Putin

Bu adamda Stalin hiyləgərliyi ilə İvan Qroznı qəddarlığı cəmləşib

Tarixdə hər böyük lider öz xarakterik cəhətlərinin bənzərsizliyi ilə seçilir. Biz bu məsələlər, o cümlədən, Putin barədə dönə-dönə yazsaq da, bu vojakın gözümüzün qabağında hər dəfə gərgin vəziyyətdən necə ustalıqla çıxması heyrət doğurur. Bu adamda sanki, Stalin hiyləgərliyi ilə İvan Qroznı qəddarlığı cəmləşib. O, hər şeyi asta-asta görüb necə deyərlər, pambıqla baş kəsir və saman altından su yeridir. Öz kəskin ağlı ilə situasiyanın gərgin və mürəkkəbliyini dərhal hiss edib ən çirkin planlarını tamamilə qanun və demokratiya qiyafəsində dünya ictimaiyyətinə sırıyır və dünya ictimaiyyəti də hətta onun bu maskalanmış niyyətinin mahiyyətini hiss etsə də, susmaq məcburiyyətində qalır.

Aydındır ki, Yeltsin həqiqətən demokratik və ədalətli bir rəhbər idi. Amma o, SSRİ-ni dağıtdıqdan, bir növ atın artıq yol getməsinə imkan verməyən və ya drijabılı yerə enməyə məcbur edən artıq yükləri atıb atı və drijabılı xilas etsə də, «yük» hələ kifayət qədər ağır idi. Amma bu yükü də əvvəlkilər kimi atmaq olmazdı, çünki bütün Rusiya şovinistləri bunun əleyhinə idi. Rusiyada isə ən azı hər üç nəfrədən biri şovinistdir. Yeltsin buna gedib dəliqanlı Şimali Qafqaz respublikalarına da müstəqillik verə bilməzdi. Ona görə həmin respublikalardakı həyəcanları görüb özünə elə bir varis axtardı ki, Rusiyanı – hələ kifayət qədər ağır olan bu yüklü gəmini idarə etməyə qadir olsun. Bir neçə namizədi yoxladıqdan sonra əlinə Putin keçdi və o, bu adamın qurd üzünə baxan kimi onun yeni, ikinçi bir İosif Stalin olduğunu gördü. İkilikdə oturub xeyli söhbətləşdikdən sonra bu adamın daşıdığı vəzifənin tələb və amalına tamamilə sadiq olduğunu da gördü. Və təpədən-dırnağa kimi stalinist olan bu adamdan yalnız bir sahəyə toxunmayacağına kişi vədi alıb sükanı ona verdi.

Putinin güzəştə getdiyi və toxunmayacağına söz verdiyi bu sahə Rusiya mətbuatı və onun azadlığı idi. Hakimiyyətdə olduğu bu 12 il ərzində Putin hələ ki, verdiyi sözün üstündə durur. Bəlkə də ona görə ki, haqqında böyük Yevgeni Ksilyevin çoxdan qadağan olunmuş «Kuklalar»ından başqa heç yerdə onun əleyhinə bir yazı və ya başqa bir şey çap olunmayıb.

Bəli, Rusiyada hər nə desən çap olunur, prezident və baş nazir Putinin saman altından su yeridən siyasətindən başqa. Bu çirkin siyasət hər şeydən əvvəl özünü prezident və parlament seçkilərində göstərdi və göstərir. O, istədiyi partiyaya və şəxsə istədiyi qədər səs ayırır. Vaxtilə çoxlu partiyanı əhatə edən Duma indi 3 partiyanın, daha doğrusu, onun öz partiyası – Yedinaya Rossiyanın öhdəsinə qalıb. Xalq arasında xeyli nüfuzu olan çoxlu başqa partiyalar, o cümlədən, çox güclü və əsl demokratik Yabloko neçə seçkidir ki, parlamentə yaxın buraxılmır. Ona görə hazırki Rusiya parlamenti demək olar ki, 2 kukla partiyası və Yedinaya Rossiyanın ümidinə qalıb. Həmin 2 partiyanı və onların müqəvva liderlərini də Putin satın alıb.

Beləliklə, Putin parlamentində dinclik və stabillikdir.

Bələdiyyə seçkilərində Putin daha irəli gedərək heç kimi yaxın buraxmadı. Amma bu zaman böyük Qorbaçovun səsi guruldadı və o, Putini yeni Sovet İttifaqı Kommunist Partiyası yaratmaqda ittiham etdi. Putin bundan sonra bir az süstləşdi. O, eyni zamanda həyatdan ləzzət almağı, ölkənin xozeyni kimi yaşamağı bacarır. At belində ayaq dəyməyən səfalı qoruqlarda gəzib, istədiyi qədər qızıl balıq və hər cür nadir quşların ovuna çıxır. Yox, o, Stalin kimi Moskva ətrafındakı daçada ömrünü çürütmür. O, həyatdan ləzzət alıb yaşayır, elə mütləq hakimiyyətindən də.

O, Çeçenistanda stabillik yaratdı, amma nəyin hesabına? On minlərlə azadlıq mücahidinin məhvi və bu balaca ölkəni raket atəşləriylə xarabazara döndərməsi hesabına. Çeçenistanda daha cavan adam qalmayıb, hamısını qırdı. Dağları və meşələri dağıdıb məhv etdi. Yalnız qocalar, qadınlar və uşaqlar qalıb.

O, buna mandat almaq üçün qeyd etdiyimiz kimi, ABŞ-da çox baha qiymətə olsa da, 11 sentyabr qırğınını törətdi. Çünki ABŞ və Avropa parlamenti ona Çeçenistanda əl-qol açmağa heç cür imkan vermirdi. 11 sentyabrdan sonra isə Moskvada və başqa Rusiya şəhərlərində quraşdırdığı 2-3 terror aktını çeçenlərin boynuna yıxıb əl-qolunu açdı.

Lakin o, unudur ki, Şimali Qafqaz Zaqafqaziya deyil, bura qartallar yuvasıdır. Artıq Dağıstan və digər respublikalar da azadlıq və müstəqillik «batsillərinə» yoluxublar. Zaqafqaziyanı əlində saxlamaq Putinə gündən-günə baha və çətin başa gəlir, amma bu qəddar adam heç bir qurbandan çəkinmir, istər ruslar, istər qafqazlılar olsun. Yeri gəlmişkən, bu parlaq stalinistin çeçen terroru barədə Rusiya dövlətinin cəfəngiyyatını ifşa edən general və qubernator Aleksandr Lebedi də çox soyuqqanlılıqla vertolyot qəzasına saldırıb aradan götürdü.

O, Azərbaycana nifrət edir. Niyə, məlum deyil. Ermənistanı boğaza kimi silahlandırıb, Azərbaycanın işğal olunmuş rayonlarının qaytarılmasına və Dağlıq Qarabağ probleminin həll edilməsinə qətiyyən imkan vermir və bununla da ölkəmizdən acıq çıxır. Nəyin acığını? Azərbaycanı SSRİ-nin dağılmasının səbəbkarımı hesab edir? Azərbaycanın neft və qazının əlindən çıxmasınınmı qisasını alır?

Putin yenicə yaranan demokratik Rusiya Konstitusiyasını dərhal pozub üçüncü dəfə prezident olmağın böyük hay-küyə və rüsvayçılığa səbəb olacağını hiss etdi. Axı, dünya artıq Stalin dövrünün dünyası deyil. İndi heç kimi saymadan istədiyini etmək və bununla bərabər demokratik rejim olduğunu söyləmək və bunu gizlətmək qeyri-mümkündür. Lakin onun qəti şəkildə ömürlük Rusiyanın «xozeyni» olmaq niyyəti də qətidir. O, burada da vəziyyətdən çıxış yolu tapdı. Əldəqayırma bir prezident seçdirib yenə hökumətdə rəhbərliyi əlində saxladı. Gənc Medvedyevi çağırıb onunla şərtləşdi ki, mənsiz heç bir qərar çıxarmayacaq, heç bir iş görməyəcəksən. Və baş nazir, hökumətin başçısı kimi mənim heç bir işimə qarışmayacaq, mənə heç bir göstəriş verməyəcəksən. Prezident olmaq yuxusuna da girməyən və Rusiya kimi nəhəng bir ölkənin rəhbəri olmaq ağlına gəlməyən Medvedev təbii ki, dərhal razı oldu.

Və beləliklə, bu adam yenə Rusiyanın birinci adamıdır və bir neçə ildən sonra artıq yenidən qanuni prezident olacaqdır.

O, məntiqlə danışmağı, müsahibə verməyi bacarır. Məsələn, Avropa ölkələrinin birində mətbuat konfransı zamanı müxbirin – Rusiya nə vaxt Qərbin demokratik dəyərlərinə qayıdacaq? – sualına əks hücum kimi təxminən belə cavab verdi:

— Qərbin hansı demokratik dəyərlərindən danışırsız ki, İngiltərədə hələ də monarxiya idarə-üsuludur və kraliça ölkə başçısı sayılır. ABŞ-da da əhali bir adama səs verir, ştatların nümayəndələri isə bir başqasını prezident seçir.

Aydındır ki, gənc, təcrübəsiz müxbir bu cür əks-hücumu gözləməyib tamamilə çaş-baş olub susdu. Halbuki, o, Putinə cavab verib deyə bilərdi ki, İngiltərədə monarxiya tamamilə simvolik bir hadisədir və kraliça dövlət işlərinə heç cür müdaxilə edə bilməz. ABŞ konqresindəki nümayəndələr isə məhz ən çox səs toplamış və ştatların çoxunda qalib gəlmiş namizədi prezident seçə bilər.

Hazırda bu adam Şimali Qafqaz respublikalarında terrorla mübarizə adı ilə elan olunmamış müharibə aparır. Kabardin-Balkar, İnquşetiya, Çeçenistan və Dağıstana on minlərlə xüsusi hazırlıq görüb təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış başkəsənlər yeridib, milli azadlıq mübarizəsinə qoşulanlara divan tutur və bədnam terrorizmi Rusiyanın özünün dövlət siyasətinə çevirib.

Bu adam Rusiyanın milli sərvətlərini oliqarxlara verib və heç şübhəsiz ki, hamısına da şərikdir. Əks təqdirdə, bu adamlara milyardlarla dollara sahib olmağa qətiyyən imkan verməzdi. Rusiya xalqları isə hələ də sovet dövründə olduğu kimi qəpik-quruşla dolanırlar. Bu adam İvan Qroznı–Nikolay–Lenin-Stalin-Xruşşov-Brejnev ənənələrini həyata keçirib, öz xalqı ilə eyni prinsiplərlə davranaraq Rusiyanın militarizasiyasını davam etdirir. Dünyanın ən mürtəce və terrorist rejimləri ilə sıx əlaqə saxlayıb, dünyada törədilən əksər terror aktlarının sifarişçisidir.

Bu adam İran, Venesuella, Həmas və başqa Fələstin birləşmələrini silahla daim təmin etməkdə davam edərək, şər imperiyası missiyasını inadla həyata keçirir. Əks təqdirdə, heç bir atom enerjisinə ehtiyacı olmayan İranı daim uranla təmin edərək, bu ölkənin atom bombasına sahib olmasına çalışmaz, BMT-nin bu ölkəyə qarşı hər hansı bir sanksiyasına daim mane olmazdı.

Pekin olimpiadasında üçüncü dəfə çempion adını qazanıb, qızıl medala layiq görülən çeçen güləşçisi 100 milyonlarla adamın gözü qabağında ona verilən Rusiya bayrağını səliqə ilə yerə sərdi. Çünki o, öz milli – Çeçenistan bayrağını qaldırmaq istəyirdi. Putin isə həyasızcasına hər nitqində – «Çeçnya, eto Rossiya!», – deyir.

Bəli, bu gün bu adam güclüdür. Dünyadakı bütün konfliktlər kimi Dağlıq Qarabağ konfliktinin də törədicisi və davam etdiricisidir və bizimkilərdən heç kim onun hər dəfə tutuquşu kimi təkrar etdiyi və Ermənistan və Azərbaycan rəhbərlərini nəzərdə tutaraq – siz hansı qərara gəlsəniz, Rusiya onu müdafiə edəcək – sözlərindən sonra demirlər ki, ay cənab filankəs, Rusiyanın 8 rayonu hər hansı bir ölkənin işğalı altında qalıb talan edilsəydi, ondadamı belə danışardız? Niyə işğalçı Ermənistanla hərbi sahədə müttəfiqlik barədə saziş bağlayıb işğala haqq qazandırırsız?

Lakin Azərbaycanda ona bu sualı verəcək adam yoxdur. Çünki bizimkiləri işğal altında qalan gözəl torpaqlar deyil, neft və qaz gəlirləri düşündürür.

Bəli, Putin çoxəsrli rus siyasətinin I Pyotr ənənələrini davam etdirir. Lakin bu kosmik şərə, çoxyüzlük zülm və riyakarlıq siyasətinə dünya ölkələri dözsə də, TƏBİƏT artıq dözmür. Bu yay TƏBİƏT onlara xəbərdarlıq etdi və sözsüz ki, Putin də bu xəbərdarlıqdan heç bir nəticə çıxarmayacaq. Ona görə Allah bilir gələn il bu ölkəni, onun paytaxtını nələr gözləyir. TƏBİƏT səbrlidir, lakin elə ki, səbri daşdı, səbəbkarın vay halına! Gələn yay və ya sonrakı illər Rusiya meşələri ki altı torfla doludur, büs-bütün od tutsa və onun tüstüsü Moskvanı və başqa nəhəng rus şəhərlərini cəhənnəmə döndərsə, heç də təəccüblü olmaz. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: