«Bu mənim arzumdur»

06 -08 -2011 tarixli «Bizim Yol» qəzeti

Avqustun 10-da yazıçı, publisist Əlisa Nicatın 75 yaşı tamam olur. Onlarla əsəri işıq üzü görən məşhur yazıçı dövlət qayğısından tam kənarda saxlanılır. Bununla belə o, maddi sıxıntılarına baxmayaraq 30 cildlik külliyyatının nəşrinə start verib. Yubiley ərəfəsində Əlisa Nicatla görüşərək yaradıcılığı, ədəbi sahədə vəziyyət, ölkədə gedən proseslər haqqında fikirlərini öyrəndik. Həmişə səbirli olması və səmimiyyəti ilə seçilən publisist yaradıcılıq aləmindəki vəziyyətdən danışdı.

— Əlisa müəllim, hazırda hansı işlərlə məşğul olursunuz?

— Mənim 30 cildlik külliyyatım var. Onları nəşr etdirməklə məşğulam. Hələlik 6 cildi çıxıb, 7 cildi isə nəşrə hazırlanır. Əsas işim budur. Həm də qəzetdə işləyirəm. “Hürriyyət”də sonuncu romanım çıxır. Roman Azərbaycan dövlətinin 1988 -1993-cü illərindən bəhs edir. Romanın adı Məhəmməd Rzanın macəralarıdır. Ancaq əmin olun ki, 1988 -1993-cü illər necə olubsa, əsrdə o cür də yer alır. Hələlik bu işlərlə məşğulam.

— Gələcək planlarınız nədən ibarətdir?

— Hələlik 30 cildlik külliyyatı nəşr etmək asan deyil. Bu məsələ vaxtımızı aparacaq. Bundan başqa, mənim gündəliklərim olacaq. Ötən əsrin 60-cı illərindən bu yana gündəliklərim olub. Yəqin ki, bütün bunlar 3-4 illik vaxtı aparacaq.

— Külliyyatınız öz vəsaitinzlə çap edilir?

— Əsərlərim Adiloğlu mətbəəsində dost-tanışlarım və tələbələrimin hesabına nəşr olunur. Biz kitabları 100 nüsxə çap etdiririk, sonra onu satırıq. Cildi 10 manatdır. Bu maliyyə hesabı ilə növbəti cildi çap etdiririk. Mənim maliyyə imkanlarım yoxdur və heç prezident təqaüdü almağa da qoymurlar. Bu səbəbdən indi əsərləri nəşr etmək asan deyil.

— Niyə Sizə bu təqaüd verilmir, səbəb nədir?

— Mən iki dəfə Prezident Administrasiyasına məktub yazdım. Bu məktub administrasiyanın Humanitar Şöbəsinin müdiri Fatma Abdullazadənin üzərinə göndərildi. Orada kollegiya var. Fatma Abdullazadə də məktubumu Anarın üstünə göndərib. Mənimlə Anarın münasibətləri yaxşı deyil. Buna baxmayaraq Anar Fatma Abdullazadəyə cavab yazmışdı ki, mənə təqaüdün verilməsinə etiraz etmir. Ancaq buna baxmayaraq Fatma xanım deyib ki, Əlisa Nicata prezident təqaüdü vermək olmaz. Hətta Prezident Administrasiyasının bəzi şöbə müdirləri deyiblər ki, Əlisa müəllimin kitabları var, biz oxumuşuq. Xüsusilə dünya fəlsəfə antologiyası olan “Müdrikliyin Məbədi” kitabımı onlar oxuyub dünyanı öyrənirlər. Deyiblər ki, Əlisa Nicat prezident təqaüdü almağa layiqdir. Amma Fatma xanım deyib ki, bu mümkün deyil. Çünki o bizim adam deyil.

— Belə çıxır ki, kimə prezident təqaüdü verilirsə, onlar Fatma Abdullazadənin adamıdır?

— Bizim adam deyil deyəndə ümumi götürülür. Yəni mən hakimiyyətin adamı deyil. Mən prezidentə də müraciət etmişdim. Amma onun vaxtı olmadığından məktubu Fatma xanımın üstünə göndərib ki, baxıb həll edin. Prezidentin məni tanıyıb-tanımadığını bilmirəm, amma rəhmətlik Heydər Əliyev məni yaxşı tanıyırdı.

— Anar Sizə prezident təqaüdü verdirə biləcək gücə malikdir. Ona şəxsən müraciət etmisinizmi?

— Anarla münasibətlərimiz yaxşı deyil. O, mənə ayrıca prezident təqaüdü verilməsinə etiraz etmir. Amma özünün tərtib etdiyi siyahısına mənim adımı salmır.

— Niyə salmır?

— Salmır da. Neçə dəfə ona bu haqda deyiblər. Hətta bir dəfə yanımda dedilər. O da rədd cavabı verdi. Anar bunu şəxsi mənada deyir, Fatma xanım isə ümumi mənada. Mən 10-15 il qabaq “100 Böyük Azərbaycanlı ” kitabını nəşr etdirmişəm. Bu kitab şərqdə ilk dəfə çıxıb və böyük tirajla satıldı. O, düşünür ki, niyə mərhum atası Rəsul Rzanı, elə Anarın özünü bu kitaba salmamışam. Axı bu adamlar ora girmir. Mən seçdiyim 100 nəfər min illər boyu Azərbaycanın bütövlüyü, azadlığı uğrunda çarpışanlar, ölkəmizin şöhrətini dünyaya yayanlardır. Buna görə də, həmin vaxtdan münasibətlər soyudu. Sonrada bir neçə dəfə mətbuatda qarşılaşdıq. Odur ki, mənimlə münasibəti yoxdur. Mən 1970-ci ildən Yazıçılar Birliyinin üzvüyəm. Amma ora gedib gəlmirəm.

— Niyə gedib-gəlmirsiniz?

— Vaxtım yoxdur.

— Yazıçılar Birliyinə Şamo Arif, Əkrəm Əylisli və daha onlarla məşhur adam getmir. Buna səbəb nədir axı? 

— Demək gedib-gəlməməyə ciddi səbəblər var, bu adamlar orada xoş qarşılanmır. Arada konflikt var.

— Nə konflikti var axı?

— Sizə açığını deyim. Ətrafında kim Anara «dahisən» deyirsə, həmin adamları Anar qəbul edir, prezident təqaüdü siyahısına əlavə edir. Kim deyirsə ki, Rəsul Rza böyük və dahi şairdir, Anar onu qəbul edir, əsərlərini çap etdirir və s. Ramiz Rövşən kimi şair Anara böyük yazıçı deyir.

— Prinsipcə, Azərbaycanda qatığa qara deməyən ziyalılara, şairlərə, yazıçılara olan münasibət bəllidir. Bəs xalqın, gənclərin sizə olan münasibəti necədir?

— Mənə necə məktublar gəldiyini deməyə çətinlik çəkirəm. Haqqımda cavanlar məqalələr yazırlar və onlar qəzetlərdə çap olunur. Haqqımda elə yüksək ifadələr işlədirlər ki… Bir həftə əvvəl “Xural” qəzetində məni Azərbaycanın əfsanəvi yazıçısı kimi təqdim etmişdilər. Daha bundan başqa, mənə nə hörmət olmalıdır ki? Ziyalılar, professorların mənə böyük hörmətləri var. Cavanlar, oxucular mənə zəng edirlər, görüşümə gəlirlər. Mənə bundan artıq başqa şey lazım deyil.

— 75 illik yubileyiniz hansı səviyyədə qeyd olunacaq?

— Biz özümüz bunu qeyd edəcəyik. Yüz nəfər tanınmış müəllimlər, tələbələr, alimlər, professorlar yığışıb bir dilbər guşədə qeyd edəcəyik. Gələn həftə bunu həyata keçirməyi planlaşdırırlar.

— Dövlət yubileyinizi qeyd etməyəcək? 

— Yəqin ki, yox. Səmimi deyirəm, heç mən görüşlərə getmirəm. Bəzən universitetlər məni görüşlərə dəvət edir, amma qəbul etmirəm.

— Niyə?

— Əvvəla yaşım çoxdur. İkinci də, həvəsim yoxdur və özümü pis hiss edirəm. Ürəyimdə kiçik qüsur var. İldə iki-üç dəfə televiziyaya çıxıram. Vəssalam.

— Dövlətin sizə diqqət ayırmasını, yubileyinizi keçirməsini istərdinizmi?

— Yox, vallah yox. Sadəcə prezident təqaüdü istəyirəm. Bunun da səbəbi var. Çünki o qədər adama təqaüd veriblər ki… Mən də buna layiqəm. Elə Fatma Abdullazadəyə yazdığım məktubda da qeyd etmişdim ki, bu qədər adama təqaüd verirsiniz, amma mən ədəbiyyata bu janrları gətirmişəm və s. Amma verilmədi. Mən heç nə istəmirəm, yalnız prezident təqaüdü istəyirəm və bu mənə düşür də.

— Dolanışığınız necədir, çətinlikləriniz varmı?

— Mən 140 manat pensiya alıram. Təxminən bu qədər də qəzetdən əmək haqqı alıram. Eyni zamanda satışda çoxlu sayda kitablarım var və onlar satılır. Kitab mağazalarından kimlərin əsrlərinin alındığını soruşsanız görərsiniz. Mənim maddi çətinliyim yoxdur. Düzdür, xüsusi bir firavanlığım yoxdur, amma şikayətçi də deyiləm.

— Bəzən yazıçılara ev verirlər. Elə yazıçılar var ki, dövlətdən 4-5 mənzil alıb kirayə verib dolanır. Heç ev almaq eşqinə düşmüsünüzmü? 

— Yox. Heç vaxt belə fikrim olmayıb. Mənim evim var. Düzdür, bir az şəhərdən kənardadır. Amma nə olsun ki. Həyətimdə ağaclar var, onlara qulluq edirəm. Ayrıca otağım da var, oğul-uşaqlarımın da ayrıca otaqları var. Bu məsələlər həll edilib.

— “Bir çay sahilində komaya köçüb yaradıcılığımı davam etdirərdim” fikri Sizə tanış gəlirmi?

— Əlbəttə, bunu mən illər əvvəl demişəm. Bu mənim arzumdur da. Heç olmasa yay aylarında gedim yaşayım, balıq tutum. Bu mənim idealımdır. Mən dağda içində farellər üzən çayın sahilində bir otağımın olmasını istəyirəm ki, orada 3 ay tək yaşayım, otların, çayların, göyün, yerin, buludların, küləklərin fəlsəfəsini fikirləşim.

— Yazıçılar arasındakı dava-dalaşı necə qiymətləndirirsiniz?

— Çox qəribədir. Bir dəfə mənə zəng vurub dedilər ki, bu məsələyə münasibət bildirin. Məndə dedim ki, hər adamın öz həqiqəti var. Şamo ilə Anarın müzakirəsini nəzərdə tuturdum. Hərənin öz fəlsəfəsi, həqiqəti olur, hər kəs də, özünə sərf edəni deyir. Amma mənim fikrim belədir ki, Şamo Arifin də, Anarın da romanı var. Ola bilsin, birinin əsərləri o birisindən çoxdur. Amma Şamo Arifə heç nəyin verilməməsi, Anara isə hər şeyin verilməsi ədalətsizlikdir. Anarın da heç nəyi yoxdur, pulu da az idi deyə bu yaxınlarda Heydər Əliyev mükafatı və 50 min manat da pul verdilər. Hər ikisi Yazıçılar Birliyinin üzvüdür. Niyə ona hər şey verirsiniz, buna da heç nə vermirsiniz. Sonra mənim haqqımda kimsə ədəb-ərkandan kənar yazdı.

— Niyə Anara qarşı çıxanlara Yazıçılar Birliyinin tanınmayan üzvləri dərhal cavablar yazırlar?

— Bu təbiidir. Anar o qurumun sədridir, böyük imkanları var. Mənim haqqımda yazan cavan bir oğlan idi. Kimdən soruşdumsa, onu tanımadılar. Görünür ,ona prezident təqaüdünün verilməsi, kitabı varsa çap edilməsi həll oluna bilər. Yəni onun çıxışı heç səbəbsiz deyil. Ancaq ziyalıların bir-birini təhqir etməsi pis haldır. Düzdür, başqa ölkələrdə belə mübahisələr olur. Fransada belə mübahisələr olub. Amma bu mədəniyyət, etika çərçivəsində aparılıb. Ancaq bir-birini söymək, bir-birinin yazıçı olmadığını demək ziyalılarımızın səviyyəsini göstərir ki, bunlar böyük mənadakı ədəbiyyatdan uzaq adamlardır.

Nemət HÜSEYNLİ 

Реклама
Categories: Müsahibələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: