Mədəniyyətdən bixəbərlər

MİR CƏFƏR BAĞIROVUN MƏHKƏMƏSİ ONUN MƏNƏVİ QƏLƏBƏSİ İDİ

Desəm ki, Azərbaycanın mədəniyyət nazirlərindən heç vaxt bəxti gətirməyib, deyərsiz ki, nədən bəxti gətirib ki. Hətta rəssamlar və musiqiçilər də nazir olanda yenə ənənə davam edib. Hazırki özündənrazı nazir Əbülfəz Qarayevə Üzeyir bəyin tamaşaya qoyulmayan və uzun illərdən bəri ifa olunmayan əsərləri barədə müraciət etdik, amma elə bil qurbağa gölünə daş atdılar.

Sonra fikirləşdim ki, ayə, bu adam nə bilir Üzeyir bəy kimdir, müsiqi nədir. Onu sadəcə olaraq Qara Qarayevin qardaşı oğlu olduğuna görə nazir qoydular. Ata irsi oğula keçməyəndə qohuma nə keçə bilər?
Bu yerdə yadıma şərəfli, zəkalı, qüdrətli Mir Cəfər düşdü.
Azərbaycanda milli dəyərləri, ləyaqətləri nəinki sərvət, vəzifə, hətta öz həyatından da yüksəkdə tutanlar nə qədər azdır. Bütün bunları bu günlərdə böyük zəhmətkeş Teyyub Qurbanın bir neçə il əvvəl «Ekspress» qəzetində «Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?» başlığı altında çap etdirdiyi silsilə arxiv materiallarına nəzər salarkən bir daha xatırlamalı oldum.
1954-cü ildən sonra 2 il ərzində Azərbaycanda keçirilən qurultay, konfrans və yığıncaqlarda siyasi və ictimai xadimlərin, xüsusilə yazıçı, şair və bəstəkarların çıxışları bugünki meydan sürənlərin ata-babaları olduqları üçün heç də təəccüb doğurmamalıdır.
Dünyada indiyəcən heç bir rəhbərin ölkəsinə Mir Cəfər Bağırovun Azərbaycana yaraşdığı kimi yaraşmadığını düşünənlər az deyil. Hətta böyük Xətai belə, onunla müqayisə oluna bilməz. Belə adamların nə dərəcədə haqlı olub-olmadığını oxucuların öhdəsinə buraxıram.

Bilirsizmi həmin məhkəməqabağı yığıncaqlarda və məhkəmədə Mir Cəfər Bağırov nədə ittiham olunub? Yox, bilmirsiz. Ona görə Teyyub Qurbanın icazəsi ilə həmin çıxışlardan bəzi parçaları azsaylı oxucularımın diqqətinə çatdırıram.
«Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin II katibi Vitali Səmədov:
«Bağırov partiyanın rəhbər xadimləri haqqında söz düşəndə yolverilməz ifadələr işlədirdi. Serqo Orconikidze barədə qərəz və kinayə ilə danışırdı.
Bağırov bizə tapşırırdı ki, Azərbaycan tarixinə dair dərsliklərdə Mikoyanın adı çəkilməsin, partiya institutu Şaumyanın adı ilə çağırılmasın. Bağırov hətta ittifaq səviyyəsində hökumət rəhbərlərini başqalarının yanında adları ilə dilə gətirməklə kiçildirdi: Nikita, Georgi, Panteley, Mişa və s.»
İşə bax ha!

Əziz oxucular, indi siz özünüz Bağırovun və ondan sonra Azərbaycana rəhbərlik edənlərin hansının nə dərəcədə milli rəhbər olduğunu müəyyən edin.

Orconikidzeni çox az adam tanıyır. Bu rəzil ömrü boyu Azərbaycanın bir nömrəli düşməni olub, onun parçalanması, yox edilməsi üçün dəridən-qabıqdan çıxmışdır. Məhz bu mənfur adam Zaqafqaziya Partiya Bürosuna sədrlik edərkən Zəngəzur zorla alınıb ermənilərə verilmiş, Dağlıq Qarabağ da əvvəl verilmiş, sonra N.Nərimanovun qəti etirazı nəticəsində muxtar respublikaya çevrilmişdir. Moskvada Nəriman Nərimanovu məhz bu adam zəhərli dolma ilə məhv etmişdir. 70-ci illərdə Bakıda əzəmətli heykəli ucaldılan bu yaramaz adamın hələ sağlığında və öləndən sonra da hər yanda gürcü rəhbərləri mövcud ola-ola bu cür çəkinmədən kinayə ilə və hətta nifrətlə adını çəkmək necə bir hünərdir. Təkcə buna görə Mir Cəfər Bağırova milli qəhrəman adını verib, haqqında roman yazmağa dəyər.
Hələ Mikoyan və Şaumyan haqqında onun dedikləri! Özü də Mikoyan dura-dura, SSRİ-yə rəhbərlik edənlərdən biri ola-ola onun adının dərsliklərdən çıxarılması üçün göstəriş vermək necə bir kişilik və qəhrəmanlıq aksiyasıdır.
Şaumyana gəldikdə isə Azərbaycanda onun xalqımızın qanını tökən və qanını içən bir düşmən olduğunu kim bilmir?
«Mir Cəfər Bağırov görünməmiş bir cəsarət sahibidir» – demək əvəzinə onun Nikita Xruşşovu adı ilə çağırmasını nöqsan hesab etmək nə dərəcədə nakişilik əlamətidir.

Budur, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərovun çıxışından:
«Respublikanı məcburiyyət üzündən tərk etmiş adlı-sanlı neftçilər barədə İsgəndərov yoldaşın dedikləri ilə tamamilə razıyam. Bu siyahıya yaxından tanıdığım bir sıra neft trestləri rəhbərlərini də əlavə etmək istəyirəm:
Eminbəyli – «Buzovnaneft»in keçmiş rəisi, vəfat etmişdir. (Fanatik və sədaqətli beynəlmiləlçi kommunistlərdən biri – Ə.N.)
Astvatsaturov – «Orconikidzeneft»in keçmiş rəisi.
Mravyan – «Stalinneft» trestinin keçmiş rəisi.
Ter-Minasov – «Buzovnaneft»in keçmiş baş mühəndisi.»
Bağırov ermənilərin tüğyan etdiyi bir dövrdə onları Azərbaycanda rəhbər vəzifələrdən it kimi qovmuş və bizim Nəzər Heydərov kimi dılğırlarımız bunu onun ayağına günah və cinayət kimi yazmışlar. Sözü elə əbədi və əzəli düşmənlərimizə, Dağlıq Qarabağ və ya ümumiyyətlə, ermənilərə verək.
A.Sarkisov (Dağlıq Qarabağ Muxtar Vilayəti):
«3 il ərzində mən qəti olaraq bu qənaətə gəldim ki, Bağırov sözdə xalqlar dostluğunun möhkəmləndirilməsindən bəhs etsə də, əməldə əksinə istiqamət götürür. Bir neçə misal çəkmək istəyirəm. 1952-ci ildə Bağırovun təklifi ilə Azərbaycan KP MK bürosu Marksizm-leninizm axşam universitetində tədrisin ermənicə aparılmasını ləğv etmiş, Bakıda, Kirovabadda, Naxçıvanda, Stepanakertdə tədrisin ancaq rus dilində aparılması qərara alınmışdır. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olmuşuq.
Bağırov millətçi idi, həm də xüsusi tipə məxsus millətçi idi. O, digər millətlərin (yəni əsasən ermənilərin) təkcə kadrlarını deyil, mədəniyyətini də bəyənmirdi. Bakıda erməni teatrının bağlanması dediklərimizə parlaq sübutdur. Sizə məlumdur ki, Bakıda erməni teatrı inqilabdan əvvəl fəaliyyətə başlamışdır. Deyirlər ki, erməni teatrı ona görə bağlanmışdır ki, rentabelli deyildi, teatr tamaşalarına heç ermənilər də gəlmirdi. Bəs onda daha az rentabelli olan başqa mədəniyyət ocaqları, o cümlədən, Opera və Balet Teatrı niyə bağlanmır? (Erməninin həyasızlığına bax ha! O, qulaq asanların qoyun olduqlarını görüb bu cür danışır. – Ə.N.)
Digər fakt: Moskva jurnallarında Marietta Şaqinyanın məqalələri tez-tez dərc olunurdu. 1949-cu ildə mən Moskvaya Ali Partiya məktəbinə imtahan verməyə getmək ərəfəsində Bağırovun yanında oldum. Bağırov mənə belə bir tapşırıq verdi: ««Oktyabr» jurnalında Şaqinyanın yazısı çıxmışdır. Bu qadın Azərbaycandan nə istəyir? Gəncə kəndlərinin Ermənistana birləşdirilməsi nə deməkdir? Sonra «Literaturnaya qazeta» redaksiyasına baş çəkərsən. Orada Şaumyanın oğlu Levon Şaumyan işləyir. O da Şaqinyan kimi şübhəli adamdır. Daha sonra mətbuat bölməsinə gedərsən. Vahan Qriqoryanın yanına və ondan da soruşarsan ki, Azərbaycandan nə istəyir?»

İndiyə kimi və ya ümumiyyətlə, Azərbaycan tarixində öz ölkəsinin bu qədər qeyrətini çəkən, onu müdafiə edən və bu zaman heç kimdən çəkinmədən düşmənlərini rüsvay edən bir rəhbər olmuşmu?
Bağırovdan sonra Sovet dövründə Moskvadan hər hansı bir dılğır partiya işçisi gələndə Mərkəzi Komitəmizin bütün sostavı onun qabağında mil dururdu. Bağırov isə erməniyə, Moskvada böyük vəzifələrdə işləyən erməni rəhbərlərinə xəbərdarlıq göndərirdi.

Mir Cəfər Bağırov haqqında A.Sarkisov daha sonra yazır: «Bu yaxınlarda biz Moskvadan «Böyük Sovet Ensiklopediyası» baş redaksiyasından «Dağlıq Qarabağ muxtar vilayəti» məqaləsini aldıq. Məqaləni son variantda hazırlamalı və BSE-də dərc etmək üçün göndərməli idik. Həmin məqalədə Dağlıq Qarabağdakı bütün mədəni ocaqlar sadalanırdı, o cümlədən, Stepanakert Müəllimlər İnstitutunun adı da vardı. Biz ürək ağrısı ilə «Stepanakert Müəllimlər İnstitutu»nun üstündən xətt çəkməli olduq, çünki belə bir ali məktəb artıq bağlanmışdı. Azərbaycan K(b)PMK-nin keçmiş katibi Bağırov Dağlıq Qarabağın milli xüsusiyyətlərinə göz yumaraq hətta bizim «hə» və ya «yox» cavabımızı soruşmadan ali məktəbin fəaliyyətinə son qoydu.»
Göründüyü kimi, Bağırovun dövründə ermənilər necə yerində oturdulmuşdu. Sonrakı illərdə olan azğınlıq və həyasızlıqları sıfır dərəcəsində idi və onlar nəyə layiqdilərsə, o cür də rəftarla qarşılanırdılar.
Yenə başqa bir erməninin, Baqranov adlı bir yüksək vəzifəlinin çıxışından:
«Yoldaşlar, keçmiş Gəncə dairəsi müsavatçıların mərkəzi olmuşdur. Buna görə də xarici ölkələrin kəşfiyyatçıları həmişə Gəncə ilə maraqlanmışlar. Bu dairədə Quliyev (söhbət keçmiş Azərbaycan Nazirlər Sovetinin sədri Teymur Quliyevdən gedir) 1930-cu ilədək, yəni kollektivləşdirmə dövründə əks-inqilabi qüvvələr saxlamışdır. Mindən artıq qrup və banda nəyinə lazım idi?
Bir məqamı da yada salmaq istəyirəm. Avantürist Hacı Axund barəsində Şamxordan, Tovuzdan, Gədəbəydən olan yoldaşların yəqin ki, məlumatları vardır. Sovet hakimiyyətinə qarşı Şamxor imamının qaldırdığı üsyanın təşkilatçısı məhz bu avantüristdir. O zaman vicdanı ləkəsiz olan bir qrup çekist 2 ay ərzində Hacı Axundun izinə düşdü, onu tutub öldürmək istəyəndə həmin çekistlər Zəyəm stansiyasına çağırıldı və onlara Hacı Axundun qətlə yetirilməsi qadağan edildi. Sizə, Quliyev, Gədəbəydə, Şamxorda və başqa rayonlarda sovet hakimiyyətinə qarşı qiyam qaldırmış bir adamı diri saxlamaq nə məqsədlə lazım idi?»
Aydındır ki, Teymur Quliyev Bağırovun kadrı və onun ən yaxın silahdaşı olduğu üçün bu işi heç şübhəsiz ki, Mir Cəfərin göstərişi ilə etmişdir. Deməli, Mir Cəfər Bağırov sovet hakimiyyətinə qarşı qiyam qaldırmış adamları belə öldürmür, əksinə, himayəsinə alır. Bu mümkün olmayanda isə xaricə, Türkiyəyə və ya İrana ötürürdü. Bu isə Stalinə, kommunist rejiminə meydan oxumaq deyildimi?
V.Zevin (Partiya tarixi institutunun direktoru):

«Bağırov Bakı Xalq Komissarları Sovetinin, 26-ların fəaliyyətini düzgün qiymətləndirmirdi. Bu barədə hətta yerlərdə sadə vətəndaşlar da danışırlar. Bu yaxınlarda mən leytenant Şmidt adına zavodda mühazirə oxuyurdum. Bir fəhlə mənə belə bir sual verdi: «Keçən ilin sentyabrında, yəni Bağırovun Azərbaycanda olmadığı bir vaxtda 26 Bakı komissarlarının güllələnməsinin ildönümü xüsusilə geniş miqyasda qeyd olundu. Bəs əvvəllər, Bağırov dövründə niyə belə olmayırdı?»

Bağırov həqiqətən Bakı kommunasının 1918-ci ildəki fəaliyyətini azaltmağa cəhd edirdi. Bakı komissarlarının işindəki nöqsanları üfürüb böyüdürdü.
Bağırov tarixi saxtalaşdırırdı. Kommunizm uğrunda mərd mübarizlər olmuş 26-ların parlaq xatirəsini Azərbaycan xalqının hafizəsindən silməyə çalışırdı. Yaxşı xatırlayıram, 26-lar haqqında yeni film yaradılması məsələsi qaldırılanda Bağırov kobudcasına etraz etdi: «Nə vaxtacan bu saqqızı çeynəyəcəyik?!».
Görürsüzmü, əziz oxucular, Bağırov necə titan olub. Necə qüdrətli, necə Azərbaycan xalqının mənafeyinin, milli ruhunun, tarixinin cəsarətli və həqiqi müdafiəçisi olub, necə sovet ideologiyasına, onun amansız prinsiplərinə qarşı dönmədən mübarizə aparıb.

Qəribədir ki, Bağırov kommunizm imperiyasının dünyaya meydan oxuduğu bir zamanda, fanatik kommunist rəhbərlərinin – Stalin və mikoyanların rəhbər olduqları bir dövrdə kommunizm uğrunda «mərd mübarizlər»in – 26-ların təbliğinə, şərəfləndirilməsinə, heykəllərinin qoyulmasına, ev muzeylərinin yaradılmasına qətiyyən imkan verməyib.
Mir Cəfər Bağırovun imkan vermədiyi, qadağan etdiyi bütün tədbirlər kommunizm ideallarının xeyli yumşaldığı və hətta laxladığı dövrlərdə yerinə yetirildi.

Ümumiyyətlə, Azərbaycanda rəhbər olduğu illər xeyli demokratik ənənələri ilə fərqlənən mərhum İmam Mustafayev də yuxarıda adlarını çəkdiyimiz adamlara qoşulub yığıncaqların birində etdiyi çıxışda belə bir qəribə faktı da qeyd edir:
«Bağırov 1918-ci ildə Qubada idi. Həmin vaxt Qubada, Qusarda, Xaçmazda Müsavat kəşfiyyatının agenti olan bir türk zabitinin bandası azğınlıq edirdi. Xaçmaz rayonunda bu banda 500 nəfər fəhləni vəhşicəsinə qətlə yetirmişdi. Bu günahsız insanlar Bakıdan Xaçmaza taxıl yığımında kəndlilərə köməyə getmişdilər və geri qayıtmaq üçün dəniz sahilinə toplaşmışdılar. Bu başkəsənlər Müxtədir Aydınbəyovun qətlə yetirilməsini təşkil etmişlər, bir çox kommunistləri, inqilab düşüncəli fəhlə və kəndliləri məhv etmişlər. Bağırov bu banditin yerli əhalinin başına gətirdiyi müsibətlərdən yaxşı xəbərdardı. Ancaq onun ifşa olunmasında nəinki bir tədbir görmədi, hətta himayəsinə aldı. Nəticədə bu bandit partiya sıralarında peyda oldu, Fövqəladə Komissiya orqanlarında işlədi, MK bürosunun tərkibinə düşdü və yalnız və yalnız 1936-cı ildə məsuliyyətə cəlb edildi. Arxiv materialları göstərir ki, vicdanı ləkəsiz olan kommunistlər Bağırova müraciət edərək bu alçaq banditin niyə partiya sıralarında qalmasını, hətta Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmasının səbəblərini bilmək istəyirdilər. Bağırov bütün bu müraciətləri cavabsız qoymuşdu.
Yerdən səslər: – Banditin adı nə idi? 
Mustafayev: – Onun adı Əhməd Triniç idi». 
Əziz oxucular, Azərbaycanda kommunistlərə divan tutan bir türk qəhrəmanını himayəsi altına alan bir kommunist rəhbərinin bu cür hərəkətini necə qiymətləndirərdiniz?
(ardı var)

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: