Təsadüf və ya zərurət

Doğrudan da, maraqlıdır, bizim xoşbəxtliyimizin və ya bəlalarımızın rəhni olan, hər tinbaşı pusquda durub yolumuzu gözləyən hadisələr təsadüfmüdür, ya zərurət?

Onlardan sanki qaçmaq olmur. Amma olarmı?

Əgər mümkün deyilsə, deməli, biz həqiqətən Onun əlində oyuncaqlarıq. Mümkünsə, bəs niyə problemlər silsiləsindən qurtula bilmirik?

Həyatda bəla və problemlər nədən ibarətdir?  Enerjimizi, ehtiyatı bu qədər az olan vaxtımızı alıb aparan əngəllər. Özümüzün və ya əziz adamlarımızın xəstəlikləri, palaza bürünə bilməməyimizin nəticəsi olan rəftar və davranışlarımız, həyat ziyafətində ölçü, hədd bilməməyimiz və nəhayət, canımızın qayğısına kifayət qədər qalıb onun ehtiyatlarını normal xərcləməməyimiz.

Bəs öz əlimizdə isə, niyə bunları gözləyə bilmirik? Özümüzə, ürəyimizə, ağlımıza qulaq asa bilmirik? Ən çoxu ondan irəli gəlir ki, Mirzə Şəfinin dahiyanə yazdığı kimi, ürəyimizlə, orqanizmimizin istədikləriylə ağlımızın istədikləri çox vaxt üst-üstə düşmür. Amma biz daim, xüsusilə gənclik dövründə ürəyimizin qulu olub ağlımıza çox vaxt qulaq asmırıq.

Ən bəsit bir misal: duz, qənd, spirtli içkilər və nəhayət, popiros insan sağlamlığının düşmənləridir. Amma hamısı ləzzət verir və hər yüz nəfərdən bəlkə də, doxsanı hər gün onlardan istifadə edir və yalnız iş-işdən keçəndən sonra əl çəkirik.

Niyə? Ləzzətin qabağında dayana bilmirikmi? Bəli. Bəs niyə? Niyə bu acı istiotlar bu qədər ləzzət verir? Bunu zəkalı Z.Freyd hələ 100 il qabaq tapıb. Çünki insan ölümə can atır.

Bəs Təbiət niyə bizi bu sxemin məngənəsinə salıb, vaxtından çox-çox qabaq yoxluğa yola salır?

Hə, maraqlı sualdır. Niyə öz orqanizmimiz özünə və bizə xəyanət edir? Niyə bizi köçməyə tələsdirir? Doğrudanmı bizim üçün sürpriz hazırladığına görə?

Axı ağlımız deyir ki, həyatdan kənarda heç bir sürpriz, heç bir şəkildə həyat yoxdur, yəni mümkün deyil. Həyat yalnız cismani olub, başqa formada mümkün ola bilməz.

Bəlkə, ağlımız yalınır? Bəlkə, mümkün ola bilər? Qoca Xəyyam demişkən, bir nəfər qayıdıb gələn olmadı ki, bilək neyləyirlər orada insana.

Lakin həyat bu sxemdən daha mürəkkəbdir və beynimizdir onu bizim üçün mürəkkəb edən. Öz beynimizin hökmü. O bəzən bizə orqanizmimiz üçün zəruri olan hərəkətlər etməyə tabu qoyur və sonra bu tabunun əmələ gətirdiyi boşluqları min bir əziyyət və risk hesabına doldurmağa çalışırıq. Problemlər zənciri bir-birinin ardınca gəlir.

Beləliklə, təsadüflər zərurətə dönür.

Kimsə küləkli, soyuq havada «skvaznyak»da oturur və bir müddət buna dözməyə məcbur olur və əhəmiyyət vermir. Nəticədə ağır xəstələnib ölür. Bəs bu nədir? Təsadüfmü, ya külək kiminsə əlində vasitədirmi?

Yenə əvvəlki tezisə qayıtdıq.

İnsanın ömründən, həyatından başqa heç nəyi yoxdur və bunun da həddi, ölçüsü olduğu halda, bu vaxtından əvvəl «köçmə» nə üçündür?

Heyvanlar və xüsusilə, kiminsə yemi olmasalar, həşəratlar aləmində güman ki, vaxtından əvvəl köçmə yoxdur. Bəs insanlar üçün niyə var? Özümü bunu «təşkil edir» və ya «təşkil etməyə» məcbur edilir?

Beləliklə, suallar, suallar… Labirintdən heç cür çıxmaq olmur. Ariadna xanımın ipi də köməyə gəlmir. Göz açmaq mümkün olmayan toz-torpaqlı meydanda külək bizi fırlada-fırlada bu başdan-o başa «ötürür» və həyat deyilən də elə budur.

Advertisements
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: