«Xalqla mənim aramda uçurum var»

Əlisa Nicat: “Çünki biz bir-birimizin dilini anlamırıq”

“Bu gün Azərbaycan cəmiyyəti kütləvi surətdə oxumaqdan imtina edib”

Azərbaycan ədəbi-fəlsəfi fikrində özünəməxsus dəst-xətti ilə seçilən Əlisa Nicatın kimliyi hər kəsə bəllidir. Insan zəkasını heyrətə gətirən dərin fəlsəfi fikirləri ilə yanaşı, xeyli sayda tarixi romanlar müəllifi kimi də Azərbaycan oxucusunun sevimlisinə çevrilən bu isim, yarım əsrdən çoxdur ki, bitib-tükənməyən bir ehtirasla yazıb-yaratmaqda, milyonlarla insanı “sehirli qələmi” sayəsində özünə məftun etməkdədir. Fəqət bütün qeyri-adiliklərinə, fövqəlbəşəriliyinə baxmayaraq, Ə.Nicat həyatı da taleyin amansız zərbələrindən, təəssüf və peşmançılıqlarından xali deyil. Odur ki, Ə.Nicatla söhbətimizdə filosofun müxtəlif məsələlərə baxışı ilə yanaşı, onun hər kəs üçün qapalı olan daxili dünyasına da nəzər salmağa çalışdıq.

— Əlisa müəllim, Azərbaycan xalqının həyatından, onun psixologiyasından bəhs edən bütün əsərlərinizdə xalqa, kütləyə qarşı güclü bir qınaq, ağır bir ittiham hiss olunur. Maraqlıdır, sizinlə xalq arasındakı bu uçurumun səbəbi nədir? Başqa sözlə desək, Ə.Nicata xalqı sevməkdə nə mane olur?

— Bilirsiz, Avropada belə bir qətiləşmiş fikir var ki, xalqın pərəstişkarı olmaq yüksək səviyyə əlaməti deyil. Bu o demək deyil ki, mən Avropanı təqlid edirəm, xeyr. Lakin xalqla mənim aramda bir uçurumun olması həqiqətdir. Çünki biz bir-birimizin dilini anlamırıq. Mən xalqın dilini bilirəm, ancaq bu dildə onunla danışmaq istəmirəm. Gərək xalq mənimlə mənim dilimdə danışsın. Deyirlər ki, Fransada fransız yazıçıları ədəbi dili yaratdılar. Nəticədə, fransız xalqının dili formalaşdı. Fransız dili ədəbi dildir. Ancaq bizdə ədəbi dillə xalq dili arasında böyük fərq var. Bu mənada xalq özü qabaqda gedən ziyalılarının ardınca getməli, ondan faydalanmalıdır. Çadayevin məşhur birinci məktubu və orada yer alan fikirlər hər kəsə məlumdur. Hansı ki, onu məhz bu məktuba görə dəli elan etmişdilər. Onun ilk məktubu dərc olunanda bütün Rusiya sarsılmış, I Nikolay qəzəblənmişdi. O zaman Çadayevi Avropada tanındığı üçün öldürə və ya başqa şəkildə cəzalandıra bilmədilər və odur ki, onu dəli elan etdilər. Çaadayev də hesab edirdi ki, xalq öz ziyalılarının ardınca getməli və onu öyrənə-öyrəni özü də yüksəlməlidir. Bizdə isə bu yoxdur. Bugünlərdə tanış olduğum bir amerikan vətəndaşı mənə deyir ki, mən sizin insanlara baxıb məətəl qalıram. Nə metroda, nə avtobusda heç kimin əlində bir kitab və ya bir qəzet görmək mümkün olmur. Xalqımız heç nə oxumur. Oxuyanlar isə oxuduqlarından bir məna çıxara bilmirlər. Insanların oxuduqları onlara təsir etmir, onları yaxşı mənada dəyişdirmir. Bu gün doğma dilimizdə gözəl kitablar nəşr olunur. Ancaq onları alan yoxdur. Halbuki onların tirağı 200-300-ü ötmür. Mənə məktub və zənglər olur və mən bilirəm ki, cəmiyyətdə məni tanıyan, fikirlərimə hörmət edən insanlar var. Ancaq cəmiyyət axı, yalnız mənə zəng edən və ya məktub yazan bir qrup insandan, 300-400 nəfərdən ibarət deyil. Xalqın 80-90%-i bu cür aktiv olmalıdır. Buna görə də mənimlə xalq arasında uçurum formalaşır.

— Özünüz də etiraf edirsiniz ki, Azərbaycan insanı oxumaq istəmir. Sizcə, insanların oxumaq istəməməsinin səbəbi nədir? Doğrudanmı, dünyanın ən böyük ecazı sayılan söz belə artıq insanları cəlb etmir?

— Əlbəttə ki, söhbət oxumaq istəməyən insanlardan gedirsə, deməliyəm ki, bu yalnız bizim cəmiyyətə xas olan bir xüsusiyyətdir. Oxumaqdan söz düşəndə çox tez-tez dilə gətirdiyim bir məsəl var ki, onu bu dəfə də xatırlatmaq istəyirəm. Hollandiyaya gedən iki türkün yazdığı bir əsər var ki, bu əsərdə Qərb insanını oxumağa nə qədər çox önəm verdiyi öz əksini tapır. Türklər yazır ki, yay vaxtı qitədən adaya gedən gəmi yola düşən kimi avropalıların hər biri ya qəzet, ya bir jurnal çıxardaraq oxumağa, 2 saatlıq yol ərzində qirayət etməyə başladılar. Biz iki türk isə insanlar əhatəsindəki iki heyvan kimi çox gülünc bir vəziyyətdə qaldıq və utandığımızdan başımızı qaldıra bilmədik. Bu gün Azərbaycan cəmiyyəti kütləvi surətdə oxumaqdan imtina edib. Baxın, məgər 9 milyonluq bir ölkədə dərc olunan kitabın da cəmi 100 nüsxəsi olar? Əgər 2 milyonluq bir şəhərdə sensasyon hesab ediləcək bir kitab hətta 100 tirajla belə satılmırsa, buna nə ad vermək olar? Azərbaycan xalqı nə ilə məşğuldur? Əhalinin 99,9%-i avaraçılıq və ya alverlə məşğuldur. Xalqı oxumağa qoymurlar. Elm heç harda təbliğ olunmur. Ölkə başçısı bir dəfə də olsun demir ki, mən filankəsin əsərini oxumuşam. Bunu o deməlidir, o təbliğ etməlidir. Əgər dövlət başçısı bunu demirsə, Nazirlər Kabinetinin rəhbəri, nazirlər kitab mağazasının yolunu tanımırsa, vəziyyət elə belə də olmalıdır. Mərhum Heydər Əliyev nazirləri Flarmoniyaya konsertə aparır, onlara kitab aldırırdı. İ.Əliyev isə belə deyil. İmkanlı, vəzifəli şəxslər də ölkə başçısına baxır və düşünür ki, madam ki, prezident də bu məsələyə əhəmiyyət vermir, kitab mənim nəyimə lazımdır ki? Bu gün kitab oxumaq abırsız bir işə çevrilib. Ona görə də bu gün yaşanan olaylarda qeyri-adi heç nə yoxdur.

— Bəlli bir müddətdir ki, külliyyatınız çap olunur. Qarşıdakı günlərdə əsərlərinizin neçənci cildi işıq üzü görəcək və satışla bağlı vəziyyət nə yerdədir?

— Bildiyiniz kimi, külliyyat 30 cilddən ibarət olacaq. Demək olar ki, onların hamısı hazırdır. Bir-iki aydan sonra 6-cı cild də işıq üzü görəcək. Ümumiyyətlə, çalışacam ki, bu il 9-a qədər cild nəşr olunsun. Cəhd edəcəm ki, 30 cildin hamısının çapına nail olum. Hərdən düşünürəm ki, ömür su kimi axıb gedir, zaman sürətlə geridə qalır.  Yayda 75 yaşım tamam olacaq. Bununla əlaqədar bir gecə də keçirəcəm və indidən sizi də dəvət edirəm. Lakin fikirləşəndə ki, ömür qüruba doğru irəliləyir, onda gəlib-getməyimdəki məna haqqında düşünürəm. Həya gəlməyimdə məqsəd nə idi? Hamı kimi, əsrlər öncə olduğu kimi evlənmək, heyvanlar və həşəratlar kimi öz nəslini artırmaq məqsəd sayıla bilərmi? Qədim Misirin rəmzi bizim pıspısa kimi tanıdığımız qara bir böcəkdir ki, o böcək heyvan nəcisini diyirlədir, çətinə düşəndə çönüb dal ayaqları ilə onu maneəədn aşırmağa çalışır, nəhayət harasa aparıb qoyur və öz yumurtalarını onun içinə yerləşdirir. Əmələ gələn balalar isə gözlərini açan kimi o nəcisi yeyir və beləcə, həyata uyğunlaşmağa başlayırlar. Yəni adi bir böcək belə öz balalarının qeydinə qalır, onların nə yeyəcəyini onlar dünyaya gəlməmişdən öncə düşünüb daşınır. Adi yumurtanı götürün, o elə yaranıb ki, onun ağından, daha doğrusu ağdakı bir ləkədən əmələ gələn cücə yumurtanın sarısını yeyərək qidlanır. Yəni bizim də böcək və ya toyuq-cücə kimi gəlib getməyimizdəki məna nədir? Lakin sonra düşünürəm ki, məqsəd elə bundan – əsərlərimin çapından, külliyatımın nəışrindən ibarətdir. Yazıçı üçün ən böyük xoşbəxtlik onun külliyyatının nəşridir. Mənim də missiyam budur. Yəni yaranmağa, yaşamağa əsas olan, bu yaradılışa haqq qazandıran bir şey var.

— Şerlərinizin birində belə bir misra var, “Bu xalq kişi doğa bilmir, qısırdır”. Xatırladım ki, vaxtilə Xəlil Rza Ulutürk də eyni problemdən şikayətlənmiş və şerlərinin birində son nicat yolu kimi bütün Azərbaycan övladlarını yenidən öz kişi bətni ilə “doğacağını” dilə gətirmişdi. Sizcə, ölkədəki “kişi qıtlğının” səbəbi nədir? Nə baş verdi ki, kişilik məfhumu bu qədər ucuzlaşdı, adilaşdi və son nəticədə ortadan qalxdı?

— Düşünən adamlar iddia edir ki, hətta sovet dövründən cinsi mənada belə kişilik azalıb. 50 il, 100 il öncə insanların əksəriyyətinin 5-10 uşağı olurdu ki, bunun da çox zaman əksəriyyətini oğlan uşaqları təşkil ediridi. Indi sosial vəziyyətin ağırlığı hər kəsə bəllidir. Lakin bu da bir həqiqətdir ki, insanların çoxu oğurluq, quldurluq, xalq malını talamaqla özləri üçün hər cür firavanlığı təmin ediblər. Ailələr var ki, onların hər bir üzvünün 2-3 avtomobili var. Lakin onların da 1 və ya 2 uşağı mövcuddur. Yəni kişilik elementi bioloji mənada azalıb. Mənəvi-ruhi baxımdan isə tamamilə tükənib. Suriyaya baxın, orada bir gündə 100 nəfər ölümə gedir, qırılır. Bəs 1988-ci ildən başlayan Qarabağ olaylarında neçə nəfər qurban getdi? Demək olar ki, heç kim. 20 yanvar günü baş verənlərin şüurlu vətənpərvərliklə heç bir əlaqəsi yoxdur. Orada insanlar özlərini bilərəkdən, məqsədli şəkildə, mübarizə məqsədilə qurban verməyiblər. Tanklar şəhərə daxil olanda onlara verilən müvafiq tapşırığa əsasən atəş açıblar və hara gəldi edilən bu atəş tikililərə ziyan vurmaqla yanaş,ı həm də maraq üçün kənardan baxan uşaqlara, böyüklərə dəyib. Bu, qəhrəmanlıq deyil. Onlar 1 dənə də olsun rus tankını yandırıb məhv etməyiblər. Əgər ortada həqiqətən də mübarizə olsaydı, o zaman bir dənə də olsun tankı sıradan çıxardar, 1 rus əsgəri də olsa öldürərdilər. Lakin bunların heç biri baş vermədi. 20 yanvar günü ölən bir-iki rus əsgəri də səhvən bir-birlərinə atəş açdıqları üçün həlak olub. Ona görə də 20 yanvar günü həlak olanların qəhrəman olduqları ilə bağlı söylənilənlər yalandır. Onların heç biri qəhrəman olmayıb. Odur ki, Azərbaycanda bioloji kişiliklə yanaşı ruhi kişiliyin də məhv olduğu inkaredilməzdir. Baxın, hər gün nə qədər insan həlak olur. Bir çoxları isə müxtəlif səbəblərdən özünü asır. Ancaq heç vaxt eşidə bilməzsiniz ki, onlardan biri nəyəsə etiraz əlaməti olaraq özünə bomba qoyub haranısa partlatsın. Əlacsız qalıb özünü asmaq kişilik deyil.

— Bu gün yüzlərlə “qələm əhli” prezident təqaüdi ilə təltif olunub. Ancaq nədənsə zəngin yaradıcılığı ilə onları çox-çox geridə qoyan Ə.Nicat hələ də prezident adına təqaüddən məhrumdur. Doğrudanmı, əlaqədar qurumlar Ə.Nicat yaradıcılığını görməyəcək qədər kordur?  Yox əgər belə deyilsə, o zaman baş verənləri nə ilə izah edərdiniz?

— Mən bununla bağlı “yuxarılara” kiçik bir məktub yazdım və bildirdim ki, hesab edirəm ki, zəhmət və xidmətlərim mənə belə bir əsas verir ki, bu təqaüdü alım. Hazırda ayda 85 manat pensiya alıram. Məndə olan məlumata görə, Prezident Aparatında hər kəs mənim pensiya almağıma razılıq verib. Lakin Fatma xanım Abdullazadə buna qəti olaraq etiraz edib və bugünə qədər də təqaüd almağıma imkan vermir. Eşitdiyimə görə bildirib ki, nə qədər ki, mən burdayam, Ə.Nicata təqaüd almağa imkan verməyəcəm.

— Sizcə, Fatma xanımın sərgilədiyi bi mövqe “yuxarıdan” verilən sifarişin nəticəsidir, yoxsa…

— Məncə, yox. Zənnimcə, bu, yalnız onun öz təşəbbüsüdür və hesab edirəm ki, yazılarım ona mənim “onun adamı” olmadığını düşünməyə əsas verir.

— Bu günə qədər xeyli əsər yazıb-yaratmısınız. Bunların içərisində hansını öz şah əsəriniz hesab edirsiniz və düşünürsünüz ki, məhz bu əsər sizə əbədiyyəti təmin etmək üçün kifayətdir?

— Düzü, mən əbədiyyət və ölməzlik haqqında düşünmürəm və mənimçün onun heç bir əhəmiyyəti yoxdur. Öləndən sonra heykəlimi belə qoysalar, bunun mənim üçün heç bir əhəmiyyəti olmayacaq. Çünki bir şeyi ki, mən hiss etməyəcəm, görməyəcəm, bu, boş şeydir. Əsərlərimə gəlincə, hər bir yazıçı yeni bir əsər yazmağa başlayanda düşünür ki, ən yaxşı əsəri bu olacaq. Lakin yazıb qurtarandan sonra düşünürsən ki, yox, mənim şah əsərim hələ qalıb. Belə bir söz də var ki, yazıçının şah əsəri hələ yazmadığı əsəridir. Ancaq son romanlar – “Ehram”, “Artakserks” və hazırda yazdığım bir əsər məni daha çox qane edir. Çünki onlara müxtəlif baxımdan yanaşmaq, hər cür təhlil etmək olar. Bu isə, yazıçının daxili potensialını göstərir. Bundan başqa, bəzi pritçalar var ki, onları da qənaətbəxş hesab edirəm. Minə qədər pritçam var ki, onların arasında Şərq üçün yenilik olan çox şey var. Özünüz də görürsünüz ki, yazdıqlarım Azərbaycan ədəbiyyatı üçün yenilikdir. Adını çəkdiyim romanları və pritçaları dünya ədəbiyyatı üçün yenilik hesab edirəm.

— Elə bir əsəriniz var ki, onun ruhuna öz şəxsi həyatınızı, hiss və duyğularınızı hopdurmusunuz? Yəni Əlisa Nicat hansısa əsərin hansısa obrazında əslində öz həyatını qələmə alıb?

— “Ehram” romanında bu, özünü xeyli dərəcədə hiss etdirir. Bu, “Gərəksiz”də də bir az var, ancaq “Ehram”da daha çoxdur. “Ehram”da “totalitar rejimdə namuslu yazıçının başına gələ bilənlər nə ola bilər” sualına cavab axtarmışam. Mən sovet dönəmində yeganə yazıçı olmuşam ki, partiyaya keçməmişəm. Halbuki, buna mənim imkanım da var idi. Müstəqillik dövründə də heç bir partiyaya üzv olmamışam. Çünki bu, mənim üçün ötəri,  kiçik şeylərdir. Mən sənət, fəlsəfə partiyasının əsgəriyəm.

— Deyirlər ki, əsl əsər yazılmır, doğulur və əsl əsərin meydana gəlməsi üçün müəyyən bir zaman lazımdır. Bu fikirlə razılaşmaq olarmı?

— Bəli, belə götürəndə bununla razılaşmaq olar. Məsələn, Kafka da, Nitsşenin də əsərləri sağlıqlarında çap olunsa da, yaxşı mənada heç bir səs-küyə səbəb olmayıb. Şopenhauerin “Dünya, iradə və təsəvvür kimi” nəhəg fəlsəfi əsəri mövcuddur. Bu əsər 200 il qabaq Almaniyada müəllifin öz vəsaiti hesabına çap olunub. Lakin bu kitabların hamısı maklaturaya gedib. Tarixdə iz buraxan əsərlər müasirləri tərəfindən qəbul edilmir, həzm olunmur. Kafkanın “Qəsr” və ya bəzi romanları bu gün də Azərbaycanda qəbul edilmir. Bütün Avropa Kafkaya səcdə qıldığı bir zamanda Azərbaycanda heç kim bir kəlmə də olsun onun haqqında danışmır. Halbuki, Ingiltərə kraliçası belə Kafkanın “Qəsr” romanını oxuduğunu söylədi. Lakin bizdə bu romanlar alınsa belə, bunun işartıları, əks-sədası özünü göstərmir. Almanlar Kafkanın ölümündən 5-10 il sonra ayıldılar. Bizdə isə bunun üçün 100 il vaxt lazımdır.

— Bütün dövrlərdə xalqla dahi arasında dərin bir təzad, bir uçurum olub. Maraqlıdır, xalq və dahini bir-birini anlamasına nə mane olur?

— Burada tək səviyyə deyil, dünyagörüşü də mühüm rol oynayır. Xalq və dahinin düşüncəsini həmişə fərqli şeylər məşğul edir. Xalqın başqa nümayəndələri üçün adi yeməyin özü böyük bir problemdir. Lakin dahi bu haqda düşünmür. Epikür dostuna yazmışdı ki, bir az pendir-çörək göndər, ziyafət təşkil edək. Əlbəttə, təmiz, keyfiyyətli yemək yemək lazımdır. Mən özüm 30 ildir ki, sosiska, kolbasa nə olduğunu bilmirəm. Dahi içində bir tikə ət olan mərcini də ləzzətlə yeyir. Xalqın nümayəndəsi isə yaxşı yemək haqqında düşünür, qəzet, kitab oxumur, musiqiyə qulaq asmır, dərin elmi filmlərə baxmır, yer kürəsinin, günəş sisteminin həyatı ilə maraqlanmır. Məni dərd götürüb ki, nə zamansa yerə astroid düşəcək, həyat məhv olacaq. Bunu düşünəndə mənim insanlara deyil, digər canlılara yazığım gəlir. Mən ağaclara, bitkilərə acıyıram. Hətta toyuq-cücəyə yazığım gəlir, insanlara isə yox.  Dahi öz düşündüklərini bədii əsərlərə çevirir. Ancaq dahinin düşüncəsi əsasında meydana gələn bu bədii əsərlər xalqın yeməyi olmur. Mənim əsərlərim sanki xalq üçün çin və ya yapon dilində yazılıb. Yazdıqlarım xalq üçün anlaşılmazdır. Kənddə bir yaxın dostum var. Mənə deyir ki, II cildi aldım. Ondan soruşdum ki, “Ehramı” oxudun? Dedi ki, hə, oxudum, ancaq heç nə başa düşə bilmədim. Bu adam hələ müəllimdir, əgər yazdığımı bu anlamırsa, onda 80-90%-i alverçi olan bu xalqın qalan nümayəndələri necə anlayacaq? Bu gün hara baxsanız ancaq dükan-bazar görəcəksiniz. Bu ölkədə hamı satıcı və alıcıdır. Qalanları isə sürücüdür. Bu gün xalq bundan ibarətdir. “Müdrikliyin məbədi” fəlsəfə antologiyasını 5-6 il əvvəl 500 nüsxə ilə buraxdırmışam. Lakin bu kitabın müəyyən hissəsi hələ də qalır. Əgər xalq dünya fəlsəfi fikrinin cəmi olan bu kitaba bu qədər laqeyddirsə, bu özü xalq haqqında hər şeyi deyir. Xalq və dahi ayrı-ayrı planetlərin sakinləridir.

— Çağdaş Azərbaycan ədəbiyyatında özünüzə rəqib görürsünüzmü?

— Yox, rəqib yoxdur. Əlbəttə, mən istərdim ki, məni əsərlərini oxumağa məcbur edən yazıçı olsun. Bəlkə də beləsi var, ancaq mən tanımıram. Mən dönə-dönə M.F.Axundovun komediyalarını oxuyuram, onlara qulaq asıram, bu, mənə ləzzət edir. Ü.Hacıbəyovun əsərləri, Qurban Səidin “Əli və Nino” romanı mənə zövq verir. Mən çox istərdim ki, mənim də “Əli və Nino” kimi romanım olardı. Bu gün Azərbaycanda ədəbiyyat var. Ancaq bu ədəbiyyat mənim üçün deyil.

— Bu gün dövlət tərəfindən sizə layiq olduğunuz qiymətin verilməməsi bir həqiqətdir. Necə düşünürsünüz, sizcə 100 ildən sonra Ə.Nicat layiq olduğu qiyməti alacaqmı?

— Onu demək çətindir. Ancaq belə bir məsəl var: ümumxalq şöhrəti istəyirsənsə öl. Ətrafdakı insanlar tanıdıqları, gündə min dəfə qarşılaşdıqları sənətkarı saymır, onu qiymətləndirə bilmirlər. Elə ki, öldü, onu göyə qaldırırlar. Fransada Renuar və digər rəssamların əsərlərini heç kim almayıb. Van Qoqun əsərləri bu gün milyonlarla manat olsa da, o zaman onun əsərlərinə sahib duran tapılmayıb. Halbuki, o yeni bir üslub yaratmış, gözəl rəsm əsərləri çəkmişdir. O səfalət içində, faciəvi şəkildə ölüb. Modilyani milliyyətcə italyan olsa da, fransız rəssamı olub. O daha çox çılpaq qadın rəsimləri çəkib. Onun da əsərləri sağlığında alınmayıb. Onun haqqında bir film çəkmişdilər və orada göstərirdilər ki, varlı bir şəxs xəstə Modilyaniyə kənardan göz qoyur, ancaq bir dənə də olsun əsərini almır. Elə ki, Modilyani ölür, dərhal onun bütün əsərlərini alır. Indi onun bir əsəri 50 milyondur. O zamansa 10 franka alan olmadı. Ona görə də 100 il sonra necə olacaq, bu, mənim üçün maraqlı deyil. Sadəcə, istərdim ki, əsərlərim gələcəkdə mənim övladlarım üçün müəyyən gəlir gətirsin, onların dolanışığına kömək etsin. Şübhəsiz ki, zaman gələcək, həqiqət meydana çıxacaq və hər şeyə obyektiv qiymət veriləcəkdir. Doğrudur, bəzən keçmiş irsə də müəyyən məqsədlərlə yanaşırlar. Ancaq bütövlükdə obyektivlik özünü büruzə verir. Gec-tez Qurban Səidin heykəli qoyulacaq, Səməd Vurğunun mənasız heykəli isə uçurdulacaq. Yəqin ki, onun yerinə Qurban Səidin heykəli qoyulacaq. Çünki S.Vurğunun yaradıcılığında əsas yeri partiyanın təbliği tutur. Bu isə haqq vermir ki, o heykəl ucaldıldığı yerdə qalsın.

— Ey Fransa, Almaniya,

Doğulmadım niyə sizdə?

Mən ipəkdən bir yamağam,

Cırıq, kirli ölkəmizdə.

Maraqlıdır, Ə.Nicatın Qərbdə dünyaya gəlmək istəyi bu qədərmi böyük və qarşısıalınmazdır?

— Əlbəttə. Mən 25-30 ildir ki, bir nəfərlə oturub ürəkdən söhbət etməmişəm. Elə bir insan axtarıram ki, məni maraqlandıran şeylər haqqında onunla danışım, öz düşüncələrimi onunla bölüm. Illər uzunudur ki, düşündüklərim ürəyimdə yığılıb qalıb. Ancaq Almaniyada, Fransada olsaydım, belə olmazdı axı. Orada Lebon var idi. Mən onunla görüşər, fikir mübadiləsi aparardım. Bugünkü avropalılar arasında da böyük fikir adamları çoxdur. Mən Qərbdə doğulsaydım, onlarla gündəlik həyatımda təmasda olar, özümü rahat və xoşbəxt hiss edərdim. İnsanlar ruhən qohum olurlar. Bioloji qohumluğun əhəmiyyəti yoxdur. Sartrla Kamyu mübahisə ediblər, bir-birlərinin yaradıcılıqları barəsində tənqidi qeydləri olub. Ancaq Kamyu öləndə Sartr bir neçə gün özünə gələ bilməyib. Deməli, onların ruhu dost, qohum olub. Sadəcə, hərə hansısa məsələyə bir cür yanaşır. Ümumiyyətlə, hər kəsin öz həqiqəti olur. Mənim bütün ruhi dostlarım, qohumlarım, müəllimlərim, ustadlarım keçmişdə olub. Mən keçmişin adamıyam. Mövlüd Süleymanlı yazmışdı ki, Ə.Nicat tarixdən, qədimlikdən gəlir. Mənim köklərim doğrudan da tarixdə, dərinlikdədir.

— Əsərlərinizin birində belə bir ifadə var ki, “Avropanın məndən xəbərsiz olması, mənim yox, Avropanın itkisidir”. Sizcə, Qərb bu böyük, fəqət bərpası mümkün olmayan itkidən nə vaxtsa xəbərdar olacaqmı?

— Zənnimcə, bu məsələdə bəxtin də böyük rolu var. Mirzə Şəfi Gəncədə yaşayırdı, nə qəzet, nə kitab vardı. O, məcbur olub Tiflisə köçdü. Həmin vaxt Almaniyadan ağıllı bir səyyah – Bodenştedt Tiflisə gəldi və M.Şəfi Vazehlə tanış oldu. Bunun özü bəxtdir də. Düzdür, sonradan bu bəxt bir qədər düz gətirmədi. Belə ki, M.Şəfi öz şerlər dəftərini Bodenştedtə bağışladı, lakin demədi ki, get bunu öz şerlərin kimi çap et. O, bu dəftəri bir əmanət kimi Bodenştedtə verdi. Bodenştedt Almaniyaya qayıdandan sonra ilk vaxtlar doğrudan da namuslu bir insan kimi M.Şəfinin şerlərini alman dilinə tərcümə etdirib çap etdirdi. Lakin gözləmədiyi halda bu şerlərin Almaniyanı bir-birinə vurduğunu, böyük şöhrət qazandığını gördü. Baxdı ki, ildə on dəfə çap olunsa da yenə də alınır, M.Şəfi də ölüb, odur ki, bu şerlərin özünə məxsus olduğunu iddia etməyə başladı. Baxmayaraq ki, artıq çap olunan kitablarda o, M.Şəfinin kimliyi, onunla görüşü, şer dəftərlərini ona bağışlamasını və s. yazmışdı. Bodenştedt M.Şəfi imzası ilə gedən şerlərin ona məxsus olduğunu iddia etməklə alman dürüstlüyünə yaraşmayan bir hərəkət etdi. Lakin Bodenştedtin nə deməsindən asılı olmayaraq, bu şerlər yayıldı və hər kəs də hiss etdi ki, bu şerlərdə Şərqin ətri var. Avropanın məndən nə vaxtsa xəbər tutub-tutmayacağı isə yenə də bəxtdən asılı olacaq. Təəccüblüdür ki, Avropadan ölkəmizə bu qədər jurnalist və ictimai xadimin gəlməsinə baxmayaraq, heç kim yazdıqlarım əsərlərə diqqət etmir, bununla maraqlanmır. Hərdən düşünürəm ki, bəlkə doğrudan da yazdıqlarım mənasızdır? Bəlkə doğrudan da bu əsərlərdə insanı düşündürən, onu təsirləndirən dərin heç nə yoxdur? Bəlkə doğrudan da hər kəs kimi mən də özüm-özümə koram? Lakin sonra içimdən gələn başqa bir səs, kənardakı insanların rəyi məni yenə də əvvəlki qənaətimə qaytarır. Doğrudur, mən yeganə yazıçıyam ki, Rusiyada çap olunmamışam. Çünki sovet dövründə buna nail olmaq üçün çoxlu xərc çəkmək, qonaqlıq vermək lazım idi. Buna isə mənim imkanım yox idi. Mən Moskvaya gedə bilmədim. Ona görə də Rusiyada tanınmadım. Həqiqət isə bundan ibarətdir ki, bizdə rus dilində nəşr olunmayana qədər Qərbə çıxmaq mümkün olmur. Doğrudur, yazılarım “Hürriyyət” qəzetində çıxır. Lakin bu qəzertin tirajı cəmi 1500-2000 nüsxədir. Bunun da hamısı alınmır. Mən yuxarıda qeyd etdiyim amerikan vətəndaşına bu barədə müraciət etdim. Doğrudur, o, ədəbiyyat adamı deyil. Ancaq mənə söz verdi ki, bu məsələni Amerikada əlaqədar şəxslərin diqqətinə çatdıracaq. Mən bilirəm ki, “Ehram”, “Artakserks”, “Gəncəli müdrik” Avropada çap olunsa, böyük uğur qazanar. “Qızılbaşlar”ın özü Avropada nəşr oluna və böyük uğur qazana bilərdi. Lakin bu mümkün olmadı. Sanki hansısa gizli, fövqəltəbii bir qüvvə istəyir ki, mən beynəlxalq aləmə heç cür çıxmayım, dolanmaq üçün məcbur olub hər gecə sübhə qədər işləyim, külliyatımın sayı artsın. Sanki bu qüvvə mənim bütün qalan yollarımı kəsib və məhrumiyyətlər içərisində yazıb-yaratmağa məcbur edir. Halbuki, bircə romanım Almaniya və ya Fransada işıq üzü görsə, bu mənim bütün maddi problemlərimi birdəfəlik həll edə bilər. Mən bunların Allah tərəfindən idarə olunduğunu güman etmirəm. Çünki şəxsən mənə görə, Allah üçün insanlar yoxdur. İnsanlar Allah üçün əhəmiyyətsiz şeylərdir.

— Sözlərinizdə xalqa qarşı dərin bir inciklik və narazılıq duyulur. Maraqlıdır, bu adi bir küskünlüyün, yoxsa dərin bir nifrətin təzhüridir?

— Yox, qətiyyən yox. Axı xalqa necə nifrət etmək olar? Məgər eşşəyə nifrət etmək mümkündürmü? Xalq sənətkarın yayılması üçün ilk sfera sayılır. Ancaq bəzən bu sferadan birbaşa 3-cü, 4-cü sferaya adlayanlar da olur. Məsələn, böyük şair Mirzə Şəfini buna nümunə gətirmək olar. Onu Azərbaycanda demək olar ki, kimsə tanımırdı, ancaq o Avropada dillər əzbəri idi. Mən Avropaya yol tapmamışam, Avropanın məndən xəbəri yoxdur. Ona görə də məcburuq ki, öz eşşəymizə “stavka” edək. Xalqımızın yüksək təbəqəsinin içində də bu cür parlaq eşşəklərə rast gəlmək mümkündür. Təsəvvür edin ki, bu yaxınlarda çoxlu kitabların müəllifi olan, parlamentdə təmsil olunan çoxdankı tanışlarımdan biri, hansı ki, bir-birimizə vaxtilə qarşılıqlı olaraq xidmətlər göstərmişik, zəng edərək məni öz qərargahına dəvət etdi. Mən soruşdum ki, gələn zaman zəng edimmi? O isə bildirdi ki, zəngə ehtiyac yoxdur və birbaşa gələ bilərsiniz. Mən qərargaha gedib çatanda məlum olur ki, həmin adam orda yoxdur, telefonu da bağlıdır. Isti gündə uzun yol gedib 1 saat da gözlədikdən sonra geri qayıdıram. Bir neçə saatdan sonra ona zəng etsəm də bu zəngə cavab vermir. Indi sizdən soruşuram, beləsinə nə ad vermək olar? Bu hərəkətə ancaq eşşək yol verər. Axı ay heyvan, heç olmasa bir zəng vur, üzrxahlıq elə. Əlbəttə, mən deputat deyiləm, böyük vəzifəm yoxdur. Ona görə də mənə qarşı bu cür eşşəklik etməkdən çəkinmir.

— Yazılarınızda müxtəlif problemlərlə yanaşı, Azərbaycandakı mövcud siyasi sistem və onun qüsurları ilə bağlı kəskin ittihamlar səslndirirsiniz. Böyük çoxluğun deməyə qorxduğu ittihamları dilə gətirən bir insan kimi, şəxsi təhlükəsizliyinizlə bağlı hansısa narahatlıq keçirmisinizmi?

— Yox, belə bir narahatlığı heç vaxt keçirməmişəm. Mən heç bir partiyaya mənsub deyiləm. Aksiyalarda iştirak etmirəm. Mən ruhi-fəlsəfi aləmdə yaşayıb-yaradıram və etirazlarımı da bu şəkildə bildirirəm. Mənim etirazlarım rəmzi-fəlsəfi formada üzə çıxır. Siyasi quruluşun nöqsanlarına gəlincə, hər şey göz qabağındadır. Mən Azərbaycanda ilk fəxri fəlsəfə elmləri doktoruyam. Mən ilk tarixi-bioqrafik roman yazmışam, ədəbiyyata yeni janrlar gətirmişəm. Şah İsmayıl Xətai haqqında ilk romanı mən yaratmışam. 30 cilddən ibarət külliyyata malik yazıçı Azərbaycanda yoxdur. Əgər bu dövlət mənə ayda 85 manat pul verirsə, onu ədalətli adlandırmaq olarmı? Dövlət ədalətli olmayanda, dövlət yaxşı ilə pisi ayırmayanda, əksinə, axmaqları irəli şəkəndə həmişə xalqın həyatında faciə baş verir. Mən o qədər ləyaqətli elm adamı tanıyıram ki, onlar məhrumiyyət içərisindədirlər. Professor Əbülhəsən Abbasov söylədiklərimə nümunədir. O, rus dilində yüksək fəlsəfi əsərlər yazıb. Ancaq o heç 85 manat da almır. Elmlər Akademiyasından aldığı cüzi əməkhaqqı ilə dolanır. Belə çıxır ki, əgər Platon Azərbaycanda yaşasaydı, acından ölərdi. Bu gün yazıçı kimisə tərifləmirsə, aclığa məhkumdur. Yox əgər tərifləyirsə, ona hər şey verirlər. Axı sənətkar kimisə mədh eləyə bilməz. Ümumi həqiqqət, ümumi meyarlar, ümumi dəyərlər var ki, sənətkar onları qələmə almalıdır.

— Elə olubmu ki, yaşçadığınız bu ömrü vərəqləyəndə və ya nələrisə yadınıza salanda, hardasa məyusluq keçirəsiniz və düşünəsiniz ki, kaş tamam başqa bir taleyin, tamam fərqli bir ömrün yolçusu olardım?

— Yox, qətiyyən yox. Hərdən düşünürəm ki, mən bu yolu seçmişəm, ancaq məsələn, general ola bilərdim. Baxın, Azərbaycanda nə qədər general var. Onların dəyəri nədir? Və ya biznesmen olardım. Baxın, nə qədər biznesmen var bu ölkədə? Yaxud fizika sahəsində akademik olardım. Baxın, bu gün bizdə nə qədər akademik var, ancaq onun hansısa birini xalıq tanıyırmı? Onların elmə qazandırdığı nə isə varmı? Ona görə də düşünəndə bu qənaətə gəlirəm ki, ən yaşxısı elə Ə.Nicat olmaq idi, mən də Ə.Nicatam ki, varam.

— Yenidən dünyaya gəlmək və yaşadığınız bu ömrü yenidən təkrarlamaq imkanı təklif olunsaydı, bu təklifə “hə” deyərdinizmi?

— Etiraf edirəm ki, çoxlu səhvlərim olub və əgər yenidən dünyaya gəlsəydim, o səhvləri eləməzdim. Çox şey başqa cür olardı. Yenə bu yolu seçərdim, ancaq yol verdiyim səhvləri təkrarlamazdım. Hərdən düşünəndə məni yandırıb-yaxan çox şey yada düşür. Bukinist dükanlarında nə qədər qiymətli kitablar görmüşəm ki, almamışam, indi bunun üçün təəssüflənirəm. Cavanlıqda məhəbbət sarıdan cəsarətsiz olmuşam. Böyük ruhi-mənəvi qənimətləri əldən vermişəm. Mən 16-17 yaşında olanda Astarada bostanımız vardı. Mən o bostanın keşiyini çəkirdim. Həmin vaxt qonşuluqda bir qız var idi. Hamı o qızla maraqlanır, ona yaxın olmağa çalışırdı. Ancaq mənim buna cəsarətim çatmırdı. Əgər mən onunla söhbət edə bilsəydim, əlindən tutsatdım və ya bir kəs də olsun öpsəydim, bu məni nə qədər məmnun edər, mənə nə qədər mövzu verərdi. Mənim ən böyük səhvim isə insanlarla münasibətlərdə olub. Yenidən dünyaya gəlsəm, bu səhvlərə yol verməz və indikindən yaxşı vəziyyətdə olardım.

— Söhbətimizin əvvəlində insanların oxumağa olan meylinin azalmasından və yalnız məhdud sayda oxucu kütləsinin mövcudluğundan bəhs etdiniz. Bəs o məhdud saylı insanların necə, arasında Ə.Nicat dünyasını başa düşən, onun əsərlərini tam mənası ilə anlayan, qanına, canına hopduran şəxslər varml?

— Var və deyərdim ki, yetərincədir. Onların arasında gənclər üstünlük təşkil ddir. Mən o gənclərdən Seymur Əliyevin, Anar Həsənlinin, Dilqəmin, Tariyelin adını çəkmək istərdim. Külliyyata abunə olan yüz nəfər insanın da içındə xüsusi seçilmişlər var. Bu insanların varlığı sübut edir ki, xalqın gələcəyini öldürmək mümkün deyil. “Artakserks”i, “Ehram”ı yəqin ki, oxumusunuz. Həmin yüz nəfəri diktator yüz illər ərzində qırmaq istəyir. Ancaq nə qədər çalışırsa da buna nail ola bilmir. Çünki xalqın qəlbindəki ağac pöhrə verir, onun yüzlərlə budağı var. Bir də görürüsən ki, cəmi bir budaq da olsa meyvə gətirir. Adi bağda bəzən görürsən ki, on meyvə ağacı var, lakin onun yalnız biri meyvə gətirir, qalanları meyvəsiz olur. Həyətimdə 4 badam ağacı var. Onlardan böyüyü yanvarda çiçək açdı, minlərlə çiçəyi oldu. Sanki ağac yanvarda çiçək açılmadığını unutmuş, harasa tələsirdi. Lakin yağıc və tufan onun bütün çiçəklərini tökdü. Indi həmin ağacın yalnız 2-3 meyvəsi var. Həyətdə balaca bir badam ağacı var ki, üstü çiçəklə doludur. Təbiətdə baş verən hadisələr belə göstərir ki, xalqın ruhunu öldürmək mümkün deyil.

Seymur ƏLİYEV

Реклама
Categories: Müsahibələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: