Gürcüstanla Azərbaycanın fərqi nədədir?

Mənim Saakaşvilidən xoşum gəlmir, çünki bizə qarşı qətiyyən rəğbəti yoxdur və tamamilə yuxarıdan baxır. Əlbəttə, bunun əsasları var. Çünki Gürcüstanda yaşayan azərbaycanlılara, Azərbaycanda yaşayan azərbaycanlılara, eləcə də Rusiyada və dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətinə, nəylə məşğul olduqlarına, özlərini necə apardıqlarına, ən başlıcası isə istəklərinə və meyllərinə baxanda doğrudan da, Saakaşvilinin haqlı olduğunu görəcəksən. Bu öz yerində, lakin dövlət başçısı harada olursa-olsun, ədalətli olmalı, ölkəsindəki bütün millətlərə, o cümlədən, maymaq və mütilərə də eyni gözlə baxmalıdır. Lakin bu adam Gürcüstanda yaşayan və kompakt halda 5 rayonda fəaliyyətdə olan azərbaycanlılara tamamilə biganə, Gürcüstan vətəndaşı olmayanlar kimi baxır. Qətiyyən həmin rayonların sosial, ictimai ehtiyaclarına maraq göstərmir, yollarını bərpa etmir, məktəblərini təmir etmir, iş yerləri açmır və s. və i. Halbuki, prezidentliyə gələndə demişdi ki, Gürcüstan azərbaycanlıları Gürcüstanın qızıl fondudur. Bu da sənə qızıl fond! Yeri gəlmişkən, qeyd edək ki, onun soydaşlarımıza bu münasibətində Azərbaycan rəhbərliyinin də mühüm payı vardır. Çünki bizim rəhbərlər üçün başqa ölkələrdə yaşayan azərbaycanlıların həyatı tamamilə əhəmiyyətsiz bir məsələdir. Bəli, bu öz yerində, indi qayıdaq Gürcüstanın özünə. Aydındır ki, Gürcüstanda Saakaşvilidən qabaq vəziyyət necə biabırçı idi. Bu ölkənin küçələrində gündüz günorta çağı adamı soyurdular, özü də polis yox, mülki adamlar. Gürcüstandan keçən bütün avtobusları polis yollarda saxlayıb, müəyyən məbləğ almayınca buraxmırdı, başqa xüsusiyyətlər də eynilə bu cür. Orada da iqtisadi vəziyyət, yəni xalqın maddi vəziyyəti ağır və dözülməz idi. Əhalinin əksər və fəal hissəsini təşkil edən müəllimlər, həkimlər, jurnalistlər acınacaqlı halda yaşayırdılar, YƏNİ BU GÜN BİZDƏ OLDUĞU KİMİ! Budür, deyildiyinə görə, atası erməni olan Mixail Saakaşvili başqaları kimi vədlər verərək hakimiyyətə gəldi və illər keçdikcə təəccüblü olsa da, məlum oldu ki, bu cavan prezident vədlərinə tamamilə əməl etmək niyyətindədir və elə də oldu. Doğrudur, bu cavan və özünə, ağlına, siyasətinə əmin olan prezidentin Cənubi Osetiya avantürizmi çox uğursuz, Gürcüstan üçün hədsiz dərəcədə uğursuz nəticələndi. Lakin bunun səbəbkarı Rusiya oldu. Əgər Rusiya ona dəxli olmayan bu işə qarışmasaydı, Saakaşvili burada da düz hesablamış olacaqdı. Lakin nəhəng Rusiya haqsız olsa da, kiçik Gürcüstanın əslində ona məxsus olmayan ərazini təzədən özünə qatmaq istəyinə mane oldu. Aydındır ki, bundan sonra Cənubi Osetiya və xüsusilə, Abxaziyanın bir də haçansa Gürcüstanın tərkibinə qatılmaq məsələsi qiyamətə qaldı. Bu kiçik ölkələri bir də yalnız əhalisini ucdantutma qırmaqla Gürcüstana qatmaq olar. Buna da ki, beynəlxalq təşkilatlar və böyük ölkələr, xüsusilə Rusiya çətin imkan verə. Lakin təbiətləri etibarilə millətçi və ədalətsiz, eyni zamanda özlərindən hədsiz dərəcədə razı olan gürcülər buna hər vaxt hazırdırlar. Və təəccüblüdür ki, bu niyyətlərini azərbaycanlıların üstündə niyə tətbiq etmirlər? Yəni onları niyə birdəfəlik qırıb-qurtarmırlar? Görünür, ağıllarına gəlmir. Çünki bunu etsələr, heç kim onlara «gözün üstə qaşın var» deməyəcək. Nə böyük dövlətlər, nə dünya təşkilatları, nə Rusiya, nə İran və hətta nə də Türkiyə! Çünki yuxarıda qeyd etdiyimiz kimi, dünyanın heç yerində hələ də azərbaycanlı adında millət tanınmır və heç bir dəyər daşımır. Məsələn, dostum Əmir Pəhlivan bu günlərdə belə bir əhvalat danışdı. ABŞ-da, Hollivudda müsabiqəyə buraxılan filmlərin ssenari müəllifi kimi onun adının yanında milləti kimi Georgia – yəni gürcü yazılıbmış. Əmir Pəhlivan buna etiraz edərək gürcü olmadığını dedikdə ondan soruşublar ki, bəs onda sən kimsən? O, azərbaycanlı olduğunu söyləyərkən müsabiqə təşkilatçıları cavab veriblər ki, belə bir millət yoxdur, Cənubi Qafqazda ermənilər və gürcülər var. Bəli, dünyada bizə qarşı münasibət və vəziyyət belədir. Qayıdaq Saakaşviliyə. Bakıda yaşayan gürcüstanlılar və ümumiyyətlə, bu ölkəyə gedib-gələnlər qəribə əhvalatlar danışırlar. Sanki, bu ölkədə siyasi metamorfoza baş verib, gürcülər tamamilə dəyişilib. Sürücü əgər qadağan olunmuş yerdən, hətta qırmızı işıqdan belə keçirsə, yenə polis gəlib səbəbini soruşduqda və sən həqiqətən çaşıb bunu etdiyini söylədikdə buna inanıb heç nə demirlər və bir də belə etməməyi tapşırıb gedirlər, heç cərimə də etmirlər. Gürcüstanda hər şey var və boldur. Əvvəlki dövrlərdən qat-qat ucuzdur. Rüşvətin kökü elə kəsilib ki, heç iyi də gəlmir. Ən başlıcası isə prezidentin öz şəxsi davranışıdır. O, yalnız maaşı ilə yaşayır və harada, hansı restoranda gedib dostları ilə nahar və  ya şam edirsə, cibində kifayət qədər pulu olmadığından dəftərə yazdırıb, məvacibini alandan sonra gətirib verir. Bütün bunlar bizim üçün yalnız və yalnız anekdot ola bilər. Saakaşvili icazəli və ya icazəsiz mitinq və nümayişə çıxanlara polisin barmaq toxundurmasına belə, icazə vermir. Qoy nə qədər istəyirlər otursunlar, gəzsinlər və nə istəyirlər söyləsinlər! Bizdə isə 2-3 nəfər küçədə dayanıb danışanda Hacıbala müəllimin az qalır ürəyi getsin və polislər əllərində boyunlarından yoğun dəyənək tez həmin adamların üstünə cumurlar. Biz daha başqa müqayisələrə getmirik. Yalnız onu qeyd edək ki, Gürcüstanda əməkhaqları bizdən 2-3 dəfə artıqdır. Həkimlər bizdə olduğu kimi ayda 52 manat deyil, 5-6 dəfə artıq maaş alırlar və orada prezident təqaüdünün olub-olmadığını bilmirəm, amma varsa BU, HEÇ DƏ PREZİDENTİ TƏRİFLƏYƏN ÜFUNƏTLİ MƏDDAHLARA VERİLMİR, XALQIN QABAQCIL, İSTEDADLI YARADICILARI ÜÇÜN NƏZƏRDƏ TUTULUR! Bizimlə bu qonşu ölkənin ən böyük fərqi orasındadır ki, biz yeraltı sərvətlərlə hədsiz zəngin, onlar isə demək olar ki, məhrumdurlar. Bizim bu zənginliyimizi cənab İlham Əliyev hər çıxışında qeyd edir, amma çifayda ki, Gürcüstanda minimum əməkhaqqı və pensiyalar bizdə olduğundan artıqdır. Bunu cənabımız heç vaxt qeyd eləmir və həmişə cümləsini belə qurtarır ki, gəlirlərimiz get-gedə artır və xalqımızın sabahı bu gündən daha da yaxşı olacaq. Guya, bu gün çox yaxşıdır, sabah daha yaxşı olacaq. Bu gün 1 milyon 200 min təqaüdçü ayda 85 manat alır, sabah yəqin ki, 90-95 manat olacaq. Sabah da çox qeyri-müəyyən bir məfhumdur. Bu sabah 1 il də çəkə bilər, 5 il də. Həkimlərin və müəllimlərin əməkhaqqına gəldikdə isə bu, lap biabırçılıqdır. Nəinki keçmiş SSRİ respublikaları içərisində, bəlkə də, Tacikistan və Afrikanın bəzi yam-yam dövlətləri istisna olmaqla, ən aşağı həddir. Bizimlə Gürcüstan arasında daha bir maraqlı fərq budur ki, orada bizdən fərqli olaraq hakimiyyətə Şevardnadzenin övladı gəlmədi və orada hakimiyyət xalqın dinc inqilabı nəticəsində müxalifətə keçdi. Və heç şübhə yoxdur ki, Saakaşvili ikinci hakimiyyət dövrü başa çatandan sonra onu demokratik yolla seçilmiş başqa birisinə təhvil verəcəkdir. Biz hələ Gürcüstanın təbii sərvətlərinin, yəni meşələrinin bizdən fərqli olaraq zənginliyindən və toxunulmazlığından danışmırıq. Biz hələ Gürcüstanda bütün avtomobil yollarının necə müasir tələblərə cavab verməsindən danışmırıq. Bizdə isə meşələr bərbad, 1-2 üzdə olan yollardan başqa əksər rayonlararası yollar da beləcə, meşələrin günündədir. Sadəcə, Azərbaycandan Gürcüstana keçərkən gömrük sahələrinin və sərhəd keçidinin mənzərəsinə baxmaq kifayətdir. Bizdə sərhəd keçidinin az qala 1 km yaxınlığı bərbad, qaranlıq, o tərəfdə isə hər şey təmiz və səliqəli. Bizdə hər şey televiziya və radio təbliğatı sayəsində sözdə nümunəvi, qabaqcıl və firavandır, işdə isə hər yanda rüşvət, dərəbəylik və quldurluqdur. Hər yan, xüsusilə Montin deyilən rayonda sayı yüzlərlə olan şadlıq saraylarından (çünki pullular bu saraylarda məclis düzəldib kef edir, kasıblar da oğlanlarına sünnət toyu etməklə qəpik-quruş qazanmaq istəyirlər)  deyildiyinə görə, ayda milyonlarla pul toplanılır, bir nəfərin cibinə gedir. Xülasə, hər yandan pul sel kimi axıb gəlir, xalq —  müəllimlər, həkimlər, təqaüdçülər isə 50-60 manatın ümidinə qalırlar və guya, sabahımız bundan daha parlaq olacaq. Bizimlə Gürcüstan arasında daha nə fərq var? Ən böyük fərq milli xarakterimizdədir. Bu da ondan ibarətdir ki, gürcülər hamısı bir-birləriylə qardaş, bir-birlərinə rəğbətlə yanaşır, bir-birlərini görüb xoşagəlməz hisslər keçirmir, bizdə isə bütün bunların hamısı əksinədir. Harada bir-birimizi görürüksə, o dəqiqə xoşagəlməz hisslər yaşayır, az qala onun başını kəsməyə hazır oluruq və əgər gözümüzün qabağında onun başına bir iş gələrsə, ayağı sürüşüb yıxılarsa, haqsız hücuma məruz qalarsa, polis qəzəbinə tuş gələrsə, gürcülərdə ətrafdakılar dərhal onun köməyinə gələr, bizimkilər isə ləzzətlə tamaşa edib hətta gülməyə başlayarlar. Bizimlə gürcülər arasında daha bir fərq, bizdə hər gün neçəsi – uşaq, cavan, qoca ümidsizlikdən intihar edir, özünü asır, çoxmərtəbəli evdən atır, gürcülərdə isə deyildiyinə görə, belə şeylər yoxdur. Gürcülərdə və Tiflisdə sözsuz ki, xarici avtomobillər bizdə olduğundan qat-qat azdır. Gülməli cəhəti orasındadır ki, orada avtomlbilin qiyməti də bizdə olduğundan 2 dəfə ucuzdur. Bir nəfər yoxdur ki, bu sualı cənab baş nazirə versin ki, ay filan müəllim, necə olur ki, Gürcüstanla müqayisədə bizdə avtomobillərin qiyməti 2 dəfə artıqdır? Bəli, bizdə avtomobillərin sayı çoxdur. 2 dəfə, bəlkə də 3 dəfə Gürcüstanda olduğundan artıqdır. Amma bu, firavanlığın göstəricisi deyil. Ac-yalavaclar ordan-burdan pul tapıb bir «Jiquli» alıb, xaltura eləməklə ailə dolandırır və bir də, əhalinin ki, 10 faizinin pulu ağzına dolub burnundan daşır, onların özlərinin və qohum-qardaşlarının 1 yox, 10 maşını var və maşın çoxluğunun da səbəbi budur. Bir də bizdə çap olunan qəzet-jurnal çoxdur. Çünki ac və qabiliyyətsiz jurnalistlər ordusu bu yolla qəpik-quruş qazanmağa çalışır və orda-burda sürünürlər. Kitab nəşrinə gəldikdə isə o da bizdə çoxdur. Çünki böyük bir cızma-qaraçılar sürüsü əmələ gəlib ki, ağızlarına gələni yazmaqla, naqallıq eləməklə, qafiyəbərdazlıqla ürəklərinin qurdunu öldürüb, kitab üstə imzalarına baxıb fəxr edirlər. Dəyərli kitabların isə trajı nə qədər olsa yaxşıdır, adam deməyə utanır və bu, respublikada mənəvi həyatın necə zibilxana olduğunu bir daha sübut edir.

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: