar, ancaq xalq gicişmə tutduğuna görə qəfildən silkələyib onları düz qonşu ölkələrə tullamışdılar. İndi isə artıq bu, mümkün deyildi. Boynu əyilmiş xalqın bədəni mum kimi yumşalmış və o, tamamilə plastilinə dönmüşdü. İndi ondan dünyada nə desən, düzəltmək olardı.

Məhəmməd Rzanın enlisifət məmuru

İranın müqəvvalar kabinetinin sədr müavini Kukla Saxtazadə krupnı dramatuluq və zurnaçı idi. Yaşının altmışı keçdiyini görüb bir gün kabinetdə fikirləşdi ki, ayə, görəsən dünyada onun qədər ağıllı, talantlı, xoşbəxt və varlı adam varmı? Qardaşı on illərdir ki, bir yandan yığır, o da gecə-gündüz bir yandan hökuməti hərifləyirdi. Öz müqəvva sədrini tərifləyir və hərifləyirdi. Evlərim var, kitablarım var, dövlətim var, şan-şöhrətim var. Hər şey əla, hər şey yaxşı, bir dənə kaş o məsələ olmayaydı.
Bəli, sədr müavini, krupnı dramatuluq yanıb-yaxılırdı ki, ah, kaş o məsələ olmayaydı.
Onun iri, sırtıq, iddialı və davakar gözləri bu yerdə az qala yaşardı, kaş o məsələ olmayaydı. Ağıl məndə, hiylə məndə, talant məndə, heç kimin güman etmədiyi var-dövlət məndə… Di gəl ki, o məsələ…
Doğrudur, arabir Məhəmməd Rza onun üzünə tüpürür, onu kukla adlandırırdı. Ancaq nə olsun ki. Əlahəzrət kimin üzünə tüpürmür ki. Əsas məsələ odur ki, gözəl kresloda oturmuşam, vəzifə maşınımla gəzirəm, dünyanı havayı dolaşıb yığıb gəlirəm, evdə isə o məsələ. Heyf, heyf.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: