Əlisa Nicat: “Rəsul Rza məndən iki dəfə balıq istədi”

İlk şeirimi də Rəsul Rza çap etdi 

Kulis. az-ın suallarını yazıçı Əlisa Nicat cavablandırır

— Əlisa müəllim, əsərlərinizin külliyyatının hazırlanması işi nə yerdədir?

-8 cildi hazırdır. Cəmi 32 cild olacaq. Lovğalıq olmasın, Asiyada hələ heç kim 32 cildlik kitab yazmayıb. Doğrudur, Murakami yazıb, amma bu, ədəbiyyat deyil, detektivə bənzər bir şeydir. Ona qalsa, Çingiz Abdullayevin 200 romanı var. Ancaq onun adı heç bir yerdə ensiklopediyaya daxil edilmir. Bu yaxınlarda rus ensiklopediyası çıxıb, 20 cilddə, ora da daxil etməyiblər, baxmayaraq ki, rus dilində yazır. Elə bil belə bir adam yoxdur. 

-Üzeyir Hacıbəyovun 6, Mirzə Cəlilin 10 cildliyi var. Bu baxımdan, necə düşünürsünüz, 32 cild çox deyil? 

-Bu, məndən asılı deyil ki. İstəyirsiniz, azaldım. (gülür) 32 cildliyə daxil etdiklərim indiyə qədər yazdıqlarımdır. 10 roman, 10-12 povest, hekayələri bura daxil etmişəm. Bir cild təkcə poeziyadır. Ədəbi-bədii hissə 12 cilddir. Sonra memuarlar gəlir, müsahibələr var. Tərcümələri bir cildə salmışam, amma tərcümələrim çoxdur. 20 kitab tərcümə eləmişəm. Ancaq bunlardan cəmi bir neçəsini 32 cildliyə salmışam. Məsələn, Nitşenin “Zərdüşt belə söylədi” əsərini, Mirzə Şəfinin yazdıqlarını… “Zərdüşt belə söylədi” həm fəlsəfədir, həm də nəsr. Ona görə də əziyyətlə, canımı qoyaraq tərcümə etmişəm bu əsəri.

-Keçən il 75 yaşınız tamam oldu. Amma yubileyiniz dövlət səviyyəsində qeyd olunmadı. Sizcə, bunun səbəbi nədir? 

-Akademiklər nə qədər çalışırlar ki, mən fərdi təqaüd alım, alınmır. Nə qədər məktub yazırlar, xeyri yoxdur. Bilirəm ki, “Dünya filosofları”, “Müdriklik məbədi” kitabları Prezident Aparatının bütün işçilərində var. Amma təqaüd məsələsi həllini tapmır. Hələ tarixi romanları demirəm. 85 manat pensiya alıram, indi deyəsən, 5-10 manat artıb.

-Bununla bağlı Yazıçılar Birliyindən müraciət olub? 

-Yazıçılar Birliyi məktubu bir az fərqli formada yazıb, qeyd edib ki, biz etiraz etmirik. Məktubu bu formada yazmaqlarının səbəbi budur ki, Anarla mətbuatda çox atışmışıq. 1970-ci ildən oranın üzvü olmuşam, amma Anar gələndən sonra ora getmirəm. Anar Rəsul Rzanı və yaxud özünü tərifləyənləri siyahılara daxil edir. Mən də tərifləyə bilmirəm, çünki Rəsul Rza cavanlığımda mənə çox pislik edib.

-Nə edib ki? 

-Yazıçılar İttifaqına üzv olmağıma 10 il maneçilik törədib. Baxmayaraq ki, özü zəmanət vermişdi. Məndən iki dəfə balıq istədi. Daha doğrusu, dolayısı yolla balıq istədiyini çatdırdı. Mən ağılsız da başa düşmədim. Lap cavanlıqdan tanıyırdı məni. Sonra Ənvər Məmmədxanlıya tapşırdı, o da “Qızılbaşlar” romanı haqqında rəy yazmadı. Əbülhəsənə tapşırdı ki, əsəri tənqid eləsin. Cəmi iki dənə müsbət rəy gəldi. Bu rəyləri Balaş Azəroğlu və məşhur tənqidçi Əhəd Hüseynov yazmışdılar. Üçüncü rəylə roman çap olunacaqdı. Ancaq dediyim kimi iki nəfərdən biri roman haqqında pis rəy yazdı, o birisi isə ümumiyyətlə, heç nə yazmadı. “Qızılbaşlar”ı 23 yaşında yazmışdım və o roman 20 ildən sonra çap olundu. O vaxt ideoloji katib olan Həsən Həsənovun yanına getdim, o da üstünü yazdı və çap olundu. O, milli məsələlər üçün çalışan adam idi. “Qızılbaşlar” dünyada Şah İsmayıl haqqında yazılmış ilk romandır.

-Bildiyimizə görə, “Gəncəli müdrik” romanı da təxminən eyni taleni yaşayıb. 

-O əsər 1963-cü ildə “Azərbaycan” jurnalında çıxdı. Amma bu əsər də 17 il çap olunmadı. Qohumum, pulum yox idi deyə, belə davranırdılar. Qohumu, pulu, vəzifəsi olan adamları çap edirdilər. Rəhmətlik Qabil bir dəfə mənə demişdi ki, qılığın yoxdur. Mən boynumu burmağı, kimisə yalandan tərifləməyi bacarmırdım. Yadıma gəlir, o vaxt Qılman Musayevin-hələ İlkin deyildi – iki cildliyi çıxmışdı, Fikrət Qoca resenziya yazmışdı, başdan-ayağa tərif idi. Ondan sonra Fikrətin kitabları dalbadal çıxmağa başladı. Bundan qabaq ona kənar adam kimi baxırdılar. Məndə bu yoxdur. Mühitə uyğunlaşa bilmirəm.

-Səhv etmiriksə, romanlarınızın hamısı sənədlidir. 

-Bəli, hamısında dəqiq faktları vermişəm. Hətta Bodenştedin alman dilindəki xatirələrini gətizdirmişdim. Lenin kitabxanasından. Qonşumuz vardı, alman idi, onunla dostlaşdım. Dedim, bunu tərcümə et mənim üçün. O da oxuyub, məzmununu danışdı. Dedim, belə yox, bütöv tərcümə et, zəhmət olmasa. O da tərcümə etdi və pul da almadı. Balaca qızı vardı, evə girəndə ona iki dənə balaca şokolad almışdım. Mən pul məsələsini deyəndə bildirdi ki, sən bunun haqqını artıq vermisən. Bodenşted yazırdı ki, müəllim, sən mənə demirsən, amma mən bilirəm, sən qulaqlarına qədər vurulmusan.

-Tarixi romanda faktın təhrif olunmasına necə baxırsınz? 

-Mən bu faktı hadisə edirdim. Ümumiyyətlə, əgər sənədlər, mənbələr varsa, hər şeyin olduğu kimi yazılması doğru olardı. Amma tutaq ki, Nizami haqqında heç bir məlumat yoxdur. Bilinmir, atası kimdir, anası kim. Ordubadi də fakt olmaya-olmaya götürüb yazıb, hətta ciddi təhriflər edib. Hətta məntiqə sığmayan səhv var. Əsərdə belə bir səhnə var: dillə bağlı müzakirələr gedir, şairlər fars dilində yazmağı təklif edirlər. Nizami isə bunun əleyhinə çıxır. Halbuki, Nizaminin özü farsca yazıb. Bir sözlə, Nizamini türk dilində yazmaq tərəfdarı kimi göstərmək məntiqdən uzaq şeydir. Əslində Ordubadinin yazdığı bu məqam əsl lətifədir. Buna baxmayaraq, “Qılınc və qələm” gözəl əsərdir və tərbiyəvi əhəmiyyəti böyükdür.

-Yeri gəlmişkən, Nizamini fars şairi hesab edirsiniz. 

-Əlbəttə, hər şey dillə bağlıdır. Məsələn, ustad hesab elədiyim Kafka yəhudidir. Ömrü boyu Praqada yaşayıb. Almanca yazıb. Yəhudilər onu “100 böyük yəhudi” kitabına salıblar. Amma bu, yəhudi ədəbiyyatı deyil axı, almanca yazıb və alman ədəbiyyatına daxildir. Ruslar isə xəbislikdən onu avstriyalı kimi təqdim edirlər. Avstriyalı da almandır da… Hitler də Avstriya almanıdır.

-Kant da bütün təbiətşünaslıq əsərlərini latınca yazıb. Onda Kanta latın filosofu deyək? 

-Əvvəla, Kantın almanca xeyli əsəri var. İkincisi də latın xalqı yoxdur axı… Gürcü yazır ki, bu, bir İran dastanıdır, bunu çevirdim bizə dilə. Amma bizimki farsca yazır. Halbuki bizdə fars dilini bilən olmayıb. İndi belədir, yüz il qabaq da belə olub. Bizdə həmişə farsları dolayıblar, bu dil bizə yaddır. Yazda gəlib oxuyardılar, bahar aməd, yəni bahar gəldi. Camaat bilmirdi, aməd nə deməkdir, belə söyləyirdilər: bahar Əhməd. Özündən qabakı Firdovsiyə bax da, gör necə şovinist, öz dilini sevəndir. Yalandan öz mədəniyyətini göylərə qaldırıb. Rüstəm Zal adi bir sərkərdə olub, amma gör necə şişirdiblər. Mən Firdovsini qınamıram, xalqını istəyir, ona görə də belə yazıb. İndi Elmlər Akademiyası “Şahnamə”nı qızıl hərflərlə çap edib, sən axı bizi təhqir edəni, sənin əleyhinə yazılanı, bizim düşməni niyə qızıl hərflərlə çap edirsən? Özü də “Şahnamə” cəfəngiyatdır, boş şeydir.

-Amma ərəblər ümumiyyətlə çap etməyib bu əsəri. 

-Ərəblər ağıllı millətdir. Mən artıq hər yazımda yazıram ki, Allahı bizə verdiniz-daha yazmıram ki sırıdınız — amma ürəyinizi vermədiniz. Necə mübarizə aparır, döyüşürlər. Heç fikirləşmirlər ki, kim öləcək, kim qalacaq. Mən belə qəhrəman xalq tanımıram. Onların qarşısında baş əyirəm. Bizim xalq isə heç vaxt xoşbəxt olmayacaq. Çünki bunu istəmir. Bu, bizim təbiətimizə ziddir. Babək 20 il mübarizə apardı, beş-on sərkərdəsi vardı, onlar da qırıldılar. Yoruldular, xalq da getmədi, onlar da dedilər ki, onda biz niyə mübarizə aparırıq? Ərəblər də gəldilər, tutdular.

-Xalq olmasa, Babək bu qədər uğuru necə qazanacaqdı ki? 

-Xalq dəstək verdi, amma axıra qədər yox. Babək haqqında povestdə bunun səbəblərini açmışam. Əsas səbəblərdən biri budur ki, enerji tükəndi. O vaxt Azərbaycanda əhalinin sayı çox deyildi, cəmi bir milyon idi. Babək isə qələbələrdən məhv oldu. Ərəblər isə qarışqa kimi qaynaşırdılar. Məğlub olurdular, ancaq qurtarmırdılar, yeniləri gəlirdi. Dahi sərkərdələri də saysız-hesabsızdır. Eyni zamanda necə böyük mədəniyyət yarandı. Min nəfər tarixçiləri var. Azərbaycanın min ildir, bir tarixçisi yoxdur. Ərəblərin yüzlərlə dahi tarixçisi, filosofu, coğrafiyaşünası var. Qüdrətli dilləri var. Ölkələri həm də dilləri və mədəniyyətləri ilə işğal elədilər. Ölümün üstünə gülə-gülə gedirdilər. Amma bizdə polis gələn kimi hərə bir tərəfə qaçır.

-Amma maraqlıdır ki, 32 ərəb dövləti arasında bircə normal dövlət yoxdur. 

-Adamların bəzilərində ağıl, baş yoxdur da. Ay Qəddafi, ay Mübarək, gəldin, 5-10 il hakimiyyətdə oldun, get də, onsuz da sənlə işləri yoxdur, 10 milyon yığmısan, get də. Özü də ərəblər inqilabı ac olduqlarına görə eləmədilər, Qəddafi onlara maddi baxımdan hər şey verirdi. Sadəcə, Qəddafidən doymuşdular. Bir adamı nə qədər görmək olar? Özü də Qəddafinin “protivni” sifəti var. 30 ildən sonra olsa da qovdular, amma türk xalqlarında bu yoxdur axı. Bir dənə qırğızları qeyd edə bilərik. Dünən NTV-dən göstərirdilər, ilahi, nə qədər gənc ağzını tikərək azadlığın olmamasına etiraz edirlər. Qırğızlar türk xaqları arasında yeganə qəhrəmandırlar, 5 prezident deviriblər.

-Sizcə, cənublu soydaşlarımız mübarizə aparmır? 

-Gedirlər Babək qalasına, şüarlar səsləndirirlər, qışqırırlar, amma döyüş, mübarizə yoxdur. Hə, nə olsun? Farsın ağlı yoxdur. İcazə vermirlər, icazə ver, qoy qışqırsınlar, nə olasıdır ki?

-Ədəbiyyata qayıdaq, özünüzü hansı ədəbi nəslə aid edirsiniz? 

-Heç bir ədəbi nəslə aid etmirəm. Mənim ümumiyyətlə, xalqım yoxdur. Mənim xalqım kitabımın abunəçiləri, bir neçə akademikdir. Ümumiyyətlə, mənimlə Azərbaycan xalqı arasında uçurum var. Xalq nə bilir, pritça nədir? Mən pritça-roman yazmışam, Azərbaycan tarixinin bütün mərhələləri var bu romanda. Xalq belə romanı nə başa düşəcək? Bu pritça romanları çap etməyi ona görə əvvələ saldım ki, dünyanın işini bilmək olmaz, bəlkə başıma bir iş gəldi.

-Nə vaxtdan çap olunursunuz? 

-1956-cı ildən. Birinci şeirimi Rəsul Rza çap edib.

-Fəlsəfəyə gəlişiniz necə oldu? 

-Mən sanki elə bunun üçün doğulmuşdum. O vaxtlar Azərbaycan dilində heç nə yox idi, ordan-burdan tapıb oxuyurdum. Dəftərçəyə qeyd edirdim, yadıma gəlir, “Nizami” almanaxında bir şeir çıxmışdı. Fəlsəfi aşıq şeiri idi. Yadıma gəlir, onu necə ləzzətlə oxuyurdum. Nitşenin inqilabdan qabaqkı bütün külliyyatı məndə vardı. İnanmıram ki, bu, Rusiyada kimdəsə olaydı. Şopenhauerin 4 cildliyi vardı məndə. Bu əsər Lenində, Axundovda yox idi hətta. Onları necə xoşbəxtcəsinə oxuyurdum.

-Haradan alırdınız bu kitabları? 

-Nitşenin külliyyatını Mişa adlı yəhudidən almışdım. Nə qədər istəyirdim, onu vermirdi. Axırda bir dəfə zəng elədi ki, İsrailə gedirəm, gəl, kitabı satım sənə. Çiskinli hava idi, getdim 150 manata aldım o kitabı. Vurdum qoltuğuma…Ay Allah, uçurdum eee…

Qan Turalı

Ağa Cəfərli 

kulis.az

Реклама
Categories: Müsahibələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: