Kafka bir parça mərmər üzərində həyat mənzərələrini həkk edib, ona fəlsəfi ruh verirdi. Mən isə kağız üzərində həyat mənzərələrini təsvir edib, ona fəlsəfi don biçirəm. Onun silahı ruh, mənimki isə sözdür.
O, məndən 50 il əvvəl doğulduğundan məndən əvvəl bazarda olub, yaxşı nə varsa yığışdırıb aparmışdır.
Mənə isə gecikdiyimə görə yerdə qalanlar qismət olmuşdur.
O, kainatı ehtiva etmiş, həyatın planının yanlış olduğunu sübut etmişdir.
Mən isə bu yanlışlıqların səhnələrini təsvir edirəm.
Əyani olsun deyə, Kafkanın cəmi iki cümlədən və iyirmi sözdən ibarət «Qonşu kənd» pritçası öz həyati dərinliyi, məna gözəlliyi və bədii vüsəti etibarilə elçinlərin və anarların 10 cildlərindən ölçüyəgəlməz dərəcədə yüksəkdədir. Elə bil, sizə bir stol üstündə cəmi 2 cümlə yazılmış bir vərəq, digər stolun üstündə isə 10 və 8 qalın, bəzəkli cildlərindən ibarət 2 külliyatı seçmək təklif olunur. Və siz əgər azərbaycanlı deyilsizsə, heç bir tərəddüd etmədən həmin 2 cümlə yazılmış vərəqi götürürsüz.