Mənasızlıq tamaşası

Dünyada ən güclü şəxsiyyətlər sapsağlam ikən intihar edənlərdir. Belələri üçün həyat tamamilə prinsiplərdən ibarətdir. Mən intihar etməyə məcbur olanları nəzərdə tutmuram. Başda dahi Siseron olmaqla bizim mərhum Sərdar Əsəd kimi rejimin əzib-sıxdığı şairləri də yox, Kleyst, Emil Ajanqari və ya De Bor kimi şanlı-şöhrətli ikən yaşamaq istəməyənləri nəzərdə tuturam.
Lakin bununla problem həll olunmur və bu, optimal çıxış yolu deyil. Ancaq bu dahilər kainatın və ya həyatın absurdluğuna, siyasi hakimiyyətlərin riyakarlığına etiraz olaraq mübarizəyə son qoyublar.
Məni isə əzən, sıxan heç də layiq olub və ya olmadığımız mühit və rejim yox, xalqımızın layiq olub və ya olmadığı acınacaqlı gün-güzəranı yox, ölkə sərvətinin bir dəstə nabobun əlində cəmləşib çox vaxt məqsədli assimilyasiyaya uğramış bitlisilərin öz etnik və siyasi məqsədlərinə sərf etmələrinə etiraz hissi yox, ümumiyyətlə, VARLIQ deyilən şeyin sabun köpüyü kimi boşluğu, heçliyi və mənasızlığıdır.
Astrofizikaya az-çox bələd olanlar bilirlər ki, saysız-hesabsız «qara dəliklər» tədricən bütün kosmik obyektləri, planetləri, ulduz və hətta qalaktikaları udurlar. Ümumiyyətlə, planetlər sayca azdır və az ömürlüdürlər. Ulduzlar isə müəyyən dövrdən sonra, yəni 10-15 milyard ildən sonra partlayıb cırtdan bir kvazara və ya «qara dəliyə» çevrilir, sonra da əriyib buxar olurlar.
Dəmir ən ağır, möhkəm, bərk bir elementdir. Amma çölə atıldıqda get-gedə qaralır, pas gətirib çürüyür və axırda ovulub toza, yəni heçə dönür. Və ya günəşdə olduğu kimi bütün elementlər qaz halında olub get-gedə əriyib tükənirlər.
Bir sözlə, hər şey atomlardan, onların toplumundan, neytron, elektron, proton və onlardan daha kiçik olan kvark, mezon və sairlərdən ibarətdir ki, onların da canlılar kimi müəyyən ömrü var.
Bəs «qara dəliklər»? Sən demə, onlar da, bu qorxunc kosmik obyektlər də haçansa bir vaxt sadəcə buxarlanıb yox ola bilirmişlər.
VARLIQ… YOXLUQ…
Necə də nisbi imiş. Hər şeyin əsası buymuş və varlıq bir qayda olaraq yoxluğun adi və ani bir mərhələsi imiş.
Enerji öz-özünə yaranır, daha doğrusu, «SİNQULYARLIQ» adında riyazi bir anlayış var ki, zaman-məkanın əyri bir sahəsini təmsil edir və burada artıq heç bir adi fiziki qanun işləmir. Belə təsəvvür olunur ki, kainat yaranmazdan əvvəl yalnız həmin bu sinqulyarlıq mövcud imiş. İndi bu sinqulyarlıq nədir, necədir, heç kim bilmir.
Bəs protonun ömrü başa çatandan, varlıq, yəni kainat yox olandan sonra yenəmi həmin sinqulyarlıq yaranacaq? Yaranarsa, nə vaxtacan qalacaq? Bəlkə, bir anlıq, sonra yenə partlayış olacaq və bütün bu ulduz və qalaktikalar yaranacaq?
Bir sözlə, axırımız sabun köpüyüymüş və məni də məyus edən elə budur. Əlbəttə, gülməlidir. Amma eyni zamanda 100 milyardlarla kilometr uzaqda olan və hətta işığı da kənara buraxmayıb 100 milyardlarla ulduzlardan ibarət bütöv bir qalaktikanı öz ətrafında fırlanmağa məcbur dən ağlasığmaz dərəcədə isti və sıx «qara dəliyin» taleyini görən və ya ağlasığmaz dərəcədə uzaqda olan bir ulduzun daxilinin nədən ibarət olduğunu müəyyən edə bilən radiogeologiya kimi gülməli dərəcədə inanılmaz bir elmin əsasını qoyan bir zəka sahibinin nəinki özünün, hətta adının belə, kainatla bərabər əbədilik silinib getməyinə necə heyfislənməyib məyus olmayasan?
Həyətimizdə otlar içində bəzən paltarıma qarışqadan da 100 dəfə kiçik, ən kiçik nöqtə boyda böcəklər yapışır.
İşə bax ha. Bu boyda məxluqun yəqin ki, bir neçə saatlıq və ya günlük öz ömrü var. O bir gündə öz ömür yolunu başa vurur. Gedib başqasını tapır, gələcək nəslinin əsasını qoyur, yeyir, qidalanır, qocalıb ölür.
İnsan da təxminən belə bir şeydir. Kosmik miqyasda bizim ömrümüz həmin böcəyin ömründən də qısadır. İndi belə bir böcək oturub qalaktikaları – kainatı-varlığın dərdini çəkir.
Sadəcə, maraqlıdır ki, bütün bu «qrandioznı» tamaşa nəyə lazım imiş? Bu qədər mənasız tamaşa ki, bizdən başqa, bizim də 100 min nəfərimizdən birindən başqa heç tamaşaçısı da yoxdur.
Dəmir də öz-özünə, heçdən yaranarmı? Yaranır, yaranır. Yaxud qurğuşun. Yaranır, sonra da əriyir və buxar olub itir.
Əgər qurğuşun, qızıl, dəmir buxar olub yox olursa, bəs bu cür elementlərin cəmindən əmələ gələn canlılar?
Dinozavrlar 150 milyon il mövcud olub, sonra quşlara çevrildilər. İnsan balıqlardan əmələ gəlib, sonra balıq yeməyə başladı və bir axmaq dəli milyonlarla həmcinsinə zülm edir.
Nə qədər gülünc və mənasız oyunlardır.
Haqlı-haqsız, ağıllı-axmaq… bütün bunların bir fərqi, mənası varmı? Biri zülm, biri şikayət edir. Nooolsun? Bir zülmkar illərlə istədiyini edir, sonra qocalıb ölür, digəri isə… zavala gəlir. Nooolsun? Sadəcə, şər zavala gələndə adama ləzzət verir.
Heç kim və heç nə üçün güzəşt və təsəlli yoxdur. Öz-özünə dəmir və ya qurğuşun buxar olursa və ya 2 qaz birləşib su əmələ gəlirsə, sudan da bir əcaib məxluq törəyib quruya çıxır və ayağa qalxır, həmcinslərinə zülm edisə, doğrudan da gülməli deyilmi? Özü də gözlə güclə görünən bir böcək ola-ola.
Bəli, bir daha qeyd edirəm, məni adlarını çəkdiyim qüdrətli və təkrarsız zəka sahiblərinin, Homer və ya Üzeyir bəylərin yaratdıqları və düşünüb dərk etdikləri gözəllik və dərinliklərin məhv olacağı qüssələndirir və məyusluğumun da səbəbi budur.

Реклама
Categories: Qızıl fəlsəfə | 1 комментарий

Навигация по записям

One thought on “Mənasızlıq tamaşası

  1. Ələkbər

    İnsan kamilləşdikcə Tanrını(varlığı) dərk edir,dərk etdikcə kamilləşir,və sonda öz-özünü tərk edir.Həyat düz xətt boyunca yerləşir,biz həm varıq,həm də yox.Var olduğmuzçün varıq,yox olduğumuzçün yoxuq.Nə qədər qəribə,nə qədər təzadlı.Amma eyni dərəcədə cazibədar.Və əlbəttə dərk edənə…

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: